Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-270/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X5 (üçüncü şəxslər: X7 və X6) qarşı iş üzrə (Açar sözlər: payın müəyyən edilməsi, həmin payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X8 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, ondan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi miras qalmışdır. Miras qoyanın övladları X7 və Cavabdeh3 xx.xx.2015-ci ildə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etmişlər. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrdə 2V-145 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2009-cu il tarixdə vəfat etmiş X3 vərəsələri X7 və Cavabdeh3 hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Daha sonra Vüqar Şükürov xx.xx.2021-ci il tarixdə ərizə ilə payından imtina etmiş və həmin bağ sahəsinə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Miras qoyanın digər övladı X9 nə mirasın qəbulu, nə də mirasdan imtina ilə bağlı notariat kontoruna müraciət etməmiş, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və X5 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X6 cəlb edilməklə) qarşı mərhum babası X2 miras qalmış və Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsindən X4 payının müəyyən edilməsinə, həmin payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunmasına, eləcə də qeyd edilən miras əmlaka dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmiləri Mehti və Vüqar Şükürovlar xx.xx.2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə cavabdeh 5 saylı notariat ofisinə müraciət edərkən özlərindən başqa vərəsələrin olmasını gizlətmiş və vərəsəlik işini açmış notariat ofisi də vərəsələrin dairəsinin müəyyən edilməsi üçün hər hansı bir hərəkət etməmişdir. O, mərhum Nifti Şükürovun qanun üzrə birinci növbəli vərəsəsidir və atasından qalan mirası qəbul etmək üçün Rusiya Federasiyasının Saratov vilayətində Saratov şəhəri notariat orqanında vərəsəlik işi açdırmış, hal-hazırda Azərbaycanda da vərəsəliyi qəbul etmək istəyir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1102/23 saylı iş üzrə 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilməmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı miras qoyanın digər vərəsələri ilə aralarında razılaşmanın olmasını, bu səbəbdən atasının vaxtında mirası qəbul etmək üçün müraciət etmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı X9 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəblərdən buraxılmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmənin səbəbini üzrlü sayarsa, məhkəmənin buraxılmış müddəti bərpa deyil, uzatmaq səlahiyyəti olduğundan, mirası qəbul edən vərəsələrin razılığı olmadığından, X9 tərəfindən miras qəbul edilmədiyi halda iddiaçının babasından miras qalan əmlakda atasının payının müəyyən edilməsini tələb etmək, miras qoyanın birinci növbəli vərəsələrinin mirası qəbul etmələri ilə bağlı sənədləri mübahisələndirmək hüququ olmadığından iddia tələbləri təmin edilə bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1147, 1243, 1246, 1248, 1252, 1253, 1255, 1256, 1262, 1263, 1269, 1272, 1273, 1273-1, 1321-1323-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək şikayətin rədd olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehlərdən Cavabdeh3 nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi haqqında işə baxan məhkəməyə bildirməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
14. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
15. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
16. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
17. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
18. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
19. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
20. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
21. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
22. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
23. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
24. Maddə 1253.1.Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.
25. Maddə 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.
26. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
27. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
28. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
29. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
30. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
31. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
32. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
33. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
34. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
35. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
36. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
37. Maddə 1323. Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı bütünlüklə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
41. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
42. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxıldığına istinad etmişdir.
43. İşdən görünür ki, iddiaçının babası İltifat Şükürov xx.xx.2009-cu il tarixdə vəfat etmiş, vərəsəlik işi xx.xx.2015-ci ildə açılmış, xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan 13 gün sonra - xx.xx.2021-ci il tarixdə iddiaçının atası Nifti Şükürov vəfat etmişdir. Sonuncunun vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməyə imkanı olmamış, X10 Şükürov xx.xx.2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
44. İşdən həmçinin aydın olur ki, mərhum Nifti Şükürovun sonuncu yaşayış yeri Rysiya Federasiyası olmuş, ona münasibətdə vərəsəlik işi Rysiya Federasiyasının notariat ofisində açılmış və İddiaçı da mirasın qəbulu haqqında ərizə ilə həmin notariat ofisinə müraciət etmiş və atasından qalmış digər əmlaklara dair vərəsəlik şəhadətnaməsi almışdır.
45. Kollegiya qeyd edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş iki aylıq kəsici müddəti ötürməmişdir. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbulu və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir...
47. İddiaçının hazırkı iş üzrə tələbi mərhum babası X2 miras qalmış və Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsindən X4 payının müəyyən edilməsi, həmin payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunması, eləcə də qeyd edilən miras əmlaka dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədədir.
48. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən X9 tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəblərdən buraxılmasına dair hər hansı mötəbər sübutun məhkəməyə təqdim edilməməsinə, atası X9 tərəfindən miras qəbul edilmədiyi halda iddiaçının babasından miras qalan əmlakda atasının payının müəyyən edilməsini tələb etmək, miras qoyanın birinci növbəli vərəsələrinin mirası qəbul etmələri ilə bağlı sənədləri mübahisələndirmək hüququnun olmadığına istinad etmişdir. Məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin 1133, 1134.1, 1151.1, 1243.1, 1246, 1248.1-ci və s. maddələrini rəhbər tutmuşdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəli hüquq münasibətinə düzgün tətbiq etməmiş və bununla da qətnamə ilə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamışdır.
50. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı iş üzrə mübahisə həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe rəhbər tutulmalıdır. Həmin mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
51. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.
52. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu qənatə gəlmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
53. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
54. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
55. İş materiallarından müəyyən olunur ki, X8 xx.xx.2009-cu il tarixdə, onun oğlu Nifti Şükürov isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Nifti Şükürov qanunla müəyyən edilmiş müddət ərzində atası İltifat Şükürova münasibətdə mirasdan imtina etməmiş, miras əmlaka dair vərəsəlik işi açılanda ona məlumat verilməmişdir. Cavabdeh3 və Vüqar Şükürov ataları İltifat Şükürovdan miras qalmış əmlaka (0,25 ha torpaq sahəsi) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Bakı şəhəri 5 saylı notariat kontoruna müraciət etmiş, özlərindən başqa digər vərəsənin olması barədə məlumat verməmişlər. Cavabdeh3 xx.xx.2015-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, vəfat etmiş atası X2 bağ sahəsinin miras qalmasını bildirmiş, lakin özündən başqa digər vərəsələrin də mövcudluğu barədə həmin ərizədə heç bir məlumat göstərməmişdir. Digər vərəsə Vüqar Şükürov isə notariusa müraciətində özündən başqa yalnız bir vərəsənin – Cavabdeh3 mövcudluğunu qeyd etmişdir.
56. Məhkəmə kollegiyasının qənaətinə görə Nifti Şükürovun miras əmlak barədə susması onun mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Nifti Şükürov atası İltifat Şükürovun miras əmlakına münasibətdə mirası qəbul etmiş sayılır.
57. İddiaçı isə atası Nifti Şükürova münasibətdə mirası qəbul etmiş vərəsədir. Belə ki, İddiaçı da qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Eləcə də, iddiaçı miras əmlak barədə susmamışdır. O, atasına münasibətdə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə Rusiya Federasiyasında mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmişdir. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı izahatında bildirdi ki, Nifti Şükürovun ölümündən sonra qalmış miras əmlakın bir hissəsi üçün onun vərəsələrinə, o cümlədən iddiaçıya Rusiya Federasiyasının notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilmişdir.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən həmin hallar üzrə düzgün nəticəyə gəlməmişdir. Yəni, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Ona görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçı tərəfindən mübahisələndirilən vərəsəlik şəhadətnaməsi verilərkən Mülki Məcəllənin yuxarıda sadalanan normalarının tələbləri pozulmuş, həmin normalar mübahisəli hüquq münasibətinə düzgün tətbiq olunmamışdır.
60. İşdən göründüyü kimi, miras qoyan İltifat Şükürovun qanun üzrə 4 (dörd) vərəsəsi olmuşdur. Bu vərəsələrdən heç biri mirasdan qanunla müəyyən olunmuş qaydada imtina etməmişdir. Ona görə də Nifti Şükürovun qanun üzrə vərəsə kimi mirasdan alacağı pay digər vərəsələrlə bərabər şəkildə, yəni ¼ hissədə müəyyən edilməli və həmin paya vərəsəlik şəhadətnaməsi verilməsi notariusa həvalə olunmalıdır.
61. İddia tələblərindən biri də payın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin bərpa olunması barədədir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi əsas götürərək mərhum Nifti Şükürovun atası İltifat Şükürova münasibətdə, İddiaçı isə Nifti Şükürova münasibətdə mirası qəbul etdiyi qənaətinə gəldiyindən mirasın qəbulu müddətinin bərpa olunması tələbinə ayrıca qiymət verməyə zərurət görmür. Həm də İddiaçı artıq atasından qalmış əmlakın bir hissəsinə vərəsəlik şəhadətnaməsi aldığından o, istər Azərbaycan, İstərsə də Rusiya mülki qanunvericiliyinin tələbinə müvafiq olaraq mirası bütünlüklə qəbul etmiş sayılır.
62. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunması tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu tələbə çıxarışın ləğv olunması deyil, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğvi kimi yanaşılmalı və qiymət verilməlidir. Belə ki, çıxarışın ləğvi özü-özlüyündə məsələni tam həll etmir, vərəsəlik şəhadətnaməsinin verilməsinin hüquqi nəticəsi daşınmaz əmlakın dövlət reyestrində həmin şəhadətnamə əsasında aparılan qeydiyyat yazısıdır və bu yazı ləğv olunmadan ona əsasən verilmiş çıxarışın ləğvinin heç bir əhəmiyyəti yoxdur.
63. MPM nəzərdə tutur ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1, 385.1.4).
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsinə dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-145 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv olunsun. X2 miras qalmış Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 0,25 ha torpaq sahəsinə malik 208 saylı bağ sahəsində X4 qanun üzrə vərəsə kimi ¼ hissədə miras payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.