Məhkəmə qərarları › İş №2(103)-2611/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2611/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2611/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-344/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(101)-159/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3. 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM-nin 178.2.2, 178.2.3. 178.2.4-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Səbail Rayon Məhkəməsinin hökmü ilə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə İddiaçı qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2021-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və onun, dərhal məhkəmə iclas zalında həbs edilməsi, «Həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi barədə göstəriş verilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 1(103)-1194/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair 18 may 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli 1(102)-897/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş İddiaçı barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə İddiaçı haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5 və 67.1-ci maddələrinin tətbiqinə dair müddəaların Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmündən xaric edilməsinə dair hissədə ləğv edilməklə cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli 1(103)-1619/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, M.A.Abbasov zərər çəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və M.A.Abbasov həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmiş, M.A.Abbasova CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 4 il 1 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə M.A.Abbasovun üzərində qəti olaraq 4 il 3 ay müddətin azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli 1(102)-1454/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, kassasiya şikayətinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-d il tarixli qərarı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsi və cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı İddiaçı barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmənin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsinə, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı cəza ilə qismən birləşdirilməklə cəza təyininə dair müddəalar xaric edilməklə dəyişdirilmiş, İddiaçı dərhal həbsdən azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. "xxxx" MMC-nin 11 avqust 2023-cü il tarixli 18 saylı arayışına görə İddiaçı xx.xx.2020-ci il tarixdə həmin MMC-nin nəzdində fəaliyyət göstərən News24.az saytında jurnalist vəzifəsini tutmuş, aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 260 manat təşkil etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ağır cinayət törətməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edildiyinə görə xx.xx.2021-ci il tarixli 12 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin «d» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona bəraət verildiyindən yenidən "xxxx" MMC-yə işə qəbul olunmuş və "xxxx" MMC-də hüquqşünas vəzifəsinə təyin olunmuşdur. Hal-hazırki dövrə kimi eyni vəzifəni icra edir və aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 420 manat təşkil edir. Əmrlərdən çıxarışlar və s. arayışa əlavə edilmişdir.

7. "xxxx" MMC-nin 17 yanvar 2024-cü il tarixli 01 saylı arayışına görə İddiaçı xx.xx.2020-ci il tarixdə həmin MMC-nin nəzdində fəaliyyət göstərən News24.az saytında jurnalist vəzifəsini tutmuş, aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 260 manat təşkil etmişdir. Həmin ştatın aylıq vəzifə maaşı xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək 420 manat olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ağır cinayət törətməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edildiyinə görə xx.xx.2021-ci il tarixli 12 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin «d» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona bəraət verildiyindən yenidən "xxxx" MMC-yə işə qəbul olunmuş və "xxxx" MMC-də hüquqşünas vəzifəsinə təyin olunmuşdur. Hal-hazırki dövrə kimi eyni vəzifəni icra edir və aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 420 manat təşkil edir. Əmrlərdən çıxarışlar və s. arayışa əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi zərər qismində onun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək ümumilikdə 1.000.000 manat; işgüzar nüfuza vurulmuş zərər qismində onun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək ümumilikdə 510.000 manat; yazıçı kimi fəaliyyəti ilə bağlı maddi zərər qismində onun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilk dəfə izahatının alındığı 12 mart 2019-cu il tarixdən bəraət alaraq həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək hər ay üçün 500 manat olmaqla ümumilikdə 25.000 manat; əldən çıxmış fayda qismində 31 may 2021-ci il tarixdən 16 may 2023-cü il tarixədək hər ay üçün hesablanmış "xxxx" MMC-dən alınmış 18 saylı 11 avqust 2023-cü il tarixli arayışa əsasən 260 manat təşkil edən aylıq əmək haqqı məbləği olmaqla ümumilikdə 6.110 manat, ümumilikdə yekun olaraq 1.541.110 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda istinad olunan faktiki hallarına əsasən belə əsaslandırılmışdır ki, dövlət orqanlarının yol verdikləri səhv qanunsuz olaraq tutulmağı, nəticədə özünə və ailəsinə maddi və mənəvi zərər vurulması ilə nəticələnmişdir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edildiyi və məhkəmə iclas zalında həbs edildiyi 18 may 2021-ci il tarixdən həbsdən azad edildiyi 16 may 2023-cü il tarixədək o, ailə üzvlərindən uzaq qalmış, ailəsi həbsdə olduğu müddətdə çox böyük sıxıntılarla üzləşmiş, yarı ac, yarı tox dolanmışlar. Həbs edilərkən onun himayəsində 18 sentyabr 2006-cı il təvəllüdlü bir yetkinlik yaşına çatmayan və 14 yanvar 2011-ci il təvəllüdlü bir azyaşlı uşağı olmuşdur. Hər dəfə oğlu və yaxınları İstintaq Təcridxanasında onunla görüşə gələndə görüşlərdən sonra günlərlə özünə gələ bilmirdi. Ailəsi dolanışıqlarının təmin edilməsi üçün qohumlardan borc götürmüşdür. O, həbsdə olarkən himayəsində olan həyat yoldaşı və 2 övladı maddi-mənəvi məhrumiyyətlərlə üzləşmişdirlər. Onun həbsdə olması ailəsinin maddi olaraq çətinliklərlə üz-üzə qoymuş, ailə üzvləri dolanışığı təmin etmək üçün qohum-əqrəba, dost-tanışlardan utanaraq borc götürmək məcburiyyətində qalmışlar. Rüşvət verməyə təhrik etmə ilə bağlı iddialar onun şəxsiyyətinə və mənliyinə elə bir zərbə vurmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışırlar. Bu da onun mənəvi sarsıntılar keçirməsinə səbəb olur. Həmçinin, 2022-ci ilin ikinci yarısında onun oğlu gözündə yaranmış problemlə bağlı əməliyyat olunmuşdur. Bu müddətdə o, bir ata kimi oğlunun yanında ola bilməmişdir və mənəvi sarsıntıya məruz qalmışdır. Bununla yanaşı, onun ətrafındakı bəzi dost-tanışları məhkəmənin bəraət hökmünə inanmamışdırlar, bu hadisə psixoloji baxımdan onu çox sarsıtmış, bu səbəblə bu günədək bu ruh halından çıxa bilmir. Bütün bunların əsasında maddi və mənəvi zərər çəkib. Bütün bunlar onun əsassız səbəblərlə vaxtının alınmasına, həmçinin mənəvipsixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur. Rüşvət verməyə təhrik etmə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi onu mətbuat və televiziyada, sosial şəbəkələrdə qınaq obyektinə çevirmişdir. Onun barəsində yayılan ittihamedici görüntülər onu sözün əsl mənasında bütün ölkədə belə demək mümkündürsə «məşhur» etmişdir. Əsassız olaraq rüşvət verməyə təhrik etmə ilə təqsirləndirilməsi nəticəsində işgüzar nüfuzu ləkələnmişdir. Onun böyük miqyasda oxucu kütləsi var idi. Lakin rüşvət verməyə təhrik etmə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi və onunla bağlı mətbuatda yazılan xəbərlər nəticəsində oxucu kütləsi azalmış, onun əsərlərinə olan maraq itmişdir. Həmçinin istintaq zamanı dəfələrlə izahatı alındığı, şahid qismində dindirildiyi, üzləşdirmə və digər istintaq hərəkətlərinin həyata keçirilməsi üçün çağırıldığına görə yazıçı kimi fəaliyyətinə zaman ayıra bilməmiş, həbs edildikdən sonra isə ümumiyyətlə əsərlərinin satışını həyata keçirə bilməmişdir. Bu da bir yazıçı kimi onun maddi olaraq zərərə uğramasına gətirib çıxarmışdır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 yanvar 2024-cü il tarixli 2(006)-344/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 8.000 manat məbləğində pul və əmək haqqı qismində ödənilməli olan 3.360 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə göstərmişdir ki, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar qismən (müvafiq maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, müəyyən müddət ərzində əsassız yerə həbsdə saxlanılması, müəyyən müddət ərzində işdən kənarda qalması və s.) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. İddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 8.000 (səkkiz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır.

12. İddiaçıya ödənilməli olan əmək haqqı ilə bağlı məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı arayış məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirindən məhrum olmuşdur. İddiaçının həmin dövr ərzində gəlirindən məhrum olması nəzərə alınmaqla, iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 3.360 manat (8 ay x 420 manat) təşkil edir.

13. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissələrdə sübuta yetirilmədiyindən, təmin edilə bilməz.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Məhkəmənin mövqeyi-mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Maddi sübutla bağlı işə əlavə edilən arayış müvafiq qaydada təsdiq olunmalı olduğu, işə əlavə edilən sənədlərdə möhürün aydın oxunmadığı halda məhkəmə tərəfindən həmin sənəd sübut qismində qəbul edilərək, maddi ziyanın ödənilməsi ilə bağlı həmin sənədə istinad edilmişdir. Həmçinin arayışda iddiaçının 260 manat əmək haqqı aldığı qeyd edilsə də, məhkəmə maddi ziyanın ödənilməsi üçün 260 manat deyil, bəraətdən sonra şəxsin işə qəbul edildiyi dövrə uyğun olaraq ona ödəniləcək maddi ziyan məbləğini müəyyən etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Kollegiya tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

21. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

22. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

23. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

27. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

28. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

29. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

30. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

31. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli 1(103)-1619/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, M.A.Abbasov zərər çəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və M.A.Abbasov həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilmiş, M.A.Abbasova CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 4 il 1 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə M.A.Abbasovun üzərində qəti olaraq 4 il 3 ay müddətin azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli 1(102)-1454/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, kassasiya şikayətinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-d il tarixli qərarı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsi və cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı İddiaçı barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmənin CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsinə, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə üzərində saxlanılmış 4 (dörd) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı cəza ilə qismən birləşdirilməklə cəza təyininə dair müddəalar xaric edilməklə dəyişdirilmiş, İddiaçı dərhal həbsdən azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır

42. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilmişdir.

43. Göründüyü kimi, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2ci maddəsi ilə məhkum edilməsi nəticəsində, həmin maddə ilə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və dərhal həbsdən azad edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli 1(102)-1454/2023 nömrəli qərarı qəbul olunan vaxtadək qanunsuz həbsdə qalmışdır.

44. İddiaçının müvafiq maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, təqribən 8 ay müddətinə əsassız yerə həbsdə saxlanılması nəticəsində bu müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olması, mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi və barəsində mənfi fikir formalaşması mübahisəsizdir.

45. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.

46. Maddi zərər hissəsində də Kollegiya hesab edir ki, məhkəmə iddiaçının işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulması barədə əsaslı nəticəyə gəlmişdir.

47. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

48. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-344/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar