Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2677/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı bağ evindən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-4907/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən bağ evi xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 22 ünvandan əşyaları ilə birlikdə evdən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan ünvan onun mülkiyyətində olmaqla xx.xx.2012-ci il tarixdə hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin evdə mərhum həyat yoldaşı X5 vəfatından sonra onun dostu cavabdeh evdə müvəqqəti yaşamaq üçün razılıq istəmiş, mərhum həyat yoldaşının dostu olduğundan müvafiq olaraq mənzili soncuya müvəqqəti yaşamaq üçün vermişdir. 2016-cı ilin sentyabr ayından cavabdeh həmin ünvanda yaşamağa başlamışdır. Sonuncu ilə razılaşmalarına əsasən o, kirayə pulu verməli idi, lakin cavabdeh yaşadığı müddətdə isə hər hansı bir məbləğdə vəsaitini bu günədək ödəməmişdir. Bu barədə dəfələrlə cavabdehə xəbərdarlıq etsə də cavabdeh buna məhəl qoymaraq, həmin evdə yaşamağa davam etmiş, hətta sonradan iddiaçının oğlunu mülkiyyətində olan evə buraxmayaraq, onu evdən qovmuşdur. Hətta iddiaçının bildiyinə görə cavabdeh həmin ünvanda yaşamır və başqa bir şəxsin sahibliyinə vermişdir.
4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 4907/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı mübahisəli bağ evinə olan hüququnu təsdiq etmişdir və cavabdeh həmin evdən çıxarılmalıdır. Cavabdehlə iddiaçının arasında 10 il ərzində evin abadlaşdırılması müqavibilində orada yaşamağa icazə verilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, şahid X8 cavabdehin dostu olduğundan, onun ifadəsi səmimi qəbul edilə bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 164.1, 165.1-cio maddələrinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin mərhum dostu X6 ikinci həyat yoldaşıdır. Mübahisəli bağ evi iddiaçının atasından miras əmlak kimi qalmış və cavabdehin köməkliyi ilə iddiaçının adına rəsmiləşdirilərək çıxarış alınmışdır. Cavabdeh 2014-cü ildə öz evini satdığına görə iddiaçı ilə qarşılıqlı razılaşma əsasında ona məxsus bağ evinin 1 otağını öz hesabına təmir etdirmək müqabilində 10 il müddətində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixinə kimi həmin evdə yaşamağa icazə verilməsini öhdəsinə götürməsi barədə şifahi razılığa gəlmişlər. Bu razılaşma X7 və X9 iştirakları və şahidliyi ilə əldə edilmişdir. Həmin bağ evinin bir otağını və həyətini cavabdeh öz hesabına təmir, yeni mətbəx və sanitariya qovşağı, qaraj, su və kanalizasiya xətlərini inşa etdirərək 2016-cı ildən başlayaraq indiyə kimi orada yaşayır. Cavabdeh tərəfindən evin təmirinə və tikintisinə 31.000 manat, həyətin təmirinə isə 4.200 manat vəsait xərclənmişdir. Həmin evin elektrik işlərini usta X12, santexnik, dam, su quyusu, su anbarı, kafel, metlax, suvarma, divar kağızı və sair işlərini isə X8 işləmişdir. Tikinti materialların və lazımi avadanlıqları ustalar almış, pulunu isə cavabdeh vermişdir. Həmin evə mətbəx və yataq mebeli, istilik sistemi, hava və mətbəx soyuducularını, paltaryuyan, qaz pilitəsi, qaz sobası, aspirator, hava təmizləyicisi kimi avadanlıqlar da cavabdeh tərəfindən alınmışdır. Qarşılıqlı razılaşmaya əsasən evin təmirinə xərclənmiş pul vəsaiti kirayə haqqı kimi hesablanmalı və cavabdeh bunun müqabilində mübahisəli evdən 10 il müddətində yaşamalı idi. Evi iddiaçının adına sənədləşdirdikdən və mənzilə mülkiyyət hüququnun tanınması barədə iddiaçının adına DƏDRX-dən çıxarış alındıqdan sonra isə cavabdeh tərəfindən vaxtından əvvəl mənzildən çıxarılma barədə məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi işə birtərəfli yanaşaraq, iş üzrə tərəfindən dəftərxanaya məhkəmə baxış prosesi başlanmazdan əvvəl təqdim olunmuş qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən imtina edərək, hüquqşünas olmadığıdan istifadə edib, qarşılıqlı iddianın və dövlət rüsumunun vaxtında verilməməsi bəhanəsi ilə geri götürməsinə vadar etmiş, iş üzrə dindirilmiş şahid X2 dostum olmasını qeyd edib, əsassız olaraq onun ifadəsini iş üzrə sübut kimi qəbul etməmiş, digər şahidləri, o cümlədən usta X9 dindirilməsindən ümumiyyətlə imtina etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini əsas götürərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasından nədənsə imtina etmiş, nəticədə hüquqlarımın pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş müqavilə azadlığı, müqavilənin bağlanma formaları kimi müddəalarını nəzərə almadan qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, bənd 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokol Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ape
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən bağ evi xx.xx.2021ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır.
20. Cavabdeh onunla iddiaçı arasında 10 il ərzində evin abadlaşdırılması müqabilində orada yaşamağa icazə verilməsinə dair razılaşma barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
21. Göründüyü kimi, cavabdehin iddiaçının mülkiyyətində olan bağ evindən istifadə etmək, orada yaşamaq üçün hər hansı qanuni və ya müqavilə əsasının mövcudluğu iş materialları ilə müəyyən edilmir.
22. Məhkəmə onu da qeyd edir ki, hazırda hazırki iş üzrə cavabdeh iddiaçıya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının mülkiyyətində olan bağ evinə çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb etmişdir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
24. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 4907/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli
Akif İsgəndərov
Vahid Sadıqov