Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2692/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(005)-3337/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsassız varlanması nəticəsində əldə etmiş 16000 (on altı min) manat, dəymiş mənəvi zərərə görə 1000 (bir min) manat, həmçinin 30 (otuz) manat dövlət rüsumu və vəkilin xidmətlərindən istifadə etdiyi üçün 500 (beş yüz) manat pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxx 2019-cu il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində buraxılış ili 2013-cü il olan 99-KP346 dövlət qeydiyyatı nişanlı “Hyundai Elantra” markalı avtomobili Cavabdeh 16000 (on altı min) manat pul ödəyərək əvəzində etibarnamə əsasında avtomobilə dair sərəncam vermək və s. hüquqları rəsmiləşdirmişdir. Bir müddət sonra 2020-ci ilin yanvar ayında həmin etibarnamə üzrə avtomobili öz adına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası BDYP-nə müraciət etmişdir. Avtomobilin adına qeydiyyata alınması məqsədilə BDYP əməkdaşı avtomobilə baxış keçirərkən avtomobilin texniki pasportunda qeyd olunan ban nömrəsi ilə avtomobilin faktiki ban nömrəsinin uyğun gəlməməsi müəyyən edilmiş və avtomobil BDYP-nin duracağında yerləşdirilmişdir. Məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyinə baxmayaraq, bu günə kimi heç bir nəticə əldə etməmişdir, avtomobil ona qaytalarılmayıb və ya avtomobilin dəyəri ödənilməmişdir. xx xxx 2019-cu il tarixində Bakı şəhəri 6 saylı notariat kontorunda 16000 (on altı min) manat məbləğində pulu Cavabdeh verilməsi faktını cavabdeh özü Xətai RPİ-nin 37-ci Polis Şöbəsində verdiyi izahatında etiraf etmiş və bu etiraf cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarda öz əksini tapmışdır. Bundan əlavə, qeyd olunan pul məbləğinin verilmə faktını şahid qismində həm notariat kontorunda onunla birgə olan qardaşı Şahid təsdiq edə bilər. Yuxarıda qeyd olunan faktlara əsasən açıq surətdə müəyyən olunur ki, Cavabdeh heç bir qanuni əsası olmadan qanunvericiliyin tələblərinə uyğun olmayan avtomobili adına rəsmiləşdirməsinə nail olmuş və əvəzində 16000 (on altı min) manat pul məbləğini əldə etmiş, ona isə həmin məbləğin müqabilində avtomobili öz adına rəsmiləşdirə bilməmiş və nəticədə heç nə əldə etməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 16000 (on altı min) manat pulun, hüquqi xidmət üçün 100 manat pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3337/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh etibarnamə üzrə ona məxsus olan **-KP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili iddiaçıya 16000 manata sataraq iddiaçının adına etibarnamə yazdırmışdır. Cavabdeh qeyd olunan avtomobili 2019-cu ildə X1 15300 manata almış və Elnarə adlı şəxs onun adına etibarnamə yazdırmışdır. Avtomobil alınan zaman avtomobilin ban nömrəsinin pozulub-pozulmadığı cavabdeh tərəfindən yoxlanılmamışdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Elnarə adlı şəxs izahatında bildirmişdir ki, avtomobil BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsində baxışdan keçirilmiş və hər hansı qeyri-qanuni fakt aşkarlanmamışdır. İddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olumamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarının surətinə əsasən vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Xətai RPİ- nin 37-ci Polis Şöbəsində torlanmış materiallar əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, «2019-cu ilin aprel ayında ona etibarnamə ilə məxsus olan, **- KP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili internet saytların birində satmaq üçün elanda yerləşdirmişdir. Bununla əlaqədar ona bir nəfər şəxs zəng edərək adının Əliyar olduğu və avtomobilə baxmaq istədiyini bildirdi. Həmin şəxs avtomobilə baxdıqdan sonra Xətai rayonunda yerləşən 6 saylı notarial kontorda Əliyar adlı şəxsə 16.000 (on altı min) manata sataraq etibarnamə yazdırdım. Daha sonra 2020-ci ilin yanvar ayında Əliyar adlı şəxs ona yenidən zəng edərək ona satdığı avtomobilin ban nömrəsinin sənədlə uyğun gəlmədiyini və həmin avtomobilin ban nömrəsinin pozulduğunu bildirdi. Həmin avtomobilin ban nömrəsinin pozulmasından xəbəri yoxdur. Həmin avtomobili 2019-cu ilin aprel ayında Elnarə adlı şəxsdən 15300 (on beş min üç yüz) manata almışdır. Həmin avtomobili alarkən onun ban nömrəsində hər-hansı bir problemin olmasını yoxlamadığı üçün, hər hansı bir problemin olub-olmamasından xəbərsiz idi. Həmin avtomobili Elnarə adlı şəxsdən əldə edərkən onun adına etibarnamə yazdırmışdır. İddiaçı 16000 (on altı min) manat pulunu qaytarmaqdan imtina edir». Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı Cavadov X2 Elşad Qənbər oğlu ilə avtomaşın almaq məqsədilə tanış olmuşlar. İddiaçı tərəfindən Cavabdeh etibarnamə əsasında idarə etdiyi avtomobil üçün 16000 (on altı min) manat məbləğində pul verilmişdir. İddiaçının 16000 manat pulu cavabdehə verməsi Cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsində verdiyi ifadəsi, dindirilmiş şahidin izahatı ilə təsdiq olunur. Lakin “Hyundai Elantra” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsində uyğunsuzluq olduğu üçün hazırda həmin avtomobil Azərbaycan Respublikası BDYP-nin duracağında yerləşdirilmiş, iddiaçı qeyd edilən nəqliyyat vasitəsini özgəninkiləşdirə bilməmişdir. Hazırda iddiaçı onun tərəfindən qeyd edilən avtomobilə görə cavabdehə ödədiyi 16000 manat məbləğində pulu tələb edir. Cavabdeh 16000 manat məbləğində pulu iddiaçıdan aldığını etiraf etməklə iddiaçını iddia tələbini bu hissədə sübut etmək vəzifəsindən azad etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 16000 manat məbləğində borcu var və bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 3337/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2692/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2692/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver