Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2657/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi cəlb edilməklə) “icra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə rəyin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-862/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3754/2022 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Abdullayeva (Xakiyeva) Sayalı Vaqif qızı arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 4647 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması qət edilmişdir.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4698/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı uşağı, xx.xx.2018-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olma qaydasının hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-dək, Yeni il və Novruz bayramlarının birinci günü saat 10:00-dan saat 18:00dək müəyyən edilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra ilk 6 ay iddiaçının uşağı ilə ünsiyyətinin cavabdeh X4 iştirakı ilə həyata keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında verilmiş Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli icra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə rəyi ilə müəyyən olunur ki, komissiya tələbkarın övladı xx.xx.2018-ci il təvəllüdlü X6 ilə icra sənədində göstərilmiş müddətdə, vaxtda və qaydada görüşüb ünsiyyətdə olmasını uşağın maraqlarının üstünlüyü prinsipini əsas tutaraq məqsədəmüvafiq hesab etmir. Komissiya tələbkarın övladı ilə görüşünün onun 10 yaşı tamam olanadək hər həftənin şənbə günləri 3 saat müddətində - saat 11:00-dan 14:00-dək sərbəst qaydada həyata keçirilməsini daha məqsədəuyğun hesab edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə” rəyin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü övladları X6 dünyaya gəlmişdir. Sonradan ailə münasibətləri pozulmuş, nəticə etibarilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3754/2022 saylı qətnaməsi ilə onunla Abdullayeva (Xakiyeva) Sayalı Vaqif qızı arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 4647 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması qət edilmişdir. Daha sonra tərəfindən X5 qarşı “uşaqla ünsiyyət hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan 15:00-dək, çərşənbə günü axşam saat 16:00dan 20:00-dək, eyni zamanda uzunmüddətli bayramlar - Yeni il və Novruz bayramlarında 2 gün, qısamüddətli bayramlar - Qurban və Ramazan bayramları ərzində isə 1 gün olmaqla ünsiyyətdə olmaq üçün görüş vaxtının təyin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4698/2022 saylı qətnaməsi ilə onun uşağı, xx.xx.2018-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olma hüququnun təmin edilməsi, onun uşağı ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-dək, Yeni il və Novruz bayramlarının birinci günü saat 10:00-dan saat 18:00-dək müəyyən edilməsi qət edilmişdir. Bildirir ki, məhkəmə yekun aktı qüvvəyə mindikdən sonra 2(001)-4698/2022 saylı mülki iş üzrə icra vərəqəsi icra edilməsi üçün göndərilmişdir. Lakin X1 icra sənədinin icra olunmasına əngəl olur, ona övladını görməyə imkan vermir, ata-övlad münasibətlərinin qaydasına salınmasında maneələr yaradır. Belə ki, xx.xx.2023-cü il onun övladı ilə ilk görüş günü olmasına baxmayaraq, X8 övladını göstərməmiş, onun oğlu ilə ünsiyyətdə olmaq, onun tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Bundan savayı, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan zaman çərçivəsində onun övladı ilə 8 görüş günü olmasına baxmayaraq, X8 onun valideynlik hüquqlarını real və maneəsiz həyat keçirməsinə əngəl olaraq bu görüşlərdən üçündə övladını gətirməmişdir. Bu isə azyaşlı övladının psixoloji vəziyyətinə mənfi təsir göstərir. Belə ki, azyaşlı övladı onunla mütəmadi və sistemli görüşə buraxılmadığına, vaxtlı-vaxtında ata qayğısı görmədiyinə görə narahat ola bilər. Eyni zamanda, hesab edir ki, X4 ona qarşı olan qərəzli münasibəti övladına təzahür etməməli, onun fiziki, psixi inkişafına mənfi təsir göstərməməlidir. Bununla yanaşı, X8 övladının uşaq bağçasına və nitq inkişafı qüsurlarının aradan qaldırılması üçün xüsusi təlim-tərbiyəni həyata keçirən müəllimin yanına getməsinə mane olur. Halbuki, uşağın mənəvi inkişaf prosesi, sosiallaşması onun həyatında böyük əhəmiyyət daşıyır. Onun gələcəkdə cəmiyyətin bir fərdi kimi yetişməsi, kamil bir insan kimi formalaşmasında bu prosesin rolu danılmazdır. Belə olan təqdirdə X4 hərəkətləri övladının psixologiyasına, mənəvi inkişafına mənfi təsir göstərdiyinin bariz sübutu olmaqla, övladının qanunvericilikdə təsbit olunmuş olunan hüquqlarının kobud surətdə pozulduğuna dəlalət edir. Onu da vurğulayır ki, xx.xx.2024-cü il tarixdə cari mübahisəni X4 diqqətinə çatdırmaq və razılıq əldə etməyə çalışsa da, buna nail olmamışdır. Bu səbəbdən tərəfindən xx.xx.2024-cü il tarixdə icra məmuru Nəbi Allahverdiyevə müraciət etmiş, mübahisəni ona bildirmiş, lakin bunun hər hansı bir nəticəsi olmamışdır. Daha sonra ona məlum olmuşdur ki, X8 tərəfindən onun övladı ilə ünsiyyətdə olma hüququnun məhdudlaşdırılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyasına müraciət edilmişdir. Beləliklə, onlar xx.xx.2024-cü il tarixdə sözügedən komissiya üzvləri tərəfindən dəvət edilmişlər. Bu zaman o, öz təklif və iradlarını Komissiyanın üzvünə bildirsə də, bunlar nəzərə alınmamışdır. X8 isə öz növbəsində guya onun övladı ilə görüşməsinin onun səhhəti üçün mənfi nəticələrə səbəb olduğunu bildirərək, qəsdən, bilə-bilə yalan ifadə vermişdir. Komissiya onun bildirdiyi məqamları gözardı etmiş, onun qeyd etdiklərinə laqeyd və etinasız yanaşmış, qanunsuz olaraq ondan izahat almış, əsassız olaraq ona qarşı qərəzli münasibət bəsləyərək onun övladı ilə ünsiyyət hüququnu məhdudlaşdırmaq üçün addımlar atmışdır. Nəticə etibarilə isə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli “İcra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə” ədalətsiz, absurd, hüquqazidd rəy tərtib olunmuşdur. Bununla da, onun övladı ilə olan ünsiyyət hüququ əsassız və qanunsuz olaraq məhdudlaşdırılmış, süni əngəllər yaradılmışdır. Halbuki cari mübahisə məhkəmə prosesi zamanı həll edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4698/2022 saylı qətnaməsi ilə onun övladı ilə ünsiyyətdə olma hüququ təmin edilmiş və qaydası müəyyən edilmiş, sözügedən məhkəmə yekun aktı qüvvəyə minmişdir. Eyni tərəflər arasında və eyni mahiyyət üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır. Belə olan təqdirdə məhkəmənin qanuni qüvvəyə minmiş yekun aktı olduğu olduğu halda, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən qüvvəyə minmiş qətnaməyə zidd, öz vəzifə səlahiyyətlərini aşaraq qanunsuz olaraq rəyin tərtib edilməsi, yenidən görüş vaxtı və saatının müəyyən edilməsi tamamilə hüquqaziddir. Belə olan təqdirdə o, sözügedən rəyin ləğv edilməsini qanunamüvafiq hesab edir. Onu xüsusilə vurğulayır ki, pozulmuş hüquqlarının hüquqi sferada bərpası üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə tərəfindən rəsmi qaydada müraciət edilmişdir. Lakin cavabdeh orqan qəbul edilmiş sözügedən hüquqazidd, qanunsuz rəyi ləğv etsə idi, öz üzərinə düşən öhdəlikləri icra etsə idi, onun qanunla qorunan hüquqları bərpa edilərdi. Fəqət cavabdeh orqan onun müraciətinə laqeyd, etinasız yanaşmış, ümumiyyətlə hər hansı bir cavab reaksiyası bildirmək marağında olmamışdır. Onu da əlavə edir ki, hazırki mübahisə ilə bağlı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, cavabdehin qəbul etdiyi rəyin ləğv edilməsi öhdəliyinin qoyulması xahiş edilmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9622/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Belə ki, həmin qərardadda mübahisələndirilən rəy inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, mübahisələndirilən sənəd yetkinlik yaşına çatmayan şəxslə ünsiyyətdə olmanın təmin edilməsi ilə əlaqədardır. Göründüyü kimi, rəy özlüyündə uşaqla ünsiyyət qaydasının müəyyənləşdirilməsi ilə bağlıdır ki, bu məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)- 1041/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)- 786/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-790/2020 saylı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarında, 2-1(102)-416/2020 saylı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarında da həmin mövqedən çıxış edilmişdir. Oxşar növ mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsi eyni mövqeyi nümayiş etdirərək bu növ mübahisələrə inzibati məhkəmələrdə baxılmasını mümkün saymamışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, qəyyumluğa verilməsi ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2018-ci il tarixli 2-411 nömrəli İcmal məktubunda da analoji mövqedən çıxış edilmişdir. İcmal məktubunun məzmunundan da aydın olur ki, uşağın qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailəmülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Belə olan təqdirdə cari mübahisənin həll edilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə yeganə ümid yeri olan bir Azərbaycan Respublikasının vətəndaşı, eyni zamanda, övladı üçün əlindən gələni əsirgəməyən bir ata kimi ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunamüvafiq hesab edir, sosial ədalətin bərqərar olacağına səmimi qəlbdən inanır. Odur ki, o, pozulmuş hüquqlarının bərpası məqsədilə qanunun aliliyini üstün tutan məhkəməyə müraciət edir, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəy məhkəmə qərarı olmadan özbaşınalıqla, qanunsuz olaraq tərtib edildiyindən və onun qanunvericiliklə təsbit olunmuş hüquqlarını kobud surətdə pozduğundan, əsassız və hüquqazidd olduğundan həmin rəyin ləğv edilməsini məqsədəmüvafiq hesab edir.
6. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli xx/xx-305561-15 saylı məktubla Komissiyaya müraciət olunaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin İddiaçı övladı xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə günləri saat 10.00-dan 18.00-a dək, “Yeni il” və “Novruz” bayramlarının birinci günləri saat 10.00-dan 18.00-a dək görüşüb ünsiyyətdə olması barədə xx.xx.2023-cü il tarixli 2(001)- 4698/2023 saylı icra vərəqəsi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə müvafiq rəy verilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərara baxılması (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsi) xahiş olunmuşdur. Mübahisəyə baxılması zamanı tərəflərin birgə nikahından anadan olan xx.xx.2018-ci il təvəllüdlü X3 tələbkara - atasına qarşı mənfi emosiyalarla yanaşı müsbət emosiyaların olması da müşahidə edilməmişdir. Eyni zamanda uşağın atasına qarşı soyuq münasibətinin kənardan edilən psixoloji təsir nəticəsində formalaşmasının əlamətləri də müəyyən edilməmişdir. Həmçinin müəyyən edildi ki, tələbkar görüş zamanı uşağın təbii ehtiyaclarının təmin edilməsi üçün tədbir görməmiş, sağlamlıq vəziyyətini də nəzərə almadan (qan azlığı, bağırsaqlarda problem) qidalanmasını düzgün təşkil etməmişdir. Komissiya uşağın fikirlərini nəzərə alaraq, habelə onun sağlamlığında yarana biləcək mənfi təsirlərin qarşısının alınması məqsədilə görüşün icra sənədinə uyğun həyata keçirilməsinin uşağın maraqlarına uyğun olmaması qənaətinə gəlmişdir. Həmçinin qeyd edilmişdir ki, Komissiya uşaq hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanı kimi uşaqların mənafeyinin müdafiə olunması ilə bağlı məsələlər üzrə daxil olmuş müraciətlər əsasında mütəxəssis qismində icra şöbəsinə müvafiq rəy təqdim edir. Komissiyanın xidməti fəaliyyəti zamanı əsaslandığı qanunvericilik aktlarında psixoloji rəyin verilməsi nəzərdə tutulmamışdır.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 862/2025 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, komissiya uşaq hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanı kimi uşaqların mənafeyinin müdafiə olunması ilə bağlı məsələlər üzrə daxil olmuş müraciətlər əsasında mütəxəssiz qismində icra şöbəsinə müvafiq rəy təqdim edir. Bundan da aydın olur ki, komissiya tərəfindən verilmiş rəy icra sənədi üzrə icraçı üçün tövsiyyə xarakterlidir, məcburi deyil. Əlavə olaraq məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, icra məmuru həmin icra sənədi üzrə icra sənədinin təmin olunması məqsədi ilə icra tədbirlərini davam etdirir. Belə olan halda məhkəmə də iddia tələbini əsassız hesab etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmaqla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi rəyin əsaslı olub-olmamasını araşdırmamış, ümumiyyətlə münasibət bildirməmiş, birbaşa nəticəyə yönəlmişdir. Bu da məhkəmə qətnaməsinin əsassız olmasına dəlalət edir. Məhkəmə rəyin araşdırılmasında, qanuni olub-olmamasının yoxlanmasında maraqlı olmamışdır. Beləliklə, məhkəmə tərəfindən qanunvericliklə müəyyən edilmiş prinsiplərə riayət edilmədən mülki işə baxılmış və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Mübahisələndirilən rəyin verilməsində iştirak etmiş komissiya üzvlərinin xüsusi rəylərinə diqqət yetirsək görərik ki, uşağın dindirilməsində heç bir komissiya üzvü iştirak etməmişdir. Ümumiyyətlə, uşaq psixoloqu tərəfindən verilmiş rəyə diqqət yetirsək görərik ki, sözügedən rəy ümumiyyətlə qaydalara riyaət edilməmişdir. Rəydə uşağın ona “ata deyil adı” ilə müraciət etməsi ön plana çıxarılmışdır. Halbuki, uşaqla arasında ünsiyyətin istiləşməsində ata-oğul müasibətlərinin bərpa edilməsi və ərsəyə gəlməsi üçün deyil, gəlməməsi üçün bütün hərəkətlərə yol verilmişdir. Komissiya özü uşaqla ünsiyyətinə mane olur. Eyni zamanda, uşaqla ünsiyyətin soyuqluğundan danışılır. Bir ananın görüşə mane olması azmış kimi birdə belə bir rəy verilmişdir. Uşağın mənafeyini nəzərə almayan, daha doğrusu ananın istək və arzularını nəzərə alaraq rəyi çıxarmışdır. Məhkəmə qarşısında məhz komissiyanın bu rəyin verilməsinə səlahiyyətinin olu-olmaması məsələsinə baxıldıqda açıq məhkəmə iclasında audio-video yazılışı altında araşdırılması aparılsa da yekun olaraq ədalətsiz qərar vermişdir. Bu cür hal-Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı olması Binəqədi Rayon Məhkəməsinin qərəzsiz olmasında şübhə doğurur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili ərizə ünvanlayaraq başqa məhkəmə iclasının prosesi gecikdiyindən, hazırki məhkəmə iclasının üzrlü səbəbdən təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları
12. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 40.1. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
13. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: Bənd 9.1. Məhkəmələrə izah edilir ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu bu ünsiyyətin sonradan uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi ilə həyata keçirilməsi qanunla müəyyən edilmiş digər yeni halların yaranması daha əvvəl məhkəmə qaydasında verilmiş ünsiyyət hüququnun ləğv edilməsi (məsələn, ünsiyyət hüququ olan tərəfin valideynlik hüququndan məhrum edilməsi əsası ilə), tam və yaxud müəyyən şərtlərlə (cavabdehin sağlamlıq vəziyyətinin bərpasınadək və digər) məhdudlaşdırılması tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən ünsiyyətin ləğvi və yaxud məhdudlaşdırılması əsaslarına dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşaqla ünsiyyət qadağan edilə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-862/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata, bu tələbə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
16. İşdən görünür ki, iddiaçının övladı ilə ünsiyyətdə olması barədə qanuni qüvvəsini almış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(001)- 4698/2022 nömrəli qətnaməsi var. Həmin qətnaməyə əsasən İddiaçı uşağı, xx.xx.2018-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olma qaydasının hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-dək, Yeni il və Novruz bayramlarının birinci günü saat 10:00dan saat 18:00-dək müəyyən edilməsi qət edilmişdir.
17. İşdən həmçinin görünür ki, qətnamənin icrası mərhələsində icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinin tələblərini rəhbər tutaraq icra vərəqəsi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə müvafiq rəy verilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli rəy verilmiş, rəydə iddiaçının övladı ilə görüşünün onun 10 yaşı tamam olanadək hər həftənin şənbə günləri 3 saat müddətində - saat 11:00-dan 14:00-dək sərbəst qaydada həyata keçirilməsinin daha məqsədəuyğun hesab olunduğu göstərilmişdir.
18. İddiaçı hesab edir ki, onun uşağı ilə ünsiyyətdə olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun aktı olduğu olduğu halda, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən həmin qətnaməyə zidd, öz vəzifə səlahiyyətlərini aşaraq rəyin tərtib edilməsi, yenidən görüş vaxtı və saatının müəyyən edilməsi qanunvericiliyin tələblərinə ziddir və buna görə də sözügedən rəy ləğv edilməlidir.
19. Kollegiya ilk növbədə qeyd edir ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu bu ünsiyyətin sonradan uşağın mənafeyinə zidd həyata keçirilməsi daha əvvəl məhkəmə qaydasında verilmiş ünsiyyət hüququnun ləğv edilməsi, tam və yaxud müəyyən şərtlərlə məhdudlaşdırılması barədə sonradan müstəqil iddia qaldırılmasına əsas ola bilər.
20. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktının icrası zamanı icra məmuru tərəfindən görülmüş tədbirlər, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına rəyin verilməsi ilə bağlı müraciəti, müraciət nəticəsində əldə edilmiş rəyin icra mərhələsində nəzərə alınması, başqa sözlə, icra məmurunun hərəkəti və ya hərəkətsizliyi icra mərhələsində alınmış rəyi iddia icraatı qaydasında mübahisələndirilməklə deyil, həmin rəyi nəzərə alaraq icra sənədinin icrasını təmin edən icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında həyata keçirilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 862/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə icraata, bu tələbə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.