Məhkəmə qərarları › İş №2(103)-2700/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2700/2023

12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2700/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-528/2023 saylı 10 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-320/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması və s. hökm edilmişdir. Həmin hökm ilə Cavabdeh aldatma yolu ilə İddiaçı 18.000 manat məbləğinə pul vəsaitini ələ keçirdiyi, bununla da xeyli miqdarda zərər vurmaqla dələduzluq cinayəti törətdiyi müəyyən edilmişdir.

2. Təqsirləndirilən şəxs Cavabdeh məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, İddiaçı müxtəlif vaxtlarda 18.100 manat pul aldığını və həmin məbləğdən 2.000 manat pulu zərərçəkmişə qaytardığını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dələduzluq yolu ilə ələ keçirilmiş 16.100 manat dəyərində pul məbləğinin və 3.000 manat dəyərində mənəvi zərərin və dövlət rüsumu olaraq 150 manatın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, təqsirləndirilən Cavabdeh Ərǝstun oğlu Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 1(007)-320/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, hökmlə tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə real imkanlara və səlahiyyətlərə malik olmadığı halda İddiaçı guya əlaqələrindən istifadə etməklə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən övladı X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etdirib sonuncuya yüngül cəza verilməsinə və həbsdən azad edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla ilk dəfə 03 may 2021-ci il tarixdə mobil telefonla fotoşəklini göndərdiyi özünə məxsus 410100C**********1115 nomrəli hesaba İddiaçı tərəfindən "xxxx" ASC-nin Şəki rayon Filialından köçürülmüş 10.100 manat, 09 iyun 2021-ci il tarixdə eyni ünvandan həmin hesaba göndərilmiş 3000 manat, 09 iyul 2021-ci il tarixdə mobil telfonla fotoşəklini göndərdiyi özünə məxsus "xxxx" ASC-yə aid 4169 7413 9666 3963 saylı bank kartına İddiaçı qohumu X1 vasitəsilə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin filialından köçürülmüş 2000 manat ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, ona qarşı dəlǝsuzluq cinayəti işlədən şəxs Cavabdeh maddi və mənəvi ziyan vurmuşdur. Ona dəymiş ziyanı tələb etsə də, istintaq dövrü 2000 manat pul qaytarmış, qalıq məbləği isə qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır. Bu səbəbdən 16.100 manat məbləğində pulu dələduzluq və aldatma yolu ilə maddi ziyan vurmuş Cavabdeh mülki məhkəmə icraatı qaydasında tələb etmək məcburiyyətindədir. Bundan başqa cavabdeh ona 3.000 manat məbləğində mənəvi zərər vurmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-528/2023 saylı 10 yanvar 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 16.100 (on altı min yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin preyudisial əhəmiyyət daşıyan hökmündən müəyyən edilir ki, cavabdehlərin sübuta yetirilən təqsirli hərəkətləri nəticəsində iddiaçıya 18.100 manat məbləğində zərər vurulmuşdur. İddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir və nəticəsində cinayət nəticəsində vurulmuş zərərin əvəzi ona ödənilməmişdir. Vurulmuş zərərin bir hissəsi, yəni 2000 manat məbləğində pul vəsaiti cinayət işinin ibtidai istintaq dövründə cavabdeh (təqsirləndirilən) tərəfindən iddiaçıya (zərərçəkmişə) geri qaytarılmışdır. Nəticədə məhkəmə İddiaçı ona vurulmuş 16.100 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbini əsaslı hesab etmişdir.

7. İddianın mənəvi zərərin tutulması hissəsini isə məhkəmə əsassız hesab etmiş, iddiaçının baş vermiş hadisə nəticəsindən hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübutu təqdim etmədiyini qeyd etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-528/2023 saylı 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını, onun və iddiaçının məhkəmə iclasında iştirakının təmin olunmaqla işə yenidən baxılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə onun iştirakı olmadan baxılmışdır. Qətnamə ilə ödənilməsi nəzərdə tutulan məbləği cəzaçəkmə müəssisəsində olduğundan hazırda ödəyə bilmir. Yalnız azadlığa çıxdıqdan sonra hissə-hissə ödəyə bilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

18. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. (82.4cü maddə).

19. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.1 və 217.3- cü maddələri).

20. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (233.3-cü maddəsi).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materiallarından göründüyü kimi birinci instnasiya məhkəməsi düzgün olaraq hazırki mülki iş üzrə zərərin baş verməsinin, bunun cavabdehin qanunsuz hərəkətinin (hərəkətsizliyini) nəticəsi olmasının, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin, habelə cavabdehin təqsirinin qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyini, bu faktların mülki iş üçün preyudisial əhəmiyyətə malik olduğunu və bunların başqa məhkəmə prosesində mübahisələndirilməsinin və yenidən sübut edilməsinin yolverilməz olduğunu qeyd etmişdir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməlidir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

26. Belə ki, iddiaçının Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-528/2023 saylı 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ödənilməsi müəyyən edilmiş pul vəsaitinin azadlığa cıxdıqdan sonra hissə-hissə ödəyə biləcəyinə dair dəlil ilə əlaqədar cavabdehə izah edilir ki, o, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrasına möhlət verməsinə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizə ilə işə baxmış hakimə (məhkəməyə) müraciət etmək hüququna malikdir.

27. Kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli protokolundan göründüyü kimi tərəfin məhkəmə iclasında iştirakı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təmin edilmişdir.

28. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

29. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-528/2023 saylı 10 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar