Məhkəmə qərarları › İş №2(103)-2614/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2614/2023

17.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2614/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və əldən çıxmış faydanın tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5476/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 365.8 kv.m olan fərdi yaşayış evi mülkiyyətçi “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 180 000 manata İddiaçı satılmışdır.

2. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışa əsasən ünvan 2 İddiaçı tam xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2022ci il tarixdə verilərək qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis mayoru F.Məmmədov tərəfindən tərtib edilmiş akta əsasən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 akt tərtib edilən zaman ünvan 2 ünvanında yaşadıqları qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(007)-412/2016 saylı qətnaməsi ilə cavabdehlər X2, X1 və Cavabdeh2 müştərək qaydada “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 122299-1-10429 saylı kredit razılaşması əsasında bağlanmış xx.xx.2014-cü il tarixli 122299-1-10429/1 kommersiya krediti müqaviləsi üzrə 26 may 2016-cı il tarixə əsas borc qismində 142.947,80 manat, faiz borcu 25.755,02 manat, cərimə qismində 1.357,50 manat olmaqla, cəmi 170.114,32 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ Cavabdeh2 adına qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 365.8 kv.m olan fərdi yaşayış evi iddiaçı tərəfindən alınmış və həmin yaşayış evi üzrə mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verildikdən bir müddət sonra cavabdehlər yenidən fərdi yaşayış evinə daxil olmuş, öz şəxsi əşyalarının fərdi yaşayış evinə köçürərək, əsassız olaraq məskunlaşmışlar. Sahə inspektoru tərəfindən buna dair xx.xx.2022-ci ildə akt tərtib edilmişdir. Cavabdehlər iddiaçıya məxsus əmlakda qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuş və mülkiyyət hüquqularının həyata keçirilməsinə maneə yaratmışlar.

6. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, əldən çıxmış faydaya görə 01 may 2022-ci il tarixdən cavabdehlərin fərdi yaşayış evindən çıxarıldığı tarixədək hər ay üçün 1800 manat məbləğində hesablanması və cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5476/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızından müştərək qaydada əldən çıxmış faydaya görə 7200 (yeddi min iki yüz) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam xüsusi mülkiyyətindədir. Cavabdehlərin həmin evdə yaşamaları iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur. Həmçinin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlər mübahisəli evdən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehlərin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli evdən çıxarılmalı və ev iddiaçının sahibliyinə verilməlidir. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşaması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. İş materiallarında olan əmlak üzrə mütəxəssis rəyinə əsasən, mübahisəli fərdi yaşayış evinin aylıq icarə haqqı 1200-1800 manat aralığında müəyyən edildiyindən, məhkəmə əldən çıxmış faydaya görə hər ay 1200 (bir min iki yüz) manat məbləğində pulun hesablanmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə 2022-ci ilin iyun ayından evin iddiaçının razılığı olmadan (tərəflərin razılığa gəlməsinə dair müqavilə)cavabdehlərin istifadəsində olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı evin onun istifadəsində olmadığı 6 ay (iyunnoyabr) üçün 7200 manat (6 ay x 1200 manat = 7200 manat) məbləğində pulu əldən çıxmış fayda olaraq cavabdehdən tələb etməkdə haqlıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 152.1, 152.5, 157.4, 178.1, 203.1-ci maddələri, Mənzil Məcəlləsinin 29.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5476/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianı təmin edən hissələrdə ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında bağlanmış olan əqd şifahi bağlana bilən əqddir, çünki daşınmaz əmlakın birbaşa mülkiyyət hüququnun mübahisələndirilməsi məqsədinə həsr olunmayıbdır və yalnız müvəqqəti istifadə məqsədlərini özündə ehtiva edir. Həmçinin sözügedən əqd ona görə bağlanmış sayılır ki, tərəflərin, o cümlədən iddiaçının əqdi bağlamaq iradəsi onun rəftarından məlum olubdur. Belə ki, bankla iddiaçı arasında bağlanmış olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tarixi 22 fevral 2022-ci il tarixi daşıyır ki, bu qədər ötən müddət ərzində iddiaçı tərəfindən fərdi yaşayış evində məskunlaşmış cavabdehlərə qarşı uzun müddət hər hansı bir yazılı pretenziya irəli sürülməmişdir. Habelə iddiaçının məhkəməyə qədər olan müddət ərzində mübahisəni pretenziya qaydasında tənzimləmək vəzifəsi olduğu halda, iddiaçı tərəfindən bu qaydaya riayət olunmamışdır və mövcud pretenziya qaydasına riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Məhz sözügedən pozuntuya görə də, hesab edilir ki, məhkəmə tərəfindən işin icraatına davam etmədən işin baxışına xitam verilməsi məsələsinə də baxılmalıdır. Digər tərəfdən tərəflərin arasında susmaq şəklində verbal hərəkətlər bu məhkəməyə qədərki dövrdə mövcud olmuşdur ki, bunu da iddiaçının əqdi bağlamaq iradəsinin ifadəsi hesab etmək mümkündür. xx.xx.2022- ci il və xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məhkəməyə ərizə və etiraz ünvanlayaraq qeyd etmişdir ki, fərdi yaşayış evi ilə bağlı onunla İddiaçı arasında danışıqlar olmuş və onun tərəfindən iddiaçıya 64000 manat pul ödənilmişdir. Həmçinin tərəflər arasında bağlanmış şifahi əqdin tələblərinə əsasən iddiaçı fərdi yaşayış evinin boşaldılması üçün cavabdehlərə 2023-cü ilin yanvar-fevral aylarından tez olmayaraq möhlət vermiş, həmin tarixdən sonra cavabdehlər evi boşaldaraq fərdi yaşayış evindən çıxacaqlar. İddiaçı isə bu şərtləri qəbul etmiş və razılaşan tarixdən əvvəl cavabdehləri hansısa şəkildə rahatsız etməyəcəyini bildirmişdir. Lakin iddiaçı şifahi əqdin tələblərinə baxmayaraq, mövcud iddia tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edir ki, daşınmaz əmlakın müvəqqəti istifadəsi ilə bağlı tərəflər arasında şifahi əqd bağlanmışdır. Cavabdehin qeyd olunan dəlilləri həqiqəti əks etdirməyən, heç bir sübuta əsaslanmayan əsassız və uydurma dəlillərdir. Belə ki, tərəflər arasında fərdi yaşayış evindən cavabdehin və onun ailə üzvlərinin istifadəsi ilə bağlı heç bir danışıqlar aparılmamış və heç bir razılıq və ya əqd bağlanmamışdır. Eyni zamanda, qanunvericiliyin tələblərinə görə daşınmaz əmlaka istifadə hüququ ilə bağlı əqdlər notarial qaydada təsdiqlənməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 4.3-cü maddəsinə əsasən məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Mülkiyyət hüquqlarının pozulması ilə bğlı tələblər üzrə pretenziya qaydasına riayət olunması qanunla nəzərdə tutulmadıqda və tərəflər arasında müqavilə mövcud olmadığından iddiaçı pretenziya qaydasına riayət etməsi vəzifəsini daşınmamışdır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə cavabdehə fərdi yaşayış evindən çıxması və boşaldılaraq ona təhvil verilməsi ilə əlaqədar müraciət etmişdir. Bununla bağlı iddiaçı həmçinin Binəqədi RPİ-nin 4-cü PŞ-nə müraciət etmiş, polis şöbəsinin sahə inspektoru tərəfindən fərdi yaşayış evinə yerində baxış keçirilmiş və iş materiallarında olan müvafiq akt tərtib edilmişdir.

Proses iştirakçılarının izahatı

13. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, iddiaçı ilə 230.000 manatı ödəməyə razılaşmışdılar. Onlar ona dərhal 65.000 manat veriblər. Pandemiya dövrü ilə əlaqədar olaraq işləri azalmışdı. Yenicə işləri qaydasına qoyurdu. 50.000 dolları verib qalanın da sonra iddiaçıya verməyi istəsə də, iddiaçı onu iş yerinə qəbul etmədi, telefonlarına cavab vermədi. O banka pul qoymuşdu amma, bankla iddiaçı nə danışıbsa bankla problemlər yaşadı. Həmin ev onun ata yurdudur. İddiaçıya dedi ki, ona vaxt verin ki, pulu ödəsin. İddiaçı ancaq bütov şəkildə ödənişi istəyirdi. İddiaçıya ümumillikdə 65.000 manatı vermişdi, qalanın da hissəhissə verəcəkdi. Amma iddiaçı bununla razılaşmadı. Dəfələrlə iddiaçıyla əlaqə saxlamaq istəsə də bu mümkün olmadı. O 50.000 dollar pulu düzəldib may ayında iddiaçıya vermək üçün əlaqə saxlamaq istəsə də iddiaçı bununla razılaşmadı. Məhkəmə tərəfindən ona vaxt verilsə pulu ödəyəcək. Onlar iddiaçı ilə şifahi əqd bağlamışdılar ki, həmin evi alacaqlar. Niyyəti evi almaq olmuşdur. May ayında 50.000 dollar pulu verəcəkdi, qalan pulu da müəyyən vaxt ərzində ödəyəcəkdi.

14. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, cavabdeh 63.400 manat ödəmişdir. Həmin məbləğdə bir ay ərzində ödənilməyib. Aylar ərzində ödənilmişdir. Həmin məbləğdə beh kimi verilmişdir. Cavabdeh hər dəfə pulu tam verməkdən yayınmışdır. Cavabdeh mart ayında ona yaxınlaşıb bildirmişdir ki, ata yurdudur və evi almaq istəyir. 1 il 2 aydır ki, cavabdeh ödənişini etmir. Hazırda da vaxt udmaq niyyəti ilə şikayət vermişdir. Onlar evi sökmək istəyirdilər, fərdi yaşayış evi tikilsin. Onun düşüncəsi evi icarəyə verib gəlir əldə etmək idi.

15. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, 2016-cı ildə cavabdehə qarşı bank iddia qaldırmışdır. Cavabdeh öhdəliklərini icra etmədiyinə görə 2022-ci ildə fərdi yaşayış evi hərraca çıxarılmaqla satılmışdır. 6 il ərzində cavabdeh öhdəliklərini icra etməmişdir, bundan sonra da etməsi inandırıcı deyil. Tərəflər arasında razılaşma evin cavabdeh tərəfindən alınması ilə bağlı olmuşdur. Buna görə də iddiaçı cavabdehə güvənib və evi heç kimə satmayacağını bildirib. Cavabdeh behi ödədikdən sonra həmin evə əsassız şəkildə daxil olaraq orda yaşamağa başlamışlar. Bu faktı təsdiq edəcək arayış iş materiallarında mövcuddu. Tərəflər arasında heç bir əqd olmayıb. Daşınmaz əmlakla bağlı olan əqdlər notariat qaydasında təsdiqləndikdən sonra əhəmiyyət kəsb edə bilər. Pretenziya qaydası ilə bağlı bildirmək istəyir ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə 63.400 manat məbləğin, cavabdehin etiraz ərizəsinə əsasən iddiaçıya ödənildiyi qənaətinə gəlmişdir. Bu məbləğin ödənilməsini etiraf ediblər. Həmçinin məhkəmədə bu fakt təsdiq edilməmişdir. May ayında beh müqaviləsi bağlanıb və cavabdeh ayın sonuna kimi ödənişi tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Müqaviləyə riayət etməyiblər və iddiaçının evinə qanunsuz girib yaşayıblar. İddiaçının evi may ayında satmaq niyyəti var idi və ayın sonuna kimi razılaşma həyata keçirilməli idi. Razılaşmaya əsasən mayın sonuna kimi behin qalanı da cavabdeh ödəniləcəkdi, əgər ödənilməzsə beh batacaqdı və cavabdeh behi tələb edə bilməzdi. Elə həmin zamanda cavabdeh qanunsuz daxil olub evdə icazəsiz yaşamağa başlayıblar. Əldə çıxmış faydanı ona görə tələb ediblər ki, iddiaçı həmin evdən istifadə etsəydi və icarəyə versəydi aylıq gəlir olaraq 1200 manat gəlir əldə ediləcəkdi. Əldən çıxmış fayda iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan arayışdan aydın olur ki, həmin ərazidə orta bazar qiyməti ilə icarə haqqı göstərilmişdir. Məhkəmə ən minimum məbləği götürmüşdür. Əvvəllər icarə ilə bağlı heç bir müqavilələri olmayıb çünki, cavabdeh evdən çıxmamışdır. Cavabdeh ailəsi həmin evdə olmasa idi ev icarəyə veriləcəkdi və gəlir əldə ediləcəkdi. Həmçinin, iddiaçı bankdan kredit götürüb və 1480 manat hər ay banka pul ödəyir. Həmin ödənişi kompensasiya etmək üçün iddiaçı evi icarəyə verəcəkdi ya da satacaqdı.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.

18. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

21. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Həmin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

24. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Mülki Prosessual Məcəllənin 51.1 və 51.2-ci maddələrinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızından müştərək qaydada əldən çıxmış faydaya görə 7200 (yeddi min iki yüz) manat pul məbləği tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir.

30. Belə ki, hazırkı iddiasında iddiaçının tələbi 2 hissədən ibarətdir:

1. Cavabdehlərin mübahisəli ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 365.8 kv.m olan fərdi yaşayış evindən çıxarılması

2. Cavabdehlərin mənzildə qaldığı müddət üçün əldə çıxmış faydanın cavabdehlərdən tutulması

31. İddiaçının ilk tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(007)-412/2016 saylı qətnaməsi ilə mübahisəli evə cavabdehlər X2, X1 və Cavabdeh2 ilə “Bank VTB (Azərbaycan)” ASC arasında imzalanmış kredit müqaviləsi üzrə borcun əvəzi olaraq tutma yönəldilmişdir.

32. Bundan sonra “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında imzalanmış alqısatqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş və mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

33. Göründüyü kimi, iddiaçı qanuni əsaslarla əmlaka mülkiyyət hüququ əldə etmiş və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 365.8 kv.m olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir.

34. Hazırkı halda cavabdehlərin iddiaçıya məxsus evdə yaşamaları iddiaçının ona məxsus əmlakla bağlı mülkiyyət hüquqularını - əmlaka sahiblik, ondan istifadə və əmlakla bağlı sərəncam vermə hüquqlarının həyata keçirilməsinə mane olur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərin ona məxsus əmlakdan çıxarılması bağlı iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

35. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, iddiaçı daşınmaz əmlakla bağlı mülkiyyət hüququnu bankla aralarında bağlanmış 28 fevral 2022-ci il tarixli müqaviləyə əsasən əldə etməsinə baxmayaraq iddia ərizəsi verilən tarixə kimi keçən müddət ərzində cavabdehlərə qarşı hər hansı pretenziya məktubu ilə müraciət etməmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, mülkiyyətçinin ona məxsus əmlakın başqasının qanunsuz sahibliyindən əldə edilməsi ilə bağlı iddialarla əlaqədar olaraq pretenziya qaydasına əməl edilməsi şərti qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən müəyyən kateqoriya işlər üçün qanunvericilikdə nəzərdə tutulduğu halda və tərəflər arasında imzalanmış müqavilədə qeyd edildiyi halda pretenziya qaydasına əməl edilməsi tələb edilir.

37. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən onun tərəfindən mənzilin alınması ilə bağlı pul ödəniləcək, bununla əlaqədar olaraq cavabdeh tərəfindən 64 000 manat pul ödənilmişdir. Tərəflər arasında bağlanmış şifahi əqdin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehlərə pulun qalan hissəsinin ödənilməsi ilə bağlı 2023-cü ilin yanvar-fevral aylarına kimi möhlət veriləcəyi razılaşdırılsa da iddiaçı tərəfindən bu tələbə əməl edilməmişdir. Cavabdehin dəlilinə əsasən tərəflər arasında susmaq şəklində verbal hərəkətlər olmuşdur ki, bu da iddiaçının əqdi bağlamaqla bağlı iradə ifadəsinin göstəricisidir.

38. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlakla bağlı əqdlər yazılı qaydada notarial qaydada təsdiq edilməklə bağlanmalıdır. Mülki Məcəllənin 144.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

39. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərin mübahisəli evdə yaşadıqları 01 may 2022-ci il tarixdən çıxarıldığı tarixə kimi hər ay üçün icarə haqqının tutulması ilə bağlı işə baxan məhkəmənin mövqeyi ilə razılaşmır.

40. Belə ki, iş materiallarının araşdırılması zamanı tərəflərin izahatları ilə müəyyən olunur ki, mübahisəli ev atasına məxsus əmlak olduğu üçün cavabdeh onu yenidən əldə etmək istəmiş və bununla bağlı iddiaçı ilə şifahi razılığa gəlmişdir. Cavabdeh2 izahatında ilkin olaraq iddiaçıya 65000 manat verildiyini bildirmiş, iddiaçı isə 63 400 manat beh olaraq ödənildiyini təsdiq edir. İddiaçı eyni zamanda qeyd edir ki, cavabdeh evdə yaşadığı müddət ərzində aralarında əldə edilmiş razılığa əsasən ona ödənilməli olan pulun qalanını ödəməmiş, eyni zamanda evi tərk etməyərək onu əmlakdan əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir.

41. İddiaçı əldən çıxmış fayda ilə bağlı iddia tələbini onunla əsaslandırır ki, o, mübahisə predmeti olan evi alğı-satqı müqaviləsinə əsasən əldə etdikdən sonra əmlakı ilə bağlı icarə müqaviləsi bağlayaraq gəlir əldə etmək niyyətində olmuşdur.

42. Məhkəmə kollegiyası iddiaçının əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, iddiaçı əldə çıxmış fayda ilə bağlı tələb irəli sürməsinə baxmayaraq, cavabdehlərin mübahisəli evdə məskunlaşmasından qabaq həmin əmlakla bağlı icarə müqaviləsi bağlaması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində gəlirdən məhrum olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı izahatında evin əvvəllər icarəyə verilmədiyini bildirmiş, gələcək üçün evi sökərək, yeni fərdi yaşayış evi tikərək icarəyə vermək niyyətinin olduğunu qeyd etmişdir.

43. Mülki qanunvericiliyə əsasən əldə çıxmış fayda dedikdə, şəxsin adi mülki dövriyyə şəraitində əldə ediləcəyi gəlirlər başa düşülür.

44. Hazırkı halda isə işin faktiki hallarından da göründüyü kimi, iddiaçı mənzillə bağlı mülkiyyət hüququ əldə edildikdən bir müddət sonra cavabdehə evi satmaq niyyəti olmuş, lakin cavabdeh ödənişləri vaxtında etməmişdir.

45. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5476/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - “cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızından müştərək qaydada əldən çıxmış faydaya görə 7200 (yeddi min iki yüz) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmaldır.

46. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5476/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - “cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızından müştərək qaydada əldən çıxmış faydaya görə 7200 (yeddi min iki yüz) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5476/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar