Məhkəmə qərarları › İş №2(103)-2621/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2621/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2621/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi zərər tələbi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-89/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. 29 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sürücü Cavabdeh xx.xx.2023-cü il tarixdə özünə məxsus olan «Ford Cargo 3430D» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ilə “20 Yanvar” dairəsi istiqamətindən üzü metronun «Koroğlu» stansiyası istiqamətində 2 zolaqdan ibarət və avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş körpünün üzərində sağdan 1-ci zolaqla saatda 50-55 km sürətlə düzünə hərəkətdə olan zaman ehtiyatsızlıq edərək düzgün ara məsafəsi seçmədiyinə görə onunla eyni zolaqda qarşıda hərəkətdə olan sürücü İddiaçı məxsus olan «Renault Megane» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən, sonuncu avtomobil isə qarşısında olan sürücü X3 məxsus olan idarə etdiyi «Renault Scenic» markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə (yol-nəqliyyat hadisəsi) görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 9/7936 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" firmasına aid avtoservis tərəfindən tərtib edilmiş 056 nömrəli qüsur aktına əsasən 2007-ci il buraxılışlı «Renault Megane» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.395 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Renault Megane» minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmiri və bərpasına çəkilmiş 3.490 manat xərc, ödənilmiş 65 manat dövlət rüsumu və mənəvi ziyana görə 1.000 manat olmaqla, cəmi 4.555 manat cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, «Renault Megane» minik markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Ziya Bünyadov prospektində “20 Yanvar” dairəsi istiqamətindən metronun “Koroğlu” stansiyasına doğru istiqamətdə «Çermet» körpüsü adlanan körpünün üzərində hərəkət zamanı «Ford Cargo 3430D» markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ara məsafəsinə riayət etmədən vuraraq maddi ziyan və xəsarət yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı DİN 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Mirsənan Ağalarov xx.xx.2023-cü il tarixli 1 saylı HK-639 nömrəli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsini araşdıran Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Cavabdeh təqsirli bilərək xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli tənbeh vermə haqqında qərarla 40 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Qərar qanuni qüvvəsini almış, inzibati cərimə ödənilmişdir. Məhkəmə tibbi-ekspertizasının 140M saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən xəsarətlərinin olması öz təsdiqini tapmışdır. Bundan başqa, onun avtomobilinə yolnəqliyyat hadisəsi zamanı "xxxx" Firmasının verdiyi arayışa əsasən ümumi olaraq 3.490 manat maddi ziyan vurulmuşdur. Yəni avtomobili bərpa etmək üçün bu qədər xərc tələb olunur. Hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ona 3.490 manat maddi, 1.000 manat isə mənəvi ziyan vurulmuşdur. Zərər iki hissədən ibarətdir, real zərər və əldən çıxmış fayda, həm də avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərin, yol-nəqliyyat hadisəsi avtomobilin alıcılıq (bazar) qiymətinin aşağı düşməsinə səbəb olmuşdur. Real zərər qismində maddi ziyanın məbləği 3.490 manat, əldən çıxmış fayda qismində 1.000 manat – iddiaçının sağlamlığının pozulması ilə əlaqədar gəlir əldə edə bilmədiyi müddətdə yaranan məbləğ çıxış edir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-89/2024 saylı, 15 yanvar 2024cü il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddia tələbi qismən təmin edilmiş, avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2.395 manat pul vəsaiti və ödənilmiş 65 manat dövlət rüsumunun 50 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı bildirdiyinə görə, cavabdeh tərəfindən ona vurulmuş ziyanın bir hissəsi, 1.000 manatı ödənilmişdir və məhkəmədən qətnamə qəbul edilərkən bu xüsusatın nəzərə alınmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş edib göstərir ki, nəqliyyat hadisəsi ehtiyatsızlıq üzündən törədilib, o, iddiaşıya qəsdən ziyan vurmayıb. Digər tərəfdən bu hadisə nəticəsində onun nəqliyyat vasitəsinə də ziyan dəyib və məhkəmə bu hala hüquqi qiymət verməyib. Həmçinin o, ziyandan 1000 manat ödəyib. Bu ödənişi ona görə edib ki, iddiaçı ona qarşı tələb irəli sürməsin. Lakin iddiaçı şişirdilmiş məbləğlə hazırki iddianı qaldırıb.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, təmin edildiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edildiyi hissədə faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.

20. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olan avtomobilinə qeyd olunan tarixdə və vaxtda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Yəni, cavabdeh tərəf də bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal həmin zərərin məbləği ilə bağlıdır.

21. Ancaq iddiaçının tələb etdiyi məbləğ iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunub. Ona görə də tələb edilən məbləğin şişirdilməsindən söhbət gedə bilməz. Hadisənin ehtiyatsızlıqdan törədilməsi isə cavabdehi məsuliyyətdən azad etmir. Əksinə hadisəni qəsdən törətmiş olsaydı daha ciddi hüquqi məsuliyyətə cəlb edilə bilərdi. Hadisə nəticəsində cavabdehin avtomobilinə də ziyan dəyməsi öz təqsirindən baş vermişdir. Buna görə də yalnız özü özünə dəymiş zərəri aradan qaldıra bilər. Öz avtomobilinə zərər dəyməsinə görə cavabdehə güzəşt olunması nəzərdə tutulmayıb.

22. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-89/2024 saylı, 15 yanvar 2024-cü il tarixli dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-89/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar