Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2663/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Azərsu ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sabunçu Rayon Suaknal idarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 600847 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 8172 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-3500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Fərid Əyyubov) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərsu ASC-nin tərəfindən İddiaçı yazılmış 8172 manat cərimə ləğv edilmiş, 101,72 manat məbləğində dövlət rüsumunun cavabdeh Azərsu ASC-dən tutularaq dövlət nəfinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın rədd olunması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6540/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh (vəkil Bağır-zadə Nofəl İsax oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması, kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50,86 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(103)- 6540/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili A.Nuhov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, hazırkı işə kommersiya məhkəməsində baxılmalıdır.
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə onun iştirakı olmadan baxılması mümkündür.
9. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işə təkrar apellyasiya qaydasında baxılır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
14. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
15. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
16. Apellyasiya məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsini ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-534/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının 38-ci bəndində qeyd edilir ki, vergi ödəyicisi barədə məlumatdan aydın olur ki, Bakı şəhəri Yasamal rayon Murtuza Muxartov küçəsi 188 saylı evin 45 saylı mənzilində yaşayan İddiaçı ********** VÖEN verilmişdir.
17. Qərarın 39-cu bəndində qeyd edilir ki, belə olan təqdirdə, ilkin olaraq mübahisənin sahibikarlıq fəaliyyəti ilə bağlı yaranıb-yaranmaması aydınlaşdırılmalı, bundan sonra məhkəmə aidiyyəti müəyyən olunmalıdır. Lakin işin hallarından aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr bu istiqamətdə hər hansı araşdırma aparmamışlar.
18. Nəzərə alınmalıdır ki, yaranmış mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olması müəyyən olunduğu halda, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır (bənd 40).
19. Hazırkı işdən görünür ki, Bakı şəhəri Yasamal rayon Murtuza Muxartov küçəsi 188 saylı evin 45 saylı mənzilində yaşayan İddiaçı ********** VÖEN verilmişdir.
20. Həmçinin mübahisənin əsasını təşkil edən 02 mart 2022-ci il tarixli akt sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı barəsində tərtib olunmuş, aktda onun fəaliyyət növünün tərəvəzçilik olduğu göstərilir. Aktla müəyyən edilmişdir ki, göstərilən obyektdə diametri d=40 mm-lik plasmas boru vasitəsi ilə sudan qeyri-qanuni, sayğacdan kənar olaraq istifadə olunur.
21. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
22. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
23. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı VÖEN-i olmaqla fərdi sahibkar olduğundan, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır.
24. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
26. Yuxarıda qeyd edilənlərə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarının göstərişlərinə əsasən, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş materialları məhkəmə aidiyyətinə əsasən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
28. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
29. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərsu ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-3500/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev