Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2660/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-23/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı iddia edir ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə 4500 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 5800 manat (i.v 123), xx.xx.2019-cu il tarixdə 5000 manat (i.v 126), 2500 manat (i.v 127) olmaqla ümumilikdə 17.800 manat məbləğində nağd pul borcu götürmüş, həmçinin xx.xx.2019-cu il tarixdə 2000 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 6450 manat (i.v 125), xx.xx.2019-cu il tarixdə 2480 manat (i.v 126), 2500 manat (i.v 128) olmaqla ümumilikdə 13.430 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Borclu olmasına baxmayaraq borcu qaytarmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və iddiaçıya məxsus 32.000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 32.000 manat məbləğində pulun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pulun və 13.430 (on üç min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaitinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2019-cu ildə tanış olmuş, cavabdeh özünü işgüzar xanım kimi təqdim etmiş və bildirmişdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən “555” adlı kafenin sahibidir. Cavabdehlə aralarında yaxın münasibət yaranmış, ona etibar etmişdir. 2019-cu ilin may ayında cavabdeh lotereya oyunun təşkil edilməsini və hər 10 gündən bir 500 manat məbləğində pulu ona veriləcəyini bildirmişdir. Həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində ona qaytarılmalı idi. Aralarında olan razılaşmaya görə hər dəfə 500 manat pul əvəzinə 500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Beləliklə, cavabdehə ümumilikdə 32.000 manat dəyərində qızıl-zinət əşyalarını vermişdir. Qızıl-zinət əşyalarını və ya onların dəyərinin qaytarılmasını cavabdehdən dəfələrlə tələb etmişdir. Cavabdeh onun qızıl-zinət əşyalarını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin bir müddət keçdikdən sonra məlum olmuşdur ki, cavabdeh öz öhdəliklərini icra etməkdən boyun qaçırır. Dəfələrlə ona bildirmişdir ki, pulu heç olmasa hissə-hissə qaytarsın. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə qızıl-zinət əşyalarını və ya onların bazar dəyərini qaytarmaqdan imtina edir. Hesab edir ki, cavabdeh öhdəliklərini yerinə yetirərək verdiyi bütün pulları tam şəkildə ödəməlidir. Cavabdeh birinci instansiya məhkəməsi baxışı zamanı iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsinin əsassızlığı onunla sübut edilir ki, iddiaçı iddia ərizəsində əvvəlcə ondan 32.000 manat məbləğində qızıl-zinət əşyalarını (və ya onun pulunu), sonradan isə 17.800 manat məbləğində nəğd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını tələb edir, lakin Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yazdığı ərizələrdə isə ondan 22.000 manat pul tələb edir və iddiasını onunla əsaslandırır ki, guya o, 2019-cu ilin may ayında ona lotereya oyunun təşkil edilməsini və hər 10 gündən bir 500 manat məbləğində pulu ona verəcəyini bildirmişdir. Həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində pul ona qaytarılmalı idi. Guya o, hər dəfə 500 manat əvəzinə ona 500 manat qızıl-zinət əşyaları vermişdir. Guya həmin pulu ona qaytarmamışdır. İddiaçının iddia ərizəsini əsassız və qeyri-qanuni hesab edir. Belə ki, iddiaçının iddia ərizəsinin predmetində qeyd etdiyi kimi uyğunsuzluq vardır, belə ki, iddiaçı iddia ərizəsində əvvəlcə ondan 32.000 manat dəyərində qızıl-zinnət əşyalarını və ya onun pulunu, sonradan isə 17.800 manat məbləğində nəğd pul və 13.430 manat məbləğində dəyərində qızıl-zinət əşyalarını, Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yazdığı ərizələrdə isə ondan 22.000 manat pul tələb edir . İddiaçının iddia ərizəsində istinad etdiyi hallar: «lotereya oyunu təşkil etməsi, həmin oyunun hansı şəxslərdən ibarət olması, hər on gündən bir ona 500 manat dəyərində qızılzinət əşyaları verməsi və həmin qızıl-zinət əşyalarının adlarının nədən ibarət olması, onda 32.000 manat dəyərində qızıl-zinət əşyalarının toplanması barədə» məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqəsinin arxa hissəsindəki 3-cü sətirdəki «200» yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlə icra edilmişdir. Mülki işin 126-cı vərəqin arxa hissəsindəki 8-ci sətirdəki 10 avqustan 30 noyabr yazısındakı «an 30 noyabr» yazıları sonradan əlavə edilmişdir. Mülki işin 127-ci vərəqəsindəki «4600» yazısının yerində əvvəlcə «1600» rəqəmləri olub, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir: «İzahatı alınan vətəndaş Cavabdeh bildirmişdir ki, təxminən 2 ildir ki, Mahirəni tanıyır. Ramiləxanım ailə vəziyyəti ilə əlaqədar 2018-ci ilin sentyabr aylarında Mahirədən təxminən 4000 manata yaxın pul götürmüş və o, hər ay Mahirəyə götürdüyü məbləğin faizini ödəyirmiş. 2019-cu ilin avqust aylarında o, Mahirəyə nağd şəkildə 3000 manat pul verdiyini və 1000 manat borcunun qaldığını bildirmişdir Ramiləxanım 2019-cu ilin sentyabr ayında maddi cəhətdən sıxıntılarının olması səbəbindən Mahirədən noyabr ayına kimi vaxt verməsini xahiş etmiş və qalan 1000 manatı və faizini də noyabr ayında verəcəyini bildirmişdir. Lakin Ramiləxanım noyabr ayında Mahirəyə verdiyi sözü tuta bilməmiş və ona qalan borcunu və faizi ödəyə bilməmişdir. Bundan sonra İddiaçı Ramiləxanımı hədələyərək 2 nəfərə problem yaratdığını bildirərək ona da problem yaşadaçağını bildirmişdir. Ramiləxanım Mahirənın onun üzərinə şər və bohdan atdığını bildirərək, Mahirənin ondan şişirdilmiş məbləği qorxudaraq almaq istəməsini bildirmişdir. Ramiləxanım Mahirənın yazdıqlarını şər və böhdan olduğunu bildirərək onun heç bir lotereya oyunu təşkil etmədiyini və Mahirəyə 22000 manat borcu olmadığnı bildirmişdir». 2 ilə yaxın ayda 400 manat, cəmisi 9600 manat məbləğində Mahirəyə faiz ödəmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir: «İzahatı alınan Cavabdeh izahatında heç bir lotereya oynamadığını və sadəcə Mahirəyə 1000 manat məbləğində borcu olduğunu qeyd etmiş, həmin borcu ödəyəcəyini bildirmişdir. Hal-hazırda İddiaçı borc tələbinə dair Beyləqan rayon məhkəməsində X5, Kürdəmir rayon məhkəməsində X4 və Bakı şəhər Nizami rayon məhkəməsində X1 qarşı borc tələbinə dair iddia ərizəsi qaldırmışdır. İddiaçı ona qarşı borc tələbinə dair iddia ərizəsindən məhkəmənin qiyabi qətnaməsindən sonra Nəsimi rayon İcra Şöbəsində xəbər tutmuş, sonradan həmin qiyabi qətnaməni məhkəmədən götürmüş və onun ləğvi barədə məhkəməyə ərizə vermişdir. İddiaçının iddia ərizəsinin surəti ona göndərilməmiş və verilməmişdir. Şəhid ailəsidir, atası X6 1993-cü ilin yanvarın 01-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda himayəsində 2 azyaşlı uşağı vardır və Bakı Dövlət Universitetinin tarix fakutəsinin 4-cü kurs tələbəsidir. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200" yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlər icra edilmişdir. Mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı "an 30 noyabr" yazıları sonradan əlavə edilmişdir, Mülki işin 127-ci vərəqindəki “4600" yazısının yerində əvvəlcə “1600" rəqəmləri olub, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64" yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazılar və imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil etmişdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-23/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddia tələbinin təmin edilməsi, 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pulun və qaytarılmamış 13.430 (on üç min dörd yüz otuz) manat məbləğində qızıl-zinət əşyalarının dəyəri olmaqla, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (yüz on iki) manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini 385.1, 390.4, 442, 448.1, 739.1, 740.1-ci maddələri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4cü maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehə xx.xx.2019cu il tarixdə 4500 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 5800 manat (i.v 123), xx.xx.2019-cu il tarixdə 5000 manat (i.v 126), 2500 manat (i.v 127) olmaqla ümumilikdə 17.800 manat məbləğində nağd pul, həmçinin xx.xx.2019-cu il tarixdə 2000 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 6450 manat (i.v 125), xx.xx.2019-cu il tarixdə 2480 manat (i.v 126), 2500 manat (i.v 128) olmaqla ümumilikdə 13.430 manat dəyərində qızıl-zinət əşyaları olmaqla, 31.230 manat məbləğində borc vermiş, cavabdeh həmin borcu qaytaracağını bildirsə də, qaytarmamışdır. Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd etmişdir ki, borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı, cavabdehin ona borclu olmasını aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədlərə (əlyazma) istinad edir. Hansı ki, borcun mövcud olması ilə bağlı yazılı sənədlərdəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş qəbzlərdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (qəbzlər üzrə) öhdəliyi yerinə yetirməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasları zamanı cavabdeh izahatlarında iddiaçıya qeyd olunan məbləğdə borcun olmadığını, ona mütəmadi olaraq ödənişlər etdiyini (ayda 100-150 manat olmaqla) şifahi formada bildirsə də, bu halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində əvvəlcə mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək başlığı ilə daha sonra isə pul tələbi və qızıl-zinət əşyalarının əvəzi olan pulu tələb etmişdir. İddiaçı Mülki Məcəllənin 385-ci maddəsinin tələblərini irəli sürmüş, daha sonra da borc müqaviləsinin mövcudluğundan və onun icra edilməməsindən qaynaqlanan məsələni mübahisələndirmişdir. Həmçinin verilmiş iki fərqli iddia ərizəsində çəkilmiş imzalar iddiaçıya məxsus olmamışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilən iddia ərizəsinə baxan məhkəmə isə bir çox qaranlıq məqamlara aydınlıq gətirməmişdir. İddiaçının tələbləri, eyni zamanda məhkəmə tərəfindən qəbul edilən bu ödənilməmiş borcun və qızıl-zinət əşyalarının hansı əsaslarla müəyyən edildiyi, həmin əşyaların hansılar olduğu iddiaçı tərəfindən təqdim edilməmiş və normal olaraq da onlara aydın olmamışdır. Həmçinin, Cavabdeh məhkəmə prosesi boyunca səsləndirdiyi ifadələri, etirazları, iddiaçı ilə aralarında olan pul məsələsinin borc müqaviləsi əsasında yox sələmçilik münasibəti ilə yarandığını, aralarında bu münasibətin illərdi olduğunu bildirməsi, dəfələrlə Mahirədən borc pul götürüb geri qaytarması halları, Mahirəyə bugünki tarixə həqiqətən də 800 manat, faizi ilə birlikdə ümumilikdə 1000 manat borcu olduğunu etiraf etməsi və buna dair Mahirənin təqdim etdiyi köhnə tarixlərə dayanan sözdə “maliyyə sənədləri”, bunun hüquqi əsasları və reallığı əks etdirməsi araşdırılmadan sənədlərin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsi sadəcə təəccüb doğuran haldır. Cavabdehin məhkəmə baxış iclasında iştirakı təmin edilmiş olsa idi onun gətirəcəyi şahidlər də bu faktları sübut edəcək mötəbər ifadələr vermiş olardırlar. Məhkəmə yekun məhkəmə aktı çıxararkən səbəbli əlaqə itmiş, nəticə hissəsi qətnamənin işin hallarına dair hissəsinə uyğun gəlməməklə tədbiq edilən qanun normaları da işə uyğun olmamışdır. İddiaçı 2 dəfə məhkəmədə iştirak edə bilmədiyini qeyd edərək bu barədə məhkəməyə rəsmi qaydada teleqram vasitəsilə məlumat versə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi bunu nəzərə almadan baxış iclaslarını cavabdehin iştirakı olmadan keçirmiş və yekun məhkəmə aktını çəkişmə prinsipinin tələblərini pozmaqla çıxarmışdır. Cavabdehin dəfələrlə iddiaçının biri-digərinə uyğun olmayan ifadələrini məhkəmə iclasları zamanı protokolda qeyd edilməsini tələb etməsi, bunun məhkəmə tərəfindən nəzərə alınaraq təmin edilməməsi bu halda isə iclasların audio-video görüntülərinə baxmaq üçün vəsatət verməsi halları olmuş, hətta cavabdeh öz etirazını da bildirmiş lakin, məhkəmə yenə də qərəzli yanaşma sərgiləyərək bunları gizlətməklə qalmamış hətta çıxardığı qətnamədə belə bu məsələlərə aydınlıq gətirilməmişdir. İddiaçı tələbində qeyd edir ki, 10 gündən bir lotoreya oyunu üçün cavabdehə pul vermişdir, lakin məhkəmənin sübut kimi qeyd etdiyi vərəqlərdə bu müddət öz təsdiqini tapmır. Həmçinin, sadəcə rəqəmlə yazılmış guya Mahirədən götürdüyü qızılların nəyə görə ancaq dəyəri göstərilmiş, markası, modeli, çəkisi, neçə əyar olması və s. kimi digər ayırdedici xüsusiyyətləri qeyd edilməmişdir. Bütün bu hallar onu sübuta yetirir ki, iddiaçı öz mülahizələrinə əsasən iddia qaldırmış məhkəmə isə qərəzli və tərəfli münasibət sərgiləməklə iddia ərizəsini təmin etmək üçün hər cür maddi və prosessual normaları pozmaqdan çəkinməmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilən digər hallar məhkəmə tərəfindən qəti surətlə araşdırılmamışdır. Məhkəmə qətnamə çıxararkən 31230 manat məbləğini sübut sayılmayacaq dəftəri tədqiq edərək doğru hesab edib və sübut tədqiq edilərkən ekspertiza rəyi ilə təsdiq edilmiş təhriflər və saxtalaştırmalar qətnamədə məhkəmə tərəfindən qərəzli şəkildə mübahisələndirilməyərək buna qiymət verilməyib. Həmçinin, cavabdehin əvvəlki borcları üçün ödədiyi məbləğləri dəqiqləşdirməməklə, iddiaçı tərəfin təqdimetdiyi rəqəmlərin hansı qaynaqlı olması barədə kəskin dəlillərin olmamasını və bütün bunlara rəğmən iddiaçının tələbinin təmin edilməsinə dair qətnamə çıxarmışdır. Hətta iddiaçının Cavabdeh barəsində şər, böhtan xarakterli yazılı ərizəsinə də məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Belə ki, iddiaçı cavabdehin himayəsində olan iki körpə uşağının atası ilə olan münasibətinə yaşadığı kişi kimi qeyd verməklə onu təhqir etmiş ona, şər, böhtan atmışdır. Məhkəmə isə digər hallar kimi bu hala da münasibət bildirməmiş, qiymət verməmişdir. Eyni zamanda iddiaçı onun xeyrinə heç bir hərəkət etməmiş, heç bir əşya verməmiş və ona qətnamədə qeyd edilən məbləğdə pul vəsaiti verməmişdir. Bununla belə borcunu ödəməyə hazırdır, lakin borcu 32000 manat deyil. İddiaçı ilə aralarında heç-bir qarışıq müqavilə yoxdur və olmamışdır. Onunla arasında olan şifahi borc müqaviləsidir ki, iddiaçıya olan 4000 manat borcunun 3000 manatını və bu günədək 9600 manat həcmində faizi artıq ödəmişdir. Çıxarılmış qətnamədə qeyd edilən maddi norma tamamilə əlaqəsiz və işə aidiyyatı olmayan bir tərkibə məxsus qanun normasıdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi ondan 13.430 (on üç min dörd yüz otuz) manat məbləğində qızıl-zinət əşyaları və 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pul almamışdır. Həmçinin bu pulların alınması faktını guya sübut edən sadə yazılı qəbzlər illərdir iddiaçı ilə aralarında olan sələm münasibətinə dayanır ki, imkansızlıq səbəbilə ondan dəfələrlə sələmə pul götürüb geri qaytarmışdır. O, isə öz növbəsində pul götürülən zaman aparılmış qeydləri silməyərək guya ki, ondan ard-arda bu qədər pulu götürmüşdür kimi bütün bunları məhkəməyə təqdim etmişdir. Məhkəmə isə öz qənaəti ilə bunları araşdırmadan nəticə çıxarmışdır. Birinci instansiya məhkəməsi əlavə heç bir sübut tələb etməmiş və ona da sübut təqdim etməyi üçün şərait yaratmamışdır. Məhkəmə onun işdə iştirakını təmin etməmiş, etirazında və vəsatətində bildirdiyi halları nəzərə almamış, 23-cü polis bölməsinə sorğu verərək iddiaçının onun barəsində olan şikayətinə dair iş materialları istənilməmiş və buna münasibət bildirilməmişdir. Həmçinin məhkəmə iclaslarında hər dəfə bildirdiyi fərqli ifadələri ortaya çıxarmaq üçün audio-video görüntüləri tələb etsə də təmin etməmişdir. Bununla da qalmamış vəsatətinə münasibət belə bildirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıdan cəmi 4000 manat borc pul götürmüş, həmin pulu da faizi ilə birlikdə iddiaçıya qaytarmışdır, iddiaçıya iddia tələbində göstərilən məbləğdə borcu yoxdur. Lakin cavabdeh istinad etdiyi hallara münasibətdə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclaslarında araşdırma zamanı borc məbləğinin düzgün hesablanmadığını, borcunun məbləğinin 4000 manat təşkil etdiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmiş və iş üzrə tədqiq edilmiş sübutların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh qeyd olunan məbləğdən geri qaytarmalar və ya ödənişlərin aparılması barədə hallara dair də sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bunun əksi olaraq isə birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyi ilə borcun mövcud olması ilə bağlı yazılı sənədlərdəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması təsdiq olunmuşdur. Cavabdeh qeyd olunan ekspert rəyinə istinad edərək, iddiaçı tərəfindən təqdim edilən yazılı sənədlərdə düzəlişlər olmasını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı təqdim edilmiş ekspert rəyində mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki yazılar və imzaların məhz cavabdeh tərəfindən icra edildiyi təsdiqini tapmışdır ki. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən ekspert rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki iş üzə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşır. Bundan başqa cavabdeh tərəf bildirir ki, iddiaçı təqdim etdiyi sənədlərdə verilmiş qızıl-zinət əşyalarının ayırdedici xüsusiyyətlərini qeyd etməmişdir. Apellyasiya baxışı zamanı isə cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan nağd puldan başqa qızıl-zinət əşyaları da almışdır. Göründüyü kimi cavadeh öz izahatı ilə iddiaçıdan qızıl-zinət əşyalarını almasını təsdiq etmiş, eləcə də özü hansı miqdarda və hansı əyarda qızıl-zinət əşyalarını belə qeyd etməmişdir. Apellyatorun Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilən digər hallar məhkəmə tərəfindən qəti surətlə araşdırılmamasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin qərarın qəbul edilməsinə əsas olmuş material birinci instansiyası məhkəməsi tərəfindən tələb edilmiş öyrənilmiş və müəyyən edilmişdir ki, qəbul edilmiş qərarda iddianın əsassız olmasına dair hər hansı faktın mövcudluğu əks edilməmişdir. Həmin material üzrə tərəflər arasında yaranmış mübahisənin hazırki iddianın predmeti ilə hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehin, “iddiaçının polis orqanına verdiyi şikayətdə ona 22 000 manat borcunun olduğunu bildirdiyi halda, hazırkı iddianı məhkəməyə verərkən 31 230 manat tələb etməsinin ziddiyyətli olması” arqumentinə münasibətdə kollegiya qeyd edir ki, həmin hal müvafiq iddia tələbinin irəli sürülməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbinə təqdim olunan sübutlar əsasında qiymət verilmiş, cavabdehin iddiaçıya məhz 31 230 manat borcunun olduğu qənaətinə gəlinmişdir. Bununla yanaşı cavabdeh qeyd edir ki, birinci instansiya məhkəməsi baxış iclasları cavabdehin iştirakı olmadan keçirilmiş və yekun məhkəmə aktını çəkişmə prinsipinin tələblərini pozmaqla çıxarmışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsindən sonra cavabdeh keçirilən məhkəmə iclaslarından məlumatlı olmuş və məhkəmə iclaslarında iştirak etmiş, hətta onun vəsatəti əsasında məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-23/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.