Məhkəmə qərarları › İş №2(103)-2604/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2604/2025

15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2604/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4461/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsində yerləşən 17 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

2. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4461/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi 17 nömrəli evə köçürülməsi qət etmişdir.

3. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4461/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru Tamela Rüstəmova ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Ərizəni onunla əsaslandırmışdır ki, icra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada tərəfindən icraata başlanılmış və tələbin könüllü icrası üçün boclu Cavabdeh bildiriş göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü qaydada icra edilməmişdir. Bu şəbədən də icra sənədinin icrasını təmin etmək məqsədilə icra təyin edilmişdir. Tələbkar icra yerinə az yaşlı uşağı və öz tələbatı üçün istifadə edəcəyi əmlakla gəlmiş, sözügedən ünvanda olarkən borclu tələbkarın azyaşlı uşağını ünvana buraxmamış, icra sənədində ancaq tələbkarın köçürülməsinin nəzərdə tutulduğunu bildirmiş və həmçinin tələbkarın mənzilin hansı səmtində qalacağının müəyyən olmadığını bildirmişdir. Köçürülmə zamanı yalnız tələbkarın özünün dəhlizdə qala biləcəyini vurğulamışdır. Bu səbəbdən icra sənədinin icrası qeyri-müəyyən tarixə təxirə salınmışdır. Odur ki, qeyd edilən icra sənədi üzrə tələbkarın azyaşlı uşaqlarının göstərilən ünvana köçürülüb-köçürülməməsi və tələbkarın evin hansı səmtinə (1 otağa və ya dəhlizə) köçürülməsi və öz təlabatı üçün istifadə edəcəyi əmlakların həmin ünvana aparılıb-aparılmaması ilə bağlı Sabunçu Rayon Məhkəməsinin 2(008)-4461/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli icra vərəqəsinə izah verilməsini xahiş etmişdir.

5. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4461/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim Ruslan Mirzəliyev) ilə ərizə təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4461/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinə aşağıdakı formada izah verilmişdir: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi 17 nömrəli evə köçürülməsi dedikdə, onun yetkinlik yaşına çatmayan övladları və öz təlabatı üçün istifadə edəcəyi əmlakların (əşyaların) həmin ünvana aparması” kimi izah edilsin.

6. Həmin qərardaddan borclu-cavabdehin verdiyi şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

10. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmə qətnaməsi haqqında xx.xx.2005-ci il tarixli qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

13. Mülki Prosessual Məcəllənin 230.3-ci maddəsinə müvafiq olaraq, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanuna əsasən on dörd yaşı tamam olmayan şəxslərin yaşayış yeri müvafiq olaraq valideynlərinin yaşayış yeri sayılır.

19. Birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadla qətnaməyə izah verilən zaman onun məzmununa toxunmadan, Qanunun tələbinə əsasən, İddiaçı öz yetkinlik yaşına çatmayan uşaqlarının da məhkəmə qətnaməsi ilə hüququ tanınmış və köçürülməsi qət edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi 17 nömrəli evə apara bilməsini göstərmişdir.

20. Göründüyü kimi, bu hal qanundan irəli gələn, məntiqli və anlaşılan olduğundan, heç bir halda da qətnamənin məzmunun dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Çünki ananın mənzilə köçürülməsinin həm də onunla qalan azyaşlı uşaqlarının da köçürülməsini ehtiva etməsi şəksizdir. Eləcə də, izahın digər hissəsi ilə bağlı rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının göstərilən ünvana köçməsi dedikdə, tələbin məzmunundan göründüyü kimi, şəxsin qeyd olunan ünvanda daimi yaşaması nəzərə alındıqda, onun yaşaması üçün (yeməsi, içməsi, yatması və..s) zəruri olan əşyalarını da özü ilə həmin köçəcəyi ünvana gətirməsini ehtiva etdiyi də mübahisəsizdir və bu cür izah qətnamənin məzmunun dəyişdirilməsi kimi qiymətləndirilə bilməz.

21. Göstərilənlərə əsasən, məhkəmə kollegiya birinci instansiya məhkəməsinin izahla bağlı qənaəti ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

23. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

24. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

25. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4461/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar