Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2600/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil1, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılqılı iddia dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(001)-1814/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona verməli olduqları cəmi 217.000 manat (12.000 + 110.000 + 27.000 + 11.000 və əmək haqqları, məzuniyyət pulları və son haqq-hesaba görə) məbləğində pulun, ödənilmiş 508 manat dövlət rüsumunun və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ev təmiri ilə məşğul olmaqla ailəsini dolandıran bir şəxs olmuşdur. Təxminən 2006-2007-ci illərdə Qaradağ rayonu Sahil qəsəbəsində 13 mərtəbəli təmirsiz binanın və "xxxx" şadlıq sarayının sahibi cavabdeh, ikili vətəndaşlığı olan Şamaxı rayonu Xınıslı kəndində doğulmuş, xx.xx.1963-cü il təvəllüdlü Mamedov Sakhır (Cavabdeh1) ilə tanış olmuşdur. Belə ki, Cavabdeh1 həmin 13 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən iki otaqlı 16 nömrəli mənzilin təmirini həvalə etmişdir. Onunla eyni vaxtda 17 nömrəli mənzili də başqa bir briqadaya həvalə etmişdir. Həmin vaxt həmin binada 72 mənzilin cəmi 28-i təmirli idi. Qalan mənzillərin heç arakəsmələri belə hörülməmişdir. Mənzilin təmiri ilə bağlı aralarında qiymət danışılmamışdır. Cavabdeh ona bildirmişdir ki, işini təmiz, səliqəli və məsuliyyətlə yerinə yetirsin, qiymətindən narahat olmasın. O, işini məsuliyyətlə yerinə yetirmiş və həmin mənzili tamamlamamış həmin mərtəbədə 14 nömrəli, 3 otaqlı mənzilin də təmirinə başlamağı ona tapşırmışdır. İşin davam etdiyi müddətdə ara-sıra avans ödəsə də, qiymətlə bağlı heç bir söhbət etməmişlər. Bundan sonra, cavabdeh onunla paralel işləyən digər briqadanı yola salaraq, daimi işləmələrini təklif etmişdir. O, təkliflə razılaşdıqdan sonra 15 nəfərlik briqada toplayaraq digər təmirsiz 32 mənzilin təmirini öz öhdəsinə götürmüşdür. Cavabdeh gündəlik zəruri xərcləri və material pullarını qarşılayırdı. Bundan əlavə, "xxxx" şadlıq sarayında da gedən təmir işlərini həyata keçirmişdir. Mənzilləri təmir edib kirayəçilərə təqdim etmişlər. Bu qaydada da davam etmişlər. Lakin binanın maliyyə işləri ilə məşğul olan Mehdi adlı şəxs həmin binanın 8-ci mərtəbəsində yerləşən 40 nömrəli mənzildə özünü asaraq intihar etdikdən sonra Cavabdeh1 həmin şəxsin işlərini də ona həvalə etmişdir. O, buna etiraz etmişdir. Lakin cavabdeh xahiş etmişdir ki, ondan etibarlı və inandığı adamı olmadığına görə sonuncunu pis vəziyyətə qoymasın. Beləliklə, o, əlavə olaraq həmin binada yaşayanlardan kirayə və kommunal haqqları yığmış, bütün lift, su, istilik, santexnika və elektrikdə yaranmış problemlərin həll edilməsi məsələsinə baxmışdır. İş həcmi o qədər idi ki, hətta istirahət belə etmədən işləmişdir. Lakin bunun müqabilində Sahir ona yalnız gündəlik zəruri xərcləri (yemək və s.) ödəyirdi. Belə ki, həmin vaxt cavabdeh bildirmişdir ki, o, ev almaq niyyətində idi və guya pulu ona versə xərcləyib ortalığa bir şey çıxarmayacaq deyə (arada zarafatla ondan yaxşı bank tapa bilməyəcəyini deyirdi) pullarını ona vermirdi, dəftərində qeyd edirdi. Aralarında inam və etibar olduğundan cavabdehin dediklərinə əməl etmişdir. Bir gün həmin binada yaşayan Elşən Ələkbərov adlı şəxs biri həmin binanın 6-cı mərtəbəsində, digəri isə həmin qəsəbədə başqa ünvanda yerləşən iki otaqlı mənzili satmaq niyyəti ilə ona müraciət etmişdir. Həmin mənzillərə baxdıqdan sonra onların binadakı 6-cı mərtəbədə yerləşən 30 nömrəli mənzili özü almaq qərarına gəlmişdir. Mənzilin dəyərini 83.000 manat olaraq müəyyən etmiş və razılaşmışlar. Elşən Ələkbərov mənzili özü alacağı halda içindəki əşyaları ona hədiyyə kimi verəcəyini bildirmişdir. O, bu barədə Sahirə bildirmişdir. Cavabdeh də razı olduğundan 83.000 manatı həmin evin alınmasına ödəmişdir. Lakin bütün alğı-satqı xərclərini özü çəkmişdir. Sahir bildirmişdir ki, aralarında yekun haqq-hesab edənə kimi ev onun adında qalacaq (Qaradağ RPİ 38-ci PB-də verilən izahatlarla sübut edilir). Bundan əlavə, həmin binanın 8-ci mərtəbəsində yerləşən 37, 38, 39, 41, 42 nömrəli mənzillərin sahibi, əslən Hacıqabul rayonundan olan Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mübariz adlı şəxs Cavabdeh1la aralarında yaranmış mübahisə səbəbindən həmin əraziyə gəlmədiyi üçün qeyd edilən mənzillərin açarlarını ona təhvil verərək, həmin mənzillərdən muğayat olmasını ondan xahiş etmişdir. Həmin mənzillərdən 37 və 38 nömrəli mənzillər istifadəyə tam yararlı olduğundan xarici vətəndaşlara kirayə verilmişdir. Həmin kirayə pullarını cəmi (12.000) Rusiya Federasiyasında olan Cavabdeh1 hesabına köçürmüşdür. O, həmin pulun Sahir tərəfindən Mübarizə çatdırıldığını düşünsə də, Mübariz də onun aldığını düşünürmüş. Belə ki, həmin pulları Sahir Mübarizə verməmişdir. Bundan sonra Mübariz həmin mənzilləri satmağı ondan xahiş etmişdir. Ona bildirmişdir ki, bazar qiymətindən daha aşağı satıb, qalan qazancı özünə götürə bilər. Belə ki, bir mənzilin dəyəri təxminən 105.000 manat olsa da, Mübariz ona 50.000 manat verməsini, qalan pulları özünə götürməsini demişdir. O, bu halı Sahirə bildirdikdən sonra, Sahir həmin pulları ödəyib mənzili almışdır. Lakin ona çatmalı olan təxminən bir mənzil üçün 110.000 manat pulu da ona verməmişdir. Həmin vaxt məsələnin üstü açılmışdır ki, onun Mübarizə vermək üçün göndərdiyi 12.000 manat Sahir tərəfindən Mübarizə çatdırılmayıb. Lakin buna baxmayaraq, o, sonuncuları barışdırmışdır. Bundan əlavə olaraq, «Vanorod» xarici şirkəti onun vasitəçiliyi ilə həmin binada öz işçi qüvvəsi üçün 10 mənzil kirayələmiş və sonunculara göstərdiyi xidmətin əvəzi olaraq ona ödəməli olduqları 27.000 manatı əlbəəl deyil, yalnız bank hesabına köçürə biləcəklərindən, Sahirin hesab nömrəsini vermiş və şirkət həmin məbləği Sahirin hesabına köçürmüşdür. Bundan əlavə olaraq, həmin binaların tikintisinə sərf olunan rəhbərlik etdiyi təsərrüfat malları dükanından nisyə götürülən 10.000 manat dəyərində materialların pulunu ödəməmişdir. Hər dəfə haqqhesab etmək üçün müraciət edəndə, «hara tələsirsən, sən burada, mən burada» deyərək vaxtı o vaxta gətirmişdir ki, pandemiya səbəbindən 2020-ci ildən 2021-ci ilin fevral ayına kimi cavabdeh RF-dən Azərbaycana qayıda bilməmişdir. Lakin o, vicdanla bir il ərzində 400.000 manat məbləğində pul yığmış və sonuncunun «WhatsApp» proqramı vasitəsi ilə verdiyi bütün əmrlərini yerinə yetirmişdir. Nəhayət, cavabdeh Azərbaycana qayıtmış və o, təkidlə sonuncudan haqq-hesab etməyi tələb etmişdir. Bu cavabdehin xoşuna gəlməmişdir. Sahir ona bildirmişdir ki, ona ev vermişdir, bəsidir. O, narazı qalmışdır. Belə ki, evin dəyəri 83.000 manat olduğu halda o, 2006-cı ildən bu günə kimi yalnız 83.000 manatlıq iş görmüşdür? Bəs bu illər ərzində onun çəkdiyi əziyyətin, zəhmətin haqqları və qeyd etdiyi məbləğlər necə oldu? Aralarında mübahisə baş vermişdir. Lakin yoldaşı xəstə olduğundan o, həyat yoldaşını rayona aparmalı olmuşdur. Bakıya qayıdarkən qonşular zəng edib, Sahirin bir neçə nəfərlə gəlib, mənzilinin qapısını sındırdığını xəbər vermişlər. O, dərhal DİNə zəng edərək, bu barədə məlumat vermişdir. Lakin həmin gündən ona, oğluna və yoldaşına aid olan, eləcə də min zəhmətlə əldə etdiyi bütün əmlaklar da həmin mənzildə qalmışdır. Qapının açarı dəyişdirildiyindən mənzildən də həmin əmlakları götürə bilməmişdir. Bundan sonra, Cavabdeh1 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə onun həmin mənzildən çıxarılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin edilmişdir. Tərəfindən həmin qətnamə mübahisələndirilməkdədir. Həmin mübahisə zamanı məlum olmuşdur ki, Sahir onu faktiki olaraq özünə məxsus olan, lakin rəsmən fiziki şəxs Cavabdeh2 adında olan "xxxx" MMC-yə ofisiant köməkçisi, ofisiant və mühafizəçi kimi sənədləşdirmişdir. Belə olan halda, o, Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamışdır. Şikayəti araşdırılaraq həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə tənbehvermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda onun əmək haqqlarının verilməsi ilə bağlı cavabdehə göstəriş xarakterli məktub ünvanlanmışdır. Lakin heç biri 2006-cı il tarixdən bu günə kimi onun nə əmək haqqını vermiş, nə də əvəzində əldə etdiyi mənzili geri qaytarmışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin şəxsin ona vurduğu mənəvi zərərin dəyəri ödənilməzdir, lakin o qədər rüsum ödəməyə maddi vəziyyəti imkan vermədiyindən həmin hissədə pul tələb edə bilmir. Amma ona dəymiş real zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada ona verməli olduqları cəmi 217.000 manat (12.000 + 110.000 + 27.000 + 11.000 və əmək haqqları, məzuniyyət pulları və son haqqhesaba görə) məbləğində pulun, ödənilmiş 508 manat dövlət rüsumunun və eyni zamanda Əmək qanunvericiliyinə uyğun olaraq gecikdirilmiş əmək haqqının qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan da vurmuşdur. Buna görə də, hesab edir ki, həmin pullar məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. O, təhsilsiz, heç bir yerdə işləməyən insandır. Savadsızlığından, sadəlövhlüyündən istifadə edən cavabdehlər onun hüquqlarını pozmuşlar. Bu insanlar onu 15 il istismar etmişlər, min bir zülmlə qazandığı pulları əlindən alıb, onu pis vəziyyətə salmışlar. Buna görə də, xahiş edir ki, onun hüquqları bərpa olunsun. Cavabdeh yuxarıda qeyd edilən məbləği özündə saxlamaqla onun pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. İddiaçı ilə cavabdeh arasında aidiyyəti maddi hüquq normalarında nəzərdə tutulan pul tələbi hüquqi münasibətlərin əmələ gəlməsi mülki iş materiallarından aydın olur. Cavabdeh Sahir şifahi formada əməyinin əvəzi olaraq mənzil verməyi və işin müqabilində ona pul ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Mülki qanunvericilikdə nəzərdə tutulmuş borc müqaviləsinə görə tərəflərdən biri olan borc verən pulu və ya digər əvəz edən əşyalara mülkiyyət hüququnu digər tərəfə borc alana keçirməyi öhdəsinə götürdüyü kimi, borc alan da aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öz öhdəsinə götürməlidir. Digər cavabdeh əmək münasibətlərinə daxil olmaqla ona aylıq maaş ödəməyi öhdəsinə götürmüş lakin öhdəliyini yerinə yetirməmişdir. Həmçinin, Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 68.000 manat pulun və ödənilmiş 294 manat dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(001)-1814/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, bununla belə qətnamə mübahisələndirilən hissədə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 27.1.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq mediasiya vasitəsi həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Daha sonra, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş üzrə iddia ərizəsindən və işin faktiki hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona ödənilməli olan ziyan və borcun ödənilməsini, Cavabdeh2 isə ona ödənilməli əmək haqqının və s. tutulmasını xahiş etmişdir. Tələblərdən göründüyü kimi hər iki tələbin predmeti və əsası tamam fərqlidir və bir-biri ilə bağlılıqları yoxdur. Daha sonra iddiaçının iddia ərizəsindən tələbinin aydın və konkret ifadə olunmadığı müəyyən olunur. Belə ki, iddiaçı iddia ərizəsində cəmi 217.000 manat pul tələb edib, bunun açıqlaması olaraq isə - “12.000 + 110.000 + 27.000 + 11.000 və əmək haqqları, məzuniyyət pulları və son haqq-hesaba görə” qeyd edib. İddiaçının qeyd etdiyi məbləğlərin cəmi isə 160.000 edir, qalan məbləğə dair (55.000) ümumiyyətlə açıqlama verilməmiş və həmin məbləğin iddiaçı tərəfindən hansı qaydada hesablanması da aydın deyil. Göründüyü kimi iddia tələbi aydın və konkret ifadə edilməmiş, iddiaçı iddia ərizəsinin qanunla müəyyən edilən forma və məzmununa riayət etməmişdir. Həmçinin, qeyd olunduğu kimi iddiaçının birləşdirdiyi tələblərdən biri, yəni əmək haqqı və s. tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli idi və bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmə idi. Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin bu tələbinə də riayət etməmişdir. Birinci instansiya məhkəməsi isə hər hansı bir əsası olmadan prosessual qaydaları pozaraq bir-biri ilə əlaqəsi olmayan, aydın şəkildə ifadə edilməyən tələblərə bir icraatda baxmış, eyni zamanda ilkin mediasiya sessiyasında iştirak etməyən iddiaçının iddia ərizəsi icraata götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən aydın və konkret ifadə olunmayan bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən və birinci instansiya məhkəməsi də bu tələblərə bir icraata baxaraq prosessal normaları pozduğundan, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(001)-1814/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2600/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2600/2023
12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver