Məhkəmə qərarları › İş №2(103)-266/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-266/2022

19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-266/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-408/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin 5000 (beş min) manat dəyərləndirərək, həmin məbləğin və 10.000 (on min) manat mənəvi zərərə görə olan məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-408/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus ünvan 1-də yerləşən 10 saylı mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 953 manat məbləğində puun tutularaq İddiaçı Hüseyn qızının xeyrinə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə rədd edilmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır, rayon məhkəməsi mənzilə baxış keçirilmədən verilmiş ekspert rəyinə əsaslanmaqla hazırkı qətnaməni qəbul edilmişdir. Belə ki, iddiaçı 3-cü mərtəbədə 7 saylı mənzildə, o həmin mənzilin üstündə, 4-cü mərtəbədəki 10 saylı mənzildə yaşayır. Onun mənzilinin üstündə 5-ci mərtəbədə yerləşən 3 saylı mənzildən 2020-ci ilin fevral ayından etibarən müxtəlif vaxtlarda onun mənzilinə su axmış, həmin su ondan aşağıda yerləşən iddiaçının mənzilinə də keçmişdir. Bu barədə o, məhkəməyə 22 saylı MKİS arayışını təqdim etsə də, məhkəmə buna heç münasibət bildirməmişdir. Hazırkı ekspert rəyi məhz həmin, 5-ci mərtəbədə onun mənzilinin üstündə yerləşən, 13 saylı mənzilə baxış keçirilməklə verilməli idi. Bu səbəbdən, qətnamənin iddia tələbinin rədd olunan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Hazırkı işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil xüsusi mülkiyyət kimi 15.09.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Yasamal rayonu 22 saylı MKİS-in əməkdaşlarının tərtib etdiyi 22.06.2020-ci il tarixli Aktdan görünür ki, İddiaçı müraciəti əsasında ona məxsus mənzil baxış keçirilmiş və məlum olmuşdur ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən 10 saylı mənzildən su axması nəticəsində iddiaçının mənzilinin mətbəxinin tavanına və divarına ziyan dəymişdir. İddiaçının təqdim etdiyi 6 ədəd fotoşəkil də bunu göstərir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan cavabdehə məxsus mənzilə həmin binadakı 13 saylı mənzildən su sızması nəticəsində dəhliz, hamamxana və mətbəxinin divar və tavanına ziyan dəyməsi haqqında 26.03.2020-ci il tarixli Yasamal rayonu 22 saylı MKİSin akt işin mahiyyətinə aid olmadığından sübüt kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25.02.2021-ci il tarixli, 10/3286 saylı ekspert rəyinə əsasən müəyyən edilir, ünvan 1 ünvanında yerləşən 7 və 10 saylı mənzillərdə baxış keçirilmiş, 10 saylı mənzildən susızması nəticəsində 7 saylı mənzilin mətbəxinin tavanı və divarına ziyan dəymişdir. Yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 953 (doqquz yüz əlli üç) manat məbləğində müəyyən edilmişdir. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 1-də yerləşən 7 saylı mənzilə həmin binada 4-cü mərtəbədə yerləşən 10 saylı mənzildən su axıb-axmaması, axdığı halda səbəblərinin (suyun axmasının həmin binadakı 5-ci mərtəbədə yerləşən 13 saylı mənzildən 4-cü mərtəbədə yerləşən 10 saylı mənzilə su axması ilə əlaqədar olubolmamasının) müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 01.12.2021-ci il tarixli, 10/4029 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, 7 saylı mənzilə 10 saylı mənzildən susızması müəyyən edilir, lakin 10 saylı mənzilin su və kanalizasiya xətləri gizli şəkildə olduğundan susızmasının dəqiqliklə müəyyən olmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranm təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək(eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, Məhkəmə kolegiyasının araşdırmaları nəticəsində məlum oldu ki, iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində zərər dəymiş, bu hal ekspert rəyi ilə təsiq olunmuşdur. Bu səbəbdən, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-408/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elmira Nağıyeva Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar