Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2621/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3635/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin İsmayıllı rayon elektrik şəbəkəsi tərəfindən ona vurulmuş 1200 (bir min iki yüz) manat və əldən çıxmış fayda kimi 600 (altı yüz) manat olmaqla, cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi zərərin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı İsmayıllı rayon Sumağallı kəndində yaşamaqla əkinçilik və heyvandarlıqla məşğul olur. Mülkiyyətində bir neçə baş iribuynuzlu mal-qarası vardır. xx xxxxx 2020-ci il tarixdə kəndlərində yerləşən yüksək gərginlikli elektrik transfarmatorundan qaz xəttinə sızan elektrik enerjisi ona məxsus 1 baş damazlıq inək malını elektrik cərayanı vuraraq öldürmüşdür. Transfarmatorun ətrafında qoruyucu sipər çəkilmədiyindən, vaxtında təhlükəsizlik tədbirləri görülmədiyindən və elektrik sızmasının qarşısı alınmadığından elektrik xəttinin yaxınlığından keçən qaz xəttinə elektrik axını baş vermişdir. O, hadisə barədə və ona dəymiş zərərin ödənilməsi barədə “xxxx” ASC-nin İsmayıllı rayon elektrik şəbəkəsinə vaxtında məlumat vermişdir. Buna baxmayaraq, ona heç bir cavab verilməmişdir. Bundan sonara o, elektron qaydada müraciət etmişdir. “xxxx” ASC isə ona elektron qaydada cavab verərək baş vermiş hadisədə onların günahının olmamasını göstərmişdir. O, kənd təsərrüfatı ilə məşğul olmaqla yeganə dolanışıq mənbəyi əkinçilik və heyvandarlıqdır. Ölən inək üçüncü balaya boğaz olmaqla damazlıq əhəmiyyətli mal kimi orta bazar qiyməti 1200 manat dəyərləndirilir. Cavabdehin təqsiri üzündən ona 1200 manat real zərərdən əlavə 600 manat da əldən çıxmış fayda kimi zərər dəymişdir. Belə ki, inək 3 aylıq boğaz olmudur, onun balası 200 manat, altı ay ərzində sağılacaq süd isə 400 manat qiymətləndirilir. Beləliklə ona vurulmuş ümumi real zərər 1800 manat təşkil edir. İnəyin elektrik cərəyanı vurması və ölməsi barədə hadisə günü, yəni xx xxxxx 2020-ci il tarixdə İsmayıllı RİHB-nin Sumağallı İƏB üzrə nümayəndəsi V.Xəlilovun, Sumağallı kənd bələdiyyəsinin sədri T.Mirzəyevin, cavabdeh təşkilatın nümayəndələrinin, onun və iki nəfər hal şahidinin iştirakı ilə inəyin transfarmatordan gərginliyin axması və elektrik cərəyanı vurub inəyi öldürməsi barədə akt tərtib olunmuşdur. Həmin akt tərtib olunarkən ərazi üzrə cavabdeh təşkilatın nümayəndələri Nadir Məmmədov və Sakit Dadaşov hadisə yerində olmuş, lakin akta imza etməkdən imtina etmiş, bu barədə də ayrıca akt tərtib olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3635/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, maddi zərərə görə 1200 manat məbləğində pulun cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozması, gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməyərək onun qüvvəsində saxlanılmasını istəmiş, cavabdehin isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən müəyyən olunur ki, şikayət qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, İsmayıllı rayonu Sumağallı kənd İ.Ə.D üzrə nümayəndəsi V.Xəlilov, Sumağallı kənd bələdiyyəsinin sədri T.Mirzəyev, ərazi üzrə elektrik S.Dadaşov, hal şahidləri E.Xəlilov və Ş.Davidov, mal sahibi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Sumağallı kəndinin aşağısında yerləşən işıq transformatorunun yanında təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində bir baş iribuynuzlu malı cərəyan vuraraq öldürmüşdür. Əraziyə REŞ-in əməkdaşları tərəfindən baxış keçirilmiş və heyvanların məhvinə gərəkli dərəcədə cərəyanın olduğu müəyyən edilmişdir. İsmayıllı rayonu Sumağallı kənd İ.Ə.D üzrə nümayəndəsi V.Xəlilov, Sumağallı kənd bələdiyyəsinin sədri T.Mirzəyev, ərazi üzrə elektrik S.Dadaşov, hal şahidləri E.Xəlilov və Ş.Davidov, mal sahibi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli imtina aktından görünür ki, hadisə yerində olan və baxış keçirən REŞ-in əməkdaşları Nadir Məmmədov və Sakit Dadaşov heç bir əsas gətirmədən aktı imzalamaqdan imtina etmişlər. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı İsmayıllı rayon E.Ş-nin rəisinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx” ASC tərəfindən İddiaçı elektron müraciətinə cavab olaraq bildirilmişdir ki, KTM-in ərazisi tamamilə sipləşdirilmiş və abonentlər "Smart Kart" tipli sayğacla təchiz olunmuşdur. X5 tərəfindən KTM, kabel xətlərinə baxış keçirilmiş və cərəyan sızmasına heç bir səbəb yoxdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İsmayıllı rayon Baytarlıq idarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Sumağallı kənd sakini İddiaçı Məmmədhüseyin oğlunun onlara etdiyi müraciət əsasında məlumat verirlər ki, yerli cins olan damazlıq dişi heyvanın halhazırda bazar qiyməti ilə 1200-1500 manat civarında dəyişir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçıya məxsus 1 baş iri buynuzlu heyvanıntələf olması, heyvanın tələf olmasının məhz İsmayıllı rayonu, Sumağallı kəndinin aşağısında yerləşən işıq transformatorunun cərəyan sızdırması nəticəsində baş verməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, İsmayıllı rayonu Sumağallı kənd İ.Ə.D üzrə nümayəndəsi V.Xəlilov, Sumağallı kənd bələdiyyəsinin sədri T.Mirzəyev, ərazi üzrə elektrik S.Dadaşov, hal şahidləri E.Xəlilov və Ş.Davidov, mal sahibi İddiaçı iştirakı ilə xx.xx.2020-ci il tarixdə bu faktı təsdiq edən akt tərtib edilmişdir. Hadisənin “xxxx” ASCnin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verdiyini təkzib edən hər-hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya dəymiş zərərin əvəzi olaraq 1200 manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli olması nəticəsinə haqlı olaraq gəlmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3635/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin edilərək maddi zərərə görə 1200 manat məbləğində pulun cavabdeh “xxxx” ASCdən tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2621/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2621/2021
10.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver