Məhkəmə qərarları › İş №2(103)-2661/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2661/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2661/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı ASC “xxxx” Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(010)-4288/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 613 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 643,40 manat pulun ASC “xxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.12.2014-cü il tarixində saat 21:05 radələrində Bakı şəhəri Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsində Cavabdeh ASC “xxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “İsuzu Saz NP37” minik markalı, Az **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş, nəticədə X4 məxsus, X1 idarə etdiyi “Chevrolet Aveo” minik markalı, Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. İnzibati xəta haqqında protokola və qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi (hazırki İXM-nin 327.6-cı maddəsi) ilə təqsirli tərəf kimi rəsmiləşdirilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Chevrolet Aveo” minik markalı, Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 613 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkən X4 avtomobilə dəymiş zərərə görə 613 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi kimi 613 manat məbləğində sığorta ödənişi ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, ASC “xxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər də daxildir. Ona görə də, zərərçəkənə ödənilmiş məbləğin əvəzi kimi 613 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh ASC “xxxx” Sığorta Şirkətinin nəfinə tutulması barədə məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(010)- 4288/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, iddia müddətinin keçməsi barədə cavabdehin vəsatətinə düzgün hüquqi qiymət verilməmiş, mülki qanunvericilikdə müqavilədən irəli gələn tələblər üzrə üç illik iddia müddəti keçsə də, iddia təmin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(010)-4288/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 30.12.2014-cü il tarixli İC AA 4032/14 №-li sığorta aktından görünür ki, X4 məxsus, X1 idarə etdiyi “Chevrolet Aveo” minik markalı, Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “İsuzu Saz NP37” minik markalı, Az **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.12.2014-cü il tarixində saat 21:05 radələrində Bakı şəhəri Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsində toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” minik markalı, Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 613 manat dəyərində müəyyənləşdirilmişdir. İş materiallarında olan 09.12.2014-cü il tarixli inzibati xəta protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan PPT********** saylı 835387 seriyalı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, ASC «xxxx» Sığorta Şirkəti Cavabdeh məxsus “İsuzu Saz NP37” markalı Az **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5000 manat sığorta məbləği həddində icbari sığortalamışdır. İş materiallarında olan 30.12.2014-cü il tarixli məxaric orderindən müəyyən olunur ki, ASC «xxxx» Sığorta Şirkəti tərəfindən 613 manat məbləğində pul X2 hesabına köçürülmüşdür. İş materiallarında olan ABN № 449835 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Az **-JM-*** dövlət qeydiyyat nişanlı “İsuzu Saz NP37” markalı nəqliyyat vasitəsinin sahibi “xxxx” MMC-dir. İş materiallarında olan 01.06.2013-cü tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X4 məxsus “Chevrolet Aveo” minik markalı, Az 90-LG749 dövlət qeydiyyat nişanlı avtomobili X5 etibarnamə əsasında vermişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış 11.10.2019-cu il tarixli tələbnamədən görünür ki, 09.12.2014-cü il tarixində Bakı şəhəri Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermiş və Cavabdeh həmin qəzadan yayınmışdır. Avtonəqliyyat vasitəsinin sahiblərinin icbari sığortası üzrə qəzada ASC «xxxx» Sığorta Şirkəti tərəfindən X4 613 manat məbləğndə pul ödənilməsi barədə məlumat verilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi ASC “xxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “İsuzu Saz NP37” minik markalı, Az **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş, nəticədə “Chevrolet Aveo” minik markalı, Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 613 manat məbləğində maddi ziyan yetirmiş və hadisə yerindən yayınmışdır. Dəymiş ziyan sığorta təşkilatı tərəfindən X3 hesabına 613 manat məbləğində ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında ASC «xxxx» Sığorta Şirkətinə keçdiyindən 613 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı ASC «xxxx» Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçı təşkilat tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərin 30 dekabr 2014-cü il tarixdə icra edildiyini, iddia tələbinin 17 sentyabr 2020-ci il tarixdə qaldırıldığını, beləliklə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilədən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin ötürüldüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddənin məzmunundan da görünür ki, subroqasiya hüququ sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnun əldə edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquq münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan irəli gələn öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən üç illik iddia müddəti deyil, zərər vurmadan irəli gələn münasibətlərə aid olan ümumi on illik iddia müddəti tətbiq edilməlidir. Hazırkı tələb üzrə iddia müddəti keçmədiyindən, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbi üzrə məbləğ 613 manat olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(010)- 4288/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar