Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2668/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1391/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 9/M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən ikimərtəbəli binanı zirzəmisində Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmış 230,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ərazisində, iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsindən sərbəst istifadənin təmin edilməsi məqsədilə ümumi giriş-çıxışın qaydasının müəyyən edilməsi və iddiaçının ümumi girişçıxışdan istifadəsini təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 9/M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən ikimərtəbəli binanın zizəmisindəki 161.8 kv.m qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Onun mülkiyyətində olan həmin qeyri-yaşyış sahəsinin yeganə giriş-çıxışı eyni ünvanda qonşuluqda yerləşən cavabdehin adına dövlət reyestrində qeydə alınmış qeyri-yaşayış sahəsinin içərisindəndir. Hazırda onda olan məlumata əsasən qonşuluqda yerləşən qeyri-yaşayış sahəsinə dair məhkəmə araşdırmaları olmuş və nəticədə mübahisəli qeyri-yaşayış sahəsindən onun əvvəlki sahibinin çıxarılması barədə məhkəmə qətnaməsi qəbul olunmuşdur. Qonşuluqda yerləşən qeyri-yaşayış sahəsindən, onun əvvəlki sahibi tərəfindən ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş-çıxışına hər hansı maneə yaradılmırdı. Lakin hazırda vəziyyətin dəyişməsini, qonşuluqda olan qeyri-yaşayış sahəsinin Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmasını və əvvəlki sahibin həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə məhkəmə qətnaməsinin mövcudluğunu, habelə ona məxsus olan qeyri-yaşayış sahəsinin yeganə giriş-çıxışının qonşuluqda yerləşən həmin qeyri-yaşayış sahəsindən olmasını nəzərə alaraq, hesab edir ki, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sonuncunun sərbəst istifadə hüququnun təmin olunması məqsədi ilə, qoşuluqda yerləşən qeyri-yaşayış sahəsinin ərazisində iddiaçıya münasibətdə ümumi giriş-çıxışın qaydası müəyyən edilməli və cavabdehin üzərinə iddiaçının ümumi girişçıxışdan istifadə etməsini təmin etmək vəzifəsi qoyulmalıdır. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1391/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəməyə müraciət etməzdən əvvəl dövlət orqanalarına müraciət etmədiklərinə görə iddia tələbinin rədd edilməsi, qanunvericilikdə bu cür imperativ qaydanın mövcud olmadığına görə əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdən iddiaçının qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən və sahəsi 230,8 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsi əvvəlki mülkiyyətçinin icarə müqaviləsinin vaxtı bitdikdən sonra hərraca çıxarılmış, 2 il hərracda olmuş, daha sonra cavabdeh tərəfindən hərracdan əldə edilmişdir. Əmlak cavabdehin mülkiyyətinə 3-cü şəxslərin hüquqları ilə yüklü edilmədən təhvil verilmişdir. Cavabdehin mülkiyyətində olduğu müddətdə də qeyri-yaşayış sahəsi hər hansı şəxsin mülkiyyət və əlaqəli hüquqları ilə yüklü edilməmişdir. Yəni əmlak üzərində hər hansı şəxsin məhdud əşya, servitut, ipoteka və s. hüquqları mövcud deyil. İddiaçının iddia tələbi giriş-çıxışın ümumi olması barədədir. Bu yalnız cavabdehin mülkiyyətində olan əmlak üzərində iddiaçının istifadə hüququ, yəni servitut hüququ mövcud olduqda mümkün ola bilərdi. Bununla əlaqədar olaraq diqqətə alınmalıdır ki, servitutun qeydə alınması ilə bağlı məhkəməyə birbaşa müraciət qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq orqanlara müraciət etməli, öz obyektinə giriş-çıxışın verilməsi məsələsini təmin etməli idi. Öz imkanı ola-ola, bu imkanı əldə etmək hüququ olduğu halda özgənin mülkiyyətindən giriş-çıxış üçün istifadə etmək absurd və hüquq pozuntusudur. Həmçinin bildirmişdir ki, əvvəllər hə iki qeyri yaşayış sahəsi iddiaçıya aid olmuş və onların ümumi giriş çıxışı olmuşdur, lakin sonradan o əmlakı əldə etdikdən sonra həmin giriş çıxış bağlanmışdır. Bundan əlavə iddiaçıya məxsus qeyri yaşayış sahəsinin ikinci giriş-çıxış qapısı da var, iddiaçı həmin qapını açmaqla ondan istifadə edə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 9, M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanda yerləşən sahəsi 230.8 kv.m. olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Dövlət X3 və Özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 002869 nömrəli, xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən iki mərtəbəli binanın zirzəmisindəki 161,8 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət üzərində sahiblik hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 9/ M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində hər hansı yüklülüyün və məhdudiyyətinin olması ilə bağlı məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən İddiaçı qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən və sahəsi 230,8 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən hərracdan əldə edilmişdir. Əmlak cavabdehin mülkiyyətinə 3-cü şəxslərin hüquqları ilə yüklü edilmədən təhvil verilmişdir. Cavabdehin mülkiyyətində olduğu müddətdə də qeyri-yaşayış sahəsi hər hansı şəxsin mülkiyyət və əlaqəli hüquqları ilə yüklü edilməmişdir, yəni əmlak üzərində hər hansı şəxsin məhdud əşya, servitut, ipoteka və s. hüquqları mövcud deyil. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının tələbi giriş-çıxışın ümumi olması barədədir. Bu isə yalnız cavabdehin mülkiyyətində olan əmlak üzərində iddiaçının istifadə hüququ, yəni servitut hüququ mövcud olduqda mümkün ola bilərdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 153.4-cü maddələrinə əsasən formasından asılı olmayaraq, mülkiyyət hüququnun həyata keçirilməsində məhdudiyyətə yaxud üstünlüyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 256.2-ci maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında servitutla bağlı hər hansı bir müqavilə yoxdur. Belə olduğu təqdirdə iddiaçının servitut qoyulmadan təmin edilə bilməyən ehtiyaclarının olub-olmaması aydın deyildir. Həmçinin xüsusilə qeyd edilməlidir ki, iddiaçının iddia tələbinin mahiyyəti servitutun verilməsi təşkil etsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı servitut istəmir, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən onun sərbəst istifadə hüququnun təmin olunması üçün cavabdehə məxsus qeyri-yaşayış sahəsinin ərazisindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-215-ci maddələrinə əsasən əmlakdan istifadə etmək, onun üzərində sərəncam vermək və ona sahiblik qaydası yalnız əmlakın birgə mülkiyyətçiləri arasında müəyyən olunur. İşdən görünür ki, İddiaçı mübahisəli əmlakın birgə mülkiyyətçisi deyildir, o, Azərbaycan Respublikası MM-nin 213-215-ci maddələrinin tələbinə əsasən cavabdehə məxsus əmlakdan istifadə qaydasının müəyyən olunmasının iştirakçısı ola bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1391/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2668/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2668/2021
10.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver