Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2613/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə iddiaçının xx.xx.2007-ci il təvəllüdlü övladı X1 xəsarət alması ilə bağlıdır. Xəsərət 3 il bundan əvvəl, iddiaçının övladının 12 yaşı olan zaman alınıb. Belə ki, xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu 9 nömrəli Tam Orta Məktəbin idman zalında idman dərsi zamanı futbol oyununda iddiaçının övladı yıxılıb, nəticədə sağ said sümüklərinin qapalı sınıqları kimi sağlamlığa az ağır zərər vurmaya aid xəsarət alıb. İddiaçı iddia edir ki, onun övladını cavabdehin övladı qəsdən yıxıb. Cavabdehin övladı X4 xx.xx.2007-ci il təvəllüdlüdür, həmin zaman onun 12 yaşı olub. Hər iki uşaq sinif yoldaşıdır, hadisə baş verən zaman onların hər ikisi həmin məkəbin 7B sinfində oxuyublar, futbol oyununda rəqib komandaların üzvləri kimi iştirak ediblər. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 3.000 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat, cəmi 8.000 manat cavabdehdən tutularq iddiaçıya verilsin. Tələb onunla əsaslandırlıb ki, iddiaçı övladının müalicəsinə xərc çəkib, habelə baş verən hadisə nəticəsində sarsıntı keçirməklə mənəvi zərər çəkib. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 827,89 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, iddiaçının övladının sağlamlığına vurulmuş 3.000 manat zərərə aid hissədə yeni qətnamə qəbul olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, futbol oyunu zamanı cavabdehin övladı onun övladını qəsdən yıxıb. Belə ki, oyun zaman cavabdehin övladı qaydalara uyğun olmayan hərəkət edib, nəticədə övladı yıxılıb və qolu sınıb. Odur ki, cavabdeh zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, futbol aktiv idman oyunudur, oyun zamanı oyunçunun yıxılması adi haldır, onun övladı iddiaçının övladını yıxmayıb, o, özü yıxılıb. İddiaçının övladının qolunda əvvəlcədən sınıq olub, hadisə baş verəndən sonra iddiaçının özü də etiraf edib ki, övladının qolu gipsdən təzə çıxıb, iddiaçının bu etirafını təsdiq edən səs yazısı da var. Odur ki, iddiaçının tələbi əsassızdır. Qətnamənin yoxlanılması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə görə, 14 yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Bu maddə tətbiq ediləkən əvvəlcə azyaşlının mülki hüquq pozuntusu törətdiyi müəyyən olunmalı, daha sonra onun valideynləri zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməlidir. Cavabdehin övladının mülki hüquq pozuntusu törətməsi müəyyən olunmur. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilənlərlə əsaslandırır: Birinci, fotbol oyununun videoyazısına apellyasiya icraatı tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Videoyazıdan görünür ki, iddiaçının övladı və cavabdehin övladı rəqib komandaların üzvləri kimi oyunda iştirak ediblər. Top iddiaçının övladında olduğu zaman cavabdehin övladı ayağı ilə topu ondan almağa cəhd edib, lakin iddiaçının övladını qəsdən yıxmağa yönələn hərəkət etməyib. Buna baxmayaraq iddiaçının övladı yıxılıb və sağ qolunun said sümüyü yıxılma nəticəsində sınıb. İkinci, futbol oyununda top uğrunda mübarizə zamanı oyun qaydasının pozulması hər bir halda hüquqpozma kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilməz. Oyunçunun davranışının subyektiv cəhəti (motiv, məqsəd, təqsir və s.) nəzərə alınmalıdır. Əgər oyunçunun rəqib oyunçunun sağlamlığına zərər vurmaq və ya ona fiziki ağrı yetirmək məqsədi yoxdursa, top uğrunda mübarizə (oyunçuların kontaktı) zamanı üstünlük qazanmaq üçün oyunçunun rəqib oyunçunu ayağı ilə qəsdən və ehtiyatsızlıqdan yıxması hüquqpozma hesab olunmur, oyun qaydasının pozulması sayılır. Yıxılma nəticəsində rəqib oyunçunun bədəninin müxtəlif nahiyələrindən (qolundan və s.) xəsarət alması isə digər amillərən asılıdır: oyun meydançasının örtüyünün sərtliyindən, rəqib oyunçunun təhlükəsiz yıxılma vərdişlərinə sahib olub-olmamasından, rəqib oyunçunun özünün sağlamlıq vəziyyətindən və s. Bu amillərə görə oyunçu cavabdeh deyil, ona görə də o, rəqib oyunçunun məhz yıxılma nəticəsində aldığı xəsarətlərə görə məsuliyyət daşımır. Üçüncü, iddiaçının övladının sağ qolu futbol oyunundan 1 il 6 ay əvvəl bir dəfə sınıb. Belə ki, 2018-ci ilin avqust ayında iddiaçının övladı (həmin vaxt 11 yaşı olub) yaşadığı evin yaxınlığında ağacda qalan topu düşürmək üçün ağaca çıxmış, bu zaman ağacdan yıxılmış, sağ qolu biləkdən sınmışdır. Həmin zaman iddiaçı iddia etmişdir ki, onun ovladını başqa uşaq ağacdan yıxıb. Yəni övladı ağacda qalan topu götürmək üçün ağaca çıxarkən xx.xx.2009-cu il təvəllüdlü X5 (həmin vaxt 9 yaşı olub) onun 11 yaşlı övadının ayağından sallanaraq övladını ağacdan yıxıb. İddiaçı həmin uşağın atasına - X2 qarşı iddia verərək maddi zərərin əvəzi kimi 2.000 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat tələb etmişdir. Lakin iddiası əsassız olmuş, müəyyən edilmişdir ki, iddiaçının övaladı özü ağacdan yıxılıb. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)- 3778/2022 nömrəli qətnaməsi ilə bu iddia rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6973/2022 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, 1 il 6 ay sonra iddiaçının övladının həmin qolunun yenidən sınması onun daha əvvəl aldığı xəsarətlə bağlıdır. İddiaçının övladının qolu daha əvvəl sındığına görə o, övladının futbol oyununda iştirakına imkan verməməli idi. Futbol fiziki aktivlik tələb edən idman növüdür, ayaqla oynanıldığına görə oyun zamanı yıxılma həmin idman növü üçün xarakterikdir. Əvvəl sınmış sümüyün isə yıxılma (oyunçunun özünün ehtiyatsızlıqdan yıxılması və ya başqa oyunçunun onu qəsdən və ya ehtiyatsızlıqdan yıxması) zamanı yendən sınması riski böyük olur. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) müəyyən olunmur. Bundan başqa, müəyyən olunur ki, hazırkı mülki işə əlavə olunmuş tibbi sənədlər, o cümlədən tibbi məqsədlər üçün çəkilmiş xərclər dair sənədlər əvvəlki mülki işdə (iddiaçının övladının ağacdan yıxılması nəticəsində aldığı xəsarətlə bağlı mülki işdə) olan sənədlərlə eynidir. Yəni iddiaçı eyni sübutlardan həm övladının ağacdan yıxılması nəticəsində aldığı xəsarətə, həm də futbol oyununda yıxılması nəticəsində aldığı xəsarətə görə verdiyi iddiada istifadə edib. Həmçinin qeyd olunmalıdır ki, indiyə kimi iddiaçı övladı ilə bağlı 3 dəfə müxtəlif şəxslərə qarşı iddia ilə məhkəməyə müraciət edib. 1-ci iddia X3 qarşı verilib, iddiaçı ondan tələb edib ki, övladının üzünə sillə vurulmasına görə maddi zərərin əvəzi kimi 2.000 manat, mənəvi zərərin əvəzi kimi 3.000 manat ödəsin (iş v. 79). 2-ci iddia X2 qarşı verilib, iddiaçı ondan tələb edib ki, övladının ağacdan yıxılmasına görə maddi zərərin əvəzi kimi 2.000 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat ödəsin. 3-cü iddia Cavabdeh qarşı verilib, iddiaçı ondan tələb edib ki, övladının futbolda yıxılmasına görə maddi zərərin əvəzi kimi 3.000 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat ödəsin. Beləliklə, cavabdehin övladı mülki hüquq pozuntusu (delikt) törətmədiyinə görə məhkəmə Mülki Məcəllənin 21, 1103.1 və 1118.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2613/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2613/2023
05.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver