Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2619/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın tutulması tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı 2(010)-110/2020 saylı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62400 manat və 680 avro məbləğində (Azərbaycan manatına olan ekvivalenti miqdarında) maddi ziyanın və 10000 manat məbləğində mənəvi zərərin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ildə Cavabdeh bir neçə dəfə hüquqi xidmət göstərmək üçün ona müraciət etmişdir. Cavabdehin mülkiyyətçisi olduğu Səməd Vurğun bağında yerləşən obyekt sökülmüşdür. Cavabdeh bununla bağlı kompensasiya almaq istəmişdir. O, işdə prespektiv görmədiyi üçün cavabdehin ilk müraciətlərini müsbət qarşılamamış, lakin, sonradan bəzi dostlar vasitəsi ilə ondan xahiş etdiyi üçün, razılıq verərək işə qoşulmuşdur. Cavabdehlə aralarında 18 sentyabr 2009-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən cavabdeh maddi və mənəvi zərərə görə ödəniləcək kompensasiyanın 10%-ni ona ödəməyi öhdəsinə götürmüşdür. O, işə Apelyasiya instansiyası məhkəməsində qoşulmuşdur. Onun səyləri nəticəsində cavabdehə 623.996 manat kompensasiya məbləğinin ödənilməsinə dair məhkəmə qərarı çıxarılmasına nail olmuşdur. Lakin qərar çıxdıqdan sonra Bakı şəhər İcra Hakimiyyəti qərarı icra edib qeyd edilən məbləği cavabdehə ödəməkdən imtina etmişdir. İcra məsələsini həll etmək üçün o, Avropa Məhkəməsinə müraciət edərək ölkədaxili məhkəmələrin qərarlarının icra edilməməsindən şikayət etmişdir. Avropa Məhkəməsinin 21 iyul 2016-cı il tarixli qərardadı ilə Azərbaycan Hökuməti məhkəmə qərarlarını 3 ay ərzində icra etmək öhdəliyi götürdüyündən cavabdehlə Hökumət arasında Deklarasiya imzalanmış və iş baxılan işlərin siyahısından çıxarılmışdır. Qərardada əsasən Hökumət ölkədaxili məhkəmə qərarlarında göstərilən kompensasiyanı ödəməklə yanaşı şikayətçiyə vurulmuş mənəvi zərərə görə 1800 avro, vəkil xərci kimi 500 avro ödəməlidir. Əvvəllcə 2.300 (1.800+500) avro məbləğində mənəvi zərər və vəkil xərci cavabdehin Azərbaycan Respublikası Beynəlxalq X1 AZ31İBAZ******************** saylı hesabına köçürülmüş, daha sonra isə iki dəfə olmaqla 400.000 (dörd yüz min) manat (hər dəfə 200.000 manat) vəsait ona ödənilmişdir. Lakin cavabdeh ona ödəməli olduğu qonorarı verməkdən imtina edir. O, cavabdehlə dəfələrlə görüşüb tələb etməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələrlə qonorar ödəməkdən və beləliklə, müqavilə ilə öhdəsinə götürdüyü vəzifəni icra etməkdən imtina edir. 2018-ci ilin noyabrında cavabdeh söz vermişdir ki, ikinci ödənişi alan gün qonorarı ödəyəcək. Lakin bundan sonra da cavabdeh qonorarı ödəməkdən imtina etmiş və bildirmişdir ki, o, qərarı icra etdirə bilməmişdir, cavabdeh pulu başqa adamlar vasitəsi ilə almışdır, ona heç bir qonorar ödəməyəcəkdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi, 18.09.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, 50000 manat məbləğində maddi ziyanın, həmin məbləğə əlavə 5 faiz hesablanmaqla bir ilə 2500 manat vəsaitin, 5000 manat mənəvi zərərin və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddianın mahiyyətinə baxdıqda onun əsasını 18.09.2009-cu il tarixli müqavilə təşkil edir. Həmin müqavilənin 3-cü bəndinə görə Avropa Məhkəməsində iş müsbət həll olunarsa, müştəri ona ödəniləcək maddi və mənəvi zərər məbləğinin 10 faizi miqdarında hüquqşünasa əlavə qonorar ödəyəcəkdir. Mülki iş daxili instansiya məhkəmələri tərəfindən artıq müsbət həll edilmişdir və Avropa Məhkəməsi mahiyyəti üzrə qərar qəbul etməmiş, sadəcə ərizəçi ilə dövlət arasında barışığı təsdiq etmiş, dövlət isə bunun qarşılığında ərizəçiyə 1800 avro mənəvi zərər, 500 avro isə xərclərə görə təzminat kəsmişdir. Həmin 500 avro iddiaçıya ödənilmişdir. Göründüyü kimi iş daxili məhkəmələrdə öz müsbət həllini tapmışdır. Bundan başqa, daxili instansiya məhkəmələrinin qərarının icrasına səbəb Avropa Məhkəməsinin çıxardığı barışıq sazişinin təsdiqinə dair qərardad olmamışdır. İddiaçı işin gedişindən dəfələrlə ona bildirmişdir ki, o, artıq pul məbləğini hökümətə ödətdirə bilmir. İddiaçı ona pulu ödətdirmək üçün başqa yol tapmağı tövsiyyə etmişdir. Ona görə də, o, iddiaçının xidmətlərindən imtina edərək pulun ödətdirilməsi üçün başqa şəxsə etibarnamə vermişdir. Həmin şəxs tərəfindən bu istiqamətdə müsbət addımlar atılmışdır. Qeyd edilənlərdən əlavə 18.09.2009-cu il tarixli müqavilə mülki qanunvericiliyin tələbləri pozulmaqla hazırlanmışdır. Belə ki, müqavilənin hər iki səhifəsi deyil, yalnız ikinci səhifəsi imzalanmışdır. Bu da iddiaçının müqavilənin əsas müddəalarından bəhs edən birinci səhifəsinə istədiyi bəndi əlavə etmək imkanı verir. Çünki birinci səhifədə nə onun, nə də iddiaçının imzası mövcud deyildir. Həmçinin o, hesab edir ki, iddia ərizəsinə əlavə olunmuş 18.09.2009-cu il tarixli müqavilə saxtadır. Belə ki, İddiaçı onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu müddətdə etibarından sui-istifadə edərək, ona boş ağ kağızlara imza etdirmişdir. Müqavilədə qeyd edilən imza da çox güman ki, həmin ağ kağızlara imzalanmış imzalardan biridir. O, ağ kağıza imza etdikdən sonra iddiaçı həmin ağ kağızda olan imzanı printerə yerləşdirərək istədiyi müqaviləni yazaraq çıxarmışdır. Bundan başqa o, həmin imzanın da saxtalaşdırıldığını ehtimal edir. Belə ki, çox ehtimal ki, imza da ona məxsus deyildir. Qeyd edilənlərdən əlavə hesab edir ki, guya tərəfindən icra edilmiş imzanın tarixi 2009-cu ilə təsadüf etmir. Həmin imza iddiaçı tərəfindən saxtalaşdırılmış və 2009-cu ildə deyil, sonradan icra edilmişdir. Göründüyü kimi ilkin iddianın heç bir hüquqi əsası yoxdur. Pul tələbi təmin edilmədiyi halda mənəvi ziyanın da ondan tutulması absurddur. İddiaçıya heç bir mənəvi ziyan dəyməmiş və sonuncu mənəvi sarsıntı belə keçirməmişdir. Əksinə ona maddi ziyan vurulmuşdur. Belə ki, iddiaçı onun nümayəndəsi olduğu müddətdə mülki işin həll edilməsi üçün müxtəlif vaxtlarda cəmi 50000 manat məbləğində pul almışdır. Həmin pulun alınması rəsmiləşdirilməmiş və iddiaçı tərəfindən nağd şəkildə qəbul edilmişdir. Bununla da ona iddiaçı tərəfindən 50000 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin maddi ziyanın 40000 manat hissəsi hazırda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan X3 köçürülməlidir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilmiş, ilkin iddia üzrə Cavabdeh qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 680 (altı yüz səksən) avro məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədə sözlər məhz ümumi qəbul edilmiş anlamda qəbul edilməlidir - iş müsbət yekunlaşarsa cavabdeh iddiaçıya söküntü nəticəsində dəymiş zərərin kompensasiyası kimi ödəniləcək ümumi uduş məbləğinin 10 faizi miqdarında qonorar ödəməlidir. Tərəflər məhz belə razılığa gəlmişlər və iddiaçı uduş halında məbləğin (kompensasiyanın) böyük olacağını və qismən qonorar ödənilməsini nəzərə alaraq müqavilənin 1-ci bəndində göstərilən xidmətə görə cavabdehin təklif etdiyi 20 faizə deyil, 10 faizə razılaşıb. Bundan başqa, birinci, müqavilə bağlanarkən tərəflər işin hansı instansiyada yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Üstəlik, xidmət Müqavilədə göstəriləndən daha böyük həcmdə olub - Bakı şəhər İcra Hakimiyyəti işin gedişində cavabdehə qarşı daha bir iddia qaldırıb (mübahisəli obyektin özəlləşdirilməsinin etibarsız saılması) və iş üzrə icraat dayandırılıb. İddiaçı əlavə olaraq daha 3 instansiyada cavabdehi təmsil edib. İkinci, tərəflər qonorarı bütün iş həcminə və nəticəyə görə razılaşdırıblar. Bu, müqavilədə də əksini tapıb və ölkədə oturuşmuş praktika da belədir. Müqavilə bağlanan vaxt söküntülərlə bağlı kompensasiya ödənilməsinə dair iddiaların çoxu ölkədaxili məhkəmələrdə təmin olunmurdu və müqavilədə nəzərdə tutulubtutulmamasından asılı olmayaraq işlər Avropa Məhkəməsinə göndərilirdi. Praktikada müqavilələr ya bütün proses üçün bağlanır, ya da ölkədaxili instansiyalar üçün bir, Avropa Məhkəməsi üçün ayrı müqavilə bağlanırdı. Məhkəmənin verdiyi təfsir o halda ağlabatan olardı ki, iddiaçı yalnız Avropa Məhkəməsində təmsilçiliklə bağlı müqavilə bağlayardı. Üçüncü, Müqavilənin 3-cü bəndi işin ölkədaxili instansiyalarda həll edilməyəcəyi halı nizama salır. Bundan başqa, hər bir halda cavabdeh ölkədaxili məhkəmələrin qərarı ilə müəyyən edilmiş kompensasiyanı məhz Avropa Məhkəməsinin qərarından sonra alıb və bütün bunlar iddiaçının göstərdiyi xidmət nəticəsində mümkün olub. Dördüncü, müqavilədə qərarın icrasına nail olmaq vəzifəsinin iddiaçının üzərinə qoyulması barədə şərt yoxdur. Buna baxmayaraq, iddiaçı bu halda da cavabdehə hüquq xidməti göstərib icra məmurunun qanunsuz hərəkətsizliyindən məhkəməyə şikayət verib, onu məhkəmədə təmsil edib, müxtəlif instansiyalara çoxsaylı şikayətlər tərtib edib, Avropa Məhkəməsində onu təmsil edib, qərarın icra olunmaması ilə bağlı AŞ NK-nə müraciətlər göndərib, Ədliyyə Nazirinin qəbulunda olub və s. Mənəvi ziyana dair hissədə - cavabdehin müqavilə üzrə üzərinə götürdüyü vəzifələri uzun müddət icra etməməsi, iddiaçıya qarşı ədalətsizlik etməsi, üstəlik ona qarşı əsassız iddia qaldırması, onu müqaviləni və imzanı saxtalaşdırmaqda suçlaması və s. hərəkətləri mənəvi ziyan tələbi üçün yetərli əsaslardır. Cavabdehin bu hərəkətləri iddiaçının əlavə mənəvi rahatsızlıqlar yaşamasına, mənəvi əzab çəkməsinə səbəb olub. Əslində məhkəmə iddianı qismən təmin etməklə mənəvi ziyan tələbinə əsas verən halların mövcudluğunu özü müəyyən edib. Cavabdehi 10 ilə yaxın müddətdə 10-dan artıq məhkəmə instansiyasında təmsil etmiş və onun pozulmuş hüquqlarının bərpasına nail olmuş şəxsə qarşı ədalətsizlik edilməsini normal sayan məhkəmə heç olmasa bunu əsaslandırmalı idi. İddiaçının məhkəməyə təqdim etdiyi vəsatətlərin (işin qəsdən yubadılmasına görə cavabdehin cərimə edilməsi, korrupsiya faktı ilə bağlı təqsirkar şəxslər barədə cinayət işi qaldırılması, ABB-na sorğu verilməsi) taleyi barədə də qətnamədə hər hansı qərar qəbul edildiyi barədə qeyd yoxdur və bunlarla bağlı hər hansı qərardad elan edilməyib və iddiaçıya təqdim edilməyib. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 18.09.2009-cu il tarixil müqavilənin 3-cü bəndinə görə Avropa Məhkəməsində iş müsbət həll olunarsa, müştəri ona ödəniləcək maddi və mənəvi zərər məbləğinin 10 faizi miqdarında hüquqşünasa əlavə qonorar ödəyəcəkdir. Qeyd edir ki, mülki iş daxili instansiya məhkəmələri tərəfindən artıq müsbət həll edilmişdir və Avropa Məhkəməsi mahiyyəti üzrə qərar qəbul etməmiş, sadəcə ərizəçi ilə dövlət arasında barışığı təsdiq etmiş, dövlət isə bunun qarşılığında ərizəçiyə 1800 avro mənəvi zərər, 500 avro isə xərclərə görə təzminat kəsmişdir. Həmin 500 avro İddiaçı ödənilmişdir. Göründüyü kimi iş daxili məhkəmələrdə öz müsbət həllini tapmışdır. Ona görə də ilkin iddiaçının tələbi əsassızdır. Lakin məhkəmə ilkin iddianı qismən təmin edərək Cavabdeh 680 avro məbləğində pulun tutularaq İddiaçı xeyrinə tutulmalı olması qənaətinə gəlir. Avropa Məhkəməsinin tutduğu məbləğ 1800 avro mənəvi zərər, 5000 avro isə xərclərə görə təzminatdır. Həmin 500 avro məbləğində pul İddiaçı özünün də etiraf etdiyi kimi ona ödənilmişdir. Yerdə qalan 1800 avro məbləğində pulun isə faizi 180 avro edir. Belə çıxır ki, məhkəmə tərəfindən tutulan məbləğ artıqdır. Buna baxmayaraq, Cavabdeh həmin məbləği də qəbul etmir və ilkin iddianın tamamilə əsassız olduğunu bildirir. Bundan başqa, Cavabdehla İddiaçı arasında bağlanmış 18.09.2009- cu il tarixli müqavilə mülki qanunvericiliyin tələbləri pozulmaqla hazırlanmışdır. Belə ki, müqavilənin hər iki səhifəsi deyil, yalnız ikinci səhifəsi imzalanmışdır. Bu da iddiaçının müqavilənin əsas müddəalarından bəhs edən birinci səhifəsinə istədiyi bəndi əlavə etmək imkanı verir. Çünki birinci səhifədə nə Cavabdeh, nə də İddiaçı imzası mövcud deyildir. Qeyd edilənlərdən əlavə, qarşılıqlı iddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı Cavabdeh nümayəndəsi olduğu müddətdə sonuncudan mülki işin həll edilməsi üçün müxtəlif vaxtlarda cəmi 50000 manat məbləğində pul almışdır Həmin pulun alınması rəsmiləşdirilməmiş və İddiaçı tərəfindən nağd şəkildə əldə edilmişdir. Bununla da Cavabdeh iddiaçı tərəfindən 50000 manat məbləğində maddi ziyan dəymişdir. Lakin məhkəmə qarşılıqlı iddiaçının bu tələbinə münasibət bildirməmişdir. Bundan başqa, məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə belə münasibət bildirməmişdir. Belə ki, müqavilənin bağlandığı müddətdən artıq 10 ildən çox keçdiyini nəzərə alaraq müddətin tətbiq edilməsi və iddianın rədd olunması xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı verdiyi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk idda üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, 18 sentyabr 2009-cu il tarixli müqaviləyə əsasən bir tərəfdən “Hüquqşünas” adlandırılacaq İddiaçı ilə digər tərəfdən “Müştəri” adlandırılacaq Cavabdeh hüquqşünasın müştəriyə mülkiyyət hüququnun müdafiəsinə dair iş üzrə onun hüquqlarının məhkəmələrdə və digər qurumlarda müdafiəsi barədə razılığa gəlmişlər. Ədliyyə Nazirliyinin 06 oktyabr 2020-ci il tarixli, 4/779 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2009cu il tarixli müqavilədə “Müştəri” qrafasındakı imza – Cavabdeh tərəfindən imza edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 21 may 2012-ci il tarixli, 2 (102)-1505/12 saylı qərarından müəyyən edilir ki, iddiaçı Cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində dağılmış xüsusi mülkiyyət obyektinin bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyun 2008-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın 24 dekabr 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin 02 iyun 2008-ci il tarixli qətmaməsi qismən, yəni iddianın cavabdehlərin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində dağılmış xüsusi mülkiyyət obyektinin bərpa edilməsinin rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddianın təmin edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Droqalnı küçəsinin kəsişməsində 44,4 kv metr torpaq sahəsində yerləşən 151 saylı pavilyonun cavabdehlər tərəfindən bərpa edilərək iddiaçı Cavabdeh təhfil verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MİÜMK-nın 23 aprel 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın 24 dekabr 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 18 avqust 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin 02 iyun 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MİÜMK-nın 08 dekabr 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 18 avqust 2009-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2011-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 02 iyun 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən iddiaçı Cavabdeh xeyrinə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Droqalnı küçəsinin kəsişməsində 44,4 kv metr torpaq sahəsində yerləşən 39.4 kv.metr qeyri-yaşayış sahəsinə görə 165.480 manat, 44,4 kv.metr torpaq sahəsinə görə 111.000 manat və əldən çıxmış fayda kimi 60.000 manat, cəmi 336.480 manat pulun tutulması qət edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Ali Məhkəmənin MK-nın 09 sentyabr 2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 02 iyun 2008-ci il tarixli qətmaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri, İcra Hakimiyyətindən iddiaçı Cavabdeh xeyrinə maddi zərərin əvəzi olaraq 618996 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manat, cəmi 623996 manat məbləğində pul vəsaiti tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 21 may 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ədliyyə Nazirliyinin 22 oktyabr 2020-ci il tarixli, 5/713-5/717 nömrəli ekspert rəyinə əsasən 1-tədqiqata təqdim edilmiş 18 sentyabr 2009-cu il tarixli müqavilənin ikinci vərəqində “Müştəri” qrafasında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. 2-tədqiqata təqdim edilmiş 18 sentyabr 2009-cu il tarixli müqavilənin ikinci vərəqində olan imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 3-həmin müqavilənin 1-ci və 2-ci vərəqələri fiziki göstəricilərinə (qalınlıq, lüminisensiya xassələri) və kimyəvi tərkiblərinə (üzvi tərkib) görə bir-birindən fərqlənmirlər. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna əsasən Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim edilmiş 26.04.2021-ci il tarixli hesabdan çıxarışa əsasən, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh bank hesabına 15.11.2018-ci il tarixdə 200000 manat, 14.02.2019-cu il tarixlərdə 200000 manat, 21.05.2019-cu il tarixdə 223,996 manat pul köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış hüquqi xidmət haqqında müqavilənin 3-cü bəndini düzgün şərh etməyərək səhvən belə nəticəyə gəlmişdir ki, mübahisənin Avropa Məhkəməsində ərizəçinin lehinə həll ediləcəyi təqdirdə əldə ediləcək maddi və ya mənəvi ziyanın 10 faizi miqdarında vəkil qonorarı yerli məhkəmələr tərəfindən artıq qət edilmiş kompensasiya məbləğinə yox, Avropa Məhkəməsinin qət edəcəyi pul məbləğinə nəzərdə tutulmuşdur. Yəni, bu bənddə cavabdehin yerli məhkəmələr tərəfindən qət edilən kompensasiya məbləğindən də 10 faizlik qonorar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəfləq arasında hüquqi xidmət müqaviləsi qeyd edilən mülki mübahisə üzrə yalnız Avropa Məhkəməsinə müraciət edilməsi üçün deyil, bütün xidmət müddəti üçün bağlanmışdır. Müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdilər. Bu halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 10 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 404.1ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.4-cü maddəsinə görə müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Həmin Məcəllənin 404.5-ci maddəsinə görə qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İlkin iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanılmış 18.09.2009-cu il tarixli müqavilənin 1-ci bəndinə əsasən, hüquqşünas - İddiaçı müştərinin - Cavabdeh mülkiyyət hüququnun müdafiəsinə dair iş üzrə onun hüquqlarının məhkəmələrdə və digər qurumlarda müdafiəsini öz üzərinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə görə Avropa Məhkəməsində iş müsbət həll olunarsa müştəri ona ödəniləcək maddi və mənəvi zərər məbləğinin 10 faizi miqdarında hüquqşünasa əlavə qonarar ödəyəcəkdir. Hüquqşünas olan iddiaçı cavabdehə hüquqi xidmətlər göstərmiş, məhkəmə qərarı ilə müştəri olan cavabdehə 623996 manat kompensasiya məbləğinin ödənilməsi qət edilmişdir. Həmin kompensasiya məbləği cavabdehə ödənilmədiyi üçün İddiaçı tərəfindən Avropa Məhkəməsinə müraciət edilmişdir. Avropa Məhkəməsinin 21 iyul tarixli 2016-cı il qərardadı ilə Azərbaycan Hökuməti məhkəmə qərarlarını 3 ay ərzində icra etmək öhdəliyi götürdüyündən cavabdehlə Hökumət arasında Deklarasiya imzalanmışdır. Həmin qərardada əsasən, tutulmalı olan 623.996 manat kompensasiya ilə yanaşı, şikayətçiyə vurulmuş mənəvi zərərə görə 1800 avro, vəkil xərci kimi 500 avro ödəməlidir. Əvvəllcə mənəvi zərərə və vəkil xərcinə görə cəmi 2.300 avro məbləğində pul, daha sonra isə üç dəfəyə, cəmi 623996 manat cavabdehin Azərbaycan Respublikası Beynəlxalq X1 AZ31İBAZ******************** saylı hesabına köçürülmüşdür. Beləliklə, birinci instansiya məhkəməsindəki araşdırma zamanı mötəbər olduğu müəyyən edilən müqavilə üzrə öhdəliklərin İddiaçı tərəfindən yerinə yetirildiyi işin tədqiq edilmiş, habelə məhkəmə sorğusuna əsasən təqdim edilmiş hesabdan çıxarışa əsasən, öz təsdiqini tapdığından ilkin iddianın 62399,6 manat və 680 avro məbləğində (Azərbaycan manatına olan ekvivalenti miqdarında) maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Belə ki, mübahisə ölkədaxili məhkəmələrdə və Avropa Məhkəməsində ərizəçinin lehinə həll edilmiş və tərəflər arasında bağlanmış hüquqi xidmət müqaviləsinin şərtlərinə əsasən əldə ediləcək maddi və ya mənəvi ziyanın 10 faizi miqdarı vəkil qonorarı kimi verilməlidir. Məhkəmə kollegiyası ilkin iddia ərizəsi üzrə cavabdehin apellyasiya şikayətində ilkin iddianın iddia müddəti ötürülməklə verilməsi barədə qeyd etdiyi dəlilini əsassız sayır. Belə ki, məhkəmə qətnaməsi ilə tutulması qət edilən kompensasiya məbləği müvafiq olaraq 15.11.2018-ci il, 14.02.2019-cu və 21.05.2019-cu il tarixlərdə Cavabdeh bank hesabına köçürülmüş, bundan sonra ilk iddia üzrə cavabdeh iddiaçıya vəkil qonorarını ödəməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia tələbi mənəvi ziyana görə pulun tutulması hissəsində əsaslı hesab edilə bilməz. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılı. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Hazırkı işdə iddiaçının məruz qaldığı mənəvi ziyanın nədən ibarət olması prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırılmamışdır. Ona görə də, ilkin iddia həmin hissədə təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı tələbdə göstərilən hallar cavabdeh tərəfindən əsaslandırılmamış və sübuta yetirilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın qanuni və əsaslı olması sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməli, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk idda üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(010)- 110/2020 saylı qətnaməsi qismən – ilk iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 62399 (altmış iki min üç yüz doxsan doqquz) manat 60 (altmış) qəpik, 680 (altı yüz səksən) avro (qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2619/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2619/2021
14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver