Məhkəmə qərarları › İş №2(103)-2643/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2643/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2643/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Məmmədov Dilsuz Babək oğlunun iştirakı ilə, İddiaçı oğıunun Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2281/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus olan "Skoda Fabia" markalı, 99- FF-537 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin yerdə qalan hissəsi yəni 5826 manat, hüquqi xidmətə görə müqavilə üçün ödənilmiş 200 manat olmaqla, cəmi 6026 (altı min iyirmi altı) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “Skoda Fabia” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin yedə qalan hissəsi, yəni 5826 manat məbləğ, hüquqi xidmətə görə ödənilmiş 200 manat, mənəvi zərər olaraq 3000 manat və 30 manat dövlət rüsumu, cəmi 9056 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixdə öz mülkiyyətində olan “Mercedes” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, ona məxsus olan “X6” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi və mənəvi ziyanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli X4 qərarına əsasən təsdiqlənir. “Mercedes markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil avtomobillərin icbari sığorta növü üzrə “xxxx” ASC-də sığorta olunduğundan həmin sığorta şirkətinin əməkdaşları tərəfindən onun avtomobilinin təmirə yararlı olub-olmaması, təmir xərcinin müəyyən edilməsi məqsədiylə servisə göndərilmişdir. “İnter Continental” Avtomobil servisi tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu qəza nəticəsində həmin avtomobilə 10760 manat ziyan dəymişdir. “xxxx” ASC tərəfindən icbari sığorta müqaviləsi ilə nəzərdə tutulan 50xx xxxxxxxx 4934 manat məbləğ ödənilmişdir. Mülki məsuliyyətin sığorta hədləri 5000 manatla hədləndiyindən və hadisə zamanı “X6” markalı 99- FF-537 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında olan aliminium-metal çəpərlərə çırpılaraq yol kənarına aşdığından müvafiq olaraq metal çəpərə dəymiş zərər 66 manat müəyyən edildiyindən sığorta ödənişi həmin məbləğ çıxılaraq ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(002)-2281/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin ediən hissədə ləğv edilməsini, iddia tələbinin 2600 pulun tutulması hissəsində təmin edilməməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayətinin təmin olunmamasını xahiş edən idddiaçını və nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin X4 iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 16:30-da Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 63-cü kilometrliyində baş vermiş baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Mercedes Benz E240” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolun sol hərəkət zolağına keçmiş, həmin vaxt eyni istiqamətdə yolun sağ hərəkət zolağında düzünə hərəkətdə olan İddiaçı idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə “Skoda Fabia” markalı avtomobil yolun sağ kənarına aşaraq sürücüsü İddiaçı, sərnişinləri X1 və X2 xəsarət almışlar. Həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilnərək barəsində 200 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İş materiallarında olan 19-11914/AA-9788/19 № li Sığorta Aktından görünür ki, yuxarıda qeyd edilən qəza hadisəsi ilə bağlı əmlaka dəymiş ümumi ziyan 10760,00 manat təşkil etmiş, İddiaçı ödəniləcək sığorta məbləği 4934,00 manat müəyyən edilmişdir. İş materiallarında olan 018474 № li, xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqından görünür ki, İddiaçı 4934 manat sığorta ödənişi edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyətində olan avtomobilə ziyan vurmuş, ziyan məbləğinin bir hissəsi sığorta şirkəti tərəfindən qarşılanmışdır. Hazırda iddiaçı ziyan məbləğinin sığorta şirkəti tərəfindən ödənilməyən hissəsini, hüquqi xidmətlə bağlı çəkdiyi xərci və mənəvi ziyanın əvəzini tələb etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya qəza nəticəsində ümumilikdə vurulan 10760 manat məbləğində ziyanın 4934 manatı sığorta şirkəti tərəfindən ödənildiyinə görə yerdə qalan 5826 manat məbləğində pulu iddiaçı cavabdehdən tələb etməyə haqlıdır. Mülki Prosessual Məcəllənini 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə əlavə edilmiş hüquqi xidmətin göstərilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, 142 saylı müqavilədən görünür ki, hazırkı mübahisə ilə bağlı vəkil xərci 200 manat təşkil etmişdir Qeyd edilənlərə əsasən kollegiya qətnamənin iddianın təmin olunmamış hissədə ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar