Məhkəmə qərarları › İş №2(103)-2626/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2626/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2626/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra, cavabdeh) qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 100000 (yüz min) manat məbləğində maddi, 100000 (yüz min) manat məbləğində mənəvi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, İddiaçı AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində xx.xx.2023-cü tarixdə saxlanılmışdır. Sabirabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqinin 13 iyun 2023-cü il tarixli qərarı ilə AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdi. Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarına əsasən isə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, ittihama əsasən, guya o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda, yəni 4,822 qram çəkidə narkotik vasitə heroini vəşəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,372 qram çəkidə psixotrop maddə metafetamini qanunsuz əldə edib, üzərində daşıyaraq saxlamış, 11 iyun 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad RPŞ-nin inzibati binasına gətirilmiş, orada saat 23:15-də üzərimdə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən 13 ədəd polietilen kəsiy bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,784 qram; 0,356 qram; 0,349 qram; 0,325 qram; 0,371 qram; 0,383 qram; 0,359 qram; 0,371 qram; 0,357 qram; 0,365 qram; 0,346qram; 0,276 qram; 0,180 qram olmaqla, ümumi təmizçəkisi – 4,822 qram heroin və 15 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmizçəkiləri – 0,040 qram; 0,046 qram; 0,044 qram;0,048 qram; 0,043 qram; 0,042 qram; 0,036 qram; 0,041 qram; 0,040 qram; 0,039 qram; 0,036 qram; 0,045 qram; 0,041 qram; 0,039 qram; 0,033 qram; 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmizçəkiləri – 0,372 qram; 0,387 qram olmaqla, ümumiçəkisi – 1,372 qram olan metamfetamin aşkar edilərək götürülmüşdü. Lakin, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-187/2024 nömrəli, 24 may 2024-cü il tarixli hökmü ilə barəsində bəraət hökmü çıxarılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-700/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əssasız ittihamına əsasən o, 11 iyun 2023-cü il tarixdən 24 may 2024-cü il tarixədək, yəni 11 ay 13 gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. İbtidai istintaq orqanının əsassız ittihamı nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Xüsusilə qeyd etməlidir ki, o qanunsuz olaraq həbs edildiyi günədək rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olmasa da, taksi şoferi, qəssab kimi əmək fəaliyyəti ilə məşğul olur, hər ay təxminən 1500 (min beş yüz) manat məbləğdə pul qazanırdı. Buna görə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş, 100000 manat məbləğində maddi, 100000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-793/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 11500 (on bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-2(006)-793/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaitin hər hansı bir təyinata yönəltmək səlahiyyətinin olmaması, büdcə təşkilatı olan Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsiplərinin pozulması, ziyan vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamasına baxmayaraq və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçının iddiasının qismən təmin olunması, və iddiaçı üçün 11500 manat məbləğində vəsaitin tutulması, CPM-in 190cı maddəsinə əsasən 330 manat kompensasiyanın ödənilməli olması, və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-187/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi, bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir (Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-700/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı R.N.Nəhmətovun apellyasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli 1(099)-187/2024 saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır). Həmin hökmdən görünür ki, “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokola əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuş, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyun 2023-cü il tarixli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(056)-89/2023 saylı qərarına əsasən, İddiaçı barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-c il tarixli 372 saylı rəyinə əsasən, müayinə zamanı Seyidağa Səmədəovun bədəni üzərində sağ bazunun aşağı 1/3nin iç səthində, sağ və sol ayağın alt səthlərində qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməsi, əmələ gəlmə müddətlərinin xx.xx.2023-cü il tarixə uyğun olması, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilməməsi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-700/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından verilmiş kasassiya protesti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-700/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(102)-853/2025 saylı qərarı). Beləliklə də, İddiaçı barəsində çıxarılmış bəraət hökmü və qərarlar ilə, iddiaçının azadlıqdan məhrum olunması ilə ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirildiyi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində iddiaçıya mənəvi zərər vurulmuş, iddiaçı barəsində 11 ay 13 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçı ona 100000 manat ziyanın vurulduğunu, həmçinin qətnamə icra olunan günə kimi hər ay üçün hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 11 ay 13 gün müddətinə həbs qətimkan tədbirinə görə 11500 manat (bir ay üzrə 1000 manat x 11 ay 13 gün) məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçının müvafiq tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, bəraət almış şəxsin ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edilir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 11500 manat mənəvi zərər məbləği işin hallarına uyğun olmaqla, ədalətli və qanunidir, onun miqdarının apellyasiya şikayətinə əsasən azaldılmasına və ya ləğv edilməsinə qanuni əsaslar müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikəyətinin dəlilləri də iddianın tam rədd olunması üçün yetərli deyildir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Təbii ki, iddiaçıya mənəvi ziyan bilavasitə Maliyyə Nazirliyi tərəfindən vurulmamışdır, lakin bu hal özü-özlüyündə sonuncunun cavabdeh kimi iştirakını aradan qaldırmır. Çünki, dəymiş mənəvi zərərlə bağlı məhkəmənin müəyyən etdiyi müvafiq pul vəsaiti məhz dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Təbii ki, iddiaçıya mənəvi ziyan bilavasitə Maliyyə Nazirliyi tərəfindən vurulmamışdır, lakin bu hal özü-özlüyündə sonuncunun cavabdeh kimi iştirakını aradan qaldırmır. Çünki, dəymiş mənəvi zərərlə bağlı məhkəmənin müəyyən etdiyi müvafiq pul vəsaiti məhz dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı kimi Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir. Bununla yanaşı, apellyasiya şikayətində reqres tələblərin mümkünlüyü baxımından müvafiq şəxslərin icraata cəlb olunmaması göstərilsə də, işdən görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində icraata cəlb olunmuşlur. Həmçinin, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 190-cı maddəsində nəzərdə tutulmuş müvafiq kompensasiya məbləğləri hazırki tələbi aradan qaldırmamaqla, onu istisna etmir. Göründüyü kimi, cavabdeh tərəf apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-793/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar