Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2653/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil qızının iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-4585/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aparılmış hüquqa zidd tikinti ilə əlaqədar evinə vurulmuş 100 000 (bir yüz min) manat dəyərində maddi ziyanın, 150 000 (bir yüz əlli min) manat məbləğində mənəvi ziyanın cavabdeh "Cavabdeh" MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddianın təmini tədbirinə dair ərizə ilə müraciət edərək, xx.xx.2001-ci il tarixli, Seriya FM № 010264 saylı "Qeydiyyat vəsiqəsi"nə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin yerləşdiyi ünvanda aparılan tikinti işlərinin dayandırılması, orada tikinti işlərinin və ya hər hansı işlərin görülməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim S.Ədilova, iş N 2(005)-4585/20) ərizə qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Zavağzal/Ə.Nəvai küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/42 hissəsində söküntü işlərinin dayandırılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını və iddianın təmini tədbirinin tətbiqinə dair ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda qərardad icra olunanadək söküntü işi yekunlaşdırılıb, hər iki pəncərənin tam qarşısında beton tunbalar tikilib üzərinə beton konstruksiya tökülməkdədir. Məhkəmə yekunlaşanadək bütün tikinti işlərinin qadağan olunmasına dair qərardad çıxarılması zəruridir. Əks halda məhkəmə qətnaməsi çıxarılanadək cavabdeh bütün hüquqazidd hərəkətləri ilə qətnamənin gələcək təsir gücünü heçə endirəcək. Qətnamə çıxarıldığı halda artıq mənzilinin tam yararsız hala düşməsi və ya tamamilə uçurulması halı meydana çıxacaq. Göründüyü kimi, cavabdeh tərəfindən aparılan tikinti işlərinin davam etdirilməsi iddiaçının mülkiyyətinə dəyən zərəri artırmaqda davam edir. Bugün qərardadın qəbul edilməsindən əvvəl sökülmüş pilləkənin yerində növbəti mərtəbənin dirəyinin inşa edilməsi nəticəsində iddiaçı evinə daxil ola bilmir. Buna görə də mübahisəli ünvanda aparılan tikinti işləri işə mahiyyəti üzrə baıxlıb həll edilənədək dayandırılmalı, orada tikinti işlərinin və ya hər hansı işlərin görülməsi qadağan edilməlidir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edilərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin qismən təmin edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4585/20 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2653/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2653/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver