Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2672/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, e2(006)-1284/2022 saylı qərardadından iddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, e-2(006)- 1284/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı «vəzifələrin icrası, mənəvi ziyanın ödənilməsi və borcun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 nümayəndəsi və vəkili X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, e-2(006)-1284/2022 saylı qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1284/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddia ərizəsi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və ya mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılması ilə bağlı deyil. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" ASC-nin çəkdiyi elektrik xətti heç bir təhlükəsizlik norması gözlənilmədən yaşayış evinə bitişik çəkilmişdir. Bu isə uzun müddətdir ki, İddiaçı2 və onun ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə yaradır. Ailə üzvlərinin həyat və sağlamına təhlükə yaratdığı və elektrik xəttlərinin layihələşdirməsi ilə bağlı texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı üçün qeyd olunan elektrik xəttinin fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması üçün dəfələrlə cavabdehə müraciət olunsada, cavabdeh öz vəzifə funksiyalarını yerinə yetirməmiş və heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, e2(006)-1284/2022 saylı qərardadı ləğv olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən elektrik xəttinin onun və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılmasını xahiş etmişdir, buna səbəb isə "xxxx" ASC-nin çəkdiyi elektrik xətti heç bir təhlükəsizlik norması gözlənilmədən yaşayış evinə bitişik çəkilməsi olmuşdur.İş materiallarından və iddia ərizəsindən isə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında mülki münasibətlər (müqavilə və.) olması müəyyən olunmur. Belə olan, halda birinci instansiya məhkəməsi mübahisənin inzibati mübahisəsi olub olmamasını araşdırmamışdır.Həmçinin, digər cavabdehə qarşı tələbin mülki tələb olmaqla həmin mübahisə ilə birlikdə baxılmalı olub-olmamasına qiymət verməmişdir. Belə ki, kollegiya qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin 30-cu maddəsinin şərh edilməsinə dair 28.03.2013-cü il tarixli qərarına görə, iddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafıq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 398.0.2.-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, e-2(006)- 1284/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2672/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2672/2022
14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver