Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2685/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4601/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Cavabdeh İddiaçı 4.000 manat almasına dair xx.xx.2022-ci ildə, 5000 manat almasına dair xx.xx.2022-ci ildə, cəmi 9000 manat almasına və xx.xx.2022-ci ildə qaytaracağına dair qəbz və iltizamlar yazmışdır. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı borc pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 9.000 manat və ödənilmiş 110 manat dövlət rüsumu əvəzi, cəmi 9.110 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiada göstərilir ki, tanışı X2 vasitəsilə tanış olduğu Cavabdeh özünü yüksək vəzifəli bəzi şəxslərin, o cümlədən Təhsil nazirinin İ müavininin yaxın qohumu kimi təqdim edəndən sonra bildirmişdir ki, istənilən məsələni həll edib yoluna qoya bilmək gücündədir. Sonrakı görüşlərdə hətta cavabdeh ən bahalı avtomobilinin də fotosunu ona göstərərək tezliklə həmin maşınla onun görüşünə gələcəyini, eyni zamanda "xxxx" ASC-dən də 560.000 manat pul alacağını fəxrlə bildirmişdir. Get-gedə cavabdehə inanmağa başlamışdır. Növbəti görüşlərin birində yaxın qohumu olan bir müəlliməyə kömək etməsini cavabdehdən xahiş edəndə, dərhal mobil telefon vasitəsi ilə kimlərəsə zəng vuraraq məsələnin həlli üçün 10.000 manata yaxın məbləğə həll olunacağını dəqiqləşdirdiyini söyləmişdir. Cavabdeh onu da bildirmişdir ki, ona oİan hörmətinə görə bu məbləğ 9.000 manata həll olunacaq və 4.000 manat sənədlərlə birlikdə, 5.000 manat isə lap işin sonunda verilməlidir. Cavabdehin şirin dilinə inanaraq razılaşmışdır. Əvvəlcə Cavabdeh 4.000 manat, sonra da 5.000 manat vermişdir. Hər dəfə cavabdeh ondan aldığı pullara dair qəbz və iltizam yazaraq imzalamış, şəxsiyyət vəsiqəsinin, əlillik vəsiqəsinin surətlərini ona təqdim etmişdir. Lakin cavabdehin söz verib öhdəlik götürdüyü vaxt-vədə tamam olmasına baxmayaraq məsələ həll olunmamış və verdiyi 9.000 manat pulunu ala bilməmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4601/2022 saylı, 30 noyabr 2022ci il tarixli qətnaməsi (hakim Ceyhun Tağıyev) ilə iddia tələbi təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iş materiallarına əlavə olunmuş sadə yazılı iltizamlardan, fotoşəkillərdən, cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan aşkar şəkildə görünür ki, Cavabdeh İddiaçı 9.000 manat borc almışdır. Həmin borcu qaytaracağına vəd verməsinə baxmayaraq, bu günədək hər hansı ödəniş etməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 9.000 manat borc almış, borcu qaytarmasına dair iddiaçı qarşısında öhdəlik götürsə də, borcu vaxtında və tam şəkildə qaytarmamışdır. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçıdan 4.000 manat borc aldığını, həmin borcun bir hissəsini ödədiyini bildirsə də, cəmi 4.000 manat borc almasına, eləcə də həmin borcun bir hissəsinin qaytarılmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, öncəki məhkəmə iclasında ödəniş çekləri olduğunu bildirmişdir. Cavabdeh ümumiyyətlə hazırki iş üzrə özünü qeyri-səmimi aparmaqla, təzadlı, ziddiyyətli izahatlar vermiş, davranış nümayiş etdirmişdir. Göründüyü kimi, iddia əsaslı olmaqla təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsinin işə tətbiq etdiyi norma düzgün olmayıb. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsi iddiaçının formal sözlərinə əsaslanaraq qəbul edilib.Həqiqi hallara uyğun deyil. Cavabdehin iddiaçıya onun tələb etdiyi məbləğdə borcu yoxdur, ola da bilməz. İddiaçı özünün və tanışlarının təhdidi altında ona qəbzlər yazdırıb. Cavabdeh bu qanunsuzluqlara görə aidiyyəti üzrə polis orqanına müraciət etmiş və bununla əlaqədar da şikayəti üzrə toplanmış material araşdırılır. Birinci instansiya məhkəməsi MPM-nin 14.2-ci, 77-ci, 88-ci maddələrinin tələblərinə biganə yanaşaraq heç bir araşdırma aparmadan, həqiqi hallara uyğun olmayan iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
16. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır.
18. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə apellyasiya şikayəti verənədək iddia tələbinə etiraz etməmiş, əksinə çoxsaylı qəbz və iltizamlar yazmaqla, xx.xx.2022-ci il tarixli ərizə ilə(bax.i.v.42)məhkəməyə müraciət edib iddianı qbul etməklə, eləcə də cinayət təqibi üzrə aparılan araşdırma zamanı izahatlar verməklə iddiaçıdan 9000 manat almasını etiraf etmişdir. Lakin sonradan iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh apellyasiya şikayətində tələb edilən məbləğdə borcunun olmadığını, iddiaçı və tanışlarının təhdidi ilə qəbzlər yazdığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir.
19. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri təsdiq edən müəyyən sübutları özlərində saxlayırlar. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri şifahi bağladıqları müqaviləyə və iddianın əsasını təsdiq edən sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi tələb edilən məbləğdə borcu qalmadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən 9000 manatın alınmasına dair mülki hüquq münasibətləri(borc yaxud əsassız varlanma ilə bağlı münasibətlər) yaransa da cavabdeh borcun tələb edilən məbləğdə qalmadığını bəyan edir. Lakin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iş materiallarına əlavə olunmuş sadə yazılı qəbzlərdən, iltizamlardan, fotoşəkillərdən, cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan aşkar şəkildə görünür ki, Cavabdeh İddiaçı 9.000 manat almışdır. Apellyasiya şikayətində qeyd olunanları, eləcə də cavabdehin işdə olan(bax.i.v.72)ərizəsində göstərdiklərini sübut etmək vəzifəsi, artıq onun üzərinə düşür, lakin həmin halları sübut edə bilmir. Cavabdeh ərizəyə əlavə etdiyi xx.xx.2022-ci il tarixli qəbzdə 800 manatı ödəniş terminalı vasitəsilə iddiaçıya ödəmişdirsə, xx.xx.2022-ci ildə iddianı etiraf etməsinə dair məhkəməyə yazılı etiraf ərizəsi göndərməzdi. Göründüyü kimi, cavabdehin şikayətinin dəlilləri iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir mötəbər sübut da onun tərəfindən təqdim edilməmişdir. Şikayətin dəlilləri borcun tələb edilən məbləğdə olmadığını və qəbz və iltizamların təhdid altında yazıldığını bilavasitə təsdiq etmir. Birdəki, cavabdehin iddiaçıdan aldığı məbləğdən hansısa hissəsini qaytarması icra sənədinin icrası mərhələsində nəzərə alınmalı məsələlərə aiddir.
21. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, əsassız varlanma, mövcud borcun etirafı, barışıq razılaşması kimi institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
22. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4601/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4601/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.