Məhkəmə qərarları › İş №2(103)-264/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-264/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-264/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi X9, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-186/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14170 manat maddi zərərin, 25000 manat mənəvi zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Davinçi Hospitalının həkimi Cavabdeh1 qəbulunda olmuşdur. Həkimə müraciət etmə səbəbi hamiləlikdən sonra yaranmış fartuk və daxildə olan sancılarla əlaqədar olmuşdur. Həkim tərəfindən aparılmış müayinə əsasında ona qarın sallanması, əzələ yırtığı və ödə polip diaqnozu qoyularaq abdominoplastika (qarın gərmə əməliyyatı) və laparoskopik xolesistektomiya(öd kisəsinin laparoskopik üsulla çıxarılması) əməliyyatına ehtiyacı olduğu bildirilmiş və həkim tərəfindən əməliyyat icra olunmuşdur. Lakin həkim Cavabdeh1 onu doğru müayinə və müalicə etməmişdir. Nəticədə əməliyyat öncəsi bədən forması söz verdiyi kimi şəkillənməmişdir. Bunun əksi olaraq əməliyyatdan sonra qarın nahiyyəsində simmetriya pozulmuş, yarada ağırlaşma baş vermişdir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-186/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Davinçi Hospitalı”nın həkimi Cavabdeh1 qəbulunda olmuşdur. Həkimə müraciət etmə səbəbi hamiləlikdən sonra yaranmış fartuk və daxildə olan sancılarla əlaqədar olmuşdur. Həkim tərəfindən aparılmış müayinə əsasında ona qarın sallanması, əzələ yırtığı və ödə polip diaqnozu qoyularaq abdominoplastika (qarın gərmə əməliyyatı) və laparoskopik xolesistektomiya (öd kisəsinin laparoskopik üsulla çıxarılması) əməliyyatına ehtiyacı olduğu bildirilmiş və həkim tərəfindən əməliyyat icra olunmuşdur. Lakin həkim Cavabdeh1 onu doğru müayinə və müalicə etməmiş, nəticədə əməliyyat öncəsi bədən forması söz verdiyi kimi şəkillənməmişdir. Bunun əksi olaraq əməliyyatdan sonra qarın nahiyyəsində simmetriya pozulmuş, yarada ağırlaşma baş vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, buna uyğun olaraq verilən ekspert rəyini təhlil etdikdən sonra ekspertiza qarşısında əlavə aydınlaşdırılmalı sualların qoyulması zərurəti yaranmışdır. Belə ki, rəyin tədqiqat hissəsində də müəyyən edilmişdir ki, iddiaçı əvvəllər öd kisəsi ilə bağlı müalicə alması barədə həkim Cavabdeh1 əvvəlcədən məlumat vermişdir. Rəyin tədqiqat hissəsində ekspert komissiyası tibbi sənədlərə əsasən müəyyən etmişdir ki, əməliyyata əks-göstərişin olmaması tibbi sənədlərdə qeyd edilmişdir. Lakin buna baxmayaraq nəticə hissəsində tibbi sənədlərdə əməliyyata əks göstərişin olub-olmaması barədə qeyd aparılmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, rəydə müəyyən edilən hallarla gəlinən nəticə arasında uyğunsuzluq var. O, iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilməsini və ekspertiza qarşısında özünün təqdim etdiyi sualların qoyulmasını xahiş etsə də, vəsatəti təmin edilməmiş, iş üzrə tam araşdırma aparılmamış və nəticədə əsassız olaraq iddia tələbi təmin edilməmişdir. Eyni zamanda, əməliyyatda Cavabdeh1 başqa digər həkim cərrah X10 da iştirak etmişdir. Bizə həmin həkim tərəfindən əməliyyatın icra ediləcəyi barədə cavabdehlər tərəfindən heç bir məlumat verilməmişdir. Bu hal bizə məhkəmə baxışı zamanı məlum olmuş, hakimdən X5 işə cəlb edilməsini xahiş etsək də məhkəmə tərəfindən həmin şəxs işə cəlb edilməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. İddianın həcminin artırılması üçün bizə imkan verilməmiş, halbuki belə halda bizə vurulmuş mənəvi ziyanın miqdarı da artmışdır. Hesab edir ki, ona 100000 manat mənəvi ziyan vurulmuşdur. Bununla bağlı apellyasiya baxışı zamanı lazımi ərizə təqdim ediləcəkdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-4165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X7 xx.xx.2023-cü il tarixli, 628/KEŞ saylı rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir.

7. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4165/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X12 başqa ekspertlərinə həvalə edilməklə icra edilməsi üçün təkrar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X11 göndərilmişdir.

8. Məhkəmə Tibbi Ekspertiza və X3 X12 159 nömrəli, 15.01.24 nömrəli məktubla İddiaçı müayinə məqsədilə Birliyə yaxınlaşmadığı üçün qərardad icrasız geri qaytarılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-264/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103) 4165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə qərardadı icra edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə göndərilmişdir.

10. Məhkəmə Tibbi Ekspertiza və X3 PHŞ-dən 7158 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuş və 06 iyun 2024-cü il tarixli qərardadla müki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, təqdim edilmiş rəylə razı deyil, belə ki, rəyi imzalamış Taleh Qasımov ekspertlər sırasına daxil deyil və həmin şəxsin rəy vermək səlahiyyəti olmamışdır. Göründüyü kimi ekspertiza tədqiqatı düzgün keçirilməmişdir və tərtib edilmiş rəy əsassız olmuşdur.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Əliyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayət ilə razılaşmayaraq təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin isə qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə 3 dəfə ekspert rəyi verilmiş və kifayət qədər araşdırmalar aparılmışdır. Hesab edir ki, rəylə razılaşmamaq üçün iddiaçı tərəfin göstərdiyi dəlillər əsassızdır və bu barədə səslənmiş fikirlər mülki işin baxılma müddətinin yubadılması məqsədini daşıyır.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayət ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ə.Abbasov apellyasiya şikayət ilə razılaşmayaraq təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanmasını xahiş etdi. Sübutların tədqiqi:

17. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq təqdim edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X7 xx.xx.2022-ci il tarixli, 633/ KEŞ saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Davinçi Hospital” da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kəskin kalkulyoz xolesistit. Qarın sallanması” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Laparoskopik xolesistektomiya. Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. 2.4. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda böyük ölçülü çapıq toxumasının olduğu müəyyən edilmişdir ki, bu da əməliyyat yarasının ikincili sağalması ilə əlaqədar olmuşdur. Yaranın ikincili sağalması müxtəlif səbəblərdən yəni, yaraya müxtəlif şəraitlərdə infeksiyanın düşməsi, qan dövranı pozğunluğu və s. hesabına baş verə bilər. Böyük ölçülü çapıq toxumasının ləğvi ilə əlaqədar hazırda İddiaçı korreksiyaedici əməliyyatın aparılmasına ehtiyacı vardır. Tərtib edilmiş tibbi sənədlərdə İddiaçı üzərində cərrahiyə əməliyyatının icrasına əks göstərişin olub-olmaması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır.

18. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X7 xx.xx.2023-cü il tarixli, 628/KEŞ saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Davinçi Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kəskin kalkulyoz xolesistit. Qarın sallanması” diaqnozu düzgün təyin edilmişdir. Diaqnozda qeyd edilən “Kəskin kalkulyoz xolesistit” aparılmış ultrasəs müayinəsi zamanı öz təsdiqini tapmışdır. “Xolesistektomiya” əməliyyatı laporoskopik (qapalı) üsulla aparıldığı üçün yanaşı olaraq “Abdominoplastika” əməliyyatı da icra oluna bilərdi. İddiaçı üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatında sonra onda əməliyyat yarası ikincili sağalmışdır. Bu patoloji vəziyyət yaraya infeksiyanın düşməsi və ya bir çox hallarda toxumalarda qan dövranının pozğunluğu ilə əlaqədar olur. Elektrokoaqulyator aparatından və ya tibbi ləvazimatların istifadə edilməsi zamanaı yaranın ikincili sağalması istisna edilir. “Kəskin kalkulyoz xolesistit” diaqnozun təyin edilməsi ilə əlaqədar ultrasəs laborator analizlər aparılmışdır. Ultrasəs müayinəsinin cavabına əsasən, öd kisəsində polipoz strukturların olduğu qeyd edilmişdir. İddiaçı üzərində icra edilmiş əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. Lakin əməliyyatdan sonra əməliyyat yarası ikincili sağalmışdır. əməliyyat yaralarının sağalma prosesin əvəlcədən proqnoz verilməsi mümkün deyildir. Tibbi sənədlərin tədqiqatı zamanı İddiaçı üzərində planlaşdırılmış “Laparoskopik xolesistektomiya və Abdominoplastika” cərahiyyə əməliyyatları ilə əlaqədar əks göstərişlərin olduğu qeyd edilməmişdir.

19. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X2 qeyd etmişdir ki, İddiaçı göbəkdən aşağı hər hansı səbəbdən ikincili sağalma, göbəkdən yuxarı isə diastaz olub, yaranın nekroz olmasını deyə bilməz, elektrokauqulyator aparatından istifadə yaranın səbəbi ola bilməz, analizlərdə əks göstəriş qeyd olunmayıb, xəstənin vəziyyəti imkan verirsə öd əməliyyatı ola bilərdi, əməliyyatın standart zamanı yoxdur, historik müayinə aparılmasına zərurət yoxdur, sənədlərdə öd əməliyyatını icra edən həkimin imzasının olması məcburi deyil, yenidən korreksiyaya ehtiyac bir çox səbəbdən yarana bilər. Qan dövranının pozulması və ya infeksiya düşməsi səbəbləri ola bilər. Hazırda onu müəyyənləşdirmək mümkün deyil (1-ci cild, i/v 173-175).

20. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X6 ekspert X1 izahatında göstərilənləri təsdiq edərək, bildirmişdir ki, iddiaçının ödü ilə bağlı şikayəti yoxdur, yaranın qan dövranının pozulması nəticəsində yaranma ehtimalı daha çoxdur (1-ci cild, i/v 173- 175).

21. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X7 10 may 2024-cü il tarixli, 435/KEŞ saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı xx.xx.2022-ci il tarixdə "Davinci Hospital"ın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Kəskin kalkulyoz xolesistit. Qarın sallanması" diaqnozu düzgün təyin edilmişdir. Diaqnozda qeyd edilən "Kəskin kalkulyoz xolesistit" aparılmış ultrasəs müayinəsi zamanı öz təsdiqini tapmışdır. "Xolesistektomiya" əməliyyatı laparoskopik (qapalı) üsulla aparıldığı üçün yanaşı olaraq "Abdominoplastika" əməliyyatı da icra oluna bilərdi. Öd kisəsinin çıxarılmasına tibbi göstəriş olmuşdur. İddiaçı keçirdiyi "Laparoskopik xolesistektomiya" cərrahiyyə əməliyyatı ilə əlaqədar onda hər hansı bir cərrahi ağırlaşma qeyd edilməmişdir. Lakin icra edilmiş "Abdominoplastika" cərrahiyyə əməliyyatından sonra əməliyyat yarası fəsadlaşaraq irinləmiş və ikincili sağalmışdır. Əməliyyat yarasının irinləməsi və ikincili sağalması əsasən əməliyyat zamanı aseptika-antiseptika qayalarına düzgün riayət edilməməsi, bəzən də əməliyyatdan sonra yaraya qulluq zamanı yara nahiyəsinə infeksiyanın düşməsi səbəblərindən inkişaf edə bilir. Bu ağırlaşmaların baş verməsində orqanizmin fərdi xüsusiyyətlərinin (orqanizmdə immun sistemin vəziyyəti, maddələr mübadiləsinin metabolizmin vəziyyəti, hormonal status və s.) və digər bu kimi ümumi amillərin də fon rolu az deyil. Elektrokoaqulyator aparatından istifadə edilməsi zamanı yaranın ikincili sağalması istisna edilir. İddiaçı təyin edilmiş "Kəskin kalkulyoz xolesistiť" diaqnozu aparılmış Ultrasəs müayinəsinin nəticəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. "Abdominoplastika" əməliyyatdan sonra əməliyyat yarası ağırlaşma ilə, yəni ikincili sağalmışdır. Cərrahi əməliyyatların və ya əməliyyat yaralarının sağalma prosesi barədə əvvəlcədən proqnoz verilməsi mümkün deyildir. Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3" X12 xx.xx.2022-ci il tarixli, 633/KEŞ saylı rəyin tədqiqat hissəsində (633/KEŞ; səh 3) icra olunacaq əməliyyat üçün əks göstəriş qeyd edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

29. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

41. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. İddiaçının apellyasiya şikayətinin dəlilinə əsasən, mülki iş üzrə obyektiv, tam və hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

45. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X7 xx.xx.2023-cü il tarixli, 628/KEŞ saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Davinçi Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kəskin kalkulyoz xolesistit. Qarın sallanması” diaqnozu düzgün təyin edilmişdir. Diaqnozda qeyd edilən “Kəskin kalkulyoz xolesistit” aparılmış ultrasəs müayinəsi zamanı öz təsdiqini tapmışdır. “Xolesistektomiya” əməliyyatı laporoskopik (qapalı) üsulla aparıldığı üçün yanaşı olaraq “Abdominoplastika” əməliyyatı da icra oluna bilərdi. İddiaçı üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatında sonra onda əməliyyat yarası ikincili sağalmışdır. Bu patoloji vəziyyət yaraya infeksiyanın düşməsi və ya bir çox hallarda toxumalarda qan dövranının pozğunluğu ilə əlaqədar olur. Elektrokoaqulyator aparatından və ya tibbi ləvazimatların istifadə edilməsi zamanaı yaranın ikincili sağalması istisna edilir. “Kəskin kalkulyoz xolesistit” diaqnozun təyin edilməsi ilə əlaqədar ultrasəs laborator analizlər aparılmışdır. Ultrasəs müayinəsinin cavabına əsasən, öd kisəsində polipoz strukturların olduğu qeyd edilmişdir. İddiaçı üzərində icra edilmiş əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. Lakin əməliyyatdan sonra əməliyyat yarası ikincili sağalmışdır. əməliyyat yaralarının sağalma prosesin əvəlcədən proqnoz verilməsi mümkün deyildir. Tibbi sənədlərin tədqiqatı zamanı İddiaçı üzərində planlaşdırılmış “Laparoskopik xolesistektomiya və Abdominoplastika” cərahiyyə əməliyyatları ilə əlaqədar əks göstərişlərin olduğu qeyd edilməmişdir.

46. Bununla yanaşı həmin rəydən məlum olur ki, həmin rəy X12 əvvəlki xx.xx.2022-ci il tarixli, 633/KEŞ saylı rəyi vermiş ekspertlər, yəni Cavid Cahangirli və Rafik Nuriyev tərəfindən verilmiş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 4165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında olan ekspertizanın keçirilməsinin başqa ekspertlərə həvalə edilməsi barədə göstərişə əməl edilmədən rəy verilmişdir ki, bu da əsaslı hesab edilə bilməz.

47. Bu baxımdan işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması məqsədi ilə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 4165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə məhkəmə-tibbi ekspertizası qərardadı ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X12 başqa ekspertlərinə həvalə edilməklə icra edilməsi üçün təkrar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X11 göndərilmişdir.

48. Məhkəmə Tibbi Ekspertiza və X3 X12 159 nömrəli, 15.01.24 nömrəli məktubla İddiaçı müayinə məqsədilə Birliyə yaxınlaşmadığı üçün qərardad icrasız geri qaytarılmışdır.

49. Bundan sonra isə məhkəmənin 05 mart 2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103) 4165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə qərardadı icra edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə göndərilmiş, Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən, İddiaçı mülki şəxs olduğu və qərardadda göstərilən məsələlər hərbi xidmətlə bağlı olmadığından qərardad icra edilmədən geri qaytarılmışdır.

50. Bundan sonra qərardad icra edilməsi üçün təkrarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X11 göndərilmişdir.

51. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və X3” X7 10 may 2024-cü il tarixli, 435/KEŞ nömrəli rəyinə əsasən 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı xx.xx.2022-ci il tarixdə "Davinci Hospital"ın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Kəskin kalkulyoz xolesistit. Qarın sallanması" diaqnozu düzgün təyin edilmişdir. Diaqnozda qeyd edilən "Kəskin kalkulyoz xolesistit" aparılmış ultrasəs müayinəsi zamanı öz təsdiqini tapmışdır. "Xolesistektomiya" əməliyyatı laparoskopik (qapalı) üsulla aparıldığı üçün yanaşı olaraq "Abdominoplastika" əməliyyatı da icra oluna bilərdi. Öd kisəsinin çıxarılmasına tibbi göstəriş olmuşdur. İddiaçı keçirdiyi "Laparoskopik xolesistektomiya" cərrahiyyə əməliyyatı ilə əlaqədar onda hər hansı bir cərrahi ağırlaşma qeyd edilməmişdir. Lakin icra edilmiş "Abdominoplastika" cərrahiyyə əməliyyatından sonra əməliyyat yarası fəsadlaşaraq irinləmiş və ikincili sağalmışdır. Əməliyyat yarasının irinləməsi və ikincili sağalması əsasən əməliyyat zamanı aseptika-antiseptika qayalarına düzgün riayət edilməməsi, bəzən də əməliyyatdan sonra yaraya qulluq zamanı yara nahiyəsinə infeksiyanın düşməsi səbəblərindən inkişaf edə bilir. Bu ağırlaşmaların baş verməsində orqanizmin fərdi xüsusiyyətlərinin (orqanizmdə immun sistemin vəziyyəti, maddələr mübadiləsinin metabolizmin vəziyyəti, hormonal status və s.) və digər bu kimi ümumi amillərin də fon rolu az deyil. Elektrokoaqulyator aparatından istifadə edilməsi zamanı yaranın ikincili sağalması istisna edilir. İddiaçı təyin edilmiş "Kəskin kalkulyoz xolesistiť" diaqnozu aparılmış Ultrasəs müayinəsinin nəticəsi ilə öz təsdiqni tapmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar tibbi göstəriş əsasında yerinə yetirilmişdir. "Abdominoplastika" əməliyyatdan sonra əməliyyat yarası ağırlaşma ilə, yəni ikincili sağalmışdır. Cərrahi əməliyyatların və ya əməliyyat yaralarının sağalma prosesi barədə əvvəlcədən proqnoz verilməsi mümkün deyildir. Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3" X12 xx.xx.2022-ci il tarixli, 633/KEŞ saylı rəyin tədqiqat hissəsində (633/KEŞ; səh 3) icra olunacaq əməliyyat üçün əks göstəriş qeyd edilməmişdir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

52. Eyni zamanda rayon məhkəməsində dinlənilmiş ekspertlər R.Babayev və R.Nuriyev mahiyyət etibarı ilə ekspert rəyində göstərilən mövqelərinin əsaslı olduğunu bildirmişlər.

53. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, bir sıra başqa işlərdən fərqli olaraq bu qəbildən olan işlərdə tibbi ekspertlərin rəyi daha vacib əhəmiyyət daşıyır və məhkəmənin fərqli qənaətə gəlməsi daha çox mülahizə xarakterli ola bilər. Hazırkı iş üzrə verilmiş son rəyə əsasən də müəyyən edilmişdir ki, iddiaçıya düzgün diaqnoz qoyulmaqla müalicəsi düzgün olmuşdur.

54. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

55. Həmçinin istinad edilən ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda həmin rəylə razılaşmamaq üçün hər hansı hal müəyyən edilməmişdir.

56. Beləliklə, aparılan araşdırmalar nəticəsində apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından şikayət əsassıdır və təmin edilmə bilməz. Nəticə:

57. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-186/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar