Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2609/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “ dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5090/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyənin xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən ona ayrılmış 12 sot torpaq sahəsində tikilmiş evin sökülməsi nəticəsində dəymiş 50000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya Ləhiş bağları Massivində 12 sot torpaq sahəsi xx.xx.2017-ci il tarixinə qədər icarəyə verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək, ümumilikdə 50000 manata yaxın pul xərcləmişdir. Fərdi yaşayış evi tikilib qurtardıqdan sonra məlum olmuşdur ki, bələdiyyə tərəfindən ona ayrılmış həmin torpaq sahəsi keçmiş X6 və X4 Bağlar sahəsindəki 25 nömrəli Kooperativi tərəfindən 47 saylı orderlı xx.xx.1992-ci il tarixdə X2 verilmişdir.X5 ona qarşı iddia qaldıraraq qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülıməsini tələb etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Şirinov Məhəmmədin iddiası təmin edilərək, onun fərdi yaşayış evindən çıxarılmaqla , həmin evin sökülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş və ev sökülərək yararsız hala salınmışdır. Nəticədə ona dəymiş ziyana səbəb Maştağa Bələdiyyəsi tərəfindən fərdi evin tikintisi üçün qeyd olunan ünvanda qanunsuz olaraq icarə hüququ əsasında torpaq sahəsinin ayrılması olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5090/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmçinin həmin məcəllənin 2.2-ci maddəsində qeyd edilir ki, inzibati icraat qaydasında aşağıdakı iddialara baxılır: ......2.2.7- inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;. “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqandır. İşin halları ilə müəyyən olunur ki, inzibati orqan sayılan bələdiyyə icarə müqaviləsi əsasında iddiaçıya torpaq sahəsi ayırmiş, iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Sonradan həmin torpaq sahəsinin başqasına məxsus olması məlum olmuş və iddiaçının fərdi yaşayış evi sökülmüşdür. İddiaçı hesab edir ki, ona vurulmuş ziyanın səbəbi bələdiyyə tərəfindən qanunsuz olaraq icarə müqaviləsi əsasında ona torpaq sahəsinin ayrılmasıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Göründüyü kimi hazırki mübahisənin predmetini inzibati orqanın hərəkəti nəticəsində vurulmuş ziyanın ödənilməsi təşkil edir. Birinci instansiya məhkəməsi isə sadalanan qanunvericilik aktlarının normalarını, iddia tələbinin əsaslarını, mübahisənin mahiyyətini nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxaraq, qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5090/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5090/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2609/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2609/2023
12.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver