Məhkəmə qərarları › İş №2(103)-264/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-264/2023

14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-264/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-264/2023 (Açar sözlər: borcun qaytarılması”) Bakı şəhəri 14 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14.03..2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 65000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür;

2. 06 noyabr 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh həmin tarixli müqavilə üzrə pul məbləğini İddiaçı ASC-dən nağd olaraq almışdır;

3. İddiaçı ASC-nin 01 iyul 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur;

4. 13 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir;

5. Ləğv prosesində olan İddiaçı ASC-nin 30 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 iyun 2021-ci il tarixdə 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 18.420,43 manat əsas, 11.644,47 manat faiz, 8790,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5265,92 manat faiz borcu olmaqla, cəmi 44.121,53 manat borcu vardır.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 65.000 (altmış beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 24 iyun 2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 44.121,53 (qırx dörd min yüz iyirmi bir manat, 53 qəpik) manat təşkil edir. Bundan 18.420,43 (on səkkiz min dörd yüz iyirmi manat, 43 qəpik) manat əsas, 11.644,47 (on bir min altı yüz qırx dörd manat, 47 qəpik) manat faiz, 8790,71 (səkkiz min yeddi yüz doxsan manat, 71 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5265,92 (beş min iki yüz altmış beş manat, 92 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2-ci, 2.1-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********564 saylı 01 iyul 2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənləri nəzərə alaraq, cəmi 44.121,53 (qırx dörd min yüz iyirmi bir manat, 53 qəpik) manat- bundan 18.420,43 (on səkkiz min dörd yüz iyirmi manat, 43 qəpik) manat əsas, 11.644,47 (on bir min altı yüz qırx dörd manat, 47 qəpik) manat faiz, 8790,71 (səkkiz min yeddi yüz doxsan manat, 71 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5265,92 (beş min iki yüz altmış beş manat, 92 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (istifadəsində olan mobil nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh 18420,43 manat məbləğində əsas borc, 11644,47 manat faiz borcu, 1842,04 manat məbləğində cərimə borcu, 5265,92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 37172,86 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

14. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 5265,92 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir.

15. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 8790,71 manat miqdarında cərimə (dəbbə pulu) 18420,43 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və bu məbləğ azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1-ci, 390.1-ci, 739.1-ci, 739.2-ci, 445.7-ci və 467-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin iştirakı olmadan işə məhkəmədə baxılaraq, cavabdehdən 37172,86 manat məbləğındə pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bununla bağlı bildiririk ki, qeyd edilən məhkəmə barədə Cavabdeh ümumiyyətlə xəbəri olmamışdır.Belə ki, Nizami Rayon Məhkəməsi öz qətnaməsində iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbardar edilməsinə (sms-bildiriş vasitəsilə) baxmayaraq cavabdehin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyini qeyd etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh iki ildən çoxdur ki, (050) *** ** ** mobil telefon nömrəsini işlədir və bu nömrəyə sms-bildiriş daxıl olmayıb.Ehtimal edir ki, sms-bildiriş vaxtı ilə 2013-cü ildə kredit götürülərkən İddiaçı tərfindən qeyd edilən 050 *** ** ** nömrəyə göndərilib.İş materiallarında İddiaçı ASC-nin 01 iyul 2021-ci il tarixli xəbərdarlıq məktubunun olduğu görünür.Həmin məktuba əsasən cavabdeh yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdarlıq olunmuşdur.Lakin, Cavabdehq ızı qeyd edilən xəbərdarlığı almamışdır və cavabdehə həmin xəbardarlığın çatdırılması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmışdir.İddiaçı, məhkəməyə müraciət edərək, cavabdehin yeri və əlaqə saxlamaq üçün telefon nömrəsi barədə dəqiq məlumat verməyə borcluydu. Lakin bunu etməmişdir və nəticə olaraq cavabdehin məhkəmədə iştirakı təmin edilməmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinın tətbiqinə dair ərizə verməkdən faktıki olaraq məhrum edilmişdir.Cavabdeh məhkəmə prosesi barədə məlumatı olmayıb və məhkəmədə iştirak etməyib.İiki ildən çoxdur ki, (050) *** ** ** mobil telefon nömrəsini işlədir və bu nömrəyə smsbildiriş daxıl olmayıb.Bundan başqa, məhkəmənin vaxtı və yeri barədə bildiriş almayıb. Bu səbəbdən Azərbaycan Respublikası MM-n 375.2-cı maddəsinin tətbiqinə dair ərizə verə bilməyib.İddiaçı tərəf cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məhkəməyə dəqiq məlumat verməyib, həmçinin məhkəməyə cavabdehin son iki ildə işlətmədiyi mobil telefon nömrəsini təqdim edib.Cavabdeh məhkəmə prosesi barədə lazımı qaydada xəbərdar edilməyib.Qaldırılmış iddia ərızəsi və buna aid məhkəmə prosesindən xəbəri olmadığı üçün cavabdeh öz etirazını məhkəməyə təqdim edə bilməmişdir.İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 24 ay müddətinə kredit verilmişdir.İddiaçı tərəfindən məhkəməyə 2021ci ildə müraciət edilmışdir. Göründüyü kimi, iddia qaldırmaq üçün nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür.Bununla bağlı, AR MM-nin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Odur ki, Bakı Şəhəri Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 noyabr 2021-ci il tarixli, e- 2(007)-3935/2021 saylı qətnaməsin ləğv edilərək iddiaçının tələbi rədd edilməsi xahiş olunmuşdur.

b) Apellyasiya şikayətinə yazılı etiraz

19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

27. 373.1-373.3-cü maddələrinə əsasən Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir.

28. 375.1 və 375.2 maddələrinə əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır .

29. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

30. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanalarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərarçıxarmaq zərurətindən azad edir.

34. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edə, işdə olan və təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin həmin hissədə yoxlanılır.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır.

46. Belə ki, cavabdehin iştirakı olmadan işə məhkəmədə baxılaraq, mübahisələndirilən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən 37172,86 manat məbləğındə pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

47. Lakin apellyasiya baxışı zamanı, qeyd edilən məhkəmə barədə Cavabdeh xəbəri olması iş materialları ilə təsdiqini tapmır.

48. Belə ki, Nizami Rayon Məhkəməsi öz qətnaməsində iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbardar edilməsinə (sms-bildiriş vasitəsilə) baxmayaraq cavabdehin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyini qeyd etmişdir. Cavabdeh isə bildirir ki, iki ilə yaxındır ki (050) *** ** ** mobil telefon nömrəsini işlədir və bu nömrəyə smsbildiriş daxıl olmayıb.SMS-bildiriş vaxtı ilə 2013-cü ildə kredit götürülərkən İddiaçı tərfindən qeyd edilən 050 *** ** ** nömrəyə göndərilib.

49. Nəticə olaraq cavabdehin məhkəmədə iştirakı təmin edilməmişdir.Beləliklə, cavabdeh bildirir ki, Azərbaycan Respublikası MM-nin 375.2-cı maddəsinin tətbiqinə dair ərizə verə bilməyib.

50. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqinə dair ərizə verərək iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir.

51. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri baxımından iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və işin icraatı rəy alınana kimi dayandırılmışdır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli 9/7314 nömrəli rəyindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək (sonuncu ödəniş edilən tarixədək) kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2015-ci il tarixədək (sonuncu ödəniş edilən tarixədək)-əsas borc üzrə 13.711, 21 manat .

52. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 24 ay müddətinə kredit verilmişdir.Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2015-ci il tarixədə həyata keçirilmişdir.Sonuncu ödəniş edilən tarixə, yəni xx.xx.2015-ci il tarixə cavabdehin əsas borc üzrə 13.711, 21 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixədə həyata keçirilmişdir.

53. Beləliklə, müəyyən olunur ki, cavabdeh tərəfindən 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixədə həyata keçirilmişdir.İddiaçı tərəfindən isə hazırkı iddia ilə məhkəməyə 2021-ci ildə müraciət edilmışdir.Göründüyü kimi, iddia qaldırmaq üçün nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür.

54. Göstərilənlərlə yanaşı, qeyd edilməlidir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanalarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərarçıxarmaq zərurətindən azad edir.

57. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

58. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi olmuş və bunun əsasında tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində maraqlı tərəf tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir.

59. Məhkəmə hesab edir ki, iddiaçı bu müddəti habelə iddia müddətinin axımın kəsilməsinə əsas ola biləcək hər hansı başqa hala dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir.

60. Beləliklə, məhkəmə müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu və bu müddətin keçdiyini nəzərə alaraq, hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, cavabdehdən borcun tutulmasına dair iddia tələbi rədd edilməlidir.

61. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən-iddianın təmin olunmuş hissədə ləğv olunsun, həmin hissədə iddia rədd edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar