Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2614/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC in nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(006)-4385/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" İKB ASC tərəfindən (hal-hazırda Cavabdeh ASC) ona vurulmuş 37.128 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin cavabdeh "xxxx" İKB ASC-dən (hal-hazırda "xxxx" ASC) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh "xxxx" İKB ASC (hal-hazırda Cavabdeh ASC) vətəndaş X8 ilə 07.04.2014-cü il tarixdə kredit müqaviləsi bağlayaraq ona 24 ay müddətinə 12.700 ABŞ dolları kredit vermişdir. X8 götürdüyü kreditə müvafiq özünə məxsus müxtəlif qızıl-zinət əşyalarını bank qarşısında girov qoymuşdur. Bundan əlavə o, vətəndaş X4 07.04.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin olmuşdur. 07.04.2014-cü il tarixli, 10-M-4-0-408-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsinə 11.11.2015-ci il tarixli əlavə edilmişdir. Həmin əlavədən onun xəbəri olmamış və zamin kimi o, həmin əlavəyə imza etməmişdir. Onunla bağlanmış zaminlik müqaviləsinin müddəti 07.08.2016-cı il tarixdə başa çatmışdır. "xxxx" İKB ASC kredit məbləğinin ödənilməsi tələbi ilə X4 və ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. O, məhkəmədə kredit və zaminlik müqaviləsinin müddətinin uzadılması barədə əlavədən xəbər tutmuş və həmin əlavə ona məlumat verilmədən tərtib edildiyi və o, həmin əlavəyə imza etmədiyindən zaminlik müqavilələri üzrə zaminliyə bütövlükdə xitam verilməsi üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(076)- 988/2019 saylı qətnaməsi ilə "xxxx" İKB ASC-nin iddiası ona münasibətdə təmin edilməmiş, onun qarşılıqlı iddiası təmin edilmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ilə ilkin iddiaçı "xxxx" İKB ASC arasında bağlanmış 07.04.2014-cü il tarixli, 10-M-4-0-408-14 saylı zaminlik, həmçinin 26.08.2015-ci il və 11.11.2015-ci il tarixli əlavə zaminlik müqavilələri üzrə zaminliyə bütövlükdə xitam verilmişdir. Qətnamədə göstərilir ki, o, öz ehtiyacı üçün kreditlə bağlı banka müraciət etmiş və borclu olduğuna görə ona kredit verilməsindən imtina edilmişdir. Bu hal isə müqavilənin müddəti ilə bağlı cavabdeh İddiaçı zamin kimi məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrin yaranmasına səbəb olmuşdur. Bildirir ki, o, onlayn formada satışa çıxarılmış sosial evlərdən bir otaqlı mənzil udmuşdur. Mənzilin qiyməti 31.702 manat olmuşdur. Ona mənzilin dəyərindən 10 % güzəşt edilmiş və mənzilin qiyməti 28.532 manat olmuşdur. Onun illik 4 %-lə ipoteka krediti almaq hüququ var idi. Lakin, yuxarıda göstərdiyi zaminlik müqaviləsinin saxtalaşdırılması nəticəsində ona ipoteka krediti verilməsindən imtina edilmişdir. Mənzilin dəyərini ödəmək üçün o, məcbur olub illik 27,34 % olmaqla 8 il müddətinə "xxxx"dan özünün və həyat yoldaşının adına kredit götürməyə və müxtəlif şəxslərdən faizlə borc pul almağa məcbur olmuşdur. 8 il - 96 ay edir. Mənzilin qiyməti 28.532 manat məbləğə görə o, ipoteka ilə 4%-lə 8 ilə cəmi 4.855 manat faiz ödəməli olurdu (28.532 x 4 % x 96 = 33.387, 33.387 - 28.532 = 4855). Lakin, "xxxx"dan götürdüyü kreditə görə o, 8 il müddətinə 41.983 manat faiz ödəməlidir (28.532 x 27,34 % x 96 = 70.515, 70.515 - 28.532 = 41.983). O, 8 il ərzində əlavə olaraq 37.128 manat artıq faiz ödəməlidir (41.983 – 4.855 = 37.128). Beləliklə, cavabdehin saxtakarlığı nəticəsində onun üçün əlverişsiz vəziyyət yaranmış və cavabdeh ona 37.128 manat zərər vurmuşdur. Qanunvericiliyin tələblərindən də görünür ki, cavabdeh tərəfindən ona zərər vurulmuşdur. Belə ki, o, ipoteka krediti ala bilsəydi, sadəcə olaraq 96 ay ərzində 4.855 manat faiz ödəməli olardı. Lakin, cavabdehin ona vurduğu zərər nəticəsində o, əlavə olaraq 37.128 manat faiz ödəməlidir. Deməli, o, cavabdehdən 37.128 manat məbləği ödəməyi tələb edə bilər. Cavabdehin ona vurduğu zərərlə bağlı ona, mənəvi zərər də vurulmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona, ipoteka krediti verilməsindən imtina edildikdə, bu hal udduğu sosial mənzili itirəcəyilə bağlı onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, o, qorxu, sarsıntı və iztirab keçirmiş, bu isə onun sağlamlığına pis təsir etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, ipoteka krediti almaq hüququndan məhrum olmuş, mənəvi sarsıntı və iztirab keçirmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 50.000 manat qiymətləndirir. Zərərin cavabdeh tərəfindən ödənilməyəcəyi halda məhkəməyə müraciət edəcəyi barədə cavabdehə 01 fevral 2021-ci il tarixdə 10 gün vaxt verilməklə pretenziya göndərmişdir. Keçən müddət ərzində pretenziyaya cavabdeh cavab vermədiyindən və zərəri ödəmədiyindən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Yuxarıda göstərilənlərə əsasən və şərh olunan maddi hüquq normalarının mahiyyəti baxımından cavabdehin hərəkəti, yəni, zaminlik müqaviləsinin saxtalaşdırılması nəticəsində ona vurduğu zərəri ödəməməsi cavabdehə qarşı iddia tələbinin əsaslı olduğunu göstərir. Hesab edir ki, məhkəmə ona vurulmuş 37.128 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin cavabdeh "xxxx" İKB ASC-dən (hal-hazırda Cavabdeh ASC) alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(006)-4385/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, mülki işin materiallarından da görünür ki, İddiaçı əldə etmək niyyətində olduğu mənzilin dəyərinin ödənilməsi üsulunun seçimi zamanı ilk olaraq güzəştli ipoteka krediti vəsaiti hesabına ödənilməsi üsulunu qeyd etmişdir, lakin sonradan mənzil onun tərəfindən öz vəsaiti hesabına ödəniş üsulu ilə əldə olunmuşdur. Məhkəmə ödəniş üsulunun hansı səbəbdən dəyişdirilməsi məsələsini araşdırmamış və bu məsələyə aydınlıq gətirməmişdir. Sual olunur: Kim ili 4 və yaxud 8% olan güzəştli ipoteka kreditindən heç bir səbəb olmadan imtina edib ili 28% olan kredit götürər? Bu ki, absurddur. Ödəniş üsulunun dəyişməsi ilə əlaqədar məsələyə aydınlıq gətirilməsi üçün verdikləri vəsatət (sənədlərin tələb olunması barədə) təmin olunsa da, Bank "xxxx"yə verilmiş sorğuya tam cavab verilməmişdir. Məhkəmə ikinci dəfə sorğu göndərmiş, lakin onların vəsatətində tələb etdikləri güzəştli ipoteka krediti verilməsindən imtina barədə qərarı və Bank "xxxx"yə təqdim olunmuş sənədləri tələb etməmişdi. Məhkəmə tərəfindən Şəmkir Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(076)-988/2019 saylı qətnaməsində iddia tələbi ilə bağlı təsdiqini tapmış və iş üçün əhəmiyyəti olan faktlar nəzərə alınmamışdır. Bildirir ki, məhkəmənin iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına) dair sübutların məhkəməyə təqdim edilməməsi barədə gəldiyi nəticə səhvdir. İddiaçı güzəştli ipoteka kreditinin verilməsindən "xxxx" ASC-nin sənədlərin tam təqdim olunmaması səbəbindən imtina etməsinə də məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə sənədlərin tam təqdim olunmamasının nədə ifadə olunması və hansı sənədlərin təqdim edilməməsi məsələsinə aydınlıq gətirməli idi. Əgər sənədlər tam deyildisə, deməli çatışmayan sənədlər tələb olunmalı idi. Hesab edir ki, əslində səbəb yuxarıda göstərdikləri kimi "xxxx" İKB ASC tərəfindən tərtib edilmiş saxta zaminlik müqaviləsi əsasında İddiaçı guya banka borclu olmasıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq qeyd etdi ki, iddiaçı və həyat yoldaşı 02 fevral 2019-cu il tarixdə "xxxx"dan yuxarı faizlə kredit götürmüşdür. Onlara Bank "xxxx" ASC tərəfindən imtina isə 11 fevral 2019-cu il tarixdə olmuşdur. İddiaçı qabaqcadan ona imtina olunacağını bilib, 02 fevral 2019-cu ildə krediti götürmüşdür. Hesab edir ki, Bank "xxxx" ASC tərəfindən güzəştli şərtlərlə kreditin verilməməsinin səbəbi "xxxx" İKB ASC tərəfindən tərtib edilmiş saxta zaminlik müqaviləsi əsasında İddiaçı guya banka borclu olmasıdır. Bank "xxxx" ASC tərəfindən verilmiş cavab məktubu ilə razılaşmır. Bank "xxxx" ASC tərəfindən mütləq qərar qəbul olunmuşdur ki, həmin qərar təqdim olunmur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında bildirdi ki, iddiaçı tərəf onlardan maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Lakin cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulmamışdır. Bu halı iddiaçı sübut edə bilmir. Belə ki, iddiaçı güzəştli şərtlərlə kreditin verilməsi ilə bağlı 11 fevral 2019-cu ildə ona imtina olunmasından əvvəl 02 fevral 2019-cu ildə artıq kredit götürmüşdür. Hazırda apellyasiya mərhələsində də, verilmiş sorğuya Bank "xxxx" ASC tərəfindən daxil olmuş cavabdan da görünür ki, güzəştli kreditin verilməməsi iddiaçının özünün təqsirinə görə baş vermiş, Cavabdeh ASC-nin burada heç bir məsuliyyəti yoxdur. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 25 yanvar 2019-cu il tarixli bildirişindən görünür ki, iddiaçı tərəfindən Güzəştli Mənzil sistemi vasitəsi ilə “X12” layihəsinin 6 saylı binanın, 9-cu mərtəbəsində yerləşən 31 saylı 1 otaqlı mənzil seçilmişdir və həmin mənzilin digər şəxslər tərəfindən seçiminə məhdudiyyət qoyulmuşdur. Ərizəsinə baxılmasının nəticəsinə dair 5 iş günü ərzində iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 25 yanvar 2019-cu il tarixli bildirişindən görünür ki, iddiaçı tərəfindən Güzəştli Mənzil sistemi vasitəsi ilə “X12” layihəsinin 6 saylı binanın, 9cu mərtəbəsində yerləşən 31 saylı mənzili ipoteka krediti vəsaiti hesabına əldə etmək niyyətində olduğu üçün, bu bildirişin tarixindən növbəti 5 iş günü ərzində agent banklardan birinə yaxınlaşaraq kreditin alınması üçün müraciət etməsi, ipoteka kreditinin verilməsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditlərinin verilməsi qaydalarına uyğun olaraq təmin olunması qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli bildirişindən görünür ki, bank "xxxx" tərəfindən güzəştli ipoteka krediti verilməsindən imtina barədə qərar qəbul olunmuşdur. İddiaçı 15.02.2019-cu il tarixi saat 23-59-dək elektron kabinetində “Seçdiyi mənzil” bölməsinə daxil olaraq öz vəsaiti hesabına ödəniş niyyətini təsdiq etməsi, əks halda ərizənin təmin edilməsi barədə qərar ləğv edilərək seçilmiş mənzil üzərindən məhdudiyyət götürülməsi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 11 fevral 2019-cu il tarixli bildirişindən görünür ki, Güzəştli Mənzil sistemi vasitəsi ilə “X12” layihəsinin 6 saylı binanın, 9-cu mərtəbəsində yerləşən 31 saylı mənzili üzrə alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə 15.02.2019-cu il tarixində saat 10-00-da müvafiq sənədlərlə birlikdə 12 saylı notariat kontoruna gəlməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mənzil X10 10 avqust 2021-ci il tarixli 03-04/12/160 saylı məktubundan görünür ki, İddiaçı “ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs” kateqoriyası üzrə güzəştli şərtlərlə mənzil almaq (o cümlədən güzəştli ipoteka vəsaiti hesabına) hüququna malik olduğu nəzərə alınaraq 28.08.2018-ci il tarixdə həmin vətəndaşa Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil X6 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən “Güzəştli mənzil” sistemində elektron kabinet verilmişdir. Bildirilmişdir ki, İddiaçı əldə etmək niyyətində olduğu mənzilin dəyərinin ödənilməsi üsulunun seçimi zamanı ilk olaraq güzəştli ipoteka krediti vəsaiti hesabına ödənilməsi üsulunu qeyd etmişdir, lakin sonradan mənzil onun tərəfindən öz vəsaiti hesabına ödəniş üsulu ilə əldə olunmuşdur. Belə ki, 15.02.2019-cu il tarixdə bu şəxslə Agentliyin tabeliyində olan "xxxx" MMC arasında daşınmaz əmlakın alğı-satqısına dair müvafiq müqavilə bağlanmış və İddiaçı Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi yolu 8 ünvanda yerləşən 6 saylı binanın 1-ci girişinin 31-ci mənzilini əldə etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 09 avqust 2021-ci il tarixli İX/2123094 saylı məktubundan görünür ki, İddiaçı barədə Fondun elektron informasiya sistemlərində məlumat mövcud deyildir. İş materiallarından "xxxx" ASC ilə İddiaçı arasında 02.02.2019-cu il tarixdə bağlanmış 147CLM24706036AA saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 48 ay müddətinə illik 27,34%-lə 8620,0 manat məbləğində kredit verilmişdir. İş materiallarından "xxxx" ASC ilə X1 arasında 02.02.2019-cu il tarixdə bağlanmış 147CLM24707977AA saylı kredit müqaviləsindən görünür ki, Rəfiqə İsmayılovaya 48 ay müddətinə illik 27,34%-lə 10435,0 manat məbləğində kredit verilmişdir. İş materiallarından nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 22 oktyabr 1988-ci ildə nikah qeyd etdirmişlər. Nikahdan sonra X2 İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bank "xxxx" ASC-nin 24 avqust 2021-ci il tarixli və 29 sentyabr 2021-ci il tarixli İH-2021/5906 saylı məktublarından görünür ki, İddiaçı güzəştli ipoteka kreditinin verilməsinə dair Bank "xxxx" ASC tərəfindən sənədlər tam təqdim olunmadığı üçün 11 fevral 2019-cu il tarixdə imtina olunmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(076)-988/2019 saylı qətnaməsindən görünür ki, "xxxx" İKB ASC-nin X4 və İddiaçı qarşı “borcun tutulması və tələbin girovda olan əmlaka yönəldilməsi” tələbinə dair ilk iddiası rədd; İddiaçı "xxxx" İKB ASC-yə qarşı “zaminliyə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir. Tələbini onunla əsaslandırır ki, o, güzəştli şərtlərlə mənzili aşağı faizlə əldə etməli olduğu halda, cavabdehin qanunsuz hərəkətlərinə görə yuxarı faiz dərəcəsi ilə əldə etmişdir. İddiaçı bunun səbəbini Cavabdeh ASC tərəfindən tərtib edilmiş saxta zaminlik müqaviləsi əsasında İddiaçı guya banka borclu olması ilə əlaqələndirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, deliktdən irəli gələn öhdəliklər üzrə məsuliyyətə cəlb etmə üçün 4 elementin hüquqa zidd əməl, zərər, təqsir (təqsirsiz məsuliyyət halları istisnadır), səbəbli əlaqənin məcmu halda mövcudluğu tələb edilir. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin hüquqa zidd əməli nəticəsində ona zərər vurulması halını sübut edə bilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Kollegiya qeyd edir ki, iddiaçının vəsatəti əsasında hətta apellyasiya mərhələsində Bank "xxxx" ASC-yə sorğu verilmişdir. Bank "xxxx" ASC-nin 13 aprel 2022-ci il tarixli, İH-2022/1881 saylı məktubuna əsasən vətəndaş İddiaçı güzəştli ipoteka kreditirin verilməsinə dair sənədlər Bank "xxxx" ASC-yə tam olaraq təqdim olunmadığı üçün 11 fevral 2019-cu il tarixində imtina olunmuşdur. Azərbaycan Respublikası İpoteka Kredit və Zəmanət Fondu hesabına verilən “İpoteka kreditinin o cumlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”nın 4.10-cu bəndinə əsasən İpoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.7 və 4.9-cu bəndlərində nəzərdə tutulmuş müddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.7-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir. Avtomatik imtinanın təsdiqlənməsi üçün Bank tərəfindən hər hansı bir qərar rəsmiləşdirilmir. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cumlədən guzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 4.7-ci bəndinə əsasən ipoteka krediti almaq istəyən şəxs, Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı muddət nəzərdə tutulmayıbsa muvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gundən 45 gun muddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini muəyyənləşdirməklə, muvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin muraciət etdiyi gundən 3 iş gunu muddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını muraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən muvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gundən 10 iş gunu muddətində ipoteka kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi həyata kecirilir. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən ipoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.7-ci və 4.9-cu bəndlərində nəzərdə tutulmuş muddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.7-ci bəndinin ikinci cumləsində nəzərdə tutulmuş muddətin oturulməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir. Göründüyü kimi, Bank "xxxx" ASC tərəfindən güzəştli şərtlərlə kreditin verilməsindən ona görə imtina olunmuşdur ki, iddiaçı ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini muəyyənləşdirməklə, muvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmamış, bu barədə qiymətləndirmə aktı elektron sistemdə yerləşdirilməmişdir. Buna görə də, Bank "xxxx" ASC tərəfindən elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının qeyd etdiyi “Cavabdeh ASC tərəfindən tərtib edilmiş saxta zaminlik müqaviləsi əsasında İddiaçı guya banka borclu olması səbəbinə görə” Bank "xxxx" ASC tərəfindən güzəştli şərtlərlə kreditin verilməməsi halı öz təsdiqini tapmamışdır. Kollegiya apellyatorun Bank "xxxx" ASC tərəfindən məhz qərar qəbul edilməli olması ilə bağlı dəlilini yuxarıda qeyd olunan Qaydaların 4.10-cu bəndinə əsasən əsassız hesab edir. Kollegiya maddi zərərlə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun Şəmkir Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(076)- 988/2019 saylı qətnaməsində “onun öz ehtiyacı üçün kreditlə bağlı banka müraciət etməsi və borclu olduğuna görə ona kredit verilməsindən imtina edilməsi ilə bağlı” məhkəmənin qeyd etdiyi faktın hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(076)-988/2019 saylı qətnaməsi ilə müəyyən olunan fakt hazırkı tələbin predmetinə münasibətdə preyudisial əhəmiyyət kəsb etmir. Kollegiya mənəvi zərərlə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri, bu hərəkətlər nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz. Kollegiya həmçinin mənəvi zərərlə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(006)- 4385/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2614/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2614/2022
04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver