Məhkəmə qərarları › İş №2(103)-2586/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2586/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2586/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(001)-4712/2023 saylı qətnaməsindən cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(102)-841/2020 saylı qərarında aşağıdakılar göstərilmişdir: 2.“ ... məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda mübahisəli əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilməsi məsələsi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin məsuliyyət dairəsinə aid olduğundan iddia cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mümkündür.

3. ... iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsini almış, həmin sahəyə onun mülkiyyət hüququ qanuna müvafiq olaraq dövlət reyestrində qeydə alınmış və ona Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 04 aprel 2003-cü ildə 000420 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və həmin vaxtdan o, bu qeyriyaşayış sahəsini avtomobillərin təmir sexi kimi istifadə etmişdir.

4. ... Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən, həmin qeyri-yaşayış sahəsinin tikintialtı sahəsi 387.9 kv.m, ümumi sahəsi 358.3 kv.m, əsas sahə 358.3 kv.mdir. 5.İddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi 2008-ci ilin mart ayında Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində metronun “Nəsimi” stansiyasının tikintisi zamanı sökülmüşdür 6.... iddiaçı əmlakını qiymətləndirmək üçün "MAK CONSULTANCY LTD” birgə müəssisəsi ilə müqavilə bağlamış, mütəxəssislərin verdiyi 20 dekabr 2007-ci il tarixli rəyə əsasən tikilinin hər kvadrat metrinin qiyməti 3600 - 4000 manat olmaqla, 20 dekabr 2007-ci il tarixinə bazar qiyməti 1.878.900 manat müəyyən edilmiş, qeyri - yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dəyəri də nəzərə alınmaqla əmlakın ümumi dəyəri 2.585.300 manat müəyyən edilmişdir. 7.... Kompensasiya məbləği ilə bağlı olaraq ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ bəndinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 8.... Hazırkı halda mübahisə edilən məsələ kompensasiyanın məbləği ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənləri də nəzərə almaqla iddiaçının əmlakının "X1 Company" MMC-nin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilən orta bazar qiyməti əsas götürülməklə, iddiaçıya onun əmlakının alınması ilə əlaqədar 860.000 manat kompensasiya ödənilməsi işin faktiki hallarına uyğun olmaqla, iddiaçının əmlakının ədalətli və ağlabatan əvəzi hesab edilə bilər”. 9.Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 205409/2020-14-22-001 saylı icra işinin materiallarından aşağıdakılar görünür: 10.Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti icra şöbəsinə xx.xx.2021-ci il tarixli cavab məktubunda İcra Hakimiyyətinin büdcə xərclərində kompensasiyanın ödənilməsi ilə bağlı vəsait ayrılmadığından tələbkarın iddiasının təmin edilməsi mümkün olmamış və kompensasiyanın ödənilməsi ilə bağlı vəsaitin ayrılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuşdur. 11.Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur.

a)Birinci instansiya məhkəməsində icraat

12.İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 634250 manat məbləğində faizlərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. 13.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı ilə, İddiaçı mülkiyyətimdə olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon S.Məmmədov küçəsində yerləşən, ümumi sahəsi 358,3 kv.m. qeyri-yaşayış sahəsinin 2008-ci ilin mart ayında Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi müəyyən edilmiş və bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 860000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi qərara alınmışdır. Ödəniş yalnız 2023-cü ildə həyata keçirilmişdir. Öhdəliyin vaxtında icra edilməməsinə görə faizlər cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 358,3 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsində məhz cavabdeh inzibati orqanın təqsiri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020- ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarına əsasən ödənilməli məbləğ yalnız 2023-cü ilin yanvar ayında ödənilmişdir. 2008-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində, yəni 14 il 9 ay müddətində iddiaçı mülkiyyətindən məhrum olmuş, bunun müqabilində ona ödənilməli olan ədalətli kompensasiya məbləğini almaq hüququ cavabdeh tərəfindən təmin edilməmişdir. Hər il üçün beş faiz olmaqla 14 il 9 ay üçünfaizlər 73,75% (5% x 14,75 = 73,75) hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarına əsasən ödənilməli 860000 manatın 73,75 faizi 634250 manat təşkil edir (860000 x 73,75% = 634250). Həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. 14.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 358,3 kv.m. qeyri-yaşayış sahəsinin 2008-ci ilin mart ayında Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsinə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 860000 manat məbləğində kompensasiyanın ödənilməli olması qərara alınmışdır. Ödəniş cari ilin yanvar ayında həyata keçirilmişdir. İddiaçının mülkiyyətində olmuş qeyriyaşayış sahəsi 2008-ci ildə cavabdeh tərəfindən sökülüb və ona kompensasiya məhz həmin daşınmaz əmlak sökülməmişdən əvvəl ödənilməli idi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hal-hazırda mülki qanunvericilikdə nəzərdə tutulmuş minimal məbləğ tələb edilir. Mərkəzi Bankın uçot dərəcəsinə dair arayışa istinad edilsə, kompensasiya məbləği iki milyon manatdan çox olardı. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin pulun Maliyyə Nazirliyi tərəfindən ödənilməməsi ilə bağlı arqumentini qəbul etmir. Belə ki, hər iki qurum bir hakimiyyət qoluna aiddir və Maliyyə Nazirliyi tərəfindən İcra Hakimiyyətinə pulun köçürülməməsi vətəndaşın hüquqlarının pozulmasının ağlabatan izahı kimi qəbul edilə bilməz. 15.Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahatında məhkəməyə bildirmişdir ki, vəsait Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülən kimi vətəndaşın kompensasiyası ödənilmişdir. İcra Hakimiyyəti vəsaiti qanunsuz özündə saxlamayıb. X3 ilə mütəmadi olaraq yazışmaları olmuş və pulun ödənilməsi xahiş edilmişdir. Hətta İddiaçı işi üzrə İcra Hakimiyyəti tərəfindən kassasiya şikayəti verilsə də, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul ediləndən sonra onlar tərəfindən, yekun məhkəmə aktının qüvvəyə minməsi gözlənilmədən, Maliyyə Nazirliyinə pulun ödənilməsi ilə bağlı müraciət edilmişdir. Məhkəmə qərarının icra edilə bilməməsi İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində olmamışdır. İcra Hakimiyyətinin özündə vətəndaşa ödənilməsi üçün pul olmur. Həmin pul Maliyyə Nazirliyi tərəfindən köçürülür. 16.Cavabdehin nümayəndəsi sədrlik edənin sualına cavab olaraq məhkəməyə bildirmişdir ki, “plana” düşən ərazilərin sökülməsi proseduru aşdağıdakı kimidir: sökülmə əmri gəldikdən sonra adlı siyahılar tutulur, daşınmaz əmlaklara yaxınlaşıb mülkiyyətçilərdən sənədlər tələb olunur, müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr aparılır. Daha sonra dövlət tərəfindən İcra Hakimiyyətinin hesabına ödəniş olunur və vətəndaşlara kompensasiya ödənişi edildikdən sonra söküntü işləri aparılır. Vətəndaş kompensasiya məbləği ilə razılaşmadıqda isə məhkəəməyə müraciət edilir. Məhkəmə qərarı olmadan heç kimin əmlakı sökülmür. 17.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 dekabr 2023-cü il tarixli, 2(001)-4712/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Nigar Nəbizadə) iddia qismən təmin edilərək, 96750 (doxsan altı min yeddi yüz əlli manat) məbləğində pul və ödənilmiş dövlət rüsumunun 380,25 (üç yüz səksən manat iyirmi beş qəpik) manat hissəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 18.Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəlləsinin 445.7ci maddəsində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hüququ kreditora aid edilmişdir. Bu normada nəzərdə tutulan “kreditor” təkcə kredit təşkilatı və ya bazar iqtisadiyyatı subyekti deyil. Qanunvericilik “kreditor” dedikdə, öhdəliyə əsasən xeyrinə hərəkət edilməli olan şəxsi nəzərdə tutur. Bu nəticə Mülki Məcəllənin 385.1-ci maddəsindən irəli gəlir. Həmin normada deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak dövlət orqanı tərəfindən bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilmədən sökülmüşdür. Mübahisəli əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilməsi məsələsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin məsuliyyət dairəsinə aid olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı ilə müəyyən edilmişdir. Həmin qərarla eyni zamanda İddiaçı 860000 manat məbləğində pulun İddiaçı ödənilməsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Göründüyü kimi, qərarda pulun məhz Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ödənilməli olması qeyd olunmuş və ödənilmə mexanizminin qəlizliyi vətəndaşın hüquqlarının real bərpa edilməsinin 2 il 3 ay gecikdirməsi və pulun 2023-cü ilin yanvar ayında ödənilməsi üçün qanuni və ədalətli əsas kimi qəbul edilə bilməz. 20.Məhkəmə qeyd etmişdir ki, iddiaçının “hər il üçün beş faiz olmaqla 14 il 9 ay üçün faizlər 73,75% (5% x 14.75 = 73,75) hesablanmalıdır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarına əsasən ödənilməli 860000 manatın 73,75 faizi - 634250 manat iddiaçıya ödənilməlidir” barədə dəlili ilə razılaşmır. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi, 860000 manat məbləğində pulun ödənilməli olmasının əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(102)-841/2020 saylı qərarı təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, gecikdirilmiş vaxt da məhz həmin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. 21.Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, 96750 məbləğində pul cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.7; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23.Qətnamədən cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qüvvədə olan Mülki Məcəlləsinin müqavilə öhdəliklərinin gecikdirilməsi ilə bağlı qanunvericiliyin müddəalarına əsaslanaraq qərar qəbul etmişdir. Belə ki, Rayon İcra Hakimiyyətinin öhdəliyi müqavilədən deyil məhkəmə qərarından yaranmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qərarında əsassız olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsi hüququnun kreditora, yəni iddiaçıya aid olduğunu qeyd edir. Məhkəmə qərarı əsasında ödənilməsi nəzərdə tutulmuş kompensasiya məbləği Binəqədi Rayon İcra Hakimiyyətinin hesabına köçürülən kimi 2023-cü ilin yanvar ayında vətəndaşın kompensasiyası ödənilmişdir. İcra Hakimiyyəti vəsaiti qanunsuz olaraq özündə saxlamamışdır. Onlar tərəfindən Maliyyə Naziriliyi ilə mütəmadi olaraq yazışmaları olmuş və pulun ödənilməsi xahiş edilmişdir. Hətta İddiaçı işi üzrə İcra Hakimiyyəti tərəfindən kassasiya şikayəti verilsə də, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul ediləndən sonra onlar tərəfindən yekun məhkəmə aktının qüvvəyə minməsi gözlənilmədən Maliyyə Nazirliyinə pulun ödənilməsi ilə bağlı müraciət edilmişdir. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Lakin, birinci instansiya qərar qəbul edərkən nəzərə almamışdır ki, kompensasiyanın vaxtında ödənilməməsi Rayon İcra Hakimiyyətinin təqsiri üzündən baş verməmişdir. Kompensasiyanın ödənilməsi üçün vəsaitin ayrılması məqsədi ilə onlar tərəfindən dəfələrlə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Rayon İcra Hakimiyyəti hərəkətsizlik etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu halları, iddiaçıya artıq yüksək məbləğdə kompensasiyanın ödənildiyini nəzərə almadan bir daha Rayon İcra Hakimiyyətinin üzərinə kompensasiya ödənilməsi öhdəliyini qoymuşdur. Qeyd olunanlardan göründüyü kimi məhkəmə iş materiallarını bir tərəfli araşdırmış iş üzrə qərəzli qərar qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 27.Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 30.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 31.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 32.Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 419.4. kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edildiyi andan qüvvəyə minir. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 39.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak dövlət orqanı tərəfindən bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilmədən sökülmüşdür. Mübahisəli əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilməsi məsələsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin məsuliyyət dairəsinə aid olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 841/2020 saylı qərarı ilə müəyyən edilmişdir. Həmin qərarla eyni zamanda İddiaçı 860000 manat məbləğində pulun İddiaçı ödənilməsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. 40.Göründüyü kimi, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ödənilməli olan 860000 manat məbləğində pul vəsaiti 2 il 3 ay gecikdirmə ilə 2023-cü ilin yanvar ayında ödənilmiş, buna görə də kollegiya hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 41.Məhkəmə kollegiyası qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. 42.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 43.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 45.Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Yəni işin müəyyən edilmiş faktiki halları Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. 46.Həmin maddi hüquq normasında gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hüququ kreditora aid edilmişdir. Bu normada nəzərdə tutulan “kreditor” təkcə kredit təşkilatı və ya bazar iqtisadiyyatı subyekti deyil. Qanunvericilik “kreditor” dedikdə, öhdəliyə əsasən xeyrinə hərəkət edilməli olan şəxsi nəzərdə tutur. Bu nəticə Mülki Məcəllənin 385.1-ci maddəsindən irəli gəlir. Həmin normada deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. 48.Məhkəmə kollegiyası apellyatorun onun öhdəliyinin müqavilədən deyil, məhkəmə qərarından irəli gəlməsi, buna görə məsuliyyətinin yaranmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırki iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsi Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslində yerləşir və həmin fəsildə yerləşən normaların qarşılıqlı təhlilindən görünür ki, öhdəliklərin icra edilməməsi halında kreditorun hüquqi təminat mexanizimləri sırf müqavilədən əmələ gələn öhdəilklərin icra edilməməsinə nəzərən təsbit olunmamışdır. 49.Belə olmasa idi mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olması (MM-5.3) ilə bağlı prinsip normasının öz əhəmiyyəti olmaz, əks yanaşma mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədlərinə zidd olardı. 50.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 841/2020 saylı qərarı qanuni qüvvəyə mindiyi gündən 2023-cü ilin yanvar ayınadək iddiaçıya ödənilməli olan 860000 manat 2 il 3 ay gecikdirildiyinə görə 96750 manat pul vəsaiti Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 51.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 54.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 55.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabadeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(001)-4712/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar