Məhkəmə qərarları › İş №2(103)-2595/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2595/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2595/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, "MEDİA TÜRK TV" onlayn televiziyası, "NEWS24.AZ" saytı və "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “şərəf və ləyaqətin alçalması nəticəsində zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, "MEDİA TÜRK TV" onlayn televiziyası, "NEWS24.AZ" saytı və "xxxx" onlayın ictimai siyasi qəzetinə qarşı "şərəf və ləyaqətin alçalması nəticəsində zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hər biri tərəfindən sosial şəbəkədə və internet portalında yayılmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən çəkilmiş video yazı və səs yazılarının cavabdehlər tərəfindən silinməsi, cavabdehlər tərəfindən şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların, videoların yayıldığı kütləvi informasiya vasitələrində təkzib edilməsi, cavabdehlərdən ona dəymiş mənəvi zərərə görə müştərək qaydada 20000 (iyirimi min) manatın və 240 (iki yüz qırx) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması, AR MPM-in 265.4-cü maddəsinə əsasən Cavabdeh1 barəsində AR CM-in 145-ci maddəsinə əsasən qanunsuz azadlıqdan məhrumetmə, cavabdehlərin hər biri barəsində 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozma cinayətləri ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Nizami Rayon Məhkəməsinin 2(007)-210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, "NEWS24.AZ" saytı və "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 Elşad oğlu arasında baş vermiş hadisə ilə bağlı yayılmış məlumatlar, video yazıların yayıldığı platformalardan silinməsi, cavabdehlər Cavabdeh1 tərəfindən, "NEWS24.AZ" saytı tərəfindən “Sürücü ilə sərnişin arasında qalmaqal” başlığı ilə “Xırdalanda sürücü ilə sərnişin arasında baş vermiş hadisənin videosu avtomobildəki kameraya düşüb. Hadisə mayın 1-də baş verib. Belə ki, taksidən istifadə edən xanım sərnişin mənzil başına çatdıqdan sonra pul vermədən getməyi qərara alıb. Sürücü bunu görən zaman qapıları bağlayaraq sərnişindən ödənişi tələb edib. Lakin sərnişin ödənişi ödəməkdən imtina edərək yüksək səslə qışqıraraq avtomobilin şüşələrini sındırmağa cəhd edib. Sürücü sonda qapını açaraq sərnişinin getməsinə şərait yaradıb” məzmununda paylaşılan və "xxxx" MMC tərəfindən ona məxsus “TvMusavatofficial” adlı səhifəsində Sevinc Telman qızının təqtimatında “Video yayılıb, taksiyə minən bir qadın, bağıran bir qadın yol pulunu ödəmək istəmədiyi üçün el dili ilə desək vay-şüvən qoparan bir qadın, yəni o, qadındırsa, qadın kimdir sualı təbii ki, avtomatik olaraq meydana çıxır. Yəni Azərbaycanda son vaxtlar dələduzların meydan tutuladığı bir dövrə, bir zamana və s.” məzmununda paylaşılan İddiaçı haqqında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığı onlayn səhifə və platformalarda təkzib edilməsi vəzifəsi Cavabdeh1, "NEWS24.AZ" saytı və "xxxx" MMC-yə həvalə edilmiş, Cavabdeh1 500 manat məbləğində zərərin, 3,75 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon işə baxarkən maddi və prosessual normaları pozmuş, məhkəmə səhvə yol verərək Cavabdeh2 online televiziyası vasitəsilə onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunu ləkələyən məlumatlara öz qərarında münasibət bildirməmişdir, ona münasibətdə də iddianın təmin olunmasını, bundan başqa mənəvi ziyanın əvəzi olaraq 20000 manat məbləğin müştərək qaydada tutulmasını, buna görə də qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında İddiaçı, eləcə də onun nümayəndəsi və vəkili B.Məmmədov apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, taksi sürücüsü kimi fəaliyyət göstərir, xx.xx.2024-cü il tarixdə iddiaçını “Nizami” metrostansiyasından götürüb Xırdalan şəhərinə aparmalı idi, təyinat nöqtəsinə aparan zaman onun rəfiqəsi ilə etdiyi xoşagəlməz söhbətlərə qulaq asmaq istəmədiyindən musiqinin səsini artırmışdır, irad bildirməsinə baxmayaraq, məhəl qoyulmayaraq danışıqlar davam etmişdir. Bu hal dəfələrlə təkrar olunmuşdur və bunu video görüntülərdə də görmək olar. İddiaçı gediş haqqını ödəmədiyi üçün görüntüləri “Tiktok” proqramında ictimai qınaq məqsədilə yaymışdır. İddiaçı da öz növbəsində onu söyüb-təhqir etmişdir, sonradan əməlindən peşiman olmuşdur, başa düşmüşdür ki, düz iş görməmişdir, iş polisdə olanda da barışıq üçün cəhd etsə də, buna nail olmamışdır, ailəlidir, 2 körpə uşağı var, eləcə də bildirdi ki, hazırda həmin görüntülər bütün sosial platformalardan silinmişdir, yenə də iddiaçıdan üzr istəyərək barışıq olmasın istəyir.

6. Məhkəmə kollegiyasının iclasında digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndəov şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Onların iddiaçı ilə heç bir problemləri yoxdur, onun barəsində yayılan videogörüntlər artıq hər yerdən silinmişdir. İddiaçıya hansısa mənəvi ziyan vurduqlarını qəbul etmirlər. Onlar jurnalist olaraq öz vəzifələrini yerinə yetiriblər və hər hansı pozuntuya yol verməmişlər, başqa çoxsaylı saytlarda olan məlumatı, həm də hər hansı ad çəkmədən, ümumi olaraq şərh vermişlər.

7. Şikayətə baxılması ilə bağlı cavabdeh "MEDİA TÜRK TV" onlayn televiziyası və "NEWS24.AZ" saytı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin xx.xx.2024-ci il tarixli İ-5735 saylı məktubundan görünür ki, ərizə əsasında aparılan araşdırma zamanı barəsində şikayət olunan Cavabdeh1 əməlində İXM-nin 510-cu maddəsinin əlamətləri aşkar edilmiş və barəsində inzibati protokol tərtib olunaraq cərimə edilmişdir.

9. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq vətəndaş İddiaçı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə ünvanladığı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3027/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1342/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3027/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəməyə iddiaçı tərəfindən müxətlif sosial şəbəkələrdə ("MEDİA TÜRK TV" onlayn televiziyası, "NEWS24.AZ" saytı və "xxxx" MMC və s.) yerləşdirilmiş paylaşımlar və ona edilmiş rəylərin görüntülərindən çıxarışlar və 1 ədəd disk təqdim edilmişdir.

13. Məhkəməyə Cavabdeh1 tərəfindən video görüntülərin və söhbətlərdən edilmiş çıxarışların qeyd edildiyi 2 ədəd disk təqdim edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının:

14. 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 23.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.

16. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

17. 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.

18. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. 13.1-ci maddəsinə əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

20. 14.1.7-ci və 14.1.9-cu bəndlərinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir,

21. 14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlir. a. 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Qərardada göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarı:

24. 3-cü bənddə tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

25. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

27. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. 384.0. Apellyasiya instansiyası məhkəməsi:

35. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

36. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

37. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

38. 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Hazırkı halda qətnamə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, mənəvi zərərin tutulması hissəsində isə dəyişdirilməlidir.

42. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə “Bolt” adlı tətbiq vasitəsi ilə taksi xidməti sifariş verdiyi **-FH-*** dövlət qeydiyyatlı "Hundai 130" markalı avtomobilin sürücüsü Cavabdeh1 arasında münaqişə baş vermişdir. Belə ki, iddiaçı yolda olan zaman rəfiqəsi ilə mobil telefon vasitəsi ilə danışarkən həmin sürücü, yəni iş üzrə Cavabdeh1 avtomobildə musiqinin səsini çoxaldaraq onun telefon danışığına mane olmuş və mübahisə yaranmışdır. Sürücü Cavabdeh1 avtomobildə yaşanan hadisəni videolentə alaraq “Tiktok” sosial şəbəkəsində yaymışdır. Daha sonra isə sürücü tərəfindən lentə alınan həmin video və səs yazıları, görüntülər bir neçə internet portalında (saytlarda, sosial platformalarda) paylaşılmış, nəticədə həmin görüntülər geniş kütlə arasında yayılaraq sosial şəbəkə istifadəçiləri tərəfindən iddiaçının ünvanına təhqir dolu ifadələr işlədilmiş, onun şərəf və ləyaqəti alçaldılmış, qadın kimi iddiaçı barəsində mənfi fikir formalaşmışdır.

43. İddiaçının da apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mənəvi ziyanın əvəzi kimi tələb edilən pul cavabdehlərdən müştərək qaydada tutulsun və cavabdeh kimi göstərdiyi “MEDİA TÜRK TV" onlayn televiziyasına münasibətdə də iddia təmin edilsin.

44. İddiaçının iddiasını qismən təmin edən rayon məhkəməsi “MEDİA TÜRK TV" onlayn televiziyasına münasibətdə hesab etmişdir ki, sürücü Cavabdeh1 qeydə aldıqları videogörüntülərin “MEDİA TÜRK TV" onlayn televiziyası tərəfindən paylaşılmasına dair iddiaçı tərəfindən sübut təqdim edilməmişdir.

45. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmə bu hissədə yanlış qənaətə gəlmişdir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı barəsində olan şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuza zərər vuran videogörüntülər və səs yazıları, İddiaçı iddia ərizəsində hətta cavabdeh qismində göstərmədiyi bir neçə saytlarda, sosial platformalarda da paylaşılmışdır, o cümlədən “MEDİA TÜRK" online TV-də də həmin görüntülər yayımlanmış və bu paylaşımları əks etdirən fotoşəkillər iş materiallarında mövcuddur. Bu baxımdan da hesab edilir ki, iddiaçının tələbi “MEDİA TÜRK" online TV-yə aid hissədə də qismən təmin edilməlidir.

46. Bundan başqa, iddiaçının şikayətinin- mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada, həm də tam olaraq tutulması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə hesab edir ki, digər cavabdehlər sözügedən görüntüləri məhz Cavabdeh1 özünə məxsus “Tiktok” hesabından paylaşdıqdan sonra Cavabdeh1 istinad edərək yayımlamışlar, yəni həmin görüntülərin ilkin olaraq paylaşanı Cavabdeh1 olmuşdur, demək ki, "MEDİA TÜRK TV" onlayn televiziyası, "NEWS24.AZ" saytı və "xxxx" onlayın ictimai siyasi qəzeti iddianın mənəvi ziyanın tutulması hissəsində cavabdehlik daşımırlar.

47. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

48. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 tutulan mənəvi ziyanın məbləği mütənasib olmamışdır. Belə ki, iddiaçı peşəkar həkimdir, müəyyən bir çevrəsi var, Cavabdeh1 tərəfindən onun barəsində videogörüntülərin yayılması nəticəsində cəmiyyət içərisində iddiaçının barəsində xoş olmayan fikirlər formalaşmış, onun şərəf və ləyaqəti alçalmış, işgüzar nüfuzu ləkələnmiş, iş yoldaşları arasında, cəmiyyətdə qazandığı etibarı zədələnmiş, barəsində xoşagəlməz, yanlış fikirlərin formalaşmasına, onun dərin mənəvi iztirab, sarsıntı keçirməsinə şərait yaratmışdır. Bu səbəbdən də kollegiya iddiaçının peşəsini, şəxsiyyətini, nüfuzunu nəzərə alaraq rayon məhkəməsinin mənəvi ziyan olaraq müəyyən etdiyi məbləği (500 manat) ədalətli hesab etmir və hesab edir ki, həmin məbləğ dəyişdirilərək 3500 manat müəyyən olunmalıdır. Həmin məbləğ hazırkı işin halları baxımından daha mütənasib və ağlabatandır.

49. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

50. İddiaçının şikayətinin digər dəlili cavabdehlər barəsində xüsusi qərardadın qəbul edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, artıq Murad barəsində iddiaçının müraciətinə əsasən başlanılmış cinayət işi Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən əməlində cinayət tərkibi olmadığından rədd edilmişdir. Digər cavabdehlərin isə əməlində MPM-in 265.4-cü maddəsində göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından onun barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil. Bu baxımdan da iddiaçının bu dəlili əsassızdır, təmin olunmamalıdır.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

52. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).

53. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) Nəticə:

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək iddianı təmin olunmayan hissəsində prosessual hüquq normalarının tələblərini pozduğundan və maddi normaların tətbiq və təfsirində səhvə yol verdiyindən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən -iddianın "MEDİA TÜRK TV" onlayn televiziyasına münasibətdə təmin edilməyən hissəsində ləğv olunmalı, həmin hissədə iddia tələbi qismən təmin edilməli, mənəvi zərərin məbləğinə dair hissədə isə dəyişdirilməlidir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

56. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin olunduğundan, şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 75 manat Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir.

57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2., 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - iddianın "MEDİA TÜRK TV" onlayn televiziyasına münasibətdə təmin olunmayan hissəsində ləğv edilsin, iddia tələbləri həmin hissədə qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında baş vermiş hadisə ilə bağlı yayılmış məlumatlar, video yazılar yayıldığı "MEDİA TÜRK TV" onlayn televiziyasına aid platformalardan silinsin. İddiaçı haqqında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar cavabdeh "MEDİA TÜRK TV" onlayn televiziyası tərəfindən təkzib edilsin. Cavabdeh1 İddiaçı ödənilməli olan mənəvi zərərin məbləği dəyişdirilərək 3500 (üç min beş) manat müəyyən edilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu müştərək qaydada Cavabdeh1 alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar