Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2693/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə mülki iş üzrə (Açar sözlər: iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1180/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1180/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərmiş, qanunda müəyyən edilmiş təklif göndərildikdən sonra 10 gün müddəti gözləmədən, yəni xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə mediasiya təklifi barədə məlumat cavabdehə çatdırılmış, bu barədə məlumatı olmuş, lakin telefon danışığında mediasiya prosesində iştirak etməyəcəyini bildirmişdir. Buna dair məhkəmə təkrar olaraq qeyd edir ki, mediasiya təklifi barədə məktub göndərildikdən sonra qanunla müəyyən edilmiş 10 gün müddət gözlənilməli idi. Həmin müddətin daha qısa müddət ilə müəyyən edildiyi şərtlər qanunvericilikdə müəyyən edilməmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə və “Mediasiya haqqında” Qanunun 21.9.1 və 28.3-cü maddələrinə istinad və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mediasiya təklifi barədə məktub göndərildikdən sonra qanunla müəyyən edilmiş 10 gün müddət gözlənilməli olduğu halda gözləməmiş və qanunvericiliyin tələbini pozmuşdur. Məhkəmə mediasiya sessiyasında iştirakı təsdiq edən sənədin təqdim edilməməsinə görə deyil, mediasiya qanunverciliyinin tələblərinin pozulmasına görə iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmənin qərardadı tamamilə əsassız olmaqla prosessual qanunvericiliyin tələblərinə ziddir. “Mediasiya haqqında” Qanunun tələbindən göründüyü kimi, iddia ərizəsi o halda baxılmamış saxlanıla bilər ki, iddiaçı ilkin mediasiya sessiyanın nəticəsinə dair mediator tərəfindən tərtib edilmiş sənədi (arayış və ya protokol) məhkəməyə təqdim etməsin. Başqa sözlə, iddia ərizəsinin mümkünlüyünü yoxlayan məhkəmə mediasiya qanunvericiliyinin pozulub-pozulmamasını deyil, ancaq “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsində göstərilən sənədlərin iddia ərizəsinə əlavə edilib edilməməsini yoxlamalıdır. Hazırkı işdə iddiaçı mediasiya arayışını iddia ərizəsinə əlavə etsə də, məhkəmə prosessual qanunvercilikdə ərizənin baxılmamış saxlanılmasının əsası kimi müəyyən edilməyən “Mediasiya haqqında” Qanunun 28.3-cü maddəsinə istinad edərək iddia ərizəsini baxılmamış saxlamışdır ki, bu yolverilməzdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1180/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1180/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət, 2(005)-1180/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.
10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu; Maddə 21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; Maddə 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki işə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
12. Belə ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən ona istinad etmişdir ki, iddiaçı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərmiş, qanunda müəyyən edilmiş təklif göndərildikdən sonra 10 gün müddəti gözləmədən, yəni xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Bakı 2 saylı Mediasiya Təşkilatının “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklif cavabdehə 27 dekabr 2023-cü il tarixdə göndərilmişdir. Mediasiya təklifi barədə bildiriş 10 yanvar 2024-cü il tarixdə iddiaçı və cavabdeh tərəfindən qəbul edilmiş və 12 yavar 2024-cü il tarixdə ilkin mediasiya keçirilmiş və “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilmişdir. Mülki iş materialları icraata götürülmüş, iş üzrə 08 fevraı 2024-cü il tarixdə və 28 fevral 2024-cü il tarixdə hazırlıq iclasları keçirilmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1180/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “əmlak üzərində ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev