Məhkəmə qərarları › İş №2(103)-2618/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2618/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2618/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5018/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan müəyyən olunur ki, aralarında olan razılaşmaya əsasən İddiaçı 2021- ci ilin fevral ayı olan müddətdə idarə etdiyi “AUDİ Q-7” markalı avtomobilini Amor şadlıq sarayı ilə üz-bəüz yerləşən avtoservisə Xəqani adlı şəxsin yanına təmir etmək üçün qoymuş və Cavabdeh1 1400 manat pul verilmiş, lakin sonuncu aldığı pul vəsatinın müqabilində iş görməmiş və İddiaçı borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7100 manat və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırmışdır ki, təxminən iki il əvvəl ona məxsus “Audi Q7" markalı avtomobilini maşın ustası kimi fəaliyyət göstərən Cavabdeh1 təmir üçün vermişdir. Xəqani adlı ustaya ilkin ödəniş 1500 manat ödəniş etmişdir. O, avtomobilin mühərrikində olan nasazlıqları aradan qaldırmalı və əsaslı təmir etməli idi. Maşını sürüb işlək vəziyyətdə onun işlədiyi təmir sexinə aparmışdır. Usta artıq iki ilə yaxındır ki, maşını təmir edib ona təhvil vermir. Ona məxsus avtomobilinin dəyəri 20.000 manat təşkil edir. Lakin sonradan ona məlum olmuşdur ki, sözü gedən avtomobilin ehtiyat hissələrini sökərək satmışlar. Bununla da ona məxsus avtomobil tamamilə yarasız hala salınmışdır. Xaqaninin qardaşı İlkinin başqa servisdə işlədiyini bilirdi. İlkin və onunla işləyən ustaların onun avtomobilinin Kondisioner kompressorunu söküb götürmək istədiyinin şahidi olmuşdur. Məcburiyyət qarşısında qalaraq maşınını maşın daşıyan avtomobilin üzərinə qoyaraq yaşadığı evin həyətinə gətirmişdir. Hal-hazırda maşın olduğu kimi qalır. Pulunun qaytarılmasını tələb etsə də müxtəlif bəhanələr gətirilərək verməmişlər. Yalan vədlər versələr də bu günə kimi heç bir iş görməmişlər. Daha sonra məcburiyyət qarşısında qalaraq Binəqədi RPİ-nə onların qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Şikayəti Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Rasim Məmmədovun icraatına verilmiş, araşdırmalar aparılmış və izahatlar alınmışdır. “Cinayət işinin rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Maşınlarının hissələrini sökülüb satılan yararsız vəziyyətə salınan zərərçəkənlər sayca onlarca var. X1, X3, X6, Bəşirov Ceyhun srafıl oğlu və sairlərini göstərə bilər. Mülkiyyətində olan maşından dəyəri 400 manat olan havatəmizləyici, dəyəri 1100 manat olan kondinoserin kompressoru, dəyəri 600 manat olan su paylayıcısı, dəyəri 2500 manat olan katalizatoru, dəyəri 700 manat olan razdatkasını, dəyəri 400 manat olan akumulyatoru açaraq satmışlar. Eyni zamanda qabaqcadan da işi görmək üçün 1400 manat pul almışlar. Cavabdehlərdən müştərək caydada 7100 manat məhkəmə qaydasında tutularaq ona ödənilməlidir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5018/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 1400 manat və ödənilmiş 91 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 752.1, 755-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, ona məxsus olan maşına texniki baxış keçirilərək onda çatışmayan detalların siyahısı və məbləği barədə qaimə və faktura tərtib edilmişdir. Avtomobil 2 ilə yaxın müddətə cavabdehlərdə qalmışdır. Bu səbəbdən həmin maşına texniki baxış keçirilərək oğurlanmış detalların siyahısını və məbləğini müəyyən etmək mümkün olmamış və bu səbəbdən həmin sübutu birinci instansiya məhkəməsinə təqdim etmək imkanı olmamışdır. ******* nömrəli, 20 dekabr 2022-ci il tarixli qaimə və fakturaya əsasən cavabdehlər tərəfindən maşından müvafiq detalların oğurlanaraq ona vurulmuş zərərin 7000 ( yeddi min) manat olduğu müəyyən edilmişdir. Odur ki, 20 dekabr 2022-ci il tarixdə tərtib edilmiş qaimə və faktura apellyasiya şikayətinə əlavə olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər məhkəmə prosesində iştirak etməmişdir. Nəsimi Rayon Məhkəməsi cavabdehləri dindirmədən iş tam, obyektiv və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Bununla da, cavabdehlərin xeyrinə qətnamə qəbul edərək hüquqlarımın kobud surətdə pozulması ilə nəticələnən ədalətsiz və qanunsuz qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

15. Maddə 755 podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur..

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, qətnamə yalnız iddia tələbinin təmin edilməməsi hissədində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası izahatın dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5018/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında iddiaçıya məxsus “AUDİ Q-7” markalı avtomobilin təmir edilməsi üçün şifahi qaydada razılaşma olmuş, razılaşmaya əsasən iddiaçı Cavabdeh1 1400 manat pul ödəmiş, Cavabdeh1 isə öz öhdəliklərini icra etməmişdir.

26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı apellyasiya şikayətinin dəlili bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində 7100 manat məbləğində pulun ödənilməsini tələb etsə də, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən Cavabdeh1 yalnız 1400 manat məbləğində pulun verildiyi müəyyən olunmuşdur. Bundan başqa, iddiaçı iddia ərizəsində ona məxsus avtomobilin ehtiyat hissələrinin satıldığını qeyd etsə də, bu iddia tələbinin əsasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).

27. İddianın Cavabdeh2 qarşı hissəsinə münasibətdə də məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında mülki hüquqi məsuliyyətin yaranma əsaslarından heç biri mövcud deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında hər hansı şifahi razılaşma olmamış, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmiş və iddiaçı tərəfindən pul məbləği Cavabdeh2 ödənilməmişdir. İddiaçı tərəfindən Cavabdeh2 şifahi razılaşmaya əsasən hər hansı öhdəlik götürməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

29. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilmə bilməz.

31. Kollegiya iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş qaimə faktura ilə bağlı qeyd edir ki, həmin sübut hazırkı halda iddia tələbinin təmin edilməsi üçün əsaslı sübut hesab edilə bilməz. Belə ki, MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. Göründüyü kimi, iddiaçı tərəf həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübut birinci instansiya məhkəməsində təqdim edilməsinin odan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.

33. Kollegiya onu da qeyd edir ki, həmin sübut apellyasiya icraatı zamanı qəbul edilmiş olsa belə, qaimə-fakturada qüsurun və çatışmazlığın hansı avto nəqliyyat vasitəsinə məxsusluğu və çatışmayan ehtiyat hissələrinin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi sübut edilmir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5018/2022 nömrəli iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar