Məhkəmə qərarları › İş №2(103)-2664/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2664/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2664/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-59/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən idarə olunan “Mersedes Benz 320D” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə iddiaçıya məxsus olan “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05 dekabr 2023-cü il tarixdə, saat 18:00 radələrində toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yasamal rayon X8 Şöbəsinin mayoru X2 tərəfindən tərtib olunan 06 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və 06 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan da aydın olur ki, yol nəqliyyat hadisəsi cavabdehin təqsirindən baş vermiş, buna görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. "xxxx" MMC-nin 12 dekabr 2023-cü il tarixli qüsur aktından göründüyü kimi “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin məbləği 49 979,00 (qırx doqquz min doqquz yüz yetmiş doqquz) manat məbləğində hesablanmışdır. Lakin bu günə qədər cavabdeh tərəfindən onun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçıya və avtomobilinə dəyən ziyan ödənilməmişdir. “TESLA” markalı avtomobillərinin Azərbaycan Respublikasında rəsmi servis xidməti göstərən müəsissəsi olmadığı üçün avtomobil "xxxx" MMC-də təmir olunmuşdur və həmin müəsissə tərəfindən qüsur aktı tərtib olunmuşdur. Odur ki, hazırda cavabdeh heç bir halda avtomobilin rəsmi servis xidmətində təmir olunmaması ilə bağlı etirazla çıxış edə bilməz. Bundan əlavə, avtomobilə vurulan ziyanla bağlı tərəfimdən cavabdehin avtomobilin sığorta olunduğu "xxxx" ASC-yə müraciət olunmuşdur və həmin şirkət tərəfindən 5000 manat məbləğində maddi ziyanın əvəzi mənə ödənilmişdir. Göründüyü kimi, cavabdehin sığorta şirkəti tərəfindən də maddi ziyanın vurulması təsdiqlənmişdir və həmin şirkət qanuna uyğun şəkildə üzərinə düşən öhdəlik üzrə maddi ziyanın əvəzini ödəmişdir. Buna görə də, sığorta şirkətinin ödədiyi məbləği ümumi məbləğdən çıxmaq şərtilə hazırda cavabdehdən maddi ziyanın əvəzi olaraq 45 979,00 (qırx beş min doqquz yüz yetmiş doqquz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi zərurəti vardır. Həmçinin, qəza nəticəsində iddiaçının sağlamlığına da zərər vurulmuşdur. Bununla bağlı məhkəməyə tibbi arayış da hazırki iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. Həmin ziyanın vurulması nəticəsində iddiaçı dərin mənəvi iztirab keçirmiş və mənəvi sarsıntıya məruz qalmışdır. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, hadisə nəticəsində sağlamlığına dəymiş ziyanı hələ də hiss etməkdədir, bədəninin müxtəlif nahiyələrində hələ də ağrılar var. Buna görə də, cavabdehdən maddi ziyandan əlavə mənəvi zərərin əvəzi olaraq da 5000 (beş min) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul olunması zəruridir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən rayon məhkəməsinin məhkəmə iclasında iddia tələbini azaltmış və tələbi cavabdehdən 30.000 manat maddi zərər, 5000 manat mənəvi zərər, hüquqi yardım üçün ödənilmiş 120 manat və dövlət rüsumu qismində ödənilmiş 240 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Yasamal Rayon Məhkəməsinin 2(004)-59/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddianın qismən təmin edilməsi, cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 30000 (otuz min) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 120 (yüz iyirmi) manat pul vəsaitinin və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, qaln hissədə iddia təmin edilməmişdir.

5. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin qismən təmin edilməsi və iddiaçının xeyrinə olaraq cavabdehdən maddi zərərin əvəzi olaraq 8000 (səkkiz min) manat, iddiaçıya hüquqi xidmətə görə vəkilə ödənilmiş 120 manat və iddiaçının ödədiyi dövlət rüsumundan 60 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahis etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ona qarşı olan “maddi və mənəvi zərərin ödənilməsinə dair” tələbində həddindən artıq məbləğ tələb edir (dəymiş maddi zərərin əvəzi olaraq 30000 (otuz min) manat). Əslində həmin məbləğ demək olar ki, iddiaçının idarə etdiyi avtomobilin (buraxılış ili 2020) tam dəyərini (hadisə baş verən vaxtda xx.xx.2023-cü ildə) təşkil edir. Əgər iddiaçı ondan həmin avtomobilin tam dəyərini tələb edirsə, onda iddiaçı həmin avtomobili də ona verməlidir. Hətta iddiaçı həmin avtomobilin zədələnməmiş hissələrini də təzələri ilə dəyişdirmişdir və alınan ehtiyat hissələrinin qiymətləri də bazar qiymətlərindən həddindən artıq baha qiymətə alınmışdır. Eləcə də təmir-bərpa işlərinin görülməsi üçün xidmət haqları da həddindən artıq yüksək olmuşdur. Halbuki, onun avtomobilinə dəymiş maddi zərərin ümumi məbləği 12-13 min manatdan artıq olmamışdır. Bu məbləğdən də 5000 (beş min) manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. O, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və servis tərəfindən tərtib olunmuş qüsur aktında (49970 manat) adları (ingilis dilində) qeyd olunan avtohissələrin (ödəniş qəbzi və alınma mənbəyi barədə heç bir sənəd təqdim edilməmişdir) məbləği ilə başqa avtoservislərlə maraqlandıqda məlum oldu ki, onların cəmi dəyəri 7-8 min manat civarındadır. Belə olan halda hesab edilir ki, iddiaçıya maddı zərərin əvəzi olaraq 8000 manat ödənilməsi daha ədalətli olardı. Əlavə olaraq iddiaçıya hüquqi xidmətə görə vəkilə ödənilmiş 120 manat və ödənilmiş dövlət rüsumundan 60 manat pul vəsaitinin ödənilməsi ədalətli olardı. O, iddiaçının avtomobilinə dəymiş zərərin məbləği həddindən artıq şişirdildiyindən narazılıq etmişdir, lakin buna baxmayaraq məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi, nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, rayon məhkəməsinin istinad etdiyi arayışın həqiqi olmadığını, ekspertiz keçirilməsinin zəruru olduğunu, iddiaçının avtomobilinə uzağı 10-12 min manat zərər vurulduğunu, buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

10. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin tələblərinə əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

11. 12.12.2023-cü il tarixli qüsur aktı əlavə edilmişdir. Sözügedən akta əsasən müəyyən edilir ki, “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin təmir-bərpa xərci ümumilikdə 49979 manat təşkil edir.

12. X5 Mərkəzinin 9/4306 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan qüsur aktına əsasən “Tesla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 48415 manat təşkil edir.

13. Ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hüquqi xidmətin göstərilməsinə görə 120 manat pul “Kəngərli və partnyorları” Vəkil Bürosuna ödənilmişdir.

14. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin № MB 18/0679, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərər 45.141 manat müəyyən olunmuşdur.

15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən 32.091 (otuz iki min doxsan bir) manat dəyərində “TESLA” model -Y markalı maşının 32 ədəd zədələnmiş ehtiyat hissəsi 2024-cü ilin mart-aprel aylarında ABŞ və Çin Respublikasından gətirilərək, iddiaçıya təhvil verilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Tətbiq edilən prosessual hüquq normaları:

17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cavabdehin şikayətinə əsasən iddia tələbinin ona aid təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Kollegiya qeyd edir ki, rayon məhkəməsi zərərin həcmini müəyyən edərkən haqlı olaraq, avtomobilin markasını (Tesla), növünü (elektromobil olması), buraxılış ili (2020) və hadisənin baş vermə tarixini (2023), müvafiq vaxtda həmin avtomobilin bazar dəyərinin və ehtiyat hissələrinin indiki vaxtdan çox yüksək olmasını, avtomobilin əsas aparıcı hissəsi olan batareyalarının xüsusilə yüksək dəyərdə (20.000 manatdan yüksək) olması və bu səbəbdən təmir-bərpa xərcinin yüksək məbləğ təşkil etməsini nəzərə almış və maddi zərərin əvəzi olaraq 30.000 manat pul vəsaitinin cavabdehdən tutulması qərarına gəlmişdir.

21. Belə ki, cavabdehin baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi mülki işin mübahisəsiz halıdır.

22. Apellyasiya şikayətində cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinməsini mübahisələndirməmiş, yalnız rayon məhkəməsinin dəymiş maddi zərərin əvəzi olaraq təmin etdiyi məbləği yüksək hesab etmişdir.

23. Apellyasiya şikayətinin avtomobilə dəymiş zərərin məbləğinin düzgün hesablanmadığı barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, tədqiq edilmiş qüsur aktına, qiymətləndirmə mərkəzinin rəyinə və məhkəmə kollegiyasının təşəbbüsü ilə keçirilmiş ekspertizanın nəticəsinə uyğun olaraq, müəyyən etmək olur ki, cavabdehin təqsiri nəticəsində törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin həcmi məhkəmənin təmin etdiyi məbləğdən daha yüksəkdir. Məhkəmə tərəfindən aparılmış araşdırmalar zamanı cavabdehin şikayətinin hər iki dəlili təkzib olunmuş- həqiqiliyini mübahisələndirdiyi qüsur aktının doğru olduğu, habelə mütəxəssis rəyi ilə iddiaçının avtomobilinə vurulmuş zərərin cavabdehin bildirdiyindən dəfələrlə artıq olduğu müəyyən olunmuşdur.

24. Demək ki, cavabdehin şikayətinin dəliləri əsassız olmuş, eləcə də cavabdeh tərəfindən rayon məhkəməsinin gəldiyi nəticəni şübhə altına alan başqa mötəbər sübut və dəlil təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

25. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu, eləcə də ekspertiza xərci şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-59/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatını dəyəri olan 300 (üç yüz) manat Cavabdeh alınaraq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar