Məhkəmə qərarları › İş №2(103)-2676/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2676/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2676/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5573/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASCnin “Qara Qarayev” filialından onun xeyrinə 1500 manat maddi və 2000 manat mənəvi zərərə görə pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13.03.2019-cu il tarixdə "xxxx" ASCnin “Qara Qarayev” filialında 7999.40 manat mübadilə edərək 4700 ABŞ dolları alıb, elə həmin gün aldığı ABŞ dollarını bankın depozit hesabına qoydu. İl başa çatmamış ehtiyacı yarandığı üçün banka qoyduğu pulu çıxarmalı oldu. 2020-ci ilin may ayında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, kiçik vergi xidməti müşaviri Vüsal Məmmədov iddiaçıya zəng edərək, ondan hesablanmış 3021 manat məbləğində vergi borcunu təcili ödəməyi tələb etdi. Əks halda, barəsində qanunamüvafiq ölçü götürüləcəyini bildirdi. Bir müddətdən sonra yenidən iddiaçıya zəng edən Vüsal Məmmədov vergi borcunun 4100 manat olduğunu və barəsində axtarış elan etdiyini bəyan etdi. Ölkədən çıxışına qadağa qoyulduğunu dedi. Bundan sonra iddiaçını Bərdə rayonu İcra və Probasiya şöbəsinə çağırdılar. İddiaçını həbslə hədələyərək tezliklə vergi borcunun ödəməyini tapşırdılar. "Kapital Bank” ASC-nin “Qara Qarayev” filialında baş vermiş qanunsuzluğun nəticəsində onu dəfələrlə Bərdə və Yevlax rayonlarına çağıraraq günlərlə əzab-əziyyət çəkməyə, maddi və mənəvi zərərə düşməyə vadar etdilər. Dəfələrlə rayonlara çağırılmağı səbəbindən 1500 manatdan çox vəsaiti xərcləndi. Eyni zamanda, mənəvi sarsıntılara məruz qaldı. Hətta bir neçə dəfə huşunu itirib yolun ortasında yıxılmışdır. Ətrafda olan şəxslər iddiaçıya tibbi köməklik göstərmişlər. Sonradan iddiaçıya məlumat vermişlər ki, bankın işçiləri səhvə yol verərək bankın elektron sistemində təkrarçılığa yol vermişlər. Bunun da nəticəsində iddiaçıya qarşı maliyyə sanksiyası tətbiq edilmiş, adına iddiaçının xəbəri olmadan VÖEN açmışlar. Bu və digər hallar sübut edir ki, cavabdeh "Kapital Bank” ASC-nin “Qara Qarayev” filialının qanunsuz hərəkəti nəticəsində iddiaçıya 1500 manatdan çox maddi və külli miqdarda mənəvi zərər vurulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5573/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərir ki, iddia tələbinin qeyd olunan hissəsinin təmin olunması əsassızdır. Belə ki, məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibət bildirərkən, qeyd olunan hal ilə bağlı sübutların təqdim olunmadığına istinad etsə də, mənəvi zərərə görə ziyanın ödənilməsi hissəsi ilə bağlı nəticəyə gələrkən iddiaçının hansı hüquqlarının pozulmasını, bu hüquqların pozulması nəticəsində vurulmuş zərərin nədən ibarət olmasını, zərərlə bağlı hansı sübutların mövcudluğunu əsaslandırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Mülki Məcəllənin 384, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 467-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı ona vurulmuş maddi ziyanın 1500 manat məbləğində olmasını bildirsə də, həmin tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh "xxxx" ASC-nin əməkdaşı tərəfindən həyata keçirilmiş səhv mübadilə əməliyyatı nəticəsində iddiaçı əsassız olaraq vergi orqanlarına çağırılmış və ona vergi borcu hesablanmışdır. Bunun da nəticəsində iddiaçının hüquqları pozulmuş, ona zərər vurulmuşdur. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi yaxud ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız təmin edilmiş mənəvi zərər hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X1 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh bank tərəfindən valyuta alqı-satqısı ilə bağlı əməliyyatlara dair məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə Mərkəzi Banka yaxud Maliyyə Monitorinq Xidmətinə düzgün göndərilməli idi. Cavabdehin göstərdikləri qeyd olunan arqumentlər başadüşülən ola bilər. Ancaq təxminən 1 ildən artıq müddətdə bu texniki problemin aradan qaldırılmamasının mümkünsüzlüyü də inandırıcı və ağalabatan olmalı yaxud da cavabdeh tərəf qeyd olunan müddətdə həqiqətən də bu problemləri həll etmək iqtidarında olmadığına dair məhkəməyə mötəbər sübut verməli idi. Lakin cavabdeh tərəf bu fakta heç bir münasibət bildirmir, hansısa məsuliyyət daşımalı olmadığını, dolayı da olsa hadisələrin bu cür inkişafında Mərkəzi Bankın təqsirli olduğunu bəyan edir. Əlbətdə ki, bu mövqe düzgün ola bilməz. Çünki, iddiaçının göstərdikləri, yəni Maliyyə Monitorinqi Xidməti tərəfindən edilmiş müraciət əsasında iddiaçıya tətbiq olunan maliyyə sanksiyası və adına qeydiyyatdan keçmiş VÖEN sonradan ləğv edilmiş və buna görə də iddiaçının göstərdikləri işin faktiki halları ilə uyğunluq təşkil edir. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən ən azı 500 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Çünki, apellyasiya instansiya məhkəməsi də cavabdehdən bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Ona görə də cavabdehin apellyasiya şikayətində göstərdiklərinin heç bir əsası yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5573/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5573/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar