Məhkəmə qərarları › İş №2(103)-2644/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2644/2020

21.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2644/2020 21.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxxxx katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5786/19 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsindəki 65 saylı evin 51-ci mənzilindən çıxarılması, “Lexus CS430” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, mənzil və avtomobil üzərində iddiaçının mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5786/19 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, avtomobilin qaytarılması və s. tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının uşaqlarının qəyyumu olması ona iddiaçının əmlaklarına dair sahiblik, istifadə və sərəncam hüquqlarını vermir. Qəyyum üçün belə bir hüquq nə (mülki, ailə) qanunvericilikdə nəzərdə tutulmayıb, nə də onun qəyyum təyin olunması barədə sərəncamda, iddiaçının uşaqlarının yaşayış yeri qəyyumlarının -cavabdehin yaşayış yeri ilə müəyyən olunur və artıq aylardır iddiaçının uşaqları qəyyumları - cavabdeh ilə birlikdə onun evində yaşayırlar. Başqa sözlə, nə uşaqlar, nədə cavabdeh mübahisəli predmeti olan mənzildə yaşamırlar və avtomobildən istifadə etmirlər. İddiaçının öz əmlakından faktiki istifadə etmək imkanının olmaması onun öz əmlakı barəsində sərəncam vermək - əmlakını istədiyi şəxslərin sahiblik, istifadə və sərəncamına vermək, istəmədiyi şəxslərin isə sahiblik, istifadə və sərəncamına verməmək hüququnu heç bir halda məhdudlaşdırmır. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzilin və avtomobilin mülkiyyətçisidir, iddiaçı cavabdehin qızı ilə ailə qurmuş, cavabdehin qızı həmin mənzilə gəlin köçmüş və onlar birlikdə orada yaşamışlar. Həmin nikahdan iki övladları olmuş, sonradan iddiaçı həyat yoldaşının ölümündə təqsirləndirildiyindən onun barəsində həbs qətimkan tədbiri seçilmiş, cavabdeh azyaşlı uşaqların nənəsi olduğundan, habelə uşaqların qayğıya ehtiyacları olduğundan onların üzərində qəyyum təyin edilmişdir. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılmasını və avtomobilin qaytarılmasını tələb edir, cavabdeh iddia tələbi ilə razı deyildir İddiaçı azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 valideyn himayəsindən məhrum olmuşlar. Belə ki, uşaqların anaları X5 vəfat etmiş, ataları İddiaçı isə həmin ölümdə təqsirləndirilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar azyaşlıların nənələri olan Cavabdeh onların üzərində qəyyum təyin edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin qızı X5 iddiaçı ilə ailə həyatı qurarkən sözügedən mənzilə gəlin köçmüş, azyaşlılar mübahisəli mənzildə dünyaya gəlmişlər və hal-hazırda da orada yaşayırlar. Belə olan halda, məhkəmə hesab edir ki, azyaşlıların tərbiyə olunması, onların sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişaflarının qeydinə qalması üçün təyin edilmiş qəyyum, yəni nənələri olan Cavabdeh azyaşlı nəvələri ilə birlikdə mübahisəli ünvanda yaşamaq hüququna malikdir və həmin mənzildən çıxarıla bilməz. İddiaçının anasının onun etibarnamə əsasında nümayəndəsi kimi mübahisəli əmlaklardan (mənzil və avtomobildən) istifadə edə bilməməsi barədə iddia ərizəsinin dəlilinə qiymət verərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının anası etibarnamə əsasında özünü deyil, oğlu İddiaçı təmsil edir. Sonuncu isə hal-hazırda cəmiyyətdən təcrid olunub və fiziki olaraq həmin əmlaklardan istifadə etmək iqtidarında deyildir. Bundan əlavə, məhkəmə yuxarıda qeyd etdiyi kimi Cavabdeh azyaşlı uşaqların qəyyumu kimi uşaqların mənafeləri üçün mübahisə predmeti olan əmlaklardan (həm mənzildən, həm də avtomobildən) istifadə etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə iddianın təmin edilməyən hissəsində yoxlanılmalı, digər şəxs(lər)ə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildə olmasına yaxud yaşamasına, eləcə də tələb etdiyi avtomobilin cavabdehin istifadə etməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə apellyasiya şikayətində özü bəyan edir ki, “artıq aylardır iddiaçının uşaqları qəyyumları - cavabdeh ilə birlikdə onun evində yaşayırlar Başqa sözlə, nə uşaqlar, nədə cavabdeh mübahisəli predmeti olan mənzildə yaşamırlar və avtomobildən istifadə etmirlər”. Demək bu halların mövcudluğu özü-özlüyündə iddianın etibarsızlığına dəlalət edir. İkincisi, cavabdeh iddiaçının azyaşlı uşaqlarına qəyyum təyin edilmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış uşaqların yaşayış yeri həm də valideyinlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri saylır. Demək cavabdeh azyaşlı uşaqların maraqları və mənafeyi baxımından onlara qulluq, qayğı və.s xidmətlər göstərmək üçün iddiaçının mənzilindən yaxud avtomobilindən yeri gəldikdə istifadə edə bilər. Bu hal heç də iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Üçüncüsü, əlbətdə ki, iddiaçının öz əmlakından faktiki istifadə etmək imkanının olmaması onun öz əmlakı barəsində sərəncam vermək - əmlakını istədiyi şəxslərin sahiblik, istifadə və sərəncamına vermək, istəmədiyi şəxslərin isə sahiblik, istifadə və sərəncamına verməmək hüququnu heç bir halda məhdudlaşdırmır. Lakin cavabdeh iddiaçıya məxsus əmlakdan istifadə etsə belə, bu yalnız iddiaçının azyaşlı uşaqlarının mənafeyi baxımından edilir. Bu hal isə yolveriləndir və ədalətin təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirilən hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5786/19 nömrəli qətnaməsi, iddiaçının apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza Xəyal Sarıyev Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar