Məhkəmə qərarları › İş №2(103)-2638/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2638/2023

11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2638/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23) qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X14 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23) “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(006)- 3774/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X19 tərəfindən qəbul edilən 23 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar ilə X11 və İddiaçı Cavabdeh1 dələduzluq etməsinə dair şikayətləri əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-217/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarına əsasən şikayətçi İddiaçı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-101/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və X12 qarşı ("xxxx" MTK və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, təmir xərci olaraq 639.057,5 manat və bu məbləğdə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, hesablanmış faiz borcu kimi 45.267 manat, borc olaraq 510.000 manat və bu məbləğdə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, hesablanmış faiz borcu kimi 36.125 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1.230.464,5 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3962/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5868/2022 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1456/2023 nömrəli 16 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin 2(006)-101/2022 saylı iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsi təmir xərci olaraq 639057,5 manatın Cavabdeh1 və X2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 və X2 təmir xərci qismində müştərək qaydada 595985 manatın tutularaq İddiaçı ödənilməsi, qətnamənin “Cavabdeh1 və X2 müştərək qaydada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510 000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36125 manatın tutulması” hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamə çıxarılmaqla, İddiaçı “Cavabdeh1 və X2 müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələblərinin təmin edilməməsi, İddiaçı “140 saylı mənzilin alınması üçün X3 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, X2 İddiaçı xeyrinə 510.000 manatın tutulması, həmin iddia tələbinin qalan hissədə (Cavabdeh1 münasibətdə) təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 400 manatın 200 manatının İddiaçı, 200 manatı isə X15 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1824/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" ASC və İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Bu iş üzrə tələbin əsasını iddiaçının cavabdehin kredit müqaviləsi üzrə zamin olmaqla kredit borcü üzrə müəyyən ödənişləri onun tərəfindən edildiyi üçün reqres qaydada tələb irəli sürməsi olmuşdur.

6. X15 tərəfindən "xxxx" MTK-ya ünvanlamış xx.xx.2017-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizənin surətindən görünür ki, onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 140 saylı dupleks mənzilin X1 etiraz etmədiyini bildirmiş və xx.xx.2014- cü il tarixli, **********13914 saylı kredit müqaviləsi üzrə bütün öhtəliklərini yerinə yetirəcəyini bildirmişdir.

7. Cavabdeh1 tərəfindən "xxxx" MTK-ya ünvanlamış xx.xx.2017-ci il tarixli notariat qaydasında təqsdiq edilmiş ərizənin surətindən görünür ki, yoldaşı X3 istifadəsində olan ünvan 2 ünvanında yerləşən B-blok, ümumi sahəsi 278 m2 olan 4 otaqlı, 140 saylı dubleks mənzilinin X1 etiraz etmədiyini bildirmişdir.

8. 31.07.2019-cu il tarixdə "xxxx" MTK ilə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının vətəndaşı X18 arasında bağlanmış mənzil inşaat müqaviləsindən görünür ki, müqavilənin əhatə dairəsi ünvan 1, B-blok, 4-cü mərtəbəsində yerləşən, 140 nömrəli mənzildir. Müqaviləni «sahib» tərəsindən X9 adından etibarnamə əsasında X24 imzalamışdır.

9. X11 ASC "xxxx" Problemli Kreditlərlə İş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ASC “Xalq” Bankı ilə bağlanmış müvafiq ipoteka müqaviləsi üzrə girov predmeti qismində çıxış etməkə olan və mülkiyyət hüququ üzrə X6 məxsus ünvan 4 ünvanında yerləşən, 140 saylı mənzilin tərəfindən satın alınmasına dair sonuncu ilə aralarında razılıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq, adı çəkilən ipoteka predmetinin üzərində ipoteka yüklülüyü saxlanmaq şərtilə “Mənzil şərtilə Müqaviləsi” bağlanmaqla onun adına rəsmiləşdirilməsinə razılıq verilməsini xahiş edir.

10. X3 ASC "xxxx" Problemli Kreditlərlə İş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ASC “Xalq” Bankı ilə bağlanmış 2014-cü il 29 oktyabr tarixli **********13914 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 12% ödənilməsi şərti ilə,1 000 000 manat məbləğində yaşayış sahəsinin alınması məqsədi ilə kredit verilmişdir. Maliyyə vəziyyətinin pisləşməsi səbəbi ilə, yuxarıda qeyd etdiyi kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyi üçün, kredit vəsaiti hesabına aldığı Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi 802-803 saylı məhəllə, 104 saylı mənzil ASC “Xalq” bankında girov qalmaq şərti ilə X11 (Ş/V AZE No********. ASAN 3 tərəfindən 2016-cı il 23 sentyabr tarixdə verilmişdir) adına “Mənzil inşaatı Müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-ni cavabdeh qismində qeyd etməklə, Cavabdeh1 qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla hesablanaraq 200.000 ABŞ dolları və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, hesablanmış 68.000 manat faizlərin tutularaq onun xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 300.000 manatın və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, hesablanmış 60.000 manat faizlərin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, həmçinin cavabdehlərdən 1.090 manat dövlət rüsumunun müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 müxtəlif bəhanələrlə aldığı 200.000 ABŞ dolları və 300.000 manatı ona qaytarmaqdan imtina edir. Belə ki, 2018ci ilin fevral ayının təxminən 15-də Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən onun ofisinə gələrək, orada görüşmüşdür. Söhbət əsnasında Cavabdeh1 öz şəxsi ehtiyacları üçün ondan 300.000 ABŞ dolları pul istəmişdir, tez bir zamanda qaytaracağına söz vermişdir. Həmin vaxt Cavabdeh1 onun qudası olduğu üçün, ona inam və etibarı olduğuna görə, onu aldatması üçün hər hansı şübhəsi olmadığına görə, Cavabdeh1 öz vədlərinə inandırdığına görə, ona istədiyi pulu vermək qərarına gəlmişdir. Qohumluq xətrinə 300.000 ABŞ dolları Cavabdeh1 vermişdir. Həmin pulun verilməsində tanışları Naib Kərimov, Rafiq Quliyev və Cavabdeh1 kürəkəni Süleyman da iştirak etmişlər. Cavabdeh1 aldığı 300.000 ABŞ dollarından 100.000 ABŞ dollarını 2018-ci ilin sentyabr ayında qaytarmış, lakin qalan 200.000 ABŞ dollarını indiyədək qaytarmamışdır. Bundan bir müddət sonra Cavabdeh1 yenə onunla görüşlərdən birində bildirmişdir ki, borclarını ödəmək üçün Nazirlər Kabinetinin işçiləri üçün Bakı şəhəri, Yasamal rayonu "xxxx" MTK-nın inşa etdiyi binalarda özünə məxsus olan üç mənzili satmaq istəyir və bu işdə ona kömək etməyi xahiş etmişdir. Həmin mənzilləri hər biri 360.000 manat olmaqla satışa çıxarmışdır. Cavabdeh1 təkidlə, dəfələrlə odan pul istəmişdir ki, ayrı-ayrı şəxslərdən aldığı pulu qaytarsın ki, onlar ondan şikayət etməsinlər. Şikayət etsələr, onun problemləri olacaqdır. O da məcbur olub Cavabdeh1 satışa çıxarıldığını bildirdiyi mənzillər barədə bəzi qohum və tanışlara, o cümlədən də qohumu X16 məlumat vermişdir. X28 ev alqı-satqısı, təmiri ilə məşğuldur. Özünün də 4-5 işçisi var, həmin fəaliyyətdən də gəlir götürür. Babək demişdir ki, əgər razılaşarsa, Cavabdeh1 evi alar. Əvvəlcə o, Cavabdeh1la gedib mənzillərə baxmışlar, həmin vaxt lift qoyulmamışdır. X25 işçisi Şahid Füzuli oğlu binanın komendantı ilə birgə mənzilə baxmışdır. Bir müddət maklerlə mənzilə alıcı tapmağa çalışsalar da, mənzili sata bilməmişlər. X26 birgə mənzilə baxmışlar və sonuncu razılıq vermişdir ki, Cavabdeh1 satışa çıxardığı mənzili alsın. Cavabdeh1 Babək İsmayılova yuxarıda qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasında 11-12-ci mərtəbədə olan sahəsi 273 kv.m ibarət 4 otaqlı mənzili göstərmiş, Babək İsmayılov mənzili bəyənmiş və mənzili 300.000 manat almaq barədə Cavabdeh1la razılaşmışdır. 2018-ci ilin dekabr ayında Babək İsmayılov 300.000 manat pulu ona vermiş, o isə pulu Yasamal rayonunda ASAN xidmət mərkəzinin binasında yerləşən ofisində Naib Kərimovun və Hüseyn Rüstəmovun iştirakı ilə Cavabdeh1 vermişdir. Cavabdeh1 da ona məxsus Yasamaldakı 4 otaqlı mənzili Babək İsmayılova satdığını bildirmiş və hətta bunun xeyir-duasını da vermişdir. İki gün sonra Babək İsmayılov ona xəbər göndərmişdir ki, aldığı mənzili Cavabdeh1 onun adına rəsmiləşdirsin. Bu barədə Cavabdeh1 bildirdikdə, demişdir ki, bununla bağlı heç bir problem yoxdur. Babək şəxsiyyət vəsiqəsinin əslini göndərsin, o da mənzili onun adına sənədləşdirsin. Babəkdən şəxsiyyət vəsiqəsinin əslini alıb Cavabdeh1 vermişdir. Bundan iki gün keçdikdən sonra Cavabdeh1 ona zəng etmiş və üzrxahlıq edərək bildirmişdir ki, mənzilin Babəkin adına keçirilməsi məsələsi uzanır. Səbəbini isə onunla izah etmişdir ki, Nazirlər Kabinetinin balansında olan mənzilləri kənar şəxslərin adlarına keçirilməsinə razılıq olmadığı üçün sənədə qol çəkdirə bilmir. Buna səbəb kimi Baş Nazirin müavini Abid Şərifovun binanın tam hazır olmadığı üçün mənzilin başqa şəxsin adına keçməyə razılıq verməməsini qeyd etmişdir. O isə qohumluq xatirinə bu məsələyə də göz yummuş və susmuşdur. Bundan uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh1 aldığı pulu qaytarmamış, habelə evi təhvil verməmişdir. Bir müddət sonra isə öyrəndi ki, Cavabdeh1 onu və Babək İsmayılovu aldatmış, mənzilləri başqa şəxslərə satmış və mənzilləri həmin şəxslərin adına rəsmiləşdirmişdir. Bu borcların ödənilməsi ilə bağlı dəfələrlə, 2019-2020-ci illərdə Cavabdeh1la görüşmüş, borcların qaytarılmasını müzakirə etmişlər. Cavabdeh1 bu görüşlərdə borclarını etiraf etmiş, pulun qaytarılması üçün vaxt istəmişdir. Sonuncu dəfə 2020-ci ilin sentyabrında Bakı Bulvarında kafedə o, onun vəkili Vəkil, Cavabdeh1, onun vəkili Nümayəndə1 və onun daha 4-5 nəfər tanışı, qohumu ilə birlikdə bu məsələni müzakirə etmişlər. Həmin görüşdə Cavabdeh1 ona hüquqmühafizə orqanlarına şikayət etməməyi xahiş etmiş, bunun müqabilində borcun qaytarılmasına razı olduğunu bildirmişdir və bununla bağlı Nümayəndə1 ikitərəfli saziş hazırlamağı da tapşırmışdır. Lakin bundan sonra da Cavabdeh1 müxtəlif bəhanələrlə yayınmış, borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə məcbur olub Cavabdeh1 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış, Cavabdeh1 izahatı alınmışdır. Həmin izahatda da Cavabdeh1 təsdiq etmişdir ki, ondan həmin 200.000 ABŞ dolları və 300.000 manat məbləğində pulu almışdır. Qeyd olunanları Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı Cavabdeh1 özü və X23, Şahid Füzuli oğlu və X27 verdikləri izahatlarda təsdiq etmişlər. Bundan başqa, Cavabdeh1 ondan pulu alması onun özünün səs yazısı olan və araşdırmaya təqdim etdiyi disklə də təsdiq olunur. Cavabdeh1 dələduzluq etməsinə dəlalət edən kifayət qədər sübutların olmasına baxmayaraq, aralarındakı mübahisənin mülki xarakter olmasını əsas gətirərək, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasından əsassız olaraq imtina olunmuşdur. Cavabdeh1la arasında pulun qaytarılması ilə bağlı hər hansı saziş əldə olunmamışdır. Əgər saziş bağlanmışdırsa, pulun əvəzinə ona mənzil verilmişdirsə, şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməzdi. Cavabdeh1 aldığı pul vəsaitlərini qaytarmamışdır, pulun əvəzinə ona mənzil verməmişdir, bunun əksini təsdiq edən heç bir sübut yoxdur. Həm də Cavabdeh1 Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində izahatında qeyd edir ki, ona olan borcları Babək İsmayılovun adına mənzil verilməklə əvəzləşdirilmişdir. Bu da həqiqətə uyğun deyildir. ünvan 6 ünvanda yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı 140 saylı mənzili 2017-ci ildə almışdır. Hazırki borclar isə 2018-ci ildən sonra yaranmışdır. 2017-ci ildə bütün borcların əvəzinə guya mənzil verilmişdisə, onda 2018-ci ildəki borclar necə yaranmışdır? Hazırda, Nazirlər Kabinetinin işçiləri üçün Bakı şəhəri, Yasamal rayonu "xxxx" MTKnın inşa etdiyi binalarda Cavabdeh1 məxsus olmuş sahəsi 272 kv.m olan 4 otaqlı mənzilin alınması üçün X20 Sadıqova verdiyi 300.000 manatı o, Cavabdeh1 əvəzinə Babək İsmayılova qaytarmışdır, çünki həmin mənzilin alınmasını o, Babək İsmayılova təklif etmiş və Babək İsmayılov da ona inanıb Cavabdeh1 həmin pulu vermişdi. Həmin pulu Babək İsmayılova verdiyi üçün Cavabdeh1 pulun ona qaytarılmasını tələb etmək hüququ vardır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2022-ci il tarixli 2(006)-3774/2022 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.

14. Məhkəmə göstərmişdir ki, iddiaçı tərəf cavabdehə verilən pulların 2018-ci ilə təsadüf etməsini bildirsə də, iddiaçı bu halların məhz göstərilən zamana uyğun olmasına dair təqdim etdiyi sübutlar mötəbər və tutarlı olmamışdır. Belə ki, işin araşdırılmış halları ilə iddiaçıya olan borcların əvəzində cavabdehin həyat yoldaşına məxsus X10 yaşayış kompleksinin B blokunda 4 otaqlı 140 saylı mənzilin 2017-ci ildə Babək İsmayılovun adına rəsmiləşdirməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf Cavabdeh1 və X15 "xxxx" MTKnın rəhbərliyinə ünvan 1, B-blok, 4-cü mərtəbəsində yerləşən, 140 nömrəli dubleks mənzili X1 etiraz etmədiklərini bildirməklərinə dair imzaları notarial qaydada təsdiq edilmiş 27 oktyabr 2017-ci il tarixli ərizələrin borcla bağlı olmasını inkar etməsələr də, bu halın 2017-ci ildə mövcud olmasına baxmayaraq cavabdehin onu və bacısı oğlunu aldadaraq evi onlara deyil, digər şəxsə satmasını da sübut edə bilməmişlər. Müəyyən edilmişdir ki, sözügedən mənzil 2019-cu ildə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının vətəndaşı X18 adlı şəxsin adına rəsmiləşdirilmişdir və İddiaçı iddia ərizəsində göstərdiyi, yəni 2020-ci ilin sentyabr ayında onun təklifi ilə özünün, vəkili Vəkil, cavabdehin və vəkili Nümayəndə1, tanışları X7 və X8 iştirakı ilə yaranmış mübahisəli vəziyyətlə bağlı görüş keçirilmişdir. Bu görüşün nəticəsi olaraq müəyyən istiqamətlər üzrə razılıq əldə olunaraq bir neçə variant hazırlansa da, sonunda cavabdeh tərəfin göstərdiyi kimi son variantda “Barışıq sazişi”ndə həyat yoldaşı Maya Məmmədovanın adına olan, "xxxx" MTKnın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə İddiaçı ½ pay hüququnun tanınmasını tələb etdiyi üçün razılıq əldə edilməmişdir və bundan sonra sonuncu Nəsimi rayon məhkəməsində yuxarıda göstərilən iddianı qaldırmışdır.

15. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında göstərilən görüşün nəticələri üzrə razılıq əldə edilmədiyi halda iddiaçı Nəsimi Rayon Məhkəməsinə 2018-ci ildə verilən pullar barədə deyil, məhz 145 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin və mənzil üçün Banka ödənilmiş 510.000 (beş yüz on min) manat pul vəsaitinin həmin pul vəsaitləri üçün əlavə faizlərin tutularaq onun xeyrinə ödənilməsi barədə iddia qaldırması faktı hazırki iş üzrə iddia dəlillərinin əsassız olmasına birbaşa dəlalət edir. Həmçinin cavabdeh tərəfin izahatlarından görünür ki, qeyd edilən iddia Nəsimi rayon məhkəməsinə veriləndən sonra məlum olmuşdur ki, 2017-ci ilin oktyabr ayında borclar mənzillə əvəzləşdirilən zaman "xxxx" ASC-yə olan borc İddiaçı tərəfindən bilərəkdən 306.000 (üç yüz altı min) manat artıq göstərilərək mənzili dəyərindən 306.000 (üç yüz altı min) manat aşağı qiymətə ələ keçirmişlər.

16. Məhkəmə hesab etmişdir ki, işin araşdırılmış halları ilə tərəflər arasında borc münasibətlərinin 2015-2016-cı illər ərzində yaranması və 2017-ci ildə də bu münasibətlərin yuxarıda qeyd edilən mənzillə əvəzləşdirilməsi ilə başa çatması tam təsdiqini tapmışdır. Buna baxmayaraq iddiaçının cavabdehin ona hələ də borcu olmasına dair izahatlarına məhkəmə qiymət verərək hesab edir ki, bu izahatlar özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən dindirilmiş şahidlərin verdiyi ifadələr və 3-cü şəxsin verdiyi izahatlar məhz iddiaçının maraq və mənafeyinə uyğun verilən ifadələr və şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv olmayan məlumatlar kimi qiymətləndirilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 3-cü şəxs iddiaçının qohumudur və şahid Kərimov Naib də onun uzun müddətdir tanışı olmaqla onun işlərini aparır. Belə olduğu halda onların işin nəticəsində hüquqi baxımdan maraqlı olmaları şübhəsizdir. Buna görə də sözugedən şəxslərin izahat və ifadəsi obyektiv məlumat kimi qiymətləndirilə bilməz. Həmçinin digər şahid ifadələri ilə təsdiq edilmişdir ki, tərəflər arasında 2018-ci ildə pul alınıb verilməsi məsələsi baş verməmişdir və 140 saylı mənzilin X23 tərəfindən alınmış və satılmışdır. Məhkəmə digər şahid ifadələrini ona görə sübut növü kimi qiymətləndirir ki, bu ifadələr işin araşdırılmış halları ilə müəyyən edilmiş faktiki hallarla uzlaşır. Məhkəmə tədqiqi zamanı cavabdeh tərəfin şahid ifadələri daha inandırıcı olmuşdur. Çünki onlar hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.

18. Məhkəmə göstərmişdir ki, Cavabdeh1 cavabdeh qarşısında 200.000 ABŞ dolları və həmin cavabdehlə, digər Cavabdeh2 MMC-dən 300.000 manat məbləğinin tutulması tələblərinin əsassız olması təsdiq olunduğu üçün iddianın faizlər hissəsi üzrə araşdırma aparılmasına və tələbin bu hissələrinə hüquqi qiymət verilməsinə artıq zərurət qalmır.

19. Məhkəmə gəldiyi nəticəni Mülki 739.1, 445.7, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarı, Mülki Prosessual Məcəlləsinin 106.1, 80, 88, 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti və apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddianı təmin etməməsini guya Cavabdeh1 ona olan borcunun arvadı Maya Məmmədovanın Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə, B blok, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 140 nömrəli mənzilinin X37 oğluna verilməsi yolu əvəzlişdirildiyi ilə əsaslandırmışdır. Lakin iş materiallarında bu əvəzləşdirilmə ilə bağlı heç bir sübut yoxdur. Əksinə, iş materiallarında olan Maya Məmmədovanın Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə, B blok, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 140 nömrəli mənzili vətəndaş X37 oğluna satılmasına etiraz etməməsi barədə xx.xx.2017-ci il tarixli ərizələri ilə sübut olunur ki, həmin mənzil nə əvəzləşdirilib, nə də ki, bağışlanıb. Həmin mənzilə dair Babək Sadıqovla "xxxx" MTK arasında alqı-satqı müqaviləsi bağlanıb. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, onun 2017-ci ildə Loğman Məmmədova 970000 ABŞ dolları borcu olmuşdur. Bu həmin dövrün məzənnəsinə görə təxminən ******* manat edirdi. İş materiallarında olan müqaviləyə əsasən isə cavabdehin arvadı Maya Məmmədovanın Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə, B blok, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 140 nömrəli mənzili 625000 manat almışdır. Belə olan 625000 manat necə ******* manatla əvəzləşdirilə bilərdi? Bununla bağlı, məhkəmədə vəsatət verərək həmin mənzilin 2017-ci ildə bazar dəyərini müəyyənləşdirmək üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, vəsatət əsassız olaraq təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsi Mülki Prosessual Məcəlləsinin 82.3., 82.4.-cümaddələrini düzgün tətbiq etməmişdir. Mübahisəli mənzilin borc ilə əvəzləşdirilməsi barədə nə qanuni qüvvəyə minmiş mülki məhkəmənin qətnaməsi, nə də ki, cinayət təqibi üzrə hökm yoxdur. İş materiallarında olan ifadələr, səs yazısı iddianın predmeti olan borc münasibətlərinin 2015-2016-cı ildə deyil, 2018-ci ildə yarandığını sübut edir. Məhkəmə 3-cü şəxsin iddiaçının qohumu olmasını, həmçnini şahid Naib Kərimovun da uzun müddət tanışı olmasını göstərərək onların izahat və ifadələrinin obyektiv məlumat kimi qiymətləndirilə bilmədiyini qeyd etmişdir. Cavabdehin isə yeganə şahidi olan Süleyman Abbasovun onun kürəkəni olmaqla yaxın qohumu olmasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı, eləcə də 2020-ci ilin sentyabr ayında mübahisəni sülhlə yekunlaşdırmaq istiqamətində tərəflər arasında aparılan danışıqlar zamanı Cavabdeh1 İddiaçı borclu olmasını etiraf etmişdir, hətta bu barədə səs yazısı da təqdim olunmuşdur.

24. Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, 2017-ci ilin oktyabr ayına Cavabdeh1 İddiaçı 200.000 ABŞ dolları (yəni 340.000 manat), 300.000 manat və 200.000 manat olmaqla, cəmi 840.000 manat borcu yaranmış, eləcə də hər iki mənzilə görə ödənilməmiş 816.000 manat kredit borcu qalmışdır. Göstərilən məbləğlərin cəmi isə 1.656.000 manat, yəni 974.000 ABŞ dolları təşkil etmişdir. 140 saylı mənzil sosial şəbəkədə 1.750.000 manata satışa çıxarılmışdır. Lakin İddiaçı təklifi ilə həmin mənzil 974.000 ABŞ dollarına əvəzləşdirilmiş, sonuncunun istəyi ilə mənzil X11 adına rəsmiləşdirilmişdir. Babək İsmayılov tərəfindən mənzilə görə heç bir vəsait ödənilməmişdir. 2020-ci ilin sentyabr ayında danışıqlar gedəndə isə İddiaçı yalnız 145 saylı mənzilin təmirinə görə 430.000 ABŞ dolları və 140 saylı mənzilin baha satılması adı ilə 200.000 manat tələb etmişdir. Həmin vaxt hər hansı borcdan söhbət getməmişdir və bu barədə İddiaçı səs yazıları təqdim olunmuşdur.

25. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

28. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

30. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

31. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

32. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

33. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

34. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4).

35. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

43. İddiaçı ilə Cavabdeh1 arasında qohumluq münasibətləri olmuş, onların övladları ailə qurmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan münasibətlər də dəyişmişdir.

44. İddiaçı hazırda 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dollarını və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 68.000 manat faizi, habelə mənzil alınması üçün onun vasitəsilə Babək İsmayılovun Cavabdeh1 verdiyi və sonradan özünün qaytardığı 300.000 manat və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 60.000 manat faizləri tələb edir.

45. Cavabdeh1 isə həqiqətən İddiaçı 200.000 ABŞ dolları və 300.000 manat pul götürməsinə, sonra isə həmin pulu və əlavə götürdüyü 200.000 manatı qaytara, eləcə də 140 və 145 saylı mənzillərin alınmasına görə götürülmüş kreditin ödənilməmiş qalan 816.000 manat hissəsini ödəyə bilmədiyinə görə, yəni cəmi 974.000 ABŞ dollarını iddiaçıya ünvan 1, B blok, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 140 nömrəli mənzili iddiaçının bacısı oğlu Babək İsmayılovun adına rəsmiləşdirib verməklə əvəzləşdirməsinə, bütün bu hadisələrin 2018-ci ildən əvvəl baş verməsinə, 2020-ci ilin sentyabr ayında tərəflər arasında gedən danışıqlarda isə yalnız 145 saylı mənzilin təmirinə görə 430.000 ABŞ dolları və 140 nömrəli mənzilin baha satılması adı ilə 200.000 manatın qaytarılması ilə bağlı müzakirələr aparılmasına istinad etmişdir.

46. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi-vəkili iddiaçının nümayəndəsivəkili Vəkil elektron poçt ünvanı vasitəsi ilə 11 noyabr 2020-ci il tarixli barışıq sazişinin layihəsinin ona göndərildiyini demiş, iddiaçının nümayəndəsi-vəkili isə belə bir barışıq sazişinin layihəsini göndərmədiyini bildirmişdir. Nümayəndə1 elektron poçt ünvanına daxil olmuş xx.xx.2020-ci il tarixli barışıq sazişinin layihəsinin iddiaçının nümayəndəsivəkili Vəkil elektron poçt ünvanından göndərilib-göndərilməməsini müəyyənləşdirmək məqsədilə Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə sənədlərin texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/674 nömrəli rəyində göstərilmişdir ki, elektron poçt ünvanında həmin elektron poçt istifadəçisinə dair unikal məlumatlar (istifadəçiyə aid mobil telefon nömrəsi, istifadəçiyə aid alternativ hesablar) hesab yaradıldıqda və ya sonrakı zamanlarda hesaba girişi olan hər hansı şəxs tərəfindən (konkret şəxs müəyyən edilməsi mümkün deyildir) əlavə edilir, giriş olunmamış hesaba dair məlumatlara kənar şəxslər (istənilən şəxs) tərəfindən baxış keçirilməsi və redaktə olunması yalnız istifadəçi adı və şifrənin daxil edilməsi ilə mümkündür. Lakin nəzərə alsaq ki, yuxarıda qeyd olunan məlumatlar, həmçinin elektron poçta aid şifrə məlum olsa belə elektron poçtun konkret hansı şəxsə aid olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə “Elektron ünvan 1” adlı elektron poçt ünvanının “Vxodəhie (Gələnlər Qutusu)” bölməsində aşkar olunmuş “Elektron ünvan 2” adlı elektron poçt ünvanının konkret olaraq hansı şəxsə məxsusluğunu texniki qeydlər əsasında müəyyən etmək mümkün olmadığından ekspert qarşısnda qoyulmuş “X13 elektro poçt ünvanına (mailto:ejder.s78@mail.ruElektron ünvan 1) daxil olmuş sənədin (Barışıq sazişinin layihəsinin) göndərildiyi elektron poçt ünvanı (mailto:gb-ofis@mail.ruElektron ünvan 2) Vəkil məxsusdurmu?” sual üzrə tədqiqat işi aparılmamışdır.

47. Tədqiqat zamanı “mailto:anar_k@rambler.ruElektron ünvan 3” adlı elektron poçt ünvanının “Otpravlennıe (Göndərilən)” bölməsində xx.xx.2020-xx.xx.2020-ci zaman intervalına aid olan cəmi 09 (doqquz) ədəd elektron məktub aşkar olunmuşdur. Həmin məktublar içərisində mailto:ejder.s78@mail.ruElektron ünvan 1 adlı elektron poçta göndərilmiş hər hansı bir elektron məktub müəyyən olunmamışdır. Hər hansı bir məktubun silinməsi ehtimalını nəzərə alaraq “mailto:anar_k@rambler.ruElektron ünvan 3” adlı elektron poçt ünvanının “Korzina (Zibil qutusu)” bölməsinə baxış keçirilsə də, hər hansı məlumat müəyyən olunmamışdır. Aparılmış tədqiqat işləri nəticəsində mailto:ejder.s78@mail.ruElektron ünvan 1 adlı elektron poçtun “Vxodəhie (Gələnlər Qutusu)” bölməsinə “Elektron ünvan 3” adlı elektron poçt ünvanından hər hansı bir elektron məktubun daxil olması aşkar olunmamışdır.

48. Növbəti mərhələdə istifadəçi tərəfindən hər hansı bir məktubun silinməsi ehtimalını nəzərə alaraq “Elektron ünvan 1” adlı elektron poçt ünvanının “Korzina (Zibil qutusu)" bölməsinə baxış keçirilərkən silinmiş faylların xx.xx.2020-xx.xx.2023-cü il zaman intervalına aid olması müəyyən olunmuşdur. Tədqiqat işləri nəticəsində “Elektron ünvan 1” adlı elektron poçt ünvanının “Korzina (Zibil qutusu)"da xx.xx.2020xx.xx.2020-ci il zaman intervalına aid olan hər hansı bir məlumat müəyyən olunmamışdır.

49. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir.

50. Əvvəla birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarına əsaslanmaqla nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, həmin qərar hazırki iş üzrə preyudusial əhəmiyyət daşımır, belə ki, qanunvericiliyin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM-nin 82.4-cü maddəsi).

51. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfin izahatlarından görünür ki, qeyd edilən iddia Nəsimi rayon məhkəməsinə veriləndən sonra məlum olmuşdur ki, 2017-ci ilin oktyabr ayında borclar mənzillə əvəzləşdirilən zaman "xxxx" ASC-yə olan borc İddiaçı tərəfindən bilərəkdən 306.000 (üç yüz altı min) manat artıq göstərilərək mənzili dəyərindən 306.000 (üç yüz altı min) manat aşağı qiymətə ələ keçirmişlər.

52. Bununla bağlı da məhkəmənin qənaəti düzgün olmamışdır. Müəyyən edilir ki, iki mənzilə görə banka ödənilən ümumi məbləğ 816.000 manat təşkil edir (iddiaçı tərəfin bildirməsinə görə, 306.000 manat Babək İsmayılov tərəfindən 140 saylı mənzilə görə, 510.000 manat isə İddiaçı tərəfindən 145 saylı mənzilə görə banka ödənilmişdir).

53. Babək İsmayılov tərəfindən (onun tapşırığı ilə) ödənilməsi bildirilən məbləğlər - hər biri 51.000 manat olmaqla, xx.xx.2017-ci il tarixdə X4; xx.xx.2018-ci il tarixdə X5; xx.xx.2018-ci il tarixdə X24; xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə isə X17 tərəfindən ödənilmişdir.

54. İddiaçı tərəfindən (onun tapşırığı ilə) ödənilməsi bildirilən məbləğlər - xx.xx.2018-ci il tarixdə 51.000 manat; xx.xx.2018-ci il tarixdə 51.000 manat; xx.xx.2018-ci il tarixdə 51.000 manat; xx.xx.2018-ci il tarixdə 30.000 manat; xx.xx.2018-ci il tarixdə 21.000 manat; xx.xx.2018-ci il tarixdə 31.000 manat; xx.xx.2018-ci il tarixdə 20.000 manat; xx.xx.2018-ci il tarixdə 51.000 manat; xx.xx.2019-ci il tarixdə 51.000 manat X29, xx.xx.2018-ci il tairxdə 51.000 İddiaçı özü, xx.xx.2018-ci il tarixdə 51.000 manat və xx.xx.2019-ci il tarixdə 51.000 manat X17 tərəfindən ödənilmişdir.

55. Bunan başqa, cavabdeh tərəfin nümayəndəsi-vəkili birinci instansiya məhkəməsində iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təqdim etsə də, məhkəmə tərəfindən ərizəyə münasibət bildirilməmişdir.

56. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qətnaməsi ləğv edilməlidir.

57. Göründüyü kimi iddiaçının birinci tələbi 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dolları, digəri isə 2018-ci ilin dekabr ayında mənzilin alqı-satqısı üçün verilmiş 300.000 manat pul məbləği ilə bağlıdır.

58. Kollegiya qeyd edir ki, iddiaçının dediyi kimi əgər tərəfindən Cavabdeh1 300.000 ABŞ dolları borc verilmişdirsə belə, qanunvericiliyə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalıdır. Hazırki iş üzrə iddiaçının dediyi kimi 300.000 ABŞ dolları pul vəsaitinin borc verilməsi təsdiq olunduğu təqdirdə belə, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır, yəni əqdin forma tələbinə dair şərtinə əməl olunmamışdır. Həmin məbləğdə pulun borc verilməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız (əhəmiyyətsiz) hesab edilir.

59. Tələbin ikinci hissəsi ilə bağlı da iddiaçı mənzilin alqı-satqısı ilə bağlı 300.000 manat verdiyini bildirir ki, bu hissədə də əqdin forma tələbinə dair şərtinə əməl edilməmişdir, odur ki, həmin əqd də əhəmiyyətsiz əqddir.

60. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.

61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

62. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (iddia müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi və s.) gündən başlanır.

63. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir.

64. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq olunur. Əvəz edilməsi mümkün olmayan əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə iddia müddəti tətbiq oluna bilməz.

65. Göründüyü kimi əhəmiyyətsiz əqdlər üzrə iddia müddətinin axımı onun icrasına başlandığı (hazırki halda pulun verildiyi) gündən başlanır ki, hazırki iş üzrə isə iddiaçı tələb etdiyi borc məbləğinin birini 2018-ci ilin fevral ayında, digərini isə 2018-ci ilin dekabr ayında verdiyini bildirir, belə olan halda 1 illik iddia müddətinin axımı da həmin tarixlərdən başlamışdır. Hazırki iddia ilə isə iddiaçı 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir, bununla da 1 illik iddia müddətini ötürmüşdür.

66. Beləliklə Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, prosessual qənaət prinsipi baxımından hazırki iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsinə zərurət yoxdur. Çünki, hətta araşdırma nəticəsində iddianın əsaslı olması müəyyən olunsa belə, iddia müddətinin keçməsi nəticəsində həmin iddia təmin oluna bilməz.

67. İddia müddəti ötürüldüyündən hazırki iddia tələbi rədd edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3774/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23) “borcun tutulması tələbinə dair” iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar