Məhkəmə qərarları › İş №2(103)-2620/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2620/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2620/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1197/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh AR DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək,onun adına olan bütün cərimələrin silinməsini və qanunsuz olaraq həbsə alınmış avtomobilinin azad olunmasını, xx.xx.2018-ci ildə alınmış və geri qaytarılmayan sənədlərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ilə iddiaçı Rəsulov Azad Yahya oğlunun cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadından şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını və ya əks təqdirdə mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 28 iyul 2023cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardaddan şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 09 avqust 2023- cü il tarixli qərardadı ilə iddiaçı Rəsulov Azad Yahya oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5616/2023 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilərək, geri qaytarılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il qərardadından İddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5616/2023 saylı, 16 avqust 2023-ci il tarixli qərardadına izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5616/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qərardada izah verilməsinə hər hansı zərurət olmadığından ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və ötürülmüş müddətin bərpasına dair ərizə ilə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(002)- 2538/2023 saylı qərardadı ilə ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1239/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(002)-2538/2023 saylı qərardadının ləğv edilməsi, İddiaçı iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1197/2024 saylı qərardadı ilə iddiaçı Rəsulov Azad Yahya oğlunun cavabdeh AR DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərardaddan şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1197/2024 saylı qərardadı ilə onun cavabdeh Azərbaycan Respuıblikası Daxili İşlər Nazirliıyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı elektron sistemdən cərimələrin silinməsi tələbinə dair iddia ərizəm icraata qəbul edilməsindən imtina edilmiş və qərardadı onunla əsaslandırmışdır ki,“ hazırkı tələb məzmunundan da göründüyü kimi iddiaçının tələbi inzibati orqanın (Hazırkı halda Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin) inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aiddir. Bu səbəbdən də həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz”. Halbuki o, qeyd olunan tələblə bağlı Qaradağ rayon məhkəməsinə müraciət etməzdən əvvəl Bakı İnzibati məhkəməsinə müraciət etmişdi. Bakı İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6782/2023 saylı qərardadı ilə iddiam mümkün sayılmamışdır. Göründüyü kimi o, eyni tələblə hər iki məhkəməyə müraciət etmiş və hər iki məhkəmədə ərizəni icraata qəbul etməmişdir. Onun şikayətinə harada baxılması ona izah edilməmiş və o, bu barədə hara müraciət etmək lazım olduğunu bilmir. Hara müraciət etsə də ərizəyə baxılmır ki, onlara aidiyyəti yoxdur. Ona görə də Bakı Apellyasiya məhkəməsindən onun hansı məhkəməyə müraciət etməyini təyin etməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1197/2024 nömrəli, 07 mart 2024cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1197/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi “ onun adına olan bütün cərimələrin silinməsini və qanunsuz olaraq həbsə alınmış avtomobilinin azad olunmasını, xx.xx.2018-ci ildə alınmış və geri qaytarılmayan sənədlərinin ona qaytarılması” barədə qətnamə qəbul edilməsidir. Qeyd olunan tələbin məzmunundan da göründüyü kimi iddiaçının tələbi inzibati orqanın (hazırkı halda Azərbaycan Respublikası DİN Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin) inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aiddir. Bu səbəbdən həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə görə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı Rəsulov Azad Yahya oğlunun hazırkı tələbi inzibati tənbeh vermə haqqında qərarın mübahisələndirilməsi ilə əlaqədar olduğundan hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya şikayətin digər dəllillərinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizə formasında deyil, inzibati xəta haqqında işin törədildiyi yer üzrə və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə məhkəməyə (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti əsasında) inzibati tənbeh tətbiq etmə haqqında qərar ona rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1197/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1197/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar