Məhkəmə qərarları › İş №2(103)-2640/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2640/2023

14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2640/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)-3716/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X2 Cavabdeh2 MMC-yə qarşı “əmək münasibətləri şəraitində dəymiş maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(006)- 3716/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X2 Cavabdeh2 MMC-yə qarşı “əmək münasibətləri şəraitində dəymiş maddi və mənəvi ziyan tələbi”nə dair iddiası təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. 07 dekabr 2022-ci il tarixdə İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)- 3716/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(006)-3716/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan - xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(006)-3716/2022 saylı qərardadından şikayət verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)- 3716/2022 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmiş, şikayətin tərtibi zamanı gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədiyinə görə) geri qaytarılmışdır. 01 fevral 2023-cü il tarixdə - İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)-3716/2022 saylı qərardadından şikayət verilmiş, qərardadın ləğv edilməsi və şikayətin icraata götürülməsi xahiş edilmişdir.. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(006)-3716/2022 saylı qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, MPM-ə əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya qeyd edir ki, İddiaçı tərəfindən verilmiş şikayətin formasına diqqət yetirdikdə görünür ki, iddiaçı tərəf şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilib-verilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və şikayətin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)-3716/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)- 3716/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar