Məhkəmə qərarları › İş №2(103)-2698/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2698/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2698/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) cavabdeh "xxxx" MTK-ya qarşı “pul tələbinə” dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-342/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Şirinzadə Orxan (Shirinzadə Orkhan) cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MTK-dan iddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) xeyrinə 13 may 2022-ci il tarixli 109 nömrəli müqavilənin 2.1.1-ci bəndinə əsasən gecikdirilmiş 59 500 (əlli doqquz min beş yüz ) manat icarə haqqı tutulması, cavabdeh "xxxx"MTK-dan iddiaçı Şirinzadə Orxanın xeyrinə ödənişin gecikdirilməsinə görə 2 975 (iki min doqquz yüz yetmiş beş) manat faiz, cəmi "xxxx" MTK-ın üzərinə Şirinzadə Orxana 62 475 (altmış iki min dörd yüz yetmiş beş ) manat pul vəsaiti ödəmək öhdəliyinin qoyulması, cavabdeh "xxxx" MTK-dan iddiaçı Şirinzadə Orxanın xeyrinə ödədiyi 278 manat dövlət rusumunu və 200 (iki yüz) manat hüquqi yardım haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 may 2022-ci il tarixdə iddiaçı Şirinzadə Orxanla (Shirinzadə Orkhan) cavabdeh "xxxx" MTK arasında 109 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş Şirinzadə Orxana (Shirinzadə Orkhan) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54-də olan qeyri-yaşayış sahəsinin söküntüsünü aparmağı və əvəzində MTK ona təmirli, müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşaayış sahəsi verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1 bəndində nəzərdə tutulmuşdur ki. "xxxx" MTK mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışı köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin, sahibi olduğu qeyri-yaşayışı "xxxx" MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3500 (üç min beş yüz) AZN məbləğində icarə haqqı ödəyir. Mülkiyyətçi tərəfindən müqavilə bağlanan gün qeyri yaşayış sahəsi "xxxx" MTK-ya təhvil verilmişdir. Lakin MTK-ya dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə icarə haqqını ödəmək öhdəliyini yerinə yetirmir. Tərəflərindən xx.xx.2023-cü il tarixdə MTK-ya yazılı pretenziya göndərilmişdir, lakin həmin müraciətə cavab verilməmişdir. Müqavilənin 2.1.1-ci bəndinə görə aylıq icarə haqqı 3500 (üç min beş yüz) AZN təşkil edir. Müqvilənin 13 may 2022-ci ildə bağlandığını və qeyri-yaşayış sahəsinin MTK-ya həmin gün təhvil verildiyini nəzərə aldıqda icarə haqqının ödənilməsi 17 (on yeddi) ay icra edilməmiş və borc (17 x 3500=59 500) əlli doqquz min beş yüz manat təşkil edir. Borcun gecikdirilməsinə görə illik beş faiz hesablandıqda "xxxx" MTK Şirinzadə Orxana (Shirinzadə Orkhan) əlavə 2975 (iki min doqquz yüz yetmiş beş) manat ödəməlidir. Beləliklə, MTK tərəfindən Şirinzadə Orxana (Shirinzadə Orkhan) 62 475 (altmış iki min dörd yüz yetmiş beş ) manat ödənilməlidir. Bundan başqa "xxxx" MTK-dan Orxan Şirinzadənin xeyrinə 278 manat dövlət rusumu və 200 ( iki yüz) manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti tutulmalıdır.

3. Nizami Rayon Məhkəməsinin 2(007)-342/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Rauf Əhmədov) ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MTK-dan 59.500 (əlli doqquz min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Şirinzadə Orxana (Shirinzadə Orkhan) ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 278 (iki yüz yetmiş səkkiz) manat dövlət rüsumunun və 200 (iki yüz) manat hüquqi yardım haqqına görə ödənilmiş pul vəsaitinin cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.

5. Cavabdeh isə qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk növbədə böyük bir qanunsuzluq edərək, icraatı dayandırmamış və qətnamə qəbul etmişdir. Halbuki Bakı şəhər Nəsimi rayon icra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 165 saylı sərəncamı ilə Azadlıq prospekti, Ruhula Axundov, Mirəli Qaşqay və Plotnikov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında MTK-nın istifadəsinə verilmişdir. Buna əsasən, Şırınzadə Orkhan ilə MTK arasında xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı MTK qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü həyata keçirmək, cavabdehin istifadəsində olan faktiki sahəsi 155 kv.m, 2-ci mərtəbə (mansar)– 10 kv.m, zirzəmi – 45 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzində yeni inşa ediləcək binadan 230 m2 sahəli qeyri-yaşayış sahəsini və ölçüsü 40 m2 olan bir ədəd qarajı cavabdehə verməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 2.1.1ci bəndinə əsasən, iddiaçı 210 kv.m sahəyə görə 3500 manat aylıq kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. MTK-ya təqdim edilən **********07-05101-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında 110.80 m2 sahəli qeyri-yaşayış sahəsi Shirinzade Orkhanın mülkiyyətindədir. Shirinzade Orkhan qeyd edilən qeyri-yaşayış sahəsinin bütün sahəsinin ona məxsus olduğunu, 110.8 kv.m sahənin çıxarışda qeyd edildiyi, qalan sahənin isə qeydiyyata alınmadan özünün faktiki istifadəsində olduğunu "xxxx" MTK-ya bildirmişdir. Buna görə də onunla ümumilikdə 210 kv.m faktika sahənin əvəzləşdirilməsinə dair müqavilə imzalanmışdır. Lakin daha sonra məlum olmuşdur ki, X1 ünvan 1 ünvanında 22 saylı mənzilə dair reyestrdən çıxarışı mövcuddur. Belə ki, X2 tərəfindən mülkiyyətində olan mənzilin əvvəlki vəziyyətə qaytarılması və ya vurulmuş zərərə görə kompensasiya tələbinə dair mülki iş Nəsimi rayon məhkəməsində (İş № e- 2(006)-5191/2023) icraata qəbul edilmişdir. Həmin iş üzrə təqdim edilən sənədlərdən aydın olur ki, X1 ünvan 1 ünvanında 22 saylı mənzilə dair reyestrdən çıxarışı mövcuddur. Həmin mənzil isə hazırki mübahisə predmetini təşkil edən xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1-ci bəndində göstərilən, faktiki sahəsi 155 kv.m, 2-ci mərtəbə (mansar) – 10 kv.m, zirzəmi – 45 kv.m olan qeyri-yaşayış sahəsinin bir hissəsi ilə eynilik təşkil edir. Bundan sonra "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçı Shirinzade Orkhana qarşı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 109 saylı əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab olunması, həmin bəndlərin məzmununda dəyişiklik edilməsinə dair iddia qaldırılmış və həmin mülki iş Nəsimi rayon məhkəməsində (İş № e-2(006)-1218/2024) icraata qəbul edilmiş və baxılmaqdadır. Həmin iş üzrə iddia tələbi birbaşa hazırki iş üzrə tələb edilən kirayə haqqının məbləği ilə bağlıdır. Buna görə də Nəsimi rayon məhkəməsində verilən iddia öz təsdiqini taparsa, hazırki müqavilənin şərtlərinin, o cümlədən aylıq kirayə haqqının dəyişdirilməsi baş tutacaqdır. Yalnız bundan sonra hazırki mübahisəyə baxılması və buna uyğun qərarın verilməsi mümkün olacaqdır. Göründüyü kimi hazırki işə baxılması və düzgün qərar verilməsi bilavasitə Nəsimi rayon məhkəməsində baxılan işin nəticəsindən asılıdır. Buna baxmayaraq, bu iş üzrə icraat dayandırılmamış və qanunsuz qətnamə qəbul edilmişdir. Qeyd olunmalıdır ki, həm hazırki iş üzrə tələb və həm də "xxxx" MTK tərəfindən verilən iddia üzrə Nəsimi rayon məhkəməsində baxılan tələb təmin olunarsa, iki ziddiyyətli qətnamə mövcud olacaqdır. Çünki hazırki iş üzrə tələb 3500 manat aylıq kirayə haqqı əsasında verilmiş və təmin edilmişdir. Halbuki "xxxx" MTK tərəfindən verilən iddia üzrə Nəsimi rayon məhkəməsində baxılan tələb təmin olunarsa, aylıq icarə haqqı 1845 manat müəyyən olunacaqdır. Göründüyü kimi bu halın qarşısının alınması üçün hazırki icraatın dayandırılması və Nəsimi rayon məhkəməsində baxılan işin yekunlaşmasını gözləmək lazımdır. Bundan başqa məhkəmə yalnız müqavilədəki sözlərin hərfi mənasını əsas götürmüş, tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almamışdır. Eyni zamanda məhkəmə ekspert rəyinin qəbul edilməməsi səbəblərini qətnamədə əks etdirməmiş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, qəbul edilməyən sübutların səbəbləri izah edilməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək əlavə bildirdi ki, G.Bağırova "xxxx" MTK-ya qarşı mülkiyyətində olan mənzilin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir, həmçinin "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə, Şirinzadə Orxana qarşı “əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab edilməsi və digər məzmunda dəyişdirilməsi” tələbi ilə həmin məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, hazırki işin taleyi məhz qeyd olunan işdən asılıdır. Belə ki, həmin iş üzrə iddia tələblərinin təmin ediləcəyi halda icarə haqqı məbləği dəyişəcəkdir. İddia ilə məhkəməyə müraciət edilənə qədər tərəflərindən ödənişin edilməməsi isə maddi problemlərlə bağlı olmuşdur.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının (Shirinzadə Orkhan) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, "xxxx" MTK icarə haqqını ödəməkdən yayınmaq məqsədi ilə X4 ilə aralarında bağlanmış müqaviləni gizlətmiş və hüquqdan sui-istifadə edərək Orkan Shirinzadəyə qarşı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi:

9. 13 may 2022-ci il tarixli, 109 nömrəli əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, "xxxx" MTK ilə Orxan Şirinzadə arasında əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən “Mülkiyyətçi”-yə məxsus faktiki sahəsi 1-ci mərtəbə- 155 m2, 2-ci mərtəbə (mansard)- 10 m2, zirzəmi- 45 m2 olan obyektin əvəzinə divaraltı sahə ilə birlikdə faktiki sahənin ölçü parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə "xxxx" MTK-nm inşa etdiyi yiiksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi-005 səviyyəsində 1.3 oxları ilə 3.7 oxlarının kəsişməsində və oxlardan kənarlarda 230 m2 Azadlıq prospekti ilə Plotnikov küçələrinin kəsişməsində təmirli yeni inşa ediləcək binanın Azadlıq Prospekti küçəsinə baxmaq şərti ilə 230 m2 qeyri-yaşayış sahəsini və ölçüsü 40 m2 olmaqla bir qarajı “Mülkiyətçi”-yə verməyi öhdəsinə götürür. 1.2ci bəndinə əsasən, obyekt təhvil verildikdən sonra Çıxarış ilə Müqavilə arasında fərq yaranarsa tikinti şirkəti hər 1 m2 sahəyə görə mülkiyyətçiyə 15000 (on beş min) AZN ödəməyi öz öhtəsinə götürür. 2.1.1-ci bəndinə əsasən, mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışı köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin, sahibi olduğu qeyri-yaşayışı Cavabdeh MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3500 ( üç min beş yüz ) AZN məbləği ödəyir. 2.4.-cü bəndinə əsasən, "xxxx" MTK tərəfindən yeni inşa edilmiş binada “Mülkiyyətçi”-yə məxsus olan Azadlıq Prospekti 54 ünvanında 230 m2-dən ibarət təmirli qeyri-yaşayışı və ölçüsü 40 m2 olmaqla bir ədəd qarajı tələb etmək, yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışdan köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin olunmasını, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3500 ( üç min beş yüz ) AZN məbləğində kirayə pulu tələb etmək mülkiyyətçinin hüquqlarıdır.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin çıxarışından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN: **********) ünvan 3 ünvanında qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 65.1 kv.m olan 3 otaqlı mənzil X2 (1 otaq) və X3 (2 otaq) paylı mülkiyyətindədir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 04/3220 inventar nömrəli, xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, müqavilə predmeti olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 54 ünvanında yerləşən 17 saylı ərzaq mağazasıdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 111.80 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmaqla, Şirinzadə Orxanın xüsusi mülkiyyətindədir.

14. 05 sentyabr 2023-cü il tarixli pretenziya məktubundan və məktub və bağlamaların çatdırılması üzrə qəbzin surətindən görünür ki, iddiaçı Orxan Şirinzadənin vəkili və nümayəndəsi Nümayəndə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı cavabdeh "xxxx" MTK-ya müraciət etmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2(006) 5191/2023 saylı qərardadın surətindən görünür ki, X1 cavabdeh "xxxx" MTK-ya qarşı “mülkiyyətdə olan mənzilin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2(006) 1218/2024 saylı qərardadın surətindən görünür ki, iddiaçı "xxxx" MTK-nın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə, cavabdeh Şirinzadə Orxana qarşı “əvəzləşdirmə müqaviləsnin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab edilməsi və sair” tələbinə dair ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

22. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

36. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən – iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, "xxxx" MTK tərəfindən verilən iddia üzrə Nəsimi Rayon Məhkəməsində baxılan tələb təmin olunarsa, aylıq icarə haqqı 1845 manat müəyyən olunacaqdır. Göründüyü kimi bu halın qarşısının alınması üçün hazırki icraatın dayandırılması və Nəsimi Rayon Məhkəməsində baxılan işin yekunlaşmasını gözləmək lazımdır.

39. Məhkəmə kollegiyası cavabdehin dəlliləri ilə razılaşmır və hesab edir ki, hazırkı iş üzrə icraatın dayandırılması üçün hər hansı əsas müəyyən edilməmişdir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibatı qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır.

41. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər.

42. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hisəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər üzrə icraat dayandırılır.

44. İşin faktiki hallarından göründüyü kimi hazırkı mübahisənin predmetini tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi təşkil edir, cavabdehin istinad etdiyi mülki iş üzrə isə mübahisə predmeti tərəflər arasında bağlanmış müqavilənin bəndlərinin etibarsızlığıdır.

45. Göründüyü kimi cavabdehin istinad etdiyi mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının hazırkı işin həlli baxımından hər hansı preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi işin faktiki halları ilə müəyyən edilməmişdir.

46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellasiya şikayətinin həmin dəlilləri əsassız olmuşdur.

47. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin yalnız müqavilədəki sözlərin hərfi mənasını əsas götürməsi və tərəflərin iradə ifadəsinin həqiqi mənasının nəzərə alınmamasını bildirsə də, cavabdeh tərəf müqavilədəki iradə ifadəsinin əslində nədən ibarət olması barədə hər hansı sübut təqdim etməmiş, həmçinin işin faktiki halları ilə belə bir hal müəyyən edilməmişdir.

48. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilən hissəsinə münasibətdə isə bildirir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarı ilə Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş, bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 05 sentyabr 2016-cı il tarixli müqavilə bağlanmış və "xxxx" MTKya Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirmək həvalə olunmuşdur. "xxxx" MTK söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 54 ünvanında yerləşən Şirinzadə Orxanın xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsi güzəştli şərtlərlə "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi-005 səviyyəsində 1.3 oxları ilə 3.7 oxlarının kəsişməsində və oxlardan kənarlarda 230 kv.m Azadlıq prospekti ilə Plotnikov küçələrinin kəsişməsində təmirli yeni inşa ediləcək binanın Azadlıq Prospekti küçəsinə baxmaq şərti ilə 230 m2 qeyri-yaşayış sahəsini və ölçüsü 40 kv.m olmaqla bir qarajı Şirinzadə Orxana verməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3500 manat məbləğində kirayə pulu verməyi öhdəsinə götürmüşdür.

49. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya ödəməli olduğu icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

50. Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi iddia ilə məhkəməyə müraciət edilənə qədər tərəflərindən ödənişin edilməməsini maddi problemlərlə əlaqələndirsə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir.

51. Beləliklə, işin müəyyən edilən hallarına əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin cavabdeh icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır.

Nəticə:

53. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-342/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar