Məhkəmə qərarları › İş №2(103)-2608/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2608/2025

22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2608/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “icra işi üzrə icraata xitam verilməsi və aliment üzrə tutmaların dayandırılması öhdəliyinin icra məmurunun üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 fevral 2025-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə icraata xitam verilməsi ilə bağlı müraciətinin təmin edilməməsi barədə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməklə, ondan tutularaq tələbkar X2 ödənilən aliment üzrə tutmaların dayandırılması və icra işi üzrə icraata xitam verilməsi öhdəliyinin həmin İcra Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6332/2018 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməyə əsasən 1 uşağın (adı iş materiallarında var) yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan hər ay onun qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq tələbkar Sevinc Hacıyevaya ödənilməlidir. Həmin qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün iddiaçının qeydiyyatda olduğu ünvan üzrə icra edilməsi üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş və hazırda da ondan tələbkarın xeyrinə aliment tutulur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1384/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə isə müəyyən edilmişdir ki, iddiaçı həmin uşağın atası deyil və buna görə də, uşaqla bağlı “doğum haqqında akt qeydləri kitabında” iddiaçının həmin uşağın atası olması barədə aparılmış qeyd ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi üçün, iddiaçı, ərizə ilə Qaradağ Rayon İcra Şöbəsinə müraciət edərək, alimentin tutulmasının dayandırılmasını və alimentin tutulması ilə bağlı icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Lakin İcra Şöbəsi iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir ki, icra sənədinin onu vermiş məhkəməyə qaytarılması üçün əsas yoxdur. İddiaçı, İcra Şöbəsinin bu kimi hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etdiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin “icra işi üzrə icraata xitam verilməsi ilə bağlı müraciətin təmin edilməməsi barədə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, alimentin dayandırlması və icra işi üzrə icraata xitam verilməsi öhdəliyinin İcra Şöbəsinin üzərinə qoyulması barədə” hissəsi iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz, həmin tələblər ilə bağlı iddiaçı “məhkəmə nəzarəti qaydasında şikayət” formasında ərizə ilə məhkəməyə müraciət etməlidir. Bununla yanaşı, iddiaçı, “alimentin ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçının həmin qərardaddan verdiyi şikayətə isə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərəlməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı alimentin tutulmasına dair icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini, aliment üzrə tutulmaların dayandırılmasını və icra icraatına xitam verilməsi öhdəliyinin müvafiq icra məmuruna həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1 və 87.1-ci maddələrinin mənasına görə, icra işi üzrə tərəflər icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi iddiaçının iddia ərizəsində ifadə edilmiş tələblərə iddia icraatı qaydasında baxılmalı deyil. İddiaçı iddia ərizəsində göstərdiyi məsələlər ilə bağlı icra məmurunun hərəkət (hərəkətsizliyindən) şikayətlə müvafiq məhkəməyə müraciət etməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, əgər iddiaçı alimentin ləğv edilməsini istəyirsə onda o, “alimentin ləğv edilməsi barədə” iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad qanunu və əsaslıdır. Qərardaddan verilmiş şikayətinin dəlilləri əsassızdır – formal mülahizə xarakteri daşıyır. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 fevral 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar