Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2603/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, zirkon diş qapaqlarının qoyulması üçün ödənilmiş 3.500 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 1.500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 165 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, zirkon diş qapaqlarının qoyulması üçün ödənilmiş 3.500 manat, mənəvi zərərin əvəzi kimi 200 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 1.500 manat, dövlət rüsumunun əvəzi kimi 165 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh stomatoloqdur, “Gold Dental” klinikasında fəaliyyət göstərir. 2022-ci ildə iddiaçı alt və üst çənə nahiyəsindəki 12 ədəd implantın üzərinə zirkon qapaqların yerləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Tərəflər tibbi xidmət göstərilməsi barədə şifahi müqavilə bağlamış, cavabdeh iddiaçının ağız boşluğuna 22 ədəd zirkon qapağın qoyulmasını öhdəsinə götürmüş, iddiaçı isə bunun müqabilində iddiaçıya 5.500 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin pulun 3.500 manatını cavabdehə ödəmişdir. İlkin olaraq 7 ədəd qapaq ağız boşluğuna yerləşdirilmişdir. Bundan sonra iddiaçı tibbi xidmət göstərilməsi barədə müqavilədən imtina etmiş, ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, tələbini onunla əsaslandırmışdır ki, qapaqlar düzgün yerləşdirilmədiyindən davamlı ağrılara səbəb olur. Lakin cavabdeh tələbə etiraz etmiş, etirazı onunla əsaslandırmışdır ki, tibbi xidmət lazımi qaydada həyata keçirilib. Məhkəmədən əvvəl iddiaçının şikayəti əsasında prokurorluqda araşdırma aparılmış və cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı iddiaçının verdiyi izahatdan müəyyən olunur ki, o, qapaqların düzgün yerləşdirilməməsi səbəbindən baş verən davamlı ağrılardan əziyyət çəkib. O cümlədən tərəflərin arasındakı WhatsApp (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi) yazışmalarından görünür ki, iddiaçı qapaqların düzgün yerləşdirilməməsi səbəbindən baş verən davamlı ağrılardan dəfələrlə şikayət edib. Bu vəziyyətdə iddiaçı tibbi xidmət göstərilməsi barədə müqavilədən imtina etməyə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Müəyyən olunur ki, tibbi xidmət lazımi qaydada həyata keçirilməyib. Belə ki, məhkəmədən əvvəl prokurorluqda aparılmış araşdırma zamanı iş üzrə komission məhkəmə-tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X1 iki eksperti tərəfindən verilmiş komission ekspertizanın xx.xx.2022-ci il tarixli 318/KEŞ nömrəli rəyinə görə, “Gold Dental” klinikasında iddiaçının adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, ona müxtəlif tarixlərdə diş ətinin müayinəsi, implantüstü ölçünün götürülməsi, abartmentlərin yerləşdirilməsi və zirkon qapaqların yoxlanışı aparılmışdır. İddiaçının mütəxəssis müayinəsi zamanı hazırda onda ortopedik qapaqlarda abartment-körpü uyumsuzluğun olduğu müəyyən edilmişdir ki, bunun da ölçü xətası və ya texniki mənbədən qaynaqlandığı istisna edilmir. Bununla əlaqədar abartment-qapaq arasında uyğunsuzluğun aradan qaldırılması məsləhətdir. Göründüyü kimi, cavabdehin göstərdiyi tibbi xidmət qüsurlu olub. Bu isə onu təsdiq edir ki, cavabdeh öz öhdəliyini lazımi qaydada icra etməyib. Tərəflərin arasındakı WhatsApp (smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi) yazışmalarının ümumi məzmunundan müəyyən olunur ki, iddiaçı öhdəliyin icrası (davamlı ağrıların aradan qaldırılması) üçün əlavə vaxt təyin edib, lakin müddət nəticəsiz qurtarıb. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi 3.500 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib. Bu nəticə Mülki Məcəllənin 447.7-ci maddəsinin göstərişinə uyğundur. Həmin maddəyə görə, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Bu vəziyyətdə 3.500 manat Mülki Məcəllənin 21.2ci maddəsində müəyyən edilmiş “zərər” anlayışı ilə əhatə olunur. Cavabdehin göstərdiyi xidmətin qüsurlarının aradan qaldırılması isə artıq mümkün deyil. Belə ki, iddiaçı tərəfin bildirdiyinə görə iddiaçı cavabdehlə olan müqavilədən imtina etdikdən sonra başqa stomatoloqa müraciət edib, ağız boşluğuna zirkon qapaqlar yerləşdirilib və iddiaçının hər hansı narahatçılığı yoxdur. O cümlədən mənəvi zərərin əvəzi kimi 200 manat tutulması Mülki Məcəllənin 21ci maddəsinin göstərişlərinə uyğun sayılır. Belə ki, iddiaçı keyfiyyətli tibbi xidmətə ümid etmiş, bunun üçün ödəniş etmiş, lakin lazımi tibbi xidmət almamış, davamlı ağrılar yaşamış, nəticədə isə iztirab çəkmişdir. Hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi kimi 1.500 manat tutulması vəkil tərəfindən məhkəməyə qədər müddətdə və birinci instansiya məhkəməsində 4 aya yaxın davam edən icraat müddətində göstərilmiş hüquqi yardımın, o cümlədən təmsilçilik xidmətinin həcminə uyğundur. Bu, xərcin çəkildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunub. Məhkəmə həmin məbləği ağlabatan hasab edir. Ona görə də həmin xərcin tutulması Mülki-Prosessual Məcəllənin 121-ci maddəsinin göstərişinə uyğundur. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2603/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2603/2023
14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver