Məhkəmə qərarları › İş №2(103)-2587/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2587/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2587/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsinin vəkili Vəkil1, Cavabdeh2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 Ağaməd oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2499/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi ziyanına görə 63000 manat, mənəvi ziyana görə 10000 manat, dövlət rüsumunun ödənilməsinə görə 30 manat, vəkilə ödənilmiş 110 manat, cəmi olaraq 73140 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ünvan 1 mənzil 29 ünvanında yerləşən torpaq sahəsinin Bakı şəhəri, Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən müvəqqəti istifadəyə verilməsinə dairxx.xx.2007-ci il tarixli 389a saylı icarə müqaviləsi (səh.55), ünvan 3 ünvanında yerləşən "Kafe-Klub” xx.xx.2011-ci il tarixdə uçota alınmasına dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında **********2 saylı arayış (səh.118), ünvan 4 "Say qəzeti redaksiyası” Kiçik müəssisəsinin adına xx.xx.2014-cü il tarixdə inventarlaşdırılmasına dair Azərbaycan Respublikası "xxxx” MMC-nin fiziki və hüquqi şəxsə əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat və ona əlavə edilmiş tikinti və torpaq sahəsinin baş planı (səh.139), ünvan 4 ünvanında yerləşən 3022,0 kv.m qeyri-yaşayış sahəsi "Say qəzeti redaksiyası” Kiçik müəssisəsinin adına rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X4 və Özəlləşdirilməsi Departamentinin Mülkiyyət hüququ haqqında şəhadətnaməsi (səh.144), sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2499/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 , 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı tərəfindən idarə edilən "Kafe-Klub”-ın yerləşdiyi ərazi "Say" qəzeti redaksiyası kiçik müəssisəsinin ərazisinə, yəni ünvan 5 ünvanında 3022,0 kv.m qeyri-yaşayış sahəsinə daxildir. Qeyd edilən qeyri-yaşayış sahəsinə "Say" qəzeti redaksiyası kiçik müəssisəsinin mülkiyyət hüququ mövcuddur və bu barədə xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X4 və Özəlləşdirilməsi Departamenti tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki işin mübahisəsiz hallarından məlum olur ki, Cavabdeh1 "Say" qəzeti redaksiyası kiçik müəssisəsinin baş redaktoru, digər Cavabdeh2 isə onun oğludur. Ümumulikdə iddiaçı tərəfindən ona hər hansı bir maddi zərərin dəyməsi sübuta yetirə bilinmədi. Məhkəmə iclasında iddiaçı tərəfdən ifadə vermiş şahid Əliyev Kötəl Əzizalı oğlu da kafe sökülərkən içindəki əşyaların səliqə ilə bir kənara yığıldığını, əşyalara heç bir ziyan vurulmadığını təsdiqlədi, maddi ziyanına görə 63000 manatın cavabdehlərdən müştərək qaydada tutulması barədə iddia tələbi əsassızdır və təmin edilə bilməz. Cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Məcəlləsinin 390.2, 1096; Mülki Prosesual Məcəllənin 9, 384.0.2, 385.1.1, 385.1.2 və 385.1.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 2003-cü ildən Bakı şəhəri , Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsində yerləşən “1 May" Mədəniyyət evinin Şimal-Şərq hissəsi ünvanda yerləşən sahəsi 481 kv.m torpaq səhəsini Zabrat Bələdiyyəsi ilə uzun müddətli icarə müqaviləsi bağlayıb, icra orqanlarında razılaşdırılmış şəkildə müvafiq sənədlər əldə etdikdən sonra xırda sahibkarlıq fəaliyyət növü olan çayxana açmışdır. 2003-cü ildən 2018-ci ilin sonunadək fəaliyyət göstərdiyi obyektə 63000 manat sərmaye yatırmışdır. Uzun müddət qonşuluq münasibətində olduğu, özünü 1-ci Zabrat qəsəbəsində yerləşən 1 may Mədəniyyət evinin və həmin ərazidə fəaliyyət göstərən mini bazarın sahibi kimi təqdim edən Dövlət Gömrük Komitəsinin gömrük xidməti polkovnik leytenantı Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixində bildirdi ki, öz vəsaiti hesabına tikdiyi obyekti boşaldıb. O, bunu ciddi qəbul etməyib, çünki qanuni dövlətdə yaşayır, və Cavabdeh2 bildirib ki, ona qarşı hər hansı bir pretenziya varsa məhkəmə çərçivəsində həll edək. Çünki ümumiyyətlə Əliyelərə məxsus olmayan torpağa sərmaye xərcləmişdir və təbii olaraq onlar bu obyekti də zəbt etmək istəyirlərsə ona pul ödəməli idilər. Lakin Vüqar və Cavabdeh1lər daha rahat üsül taparaq onun barəsində şər və böhtan uydurmaqla yanaşı onu polislə hədələməyə başladılar. Bütün bu hadisələr ona pis təsir etdiyindən və özü şəkər xəstəsi olduğunnan yatağa düşüb. Cavabdehlər bu halından istifadə edərək kafesinə gəlib işçiləri oradan qovaraq ilk öncə ehtiyatla daha sonra isə havadar taparaq ildırım sürəti ilə söküntü işlərinə başladılar (həmin ərəfədə o və vəkili 102 xidmətinə , Sabunçu r-n Polis İdarəsinə və daha sonra isə gördükdə ki, polis hərəkətsizlik edir cənab Prezidentə, X6 və Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edib). Bu müraciətlərdən sonra isə cavabdehlər "lotuluq" qanunlarına uyğun olaraq traktor gətirib obyektimi kökündən dağıtdılar. Cavabdehlər Nərimanov rayon məhkəməsinə Mülkiyyət hüququ haqqında şəhadətnamə təqdim etdilər. Həmin şəhadətnamə hazırda mövcüd olmayan və ümumiyyətlə fəaliyyət göstərməyən "Say" qəzetinə aiddir. Həmin şəhadətnamə klubun qabağında fəaliyyət göstərən mini bazarı əhatə edir, onun fəaliyyət göstərdiyi kafeyə heç bir aidiyyəti yoxdur. Cavabdehlər həmin şəhadətnaməni təqdim edərək bir daha sübut etmişlər ki, kafesini söküblər, lakin guya ki, kafe onların ərazisində olduğu üçün sökdüklərini məhkəmədə sübut etməyə çalışıblar. İşə məhkəmədə baxılarkən şikayəti əsasında toplanmış materialları Bakı şəhər Polis İdarəsindən və Sabunçu rayon Polis İdarəsindən tələb edilməsi barədə vəkilinin vəsatəti təmin edilsə də sonradan hakim onlara bildirib ki, bəs vəsatət təmin edilməmişdir. Bu hal onda çaşqınlıq yaradaraq elə həmin andan bildi ki, iddiası təmin edilməyəcəkdir. Belə ki, obyektinin onlar tərəfindən sökməsinini cavabdehlər Bakı şəhər polis idarəsində tam etiraf etmişdirlər. Daha sonra onun tərəfindən məhkəmədə 3 şahid dindirilsə də nədənsə hakim-xanım qətnamədə onların birinin adını qeyd etmişdir: Əliyev Kötəl Əzizalı oğlu və o da cavabdehlərin xeyrinə guya ifadə vermişdir (əşyalar “səliqə"ilə bir kənara yəğılıb və onlara heç bir "ziyan" vurulmayıb...) Hakimin digər şahidlərin adlarını qeyd etməsi nədənsə yadından çıxıb??? Məhkəmədə dindirilən şahidlərdən birinin soyyadı Abbasov Arif Bəhmən oğlu digəri isə Mübariz Məsim oğlu idilər. Hakimin qətnaməsindən iddiamın təmin edilməməsi səbəbi ona aydın olmadı. Obyekti olmayıb, yoxsa sökülməyib?. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-511/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2499/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və yenidən apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5083/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixlə qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020- ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda qeyd edilir ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi və bununla əlaqədar iddiaçıya ziyan dəyməsi işin mübahisələndirilməyən halıdır və heç kim tərəfindən, eləcə də, işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən də inkar olunmur. İddiaçı, müəyyən olunuduğu kimi, cavabdehin ona məxsus olmasını iddia etdiyi torpaq sahəsindən Bələdiyyə ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etmiş və orada öz vəsaiti hesabına çayxana kimi istifadə etdiyi "Kafe-klub” quraşdırmaqla həmin obyektdən 2003-cü ildən 2018-ci ilə kimi maneəsiz istifadə etmişdir. Torpaq sahəsinin göstərilən vəziyyətdə Bələdiyyə deyil, cavabdehə məxsus olması kassasiya kollegiyasına görə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. İddiaçıya məxsus "Kafe-klub” heç bir məhkəmə qərarı olmadan söküldüyündən söküntünü həyata keçirmiş şəxs bunun üçün maddi və mənəvi məsuliyyət daşımalıdır. Həmin hərəkət mülki hüquq pozuntusu olduğundan kollegiya hesab edir ki, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrin tələbləri baxımından həll edilməlidir. Apelyasiya instansiyası məhkəməsinə görə hüquqa zidd hərəkətin cavabdehlər tərəfindən törədilməsi sübuta yetirilmədiyindən onlara qarşı yönəldilmiş iddianın təmin edilməsi üçün əsaslar olmamışdır. Kassasiya kollegiyası hesab edir ki, işdə olan və məhkəmə tərəfindən qiymətləndirilməmiş sübutlar həmin nəticəyə gəlmək üçün əsas verməmişdir. İddiaçının izahatlarından və şikayətlərindən görünür ki, Əliyevlər ondan əvvəlcə obyekti boşaltmağı tələb etmiş və bunun üçün ona 20 gün vaxt vermişlər, sonra isə ona qarşı təzyiqlər göstərmiş, su təchizatını dayandırmış, elektrik enerjisini kəsmiş, xx xxxxxx 2019-cu il tarixdə isə 5 nəfər polis işçisi əmlakını sındırıb dağıtmışlar. İşdən göründüyü kimi iddiaçı obyektdən istifadə etdiyi təxminən 15 il müddət ərzində obyektlə bağlı heç bir konflikti olmamışdır. Yalnız cavabdehlərin ondan obyekti boşaltmasını tələb etdikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və söküntünün cavabdehlər tərəfindən fotoaparatla çəkilməsi, orada olan material və avadanlıqların həmin ərazidə cavabdehlər tərəfindən yığılması baş vermişdir. Həmin hallar sübut əhəmiyyəti daşımasına baxmayaraq məhkəmə kollegiyası tərəfindən onlara lazımınca qiymət verilməmişdir. İşin 101-105-ci səhifələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli məhkəmə iclasının protokolunda əks olunmuş izahatında Cavabdeh1 iddiaçıya öz xoşu ilə tikilini sökməsini təklif etməsini, onun isə həmin təklifə məhəl qoymamasını, bir ay gözlədikdən sonra polis işçilərinin söküntünü həyata keçirmələrinə ona razılıq vermələrini göstərmişdir. Həmin protokolda olan digər Cavabdeh2 izahatından da görünür ki, onlar tərəfindən söküntü zamanı fotoşəkillər çəkilmiş və iddiaçıya gəlib əşyalarını aparması təklif olunmuşdur. Apelyasiya instansiyası məhkəməsində verdikləri izahatlarında isə Əliyevlər obyektin onlar tərəfindən deyil, İddiaçı özü tərəfindən sökülməsini bildirməklə birinci instansiya məhkəməsində verdikləri izahatlarını danmışlar. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətli izahatların səbəbini ümumiyyətlə araşdırmamış və işin həmin halına heç bir qiymət verməmişdir. Halbuki cavabdehlər birinci instansiya məhkəməsində verdikləri izahatlarında obyektin onlar tərəfindən sökülməsini etiraf etmişlər. İş materiallarına əlavə edilmiş fotoşəkillər söküntü işləri aparılan zaman çəkilməsinə baxmayaraq, məhkəmə kollegiyası, sübut əhəmiyyəti daşımasına baxmayaraq şəkillərdə əks olunan şəxslərin kimliyini müəyyən etməmiş və həmin sübuta da müvafiq hüquqi qiymət verməmişdir. Söküntü işləri aparılarkən obyektdə olmuş şahidlər Abbasov Arif Bəhmən oğlu və Əliyev Kötəl Əzizalı oğlunun ifadələrini rədd edərkən məhkəmə kollegiyası obyekti sökən şəxslərin sayına münasibətdə onların göstərdiklərinin (2 nəfər) iddiaçının göstərdikləri ilə (5 nəfər) ziddiyyət təşkil etməsini əsas göstərmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, obyekt sökülərkən orada iddiaçı deyil, həmin şahidlər iştirak etmişlər. Şahid Kötəl Əliyevin izahatına görə Cavabdeh1 obyektin söküləcəyini demiş və o da söküntü barədə İddiaçı məlumat verməsinə baxmayaraq obyektə gəlməmişdir. Göstərilən vəziyyətdə apelyasiya instansiyası məhkəməsi tərəfindən birtərəfli qaydada istinad olunmuş sübutlar iddianın rədd edilməsi üçün əsas vermədiyindən, qətnamə ləğv olunmalı, iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən mübahisənin düzgün və qanuni həlli üçün əhəmiyyəti olan bütün sübutlara obyektiv, qərəzsiz qiymət verilməklə qanuni və əsaslı qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsinin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının 2019-cu ilin yanvar ayında oranı icarəyə götürərək təmir etdiyini, 63000 manat sərmayə qoyduğunu, bir çox əşyanın hələ də cavabdehlərə məxsus qonşuluqda yerləşən olduğunu, əlavə sübutlarının və vəsatətlərinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etdiyini, iddiaçıya məxsus əmlaklarının onlara məxsus tikilidə olmasına dair isə onların orada atılan əşyalar olduğunu bildirmişdir. Cavabdehlərin nümayəndəsi Vəkil2 Ağaməd oğlu apellyasiya şikayətini qəbul etməyərək, təqdim etdiyi mülahizəsində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi ərizə əsasında onunla xx.xx.2007-ci ildə bağlanmış icarə müqaviləsi xx.xx.2018-ci il tarixdə Bələdiyyə tərəfindən ləğv edilmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ona xəbərdarlıq etmişdir ki, 20 gün müddətində ərazini boşaltsın (bax iddia ərizəsi səh.2). İddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2019-cıı il tarixdə 5(beş) nəfər polis əməkdaşları obyektinə daxil olub əmlaklarını dağıtmışlar. Daha sonra iddiaçı qeyd edir ki, cavabdehlər 1 May Mədəniyyət evini (klubu) ********** manata satmışdır. 500000 manat beh aldıqlarını qeyd edir!!Əslində iddiaçının iddia ərizəsində qeyd etdikləri ziddiyyətli fikirlər, onun təqdim etdiyi “icarə müqaviləsi” əsasında üzərinə götürdüyü öhdəliklər barədə müddəalarla iddiaçının iddia tələbinin əsassız olduğu sübut edir. Nəzərə alınmalıdır ki, İddiaçı torpaq üzərində qoyulmuş mişar daşların üstünə taxta və plastik konstruksiyalı daşınan formada olan yararlı əmlaklarını ərazidən özü aparmışdır. İddiaçı yararsız vəziyyətdə olan əşyaları və avadanlıqları ərazidə saxlamışdır. Aparmadığı bu əşya və avadanlıqlar heç nəyə yaramayan, atılası avadanlıqlardır. Məhkəmə Kollegiyası nəzərə almalıdır ki, əgər iddiaçının dediyi qaydada beş nəfər Polis əməkdaşı tərəfindən, yaxud başqa bir qaydada onun obyekti sökülmüşdürsə, onda nəyə görə iddiaçı “icarə qaydasında” istifadə etdiyi torpaq sahəsinə dair mövcud olmuş “icarə müqavilənin ləğv edilməsi” üçün dekabr 2018-ci il tarixdə Zabrat Bələdiyyəsinə ərizə təqdim etmişdir. Ərizə əsasında müqavilənin ləğv edilməsini xahiş etmişdir. Əgər ona məxsus olan əşya və digər avadanlıqları könüllü olaraq ərazidən aparmayıbsa, onda bu torpaqdan istifadəyə dair “icarə müqaviləsinin” ləğvini Bələdiyyədən xahiş etməsinin səbəbi nə olmuşdur?! Görünür iddiaçı, iddia ərizəsini bütövlükdə yalan üzərində qurmuşdur. İddia qərəzli və məqsədli xarakter daşıyır. Əslində iddiaçı icarə müqaviləni ləğv etdikdən sonra özünə məxsus olan yararlı əşya və avadanlıqları ərazidən aparmışdır. İddiaçı iddia ərizəsində və digər sənədlərdə qeyd edir ki, klubu üç milyon manata satıb beh almış, onun obyekti demə satış zamanı maneələr yaratdığı üçün obyekti Polislər sökmüşdür. İddiaçının iddia ərizəsində qeyd etdikləri həm ziddiyyətli, həm də digər rəsmi sənədlərlə təkzib olunur. Çünki iddiaçı məqsədli və qərəzli formada tələb irəli sürərək əsassız varlanmaq istəyir. MPM-nin 407.2 və 418-ci maddələrin tələblərinə, habelə Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarın tələblərinə və digər normativ aktların tələblərinə zidd olaraq. AR Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarında hüquqi məsələlər deyil, iddiaçının sözləri əsasında qərar qəbul edilmişdir. Ali Məhkəmənin qərarının “hüquqi məsələlər” bölməsində - əslində heç bir hüquqi əsaslandırma yoxdur. Qərarda iddiaçının fikirləri yazılmışdır. Ali Məhkəmənin qərarında heç bir hüquqi əsaslandırma olmadan qeyd olunur ki, Cavabdeh2 söküntü zamanı fotoşəkillər çəkmişdir!Fotoşəkilləri Məhkəməyə biz təqdim etmişik. Bu fotoşəkillər bizim tərəfimizdən söküntüdən sonra ona görə çəkilmişdir ki, idiaçı bizə qarşı hər hansı böhtan söyləməsin. Yəni iddiaçı öz əmlaklarını ərazidən aparmışdır. Ərazidə əsaslı tikinti olmamışdır. Daşına bilən yararlı əmlakları iddiaçı ərazidən aparmışdır. İddiaçının icarə müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsində taxta və plastikdən, habelə “NZS” yazısı ilə palatka-naves olmuşdur. Kafenin hüquqi ünvanı, ünvan 6 habelə qeyd olunan ərizədəki ünvana su və sair xidmətlərin qeydiyyatı olmamışdır.Bakı şəhər Sabunçu Rayon Prokurorluğun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı barəsində cinayət işinin araşdırılması davam etdirilir. Nərimanov Rayon Məhkəməsində dindirilən şahidlərin ifadələri Məhkəmə qətnaməsində öz əksini tapmışdır. Şahidlər iddiaçının yaxınları olmuşdur. İddiaçıya məxsus ərazidə olmuş daşınan əşyaların söküntüsündə cavabdehlər bilavasitə iştirakçı olmamışlar. Ali Məhkəmə Prosessual qanuna zidd hərəkətlərə yol verməklə yanaşı, qərarda guya obyektin sökülməsini cavabdehlərin etirafı kimi, qərarda qeyd etməsi düzgün deyildir. Cavabdeh əgər iddiaçının əmlakını sökürdüsə, iddiaçı bunu arzu etməyibsə, onda iddiaçı nəyə görə icarə müqaviləsinin ləğvini ərizə əsasında Bələdiyyədən xahiş etmişdir. Söküntüdən əvvəl iddiaçı icarə müqaviləni ləğv etmiş, sonra öz əşyalarını ərazidən aparmışdır. Əks təqdirdə iddiaçı “icarə müqaviləsini” ləğv etməzdi və bizə qarşı hazırkı iddia ilə çıxış edərdi. İddiaçı Bələdiyyə ilə olan müqavilə öhdəliyini yerinə yetirərək, öz əşyalarını ərazidən aparmış və müqavilənin ləğvini xahiş edib. Onun hazırkı cavabdehlərə qarşı heç bir tələbi ola bilməz. Çünki iddiaçı özü etiraf edir ki, Bələdiyyə ilə bağladığı müqavilə əsasında fəaliyyət göstərmişdir. Həmçinin iş materialları ilə sübut olunur ki, iddiaçının ərizəsi əsasında Bələdiyyə ilə aralarındakı icarə müqaviləsi xx.xx.2018-ci ildə ləğv olunub. Müqavilədən irəli gələn öhdəliyini icra etdikdən sonra cavabdehlərə qarşı əsassız iddia tələbi ilə iddiaçının çıxış etməsi məqsədli və qərəzli olmaqla yanaşı, qanunsuz olduğundan onun verdiyi Apellyasiya şikayəti rədd edilməlidir. İddiaçının heç bir əsaslı sübutu yoxdur . Qeyd edilməlidir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarıını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki, iddia üzrə iddia edilənlər, habelə kassasiya instansiya məhkəməsinin mülki kollegiyası tərəfindən təsbit edilən (sübut əhəmiyyəti daşımasına baxmayaraq şəkillərdə əks olunan şəxslərin kimliyini müəyyən etmə və həmin sübuta da müvafiq hüquqi qiymət vermə barədə) göstərişlər hüquqazidd olan əməllərin müəyyən edilməsi çərçivəsində cinayət və ya inzibati xəta təqibi qaydasında aparılan araşdırmanın predmeti ola bilər, mülki icraatda hüquqa zidd hərəkətlərin müəyyən edilməsi üçün istintaq səlahiyyətləri mövcud deyildir, tərəflər isə əlavə sübutlar (və ya vəsatətlər) təqdim etməmişlər. Beləliklə, iş üzrə iddia edilənlər hüquqa zidd hərəkət (hərəkətsizlik) meyyarları ilə hüquqmühafizə orqanları tərəfindən araşdırmanın nəticəsi olaraq təqsirkar şəxslərin müəyyən edildiyi təqdirdə maddi zərərin həmin cinayət və ya inzibati xəta haqqında işi üzrə, habelə mülki mühakimə qaydasında mötəbər sübutlar əsasında yenidən tədqiq edilə bilər. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarı; Mülki Məcəllənin 21.1, 139-158, 180, 1096, 1097; "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidır. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2499/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar