Məhkəmə qərarları › İş №2(103)-2596/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2596/2021

14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2596/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-3694/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-3694/20) iddia təmin olunmamışdır. İddiaçı N.Allahverdiyev apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 501 saylı Çıxarışına əsasən, Cavabdeh müraciəti nəzərə alınmaqla Xətai RİHB-nin xx.xx.1998-ci il tarixli 343 saylı sərəncamı ilə ona verilmiş 2x5m ölçüdə məntəqənin S.Ə.Şirvani küçəsi 9 saylı binanın yaxınlığında cizgidə göstərilən sahəyə köçürülərək yenidən tikilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh göstərilən ünvanda tikintinin aparılması üçün maddi imkanı olmadığından onunla razılaşaraq həmin qeyd olunan ünvanda tikintinin aparılmasını öz üzərinə götürmüş, bununla bağlı cavabdeh ona xx.xx.2017-ci ildə mülkiyyətə dair etibarnamə vermişdir, o da öz növbəsində həmin etibarnaməyə əsasən obyektin tikintisi ilə məşğul olmuşdur, bundan əlavə onlar öz aralarında razılaşmışlar ki, obyektin tikintisi tam başa çatdıqdan sonra həmin obyekt onun istifadəsində olacaq və ordan qazanc əldə edəcək, tərəfindən həmin obyektin tikintisi başa çatmış və buna görə 25000 ABŞ dolları məbləğində pul xərcləmişdir, obyektin tikintisi başa çatdıqdan sonra cavabdeh ona verilmiş etibarnaməni ləğv edərək həmin obyektə sahiblənmiş və hal-hazırda onun istifadəsindədir, o, bununla razılaşmayaraq Cavabdeh bildirmişdir ki, aralarındakı razılaşma pozulduğundan, obyektin tikintisinə görə xərclədiyi 25000 ABŞ dolları məbləğində pulu ona qaytarsın, cavabdeh isə qərəzli hərəkətlərə yol verməklə ona olan 25000 ABŞ dolları məbləğində pulun geri qaytarılmasından imtina etmişdir, bu səbəbdən də öz hüquqlarının qorunmasını və iddia tələbinin təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 501 saylı Sərəncamından Çıxarışdan görünür ki, Cavabdeh müraciəti nəzərə alınmaqla Xətai RİHB-nin xx.xx.1998-ci il tarixli 343 saylı sərəncamı ilə ona verilmiş 2x5 m. ölçüdə məntəqənin S.Ə.Şirvani küçəsi 9 saylı binanın yaxınlığında cizgidə göstərilən sahəyə köçürülərək yenidən tikilməsinə icazə verilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli etibarnamədən görünür ki, Həsənova X1 Elman Nəriman oğluna xx.xx.2057-ci ilədək etibarnamə vermişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun cavabdehlə hər hansı müqaviləsi olmamış, cavabdeh ona yalnız mülki etibarnamə vermişdir. Lakin hakim bu halların araşdırılmasına diqqət yetirməmişdir. Digər tərəfdən o, hər hansı şəxsə qarşı 25000 dollarlıq iddianı niyə verməlidir. Məhkəmə digər tərəfin məhkəməyə gəlməsini təmin etməmiş, işə səthi yanaşmış, qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili R.Nəbiyev məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi və göstərdi ki, mübahisəli obyektin tikintisi üçün bütün xərclər Cavabdeh özü tərəfindən çəkilmişdir. Bununla bağlı iddiaçının göstərdikləri həqiqətə uyğun deyil. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehdən 25000 ABŞ dolları məbləğində pulun tutulması barədədir. İddiaçı tələbini cavabdehin verdiyi etibarnamə əsasında tikinti işləri aparması və həmin tikintiyə 25000 ABŞ dolları pul xərcləməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xətai RİHB-nin xx.xx.1998-ci il tarixli 343 saylı sərəncamı ilə Cavabdeh (3x5)m ölçüdə məntəqə verilmişdir, həmin məntəqə S.Ə.Şirvani küçəsi 9 saylı binanın yaxınlığında yerləşir. İddiaçı həmin məntəqənin tikintisinə vəsait xərclədiyini bildirsə də, məhkəmə tərəflər arasında bu əmlaka dair hər hansı razılaşma olmasını, həmçinin iddiaçı tərəfindən cavabdehə məxsus əmlaka xərc çəkilməsini təsdiq edən hallar müəyyən etməmişdir. Məhkəmə qətnaməni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 386.1, 433.3-cü maddələrinə istinad etmişdir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məhkəmə, iddiaçının “obyektin tikintisinə görə xərclədiyi 25000 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, bunu təsdiq edən hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına bu halları təsdiq edəcək sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı, apellyasiya şikayətinin dəlillərini isə əsassız sayaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında iş görülməsi, xidmət göstərilməsi və s. ilə bağlı hər hansı müqavilə mövcud deyildir. İddiaçı etibarnaməyə istinad edərək cavabdeh üçün müəyyən xidmət göstərdiyini, bunun müqabilində cavabdehin ona əmlak verəcəyi barədə razılaşdığını, lakin cavabdehin əmlak verməkdən boyun qaçıraraq etibarnaməni ləğv etdiyini bildirmiş və obyektin tikintisi üçün xərclədiyi 25000 dolları tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə etibarnamə verdiyinə görə etibar edən şəxsin üzərinə müqavilə üzrə yarana bilən hər hansı vəzifə qoyula bilməz, etibarnaməyə müqavilə kimi qiymət verilərək hər hansı öhdəlik müəyyən edilə bilməz. Cavabdehin qanunla etibarnamə vermək səlahiyyəti olduğu kimi, həmin etibarnaməni ləğv etmək hüququ da olmuş və o, bu hüququndan istifadə etmişdir. Cavabdeh etibarnaməni ləğv etməklə heç bir qanun pozuntusuna yol verməmişdir. İddiaçı da ona etibarnamə verildiyi üçün hər hansı iş görmək məcburiyyətində olmamışdır. Ümumiyyətlə tərəflər arasında olan belə münasibətlər etibarnamə və ya şifahi razılaşma ilə deyil, qanunla müəyyən edilmiş qaydada yazılı şəkildə bağlanmış müqavilə (podrat müqaviləsi və s.) ilə tənzimlənməli idi ki, belə hal da hazırkı işdə mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin məzmunundan göründüyü kimi, sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apelyatorun mövqeyinə görə məhkəmə digər tərəfin məhkəməyə gəlməsini təmin etməmiş, işə səthi yanaşmış, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişləri Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanı üzrə göndərilmiş, lakin həmin ünvanda yaşamadığından, köçdüyündən zərfin üzərinə müvafiq qeyd yazılmaqla geri qaytarılmışdır. Beləliklə, məhkəmə öz üzərinə düşən prosessual vəzifələri yerinə yetirmişdir. Buna baxmayaraq işdən görünür ki, Cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmuş, onu məhkəmədə təmsil etmək və hüquqlarını müdafiə etmək üçün vəkil R.Nəbiyevə notariat qaydasında etibarnamə vermiş, vəkillə müqavilə bağlamış və sonuncu məhkəməyə müraciət edərək iş materialları ilə tanış olmuş, xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclası barədə ona məhkəmə bildirişi təqdim edilmiş və o, məhkəmə bildirişinin kötüyünə imza etməklə bunu təsdiq etmişdir. Məhkəmə məhz qeyd olunanları nəzərə alaraq və MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırıldığı qənaətinə gəlmiş və onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Digər tərəfdən, cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı iştirak etmiş və istər iddia tələbinə, istərsə də apellyasiya şikayətinə öz münasibətini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar