Məhkəmə qərarları › İş №2(103)-2620/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2620/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2620/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı Bank "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "pul" tələbinə dair, Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: ərizənin qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1131/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37000 manat məbləğində pulun, hüquqi xidmət üçün ödənilmiş 520 manat və 202 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək cavabdeh X1 heç bir hüququ olmadığı halda aldatma yolu ilə adına ipoteka ödənişinə görə hesablanmış 2668 manat ƏDV pulunun alınıb qaytarılması haqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 28391,13 manat məbləğində pul, hüquqi xidmət üçün ödənilmiş 520 manat və 202 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmuş, qalan hissədə ilk iddia rədd edilmiş, 26,83 manat ödənilmiş dövlət rüsumu İddiaçı aid edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.

4. Qətnamədə yol verilmiş yanlışlığın və açıq hesab səhvinin aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən xx.xx.2024-cü ilə məhkəmə iclası təyin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1131/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnamədə buraxılmış yanlışlıqlar və açıq hesab səhvləri bağlı aşağıdakılar qəbul edilmişdir: -qətnamənin 9-cu səhifəsin 09-10-cu, 10-cu səhifəsin 2-3-cü, nəticə hissəsinin 2-ci abzaslarında «28391,13 manat» «25723,13 manat» kimi, 10-cu səhifəsinin 3-cü abzasında «175,17 manat» və qətnamənin nəticə hissəsində «202 manat» «167,17 manat» kimi, «26,83 manat» «34,83 manat» kimi oxunması; -qətnamənin 7-cı səhifəsinin 4-cü abzasından sonra «xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "xxxx" ASCnin nümayəndəsi X8 işin hallarına izah verərək qeyd etmişdir ki, ilkin ödəniş olan 20000 manat bankın kassasına ödənilib, bununla bağlı sənəd təqdim edilib. ƏDV ilə bağlı bir məlumatı yoxdur. İstənilən adam Yaqubun adından ödəniş edə bilər. Bunun üçün etibarnaməyə ehtiyac yoxdur.» sözləri əlavə edilməsi; -«xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında Bank "xxxx" ASC-nin nümayəndəsi X4 işin hallarına izah verərək qeyd etmişdir ki, ƏDV alınan zaman etibarnamənin yoxlanılması ilə bağlı bankın bunu yoxlamaq kimi texniki imkanı yoxdur.» sözləri əlavə edilməsi.

5. Bundan sonra Cavabdeh nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, "qətnamənin 9-cu səhifəsin 09-10- cu, 10-cu səhifəsin 2-3-cü, nəticə hissəsinin 2-ci abzaslarında «28391,13 manat» «25723,13 manat» kimi, 10-cu səhifəsinin 3-cü abzasında «175,17 manat» və qətnamənin nəticə hissəsində «202 manat» «167,17 manat» kimi, «26,83 manat» «34,83 manat» kimi oxunsun" hissəsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1131/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli e- 2(008)-1131/2024 nömrəli qətnaməsinin izahı barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. 7.Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizədə qətnamədə olan hər hansı anlaşılmazlıq göstərilmədiyindən, məzmun baxımından qətnamədə yol verilmiş yanlışılıq məsələsinə təkrar baxılmasını nəzərdə tutur, halbuki Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1131/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin məsələ mahiyyəti üzrə həll olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qətnamənin izahı barədə ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi halları tənzimləyən hüquq norması olmasa da, məhkəmə hesab edir ki, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edərək hazırki ərizəni qəbul edilməkdən imtina edilməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, baxmayaraq ki, AR MPM-nin tələblərinə görə mülahizələrə əsaslanan qərar qəbul edilmişdir. Halbuki faktlar bütün mülki iş materiallarında öz əksini tapmışdır. Lakin məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamış, məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, ilkin ödəniş olan 20063 manat bankın kassasına Cavabdeh tərəfindən ödənilmişdir. Bu fakt rəsmi öz təsdiqini ödəniş qəbzində tapsa da hakim əssasız olaraq məhkəməni yersiz uzatmaqla iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd edilən heç bir hal nəzərə alınmamışdır. İş üçün əhəmiyyəti olan hallar araşdırılsa da, qətnamə həmin hallara uygun qəbul edilməmişdir. İddiaçının dəlillərinə düsgün qiymət verilməyərək qanunsuz qətnamə qəbul edilmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1131/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1131/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. 12 Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Maddə 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, mülki prosessual qanunvericiliyin istinad olunan normalarına görə qətnaməyə düzəliş edilməsində məqsəd qətnamədə olan açıq hesab səhvlərinin və yanlışlıqların aradan qaldırılmasıdır. Bu hüquqi institut qətnamənin məzmunun dəyişdirilməsi və ya yeni hüquqi mövqe formalaşdırılması məqsədi daşımır. 16.Sözügedən qətnamə isə kifayət qədər aydın, anlaşılan ifadələrlə yazılmış, nəticə hissəsində heç bir ziddiyət və ya anlaşılmazlıq yoxdur. 17.İşdən görünür ki, qətnamədə olan yanlışlıq və açıq hesab səhvləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə aradan qaldırılaraq müvafiq düzəlişlər edilmiş və hər bir düzəlişin səbəbi və hansı zərurətdən irəli gəlməsi lazımi qaydada əsaslandırılmışdır.

18. Cavabdeh tərəfin nümayəndəsinin şikayətində irəli sürülən əsas dəlillər daha çox qətnamənin düzgün və ədalətli qəbul olunmaması ilə, o cümlədən bank ödənişi və ƏDV məsələlərinin qiymətləndirilməsi ilə bağlı olmuşdur. Halbuki həmin məsələlər qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasına deyil, onun mahiyyətinə aiddir və qətnamədə düzəliş edilməsi prosedurunda deyil, məhz onun apellyasiya və ya kassasiya qaydasında mübahisələndirilməsi zamanı müzakirə predmeti ola bilərdi. 19.Bu isə onu göstərir ki, verilmiş ərizə formal baxımdan “qətnamənin izahı” kimi təqdim olunsa da, əslində həmin qətnamənin mahiyyətinin dəyişdirilməsinə yönəlmişdir ki, bu da MPM-in 230-cu maddəsinin tələblərinə uyğun gəlmir.

20. Qanunvericilikdə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələrinin, qərardadlarının, qərarlarının və əmrlərinin bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburiliyi xüsusilə qeyd edilir. Bunun əsasında məhkəmə qərarlarının dövlətin adından çıxarıldığını və onların icrasının məcburi olduğunu təsbit edən konstitusiya müddəası dayanır. Qeyd edilməlidir ki, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplərinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi, məhkəmə tərəfindən verilən qərarların icrası hüququ isə “məhkəməyə hüququn” ayrılmaz hissəsi kimi qiymətləndirilir.

21. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, qətnamədə yol verilmiş yanlışılıqla bağlı məsələ məhkəmənin öz təşəbbüsü ilə həll edildiyindən, ərizə həmin məsələyə təkrar baxılmasına yönəldiyindən məhkəmə qanunun analogiyası üzrə ərizənin qabul edilməsindən imtina etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

22. Qeyd edilməlidir ki, baxmayaraq ki, MPM-də konkret olaraq qətnamənin izahına dair ərizənin yolverilməzliyinə görə qəbul edilməkdən imtina halları ayrıca maddədə nəzərdə tutulmamışdır, lakin məhkəmə bu halda MPM-in 13.4-cü maddəsinə əsaslanaraq analoji hüquq normalarına – MPM-in 153.2.2-ci maddəyə – istinad etmişdir. Həmin maddəyə görə, eyni predmet, tərəflər və əsaslar üzrə daha əvvəl baxılmış və qərar qəbul olunmuş məsələyə təkrar baxış istisna olunur.

23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1131/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar