Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2663/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə Açar sözlər: sənədlərin təhvil verilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-895/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən sahəsi 60 kv.m olan 3 otaqlı 43 saylı mənzil İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında (bundan sonra “cavabdeh”) bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı həmin mənzili sökmək üçün cavabdehə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada cavabdeh tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün 20% əlavə olmaqla 3 otaqlı, ümumi sahəsi 78.0 kv.m olan təmirli mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Buna uyğun olaraq cavabdeh qarşılıqlı razılıq əsasında 3-cü blok, 11-ci mərtəbədə yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69.3 kv.m olan 199 saylı təmirli mənzili və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30.0 kv.m olan qeyri-yaşayış sahəsini (8 və 9 oxları ilə A və B oxlarının kəsişməsində olan 30.0 kv.m sahə) iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə şərtləşdirilmiş mənzil və qeyriyaşayış sahəsi cavabdeh tərəfindən inşa edilərək, iddiaçıya təhvil verilmişdir və hər iki əmlak hazırda iddiaçının istifadə və sahibliyindədir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia və tələbin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 174 (yeni ünvan 610-624) ünvanında yerləşən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69,3 kv.m olan 199 saylı təmirli mənzilə dair maliyyə arayışının və yaşayış sahəsi üçün bağlanmış müqavilənin və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30,0 kv.m olan qeyri-yaşayış sahəsinə (8 və 9 oxlarının kəsişməsində olan 30,0 kv.m sahə) dair maliyyə arayışının, qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin və layihənin təsdiqlənmiş surətinin (mərtəbəlilik planı) verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən şərtləşdirilmiş yaşayış və qeyri-yaşayış sahələri onun sahiblik və istifadəsinə verilsə də, cavabdeh həmin yaşayış və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün zəruri sənədləri ona verməkdən qəti olaraq imtina edir. Bununla da cavabdeh müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirmir. İmtinanın səbəbini onunla izah edir ki, mənzillər istifadəyə verildikdən sonra onun tərəfindən kommunal xərclər ödənilməmiş, həmin kommunal xərclər ödənildikdən sonra maliyyə arayışı veriləcəkdir. Yaşayış binasının sakinlərinin cavabdehlə kommunal xidmətlər göstərilməsi barədə müqavilələri yoxdur, cavabdehin əməkdaşları özbaşına olaraq binanı onların inşa etdiyini səbəb gətirərək kommunal xidmətlərin də onlara ödənilməsini tələb edirlər. O, aralarında belə bir müqavilə olmadığı üçün kommunal xidmətlərə görə haqq ödəmir. Cavabdehin müqavilədə nəzərdə tutulmuş yaşayış və qeyriyaşayış sahələrinə dair maliyyə arayışını ona verməkdən imtina etməsi onun mülkiyyət hüquqlarını pozur. Cavabdehdən bu hərəkətlərə son qoyulmasını tələb etsə də, cavabdeh hərəkətsizlik nümayiş etdirərək maliyyə arayışını təqdim etməkdən imtina edir. O, cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmiş, lakin həmin müqavilə üzrə cavabdeh üzərinə götürdüyü vəzifələri birtərəfli qaydada yerinə yetirməmiş və yerinə yetirməkdən imtina edir. Cavabdeh müqavilə öhdəliklərini birtəfərli qaydada yerinə yetirməkdən imtina etdiyi üçün cəmiyyətin həmin hərəkətləri qanunsuz sayılmalı və onun sahiblik və istifadəsinə verilmiş yaşayış və qeyri-yaşayış sahələrinə dair hər hansı borcunun olmaması barədə maliyyə arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmalıdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-895/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 174 (yeni ünvan 610-624) ünvanında yerləşən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69.3 kv.m olan 199 saylı təmirli mənzilə dair və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30,0 kv.m olan qeyri-yaşayış sahəsinə (8 və 9 oxlarının kəsişməsində olan 30,0 kv.m sahə) dair maliyyə arayışlarının və həmin qeyri-yaşayış sahəsinə dair layihənin təsdiqlənmiş surətinin (mərtəbəlilik planı) İddiaçı təqdim edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X5).
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər qismən yerinə yetirilmişdir. Belə ki, müqavilə üzrə cavabdeh tərəfindən mənzil və qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilsə də, həmin əmlaklarla bağlı sənədlər iddiaçıya təqdim olunmamışdır. Belə olan halda da, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə haqlı olmuşdur.
6. Məhkəmə iddianın “sahələrə dair bağlanmış müqavilələrin təsdiqlənmiş surətinin (mərtəbəlilik planı) verilməsi” hissəsində hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən hazırkı mülki iş üzrə iddia ərizəsinə qeyd olunan müqavilənin surəti əlavə edilmişdir. Bundan da görünür ki, iddiaçı tərəfindən tələb etdiyi müqavilə iddiaçının özündə məxsusdur, yəni müqavilə ona təqdim olunmuşdur.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386-cı, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan yaşayış və qeyri-yaşayış sahələrinə dair zəruri sənədlərin iddiaçıya verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi isə mənzillər istifadəyə verildikdən sonra iddiaçı tərəfindən 1.500 manat məbləğində kommunal xərclərə görə borcun Cavabdeh MMC-yə ödənilməməsi çıxış edir. Məhkəmə nəzərə almamışdır ki, belə olan halda iddiaçıya həmin yaşayış və qeyri-yaşayış sahələrinə dair hər hansı borcunun olmaması barədə maliyyə arayışının verilməsi mümkün deyildir. Yalnız həmin kommunal xərclər ödənildikdən sonra maliyyə arayışı iddiaçıya təqdim olunacaqdır. İş materialları və məhkəmə qətnaməsindən aydın görünür ki, məhkəmə sadəcə iddiaçı tərəfindən irəli sürülən dəlilləri, sübutları araşdırıb təhlil etmiş, cavadehin özünü müdafiə üsulu kimi irəli sürdüyü faktiki hallara diqqət yetirməməklə tərəflər arasındakı bərabərlik prinsipinin şərtlərini pozmuşdur. Göründüyü kimi, məhkəmə iş üçün mühüm əhəmiyyətiolan faktları düzgün araşdırmamış, tam aydınlaşdırmamış, iddiaçı tərəfindən ödənilməyən kommunal xərclərə görə borclar nəzərə alınmamışdır. Bu da birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
12. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırda apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunsa da, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin hər hansı formada (tam və ya qismən) edilməsi üçün hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 174 saylı evin 43 saylı mənzili iddiaçının mülkiyyətində olmuşdur. Həmin evin yerləşdiyi sahə hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün cavabdehin istifadəsinə verilmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan həmin mənzili sökmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin mənzili təhvil alaraq sökməyi və bu ünvanda tikiləcək yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 3-cü blok, 11-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi oxdan oxa 69.3 kv.m olan 199 saylı mənzili (təmirli vəziyyətdə) və qarajın üst mərtəbəsində girişi-çıxışı A.M.Şərifzadə küçəsinə baxan hissədən 30.0 kv.m olan qeyri-yaşayış sahəsini (8 və 9 oxları ilə A və B oxlarının kəsişməsində olan 30.0 kv.m sahə) iddiaçının mülkiyyətinə verməyi (müqavilənin 1.1.2-ci bəndi) öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən mənzil və qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən inşa edilərək, iddiaçıya təhvil verilmiş və hazırda həmin sahələr iddiaçının istifadə və sahibliyindədir.
20. Hazırda iddiaçı mənzil və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün bu qeydiyyatı həyata keçirən müvafiq dövlət orqanına aidiyyəti sənədlərin təqdim edilməsinin zəruri olduğunu, lakin müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən bu sənədlərin ona təqdim edilmədiyini iddia edir və onların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının kommunal xidmətlərə görə 1.500 manat məbləğində borcunun olmasına istinad edərək, yalnız bu borc məbləği ödənildiyi təqdirdə həmin sənədlərin iddiaçıya təqdim ediləcəyini bildirir.
21. Bununla belə, tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilədən (podrat və dəyişdirmə) irəli gələn öhdəlik münasibətləri yaranmış və həmin münasibətlər çərçivəsində cavabdeh iddiaçının mülkiyyətində olan mənzili ondan təhvil almaqla söküntüsünü həyata keçirmiş və yerində inşa etdiyi binadan bir ədəd mənzili və 1 ədəd qeyri-yaşayış sahəsini ona təhvil vermişdir.
22. Lakin iddiaçı həmin müqaviləyə əsasən əldə etdiyi mənzilə və qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aldırması üçün bu səlahiyyətə malik olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə aidiyyəti sənədləri, o cümlədən hər iki sahəyə dair maliyyə arayışını və qeyri-yaşayış sahəsinə dair layihənin təsdiqlənmiş surətini (mərtəbəlilik planı, yəni plan cizgini) təqdim etməlidir. Bu sənədlər olmadan iddiaçı həmin sahələrə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilmir. Həmin sənədlərin verilməsi də xx.xx.2017-ci il tarixli müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən təmin edilməlidir.
23. Belə ki, həmin müqavilənin şərtlərinə əsasən cavabdeh 1 ədəd mənzili və 1 ədəd qeyri-yaşayış sahəsini inşa edib iddiaçının məhz mülkiyyətinə verməyi üzərinə götürmüşdür. Bu baxımdan həmin sahələrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin, o cümlədən maliyyə arayışlarının və qeyriyaşayış sahəsinə münasibətdə mərtəbəlilik planının, yəni plan cizginin iddiaçıya verilməsi öhdəliyini məhz bu sahələrin inşasını həyata keçirmiş cavabdeh daşıyır. Başqa sözlə, müqavilənin 1.1.2-ci bəndinə əsasən cavabdehin üzərinə götürdüyü “mülkiyyətə vermək” öhdəliyi bu sahəni inşa edib iddiaçıya təhvil verilməsi ilə yanaşı, həmçinin, həmin sahələrə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərin də iddiaçıya təqdim edilməsini özündə ehtiva edir.
24. Belə olan halda, həmin sənədlərin iddiaçıya təqdim etməkdən imtina etməklə cavabdeh hüquqi nəticə etibarı ilə hər hansı əsas olmadan müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından (bu sənədlərin təqdim edilməsindən) yayınır. Bununla da həmin müqavilənin şərtlərini pozmuşdur.
25. Birinci instansiya məhkəməsi də göstərilənləri nəzərə alıb, haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bu səbəbdən cavabdeh inşa edərək, iddiaçıya təhvil verdiyi mənzilə və qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazım olan sənədlərin (maliyyə arayışı və qeyri-yaşayış sahəsinə münasibətdə layihənin təsdiqlənmiş sürətini (mərtəbəlilik planı, yəni plan cizgini) iddiaçıya verməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı da cavabdehə məhz mülkiyyətində olan mənzili təhvil vermişdir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıdan təhvil aldığı mənzilin müqabilində qeyd edilən mənzil və qeyri-yaşayış sahəsini inşa edib iddiaçıya təhvil vermiş və həmin sahələrə görə iddiaçının cavabdehə hər hansı borcu qalmamışdır. Bu sahələrə göstərilən xidmətlərə görə hər hansı məbləğdə kommunal borcun yaranması isə heç bir halda həmin sənədlərin verilməsindən imtina üçün əsas ola bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-895/2025 nömrəli qətnaməsi Cavabdehn apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.