Məhkəmə qərarları › İş №2(103)-259/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-259/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-259/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və “xxxx” MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, əvvəllər mövcud olmuş qapı və pəncərələrin bərpa edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-2923/2019 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi, daha sonra isə cavabdeh qismində Cavabdeh2 MTK-nı da cəlb etməklə iddia ərizəsinə əlavələr ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin bir hissəsinin qanunsuz olaraq dağıdılaraq məhv edilməsi nəticəsində ona dəymiş maddi zərərə görə 80.162 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 50.000 manat pulun, ümumilikdə 130.192 manatın cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTKdan müştərək qaydada tutularaq ona ödənilməsi, eləcə də sözügedən qeyri-yaşayış sahəsində əvvəllər mövcud olmuş pəncərə və qapının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018 tarixində Yasamal rayonu Bəsti Bağırova küçəsi, 26 ünvanında yerləşən əmlakının otağının divarları cavabdehlər tərəfindən uçurulmuş, içərisində olan malları (2 ədəd soyuducu kamera və 2 ədəd “Çinar” markalı soyuducu, 1 ədəd digər markalı soyuducu, 2 ədəd preparator, 2 ədəd “Hilti” markalı drel, 3 ədəd dördgözlü qaz peçi, 100 m uzunluğunda bağ evi üçün aldığı 4 ötürücülü işıq kabeli və digər xırda əşyaları) götürülmüş, otağın içərisində 15 kv.m ərazi özününküləşdirilməklə divar hörülmüşdür. Bunlar hamısı şəkillərlə çəkilərək sübutlar şəklində toplanmışdır. Bu barədə ərazi üzrə Yasamal Rayon Polis İdarəsinə, DİN-ə, Baş Prokurorluğa şikayət etmişdir. 27-ci PB-nin təhqiqatçısı Eldar Mirzəzadə əməliyyat qrupu ilə bilikdə hadisə yerində baxış keçirmişlər və istintaq hərəkətləri apararaq həqiqətən əmlakının divarlarının uçurulması və yuxarıda göstərdiyi əşyalarının oğurlanması faktını müayinə protokolunda qeyd etmişlər. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin 006- 5431V-3219 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda işə mülki qaydada məhkəməyə baxılmalı olması ona bildirilmişdir. Hazırkı halda cavabdehlər tərəfindən mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Mülkiyyətinin divarının sökülməsi müqabilində ona dəymiş zərərin əvəzinin ödənilməsi, yəni ona müvafiq kompensasiya verilməsi təklifi ilə şirkət rəhbərliyinə müraciətlər etməsinə baxmayaraq, bu günə qədər cavabdeh təşkilat tərəfindən müraciətinə cavab verilməmiş, ona vurulmuş zərərin əvəzi ödənilməmişdir. Qiymətləndirmə rəyindən görünür ki, hazırda sözügedən əmlakın 1 kv.m üçün qiyməti 3900 manatdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 2923/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaəti əsassızdır. Məhkəmə sökülmüş divarın hörüldüyünü qeyd etmiş, lakin nəzərə almamışdır ki, bu zaman MTK tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinin bir hissəsi zəbt edilmişdir, həmçinin ona məxsus qeyri-yaşayış sahəsindəki pəncərə və qapı qanunsuz olaraq hörülmüşdür. Ona məxsus qeyri-yaşayış sahəsinin neçə kv.m-nin cavabdeh tərəfindən zəbt edilməsinin müəyyənləşdirilməsi üçün tikinti-texniki ekspertizanın keçirilməsi barədə vəsatəti məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Məhkəmə onun təqdim etdiyi sübutlara qiymət verməmişdir. Qeyri-yaşayış sahəsinin texniki pasportu məhkəməyə təqdim edilmişdir, həmin texniki pasportda əvvəlki mülkiyyətçinin adı yazılmış, amma ünvan eynidir, bərpa edilməsini xahiş etdiyi pəncərə və qapı texniki pasportda da öz əksini tapmışdır. Şəhadətnamədəki sahə ilə texniki pasportdakı sahə arasında müəyyən fərqlərin olması ilə bağlı isə qeyd edir ki, şəhadətnamə hüquqmüəyyənedici sənəd olduğundan həmin sahə əsas götürülməlidir. Məhkəmə tərəfindən obyektiv və hərtərəfli araşdırılma aparılmamışdır. Məhkəmə iclas protokolları təhrif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Cavabdehin Cavabdeh2 MTK-nın nümayəndəsi apelyasiya şikayətinə əsassız olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 2014-cü il tarixli 167 saylı sərəncamının kserosurətindən görünür ki, Yasamal rayonu C.Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsində 612-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksək mərtəbəli binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında "Cavabdeh2" MTK-nın istifadəsinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyi X3ması və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında 005034 nömrəli Şəhadətnamənin kserosurətindən görünür ki, ünvan 1 ünvanındakı 269.2 kv.m qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə 7 saylı reyestr kitabının 97-ci səhifəsində xx.xx.2005-ci il tarixdə 005034 nömrəli qeydiyyat aparılmışdır. Birinci intansiya məhkəməsi tərəfindən iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdeh "Cavabdeh2" MTK-nın nümayəndəsinin iştirakı ilə mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin ayrıca giriş-çıxış qapısı mövcud deyil. Hal-hazırda zirzəmiyə giriş sol tərəfdə fəaliyyət göstərən mağazanın içərisindən keçir. Qeyri-yaşayış sahəsinin içərisində elektrik və qaz xətləri mövcud deyil. Sahənin çölə açılan qapı və pəncərələri yoxdur. İddiaçının mübahisələndirdiyi divar tam olaraq bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir, mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilərkən artıq dəymiş ziyanın aradan qaldırıldığı, yəni sökülmüş divarın hörüldüyü məlum olmuşdur. İddiaçı qeyri-yaşayış sahəsinin texniki göstəricilərini özündə əks etdirən sənədi (texniki pasportu) məhkəməyə təqdim etmədiyi üçün həmin qeyri-yaşayış sahəsinin qapı və pəncərəsinin yerini müəyyən etmək və qapı və pəncərənin sökülübsökülməməsini, bunun nəticəsində iddiaçıya ziyan dəyib-dəyməməsini araşdırmaq mümkün olmamışdır. İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, MTK tərəfindən ona məxsus qeyriyaşayış sahəsinin bir hissəsi zəbt edilmişdir, həmçinin ona məxsus qeyri-yaşayış sahəsindəki pəncərə və qapı qanunsuz olaraq hörülmüşdür. Qeyri-yaşayış sahəsinin texniki pasportu məhkəməyə təqdim edilmişdir, həmin texniki pasportda əvvəlki mülkiyyətçinin adı yazılsa da ünvan eynidir, bərpa edilməsini xahiş etdiyi pəncərə və qapı texniki pasportda da öz əksini tapmışdır. İddiaçının vəsatəti əsasında Kollegiya tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və xx.xx.2020-ci il tarixli 10/125 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan texniki pasportun (iş v.110) göstəricilərini nəzərə almaqla, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış cavabdehlər “xxxx” MMC və Cavabdeh2 MTK tərəfindən tutulmadığı müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi X3ması və özəlləşdirilməsi departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xüsusi mülkiyyətində verilmiş ümumi sahəsi 269,2 kv.m. olan qeyri-yaşayış binasına dair texniki parport verilmədiyini, həmin iş materiallarında 110-cu vərəqində olan texniki pasportda göstərilən tikilinin ümumi sahəsi ilə şəhadətnamədə göstərilən sahə arasında fərq olduğunu nəzərə alaraq, İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə cavabdehlər “xxxx” MMC və Cavabdeh2 MTK tərəfindən tutulduğu iddia olunan sahənin üst-üstə düşüb-düşməməsini, tutulmasını və hazırki ölçülərlə texniki pasportdakı ölçülər arasında fərq olmasını müəyyən etmək mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən iş materiallarının 110-cu səhifəsində olan texniki pasporta əsasən qeyri-yaşayış sahəsinin 20 və 21 saylı otaqların pəncərəsi mişar daşı ilə hörülərək bağlandığı müəyyən edilmişdir. Lakin qeyri-yaşayış sahəsinin arxa divarı tamamilə sökülüb yenidən inşa olunduğu üçün həmin qeyri-yaşayış sahəsinin əhəng daşı ilə bərpa edilmiş hissəsində (divarda) əvvəllər qapının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının apelyasiya şikayətində göstərdikləri əsassızdır. Mülkiyyət hüququ haqqında 005034 nömrəli Şəhadətnamənin kserosurətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 269.2 kv.m təşkil edir. İddiaçının məhkəməyə təqdim etdiyi texniki pasportda isə qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 244.2 kv.m olduğu görünür. İddiaçı həmin texniki pasportda əvvəlki mülkiyyətçinin adı yazılsa da, ünvanın eyni olduğunu bildirir. Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi tikilinin planı (işin 8, 9cu səhifələrində olan texniki pasportun surəti) ilə sonradan təqdim etdiyi (i.v. 112, 113) texniki pasportda olan tikilinin planına müqayisəli baxış keçirdikdə müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilən tikilinin planında əks olunan həm bütövlükdə, həm də ayrılıqda 20 və 21 saylı otaqların sahəsi ilə sonradan təqdim edilmiş texniki pasportda əks olunmuş sahələr, o cümlədən 20 və 21 saylı otaqların sahəsi fərqlidir, həmçinin iddia ərizəsinə əlavə olunan plan sxemdən görünür ki, mübahisəli obyektin ümumi sahəsi 269,2 kv.m olmaqla, mülkiyyət hüququ haqqında Şəhadətnamədə iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinin ümumi sahəsi ilə eyni ölçüdədir. Lakin sonradan təqdim edilmiş texniki pasportda isə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 244,2 kv.m təşkil edir. Həmçinin müəyyən olunur ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi texniki pasportda istinad etdiyi qapı və pəncərənin olması (21 saylı otağın pəncərəsi və həmin otağın uzununa olan divarında qapı) müəyyən edilmədiyi halda, sonradan təqdim etdiyi texniki pasportda belə qapı və pəncərə təsvir olunmuşdur. İddiaçının mübahisəli sahəyə mülkiyyət hüquqlarının xx.xx.2005-ci ildə qeydə alınması nəzərə alındıqda, bundan 3 aya yaxın əvvəlki tarixə tərtib olunmuş texniki pasportun mötəbərliyi də şübhə doğurur (xüsusilə şəhadətnamə ilə texniki pasportdakı ölçülərin fərqli olması fonunda). Buna görə də sonradan təqdim olunmuş texniki pasportda pəncərə və qapının əks olunması hazırki iddia tələbinin əsaslı olub-olmaması nəticəsinə gəlmək üçün əhəmiyyət kəsb etmir, iddiaçının iddia ərizəsinə əlavə etdiyi tikilinin planından görünür ki, qeyd edilən otaqlarda pəncərə və qapı olmamış, divar bütov olmuşdur. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçı tələbinin əsaslı olduğunu sübuta yetirə bilməmişdir. Başqa şəxsin adına olan istinad etdiyi texniki pasportun mötəbər sübut kimi qəbul edilməsi və onun əsasında iddia tələbinin əsaslı olması qənaətinə gəlmək yolverilməzdir. İddiaçı həmçinin qeyri-yaşayış sahəsindən malların oğurlandığını iddia edir, hansı ki, iş materiallarından belə bir hal müəyyən edilmir, iddiaçı isə nə birinci instansiya məhkəməsi zamanı, nə də apelyasiya baxışı zamanı bu halı təsdiq edən sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Mənəvi zərər hissəsində də Kollegiya qeyd edir ki, maddi zərər hissəsində əsassız olduğundan iddia tələbi təmin edilmədiyindən, mənəvi zərər hissəsində də iddianın rədd edilməsi barədə məhkəmə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya qeyd edir ki, burada hər iki tərəf öz tələblərini və etirazını əsaslandırmağa borcludur. Cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu kimi, iddiaçı da öz tələbini kifayət qədər aydın əsaslandırmalıdır. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı və sübuta yetirə bildiyi halda onun tələbi keçərlidir. Bunun üçün ilk növbədə şərh olunan faktlar müəyyən edilməlidir. Hazırda isə iddiaçı öz tələbini əsaslandıra bilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2923/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar