Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2702/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi olaraq pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli qətnamədən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh Sığorta Şirkəti arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortası haqqında” müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsinin baş verməsi ilə əlaqədar Sığorta Şirkətindən sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Sığorta Şirkəti arasında xx.xx.2023-ci il tarixdə “Nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortası haqqında” müqavilə bağlanmış və iddiaçı özünə məxsus **-GM-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili 1 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək sığortalamışdır. “Sığorta şəhadətnaməsində” sığorta məbləği 13.000 manat müəyyən edilmişdir. Müqavilənin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermişdir. Belə ki, iddiaçı, özünə məxsus və Sığorta Şirkəti tərəfindən sığortalanmış avtomobil ilə Lahıc-Dəmirçi yolunda hərəkətdə olarkən, avtomobil iddiaçının idarəsi altından çıxmış və yolun kənarındakı beton maneəyə çırpılmışdır. Nəticədə avtomobil alışmışdır. Yoldan keçən şəxslərdən kimsə Yanğından Mühafizə Xidmətinə, iddiaçı özü isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermişlər. Bundan sonra yanğınsöndürənlər qısa müddət ərzində hadisə yerinə gələrək, yanğını söndürməyə başlasalar da avtomobil tam yanmışdır. Bununla əlaqədar olaraq yanğınsöndürənlər tərəfindən həmin tarixdə “Yanğın haqqında ilkin akt”, xx.xx.2023-cü il tarixdə “Hadisə yerinə baxış protokolu”, xx.xx.2023-cü il tarixdə isə “Yanğın haqqında akt” tərtib etmişlər. İsmayıllı Rayon Polis X2 xx.xx.2023-cü il tarixli qərarına əsasən 1MK-1/1615 nömrəli məlumat araşdırılması üçün xx.xx.2023-cü il tarixdə X5 İdarəsinə göndərilsə də, sonradan toplanmış material araşdırılması üçün İsmayıllı RPŞ-nə qaytarılmışdır. İsmayıllı RPŞ-nin Təhqiqat Bölməsi tərəfindən həmin material əsasında aparılmış təhqiqatın nəticəsi ilə xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Aparılmış təhqiqatın nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının hərəkətində hər hansı cinayət əməlinin tərkibi olmasa da, “Yol hərəkəti qaydalarının” tələblərinə uyğunsuzluq olmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tədbir görülməsi üçün material İsmayıllı RPŞ-nin X6 göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İsmayıllı RPŞ tərəfindən material üzrə arayış tərtib olunmuş və aidiyyəti üzrə cavabdeh Sığorta Şirkətinə göndərilmişdir. Bundan sonra Sığorta Şirkətinin əməkdaşları tərəfindən uzun müddət ərzində araşdırmalar aparılmış, iddiaçı ilə görüşlər keçirilmiş, müvafiq danışıqlar aparılmışdır. Sığorta Şirkətinin əməkdaşları iddiaçıya kömək etmək istiqamətində müxtəlif vədlər verilsə də, sonda sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi qeyd edilmişdir ki, qeyd edilən hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. İddiaçı hesab edir ki, Sığorta Şirkətinin imtinası qanunsuz və əsassızdır. Buna görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Cavabdeh Sığorta Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Sığorta Şirkəti ilə iddiaçı arasında bağlanmış “Sığorta müqaviləsinin” predmeti olan və iddiaçıya məxsus avtomobil İsmayıllı (Lahıc)-Dəmirçi yolunda qəzaya uğramış və bu barədə Şirkətə məlumat verilmişdir. Hadisənin araşdırılması zamanı sığorta hadisəsinin təsdiqi üçün Mülki Məcəllənin 924.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şirkət tərəfindən İsmayıllı RPŞnə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq İsmayıllı RPŞ tərəfindən verilmiş 2- 4732/24 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilən sənədlərdən – “Yanğın haqqında” xx.xx.2023-cü il tarixli aktdan və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin yanmasının səbəbi həmin sənədlərdə göstərilməmiş, yəni yanğının baş vermə səbəbi müəyyən olunmamışdır. “Yanğın haqqında” aktda göstərilmişdir ki, “avtomobil sahibinin səmimi etirafından, verdiyi ərizə və izahata əsasən qəza nəticəsində qısa qapanmadan baş verməsi güman edilir”. Yanğının baş vermə səbəbinin müəyyən edilməsi üçün ekspertiza keçirilmədiyinə görə hadisənin sığorta hadisəsi kimi tanınması mümkün deyil. Belə ki, Mülki Məcəllənin 924.1-ci maddəsinə görə, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Qeyd olunanlar iddiaçının nəzərinə çatdırılmış və ona izah olunmuşdur ki, avtomobilin yanmasının sığorta hadisəsi kimi tanınması üçün hadisənin baş vermə səbəbini təsdiq edən, səlahiyyətli orqan tərəfindən tərtib olunan rəyin Sığorta Şirkətinə təqdim olunması zəruridir. Lakin bu kimi sübutlar Şirkətə təqdim edilməmişdir. Buna görə də, Şirkət, iddiaçının müraciətini təmin etməmiş, iddiaçıya sığorta ödənişini verməmişdir. Göstərilənlərə əsasən iddia əsassız hesab edilməli və təmin edilməməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, 10.923 manat məbləğində sığorta ödənişinin cavabdeh Sığorta Şirkətindən tutularaq iddiaçıya ödənilməsini, iş üzrə keçirilmiş qiymətləndirmənin xərcinin ödənilməsi məqsədi ilə 300 manat məbləğində pulun cavabdeh Sığorta Şirkətindən tutularaq “X3” MMC-yə ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Nəqliyyat vasitəsinin könüllü sığortası haqqında” müqavilə bağlanmaqla sığorta münasibətləri yaranmış, həmin münasibətlər “Sığorta şəhadətnaməsi” ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin “Şəhadətnamədə” və “Şəhadətnaməyə əlavədə” əks olunmuşdur. Müqavilə qüvvədə olduğu müddət ərzində iddiaçıya məxsus avtomobil qəzaya uğrayaraq yanmış, istismara tam yararsız vəziyyətə düşmüşdür. Həmin hadisə sığorta hadisəsi kimi qiymətləndirilməlidir. Lakin cavabdeh Şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Buna görə də, cavabdeh Sığorta Şirkəti, onunla iddiaçı arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, iddiaçıya sığorta ödənişinin verməlidir. “Sığorta şəhadətnaməsində” sığorta məbləği 13.000 manat göstərilsə də, “X3” MMC-nin iş üzrə verdiyi xx.xx.2025-ci il tarixli rəydə qeyd edilmişdir ki, iddiaçıya məxsus olan və hadisə zamanı məhv olmuş avtomobilin hadisənin baş verdiyi tarixə dəyəri 10.923 manat olmuşdur. Göstərilənlər nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, rəydə göstərilən həmin məbləğ cavabdeh Şirkətdən tutularaq iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayəti və ona etiraz barədə məlumat
6. Cavabdeh Sığorta Şirkəti həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işi hərtərəfli və tam araşdıraraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsinin Rayon Məhkəməsinə verdiyi izahatın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd olunmişdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi iddiaçıya məxsus avtomobilin uğradığı yol-nəqliyyat hadisəsi zamanı yanmasını sığorta hadisəsi kimi qiymətləndirsə də, işdə olan materiallardan sığorta hadisəsinin baş verməsi faktı təsdiq edilmir. Yanğının səbəbi iddiaçının güman etdiyi səbəblərə əsaslanmışdır. Halbuki, yanğının baş vermə səbəbinin müəyyən olunması xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxs tərəfindən müəyyən edilməli idi. Bundan başqa Rayon Məhkəməsi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 33.2.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin Qaydalarının 33.2.2-ci maddəsinə əsasən, avtomobilin tam məhv olması, yaxud oğurlanması və ya qaçırılması halında Sığorta məbləğindən çox olmamaq şərti ilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi həyata keçirilir. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq, həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək, sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsini həyata keçirmək. Lakin işə baxmış Rayon Məhkəməsi nəqliyyat vasitəsinin qalıqlarını müəyyən edilmədən, nəqliyyat vasitəsinin bazar dəyərini yəni 10.923 manatın Şirkətdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi, Sığorta Şirkəti həm nəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından məhrum olmuş, həm də tam olaraq nəqliyyat vasitəsininin bazar dəyərində məbləğin iddiaçıya ödəmək vəzifəsi ilə üz-üzə qalmışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
8. Cavabdeh Sığorta Şirkətinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) verdiyi izahatda bildirmişdir ki, əgər cavabdeh tərəfindən maddi zərərin əvəzi olaraq 8.000 manat və hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 500 manat, cəmi isə 8.500 manat məbləğində pul ödənilərsə, onda iddiadan imtina oluna bilər. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamış Şirkətdən iddiaçının xeyrinə 10.923 manatın tutulmasını qət etmişdir. Bundan başqa, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) verdiyi izahatda bildirmişdir ki, iddiaçı, avtomobili metal lomu kimi təhvil vermişdir. Lakin Rayon Məhkəməsi bunu da nəzərə almamışdır.
9. İddiaçı, apellyasiya baxışı iclaslarının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilsə də, iclaslarda iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh Sığorta Şirkəti arasında xx.xx.2023-ci il tarixdə “Nəqliyyat vasitəsinin könüllü sığortası haqqında” müqavilə bağlanmış və iddiaçı özünə məxsus avtomobili 1 il müddətinə, yəni xx.xx.2024cü il tarixədək sığortalamışdır. “Sığorta şəhadətnaməsində” sığorta məbləği 13.000 manat müəyyən edilmişdir. Müqavilənin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı özünə məxsus həmin avtomobil ilə Lahıc-Dəmirçi yolunda hərəkətdə olarkən, avtomobil iddiaçının idarəsi altından çıxmış və yolun kənarındakı beton maneəyə çırpılmışdır. Avtomobil alışmışdır. Hadisə barədə Yanğından Mühafizə Xidmətinə və Daxili İşlər Nazirliyin zəng edilərək, məlumat verilmişdir. Yanğınsöndürənlər hadisə yerinə gələrək, yanğını söndürməyə başlasalar da avtomobil tam yanmışdır. Bununla əlaqədar olaraq yanğınsöndürənlər tərəfindən həmin tarixdə “Yanğın haqqında ilkin akt”, xx.xx.2023-cü il tarixdə “Hadisə yerinə baxış protokolu”, xx.xx.2023-cü il tarixdə isə “Yanğın haqqında akt” tərtib etmişlər. İsmayıllı Rayon Polis X2 xx.xx.2023-cü il tarixli qərarına əsasən 1MK-1/1615 nömrəli məlumat araşdırılması üçün xx.xx.2023-cü il tarixdə X5 İdarəsinə göndərilsə də, sonradan toplanmış material araşdırılması üçün İsmayıllı RPŞ-nə qaytarılmışdır. İsmayıllı RPŞ-nin Təhqiqat Bölməsi tərəfindən həmin material əsasında aparılmış təhqiqatın nəticəsi ilə xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Aparılmış təhqiqatın nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının hərəkətində hər hansı cinayət əməlinin tərkibi olmasa da, “Yol hərəkəti qaydalarının” tələblərinə uyğunsuzluq olmuş və iddiaçının barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tədbir görülməsi üçün material İsmayıllı RPŞ-nin X6 göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İsmayıllı RPŞ tərəfindən material üzrə arayış tərtib olunmuş və aidiyyəti üzrə cavabdeh Sığorta Şirkətinə göndərilmişdir. İddiaçı, sığorta ödənişinin ona verilməsi ilə bağlı Sığorta Şirkətinə müraciət etmiş, Şirkətin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış, lakin qeyd edilən hadisənin sığorta hadisəsi olmaması əsası ilə sığorta ödənişinin verilməsindən imtina olunmuş və bu barədə Şirkət tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, Q-AP-2024 0459 nömrəli məktubla ətraflı məlumat verilmişdir.
12. Yuxarıda qeyd edilənlər iş üzrə tərəflər arasında mübahisə doğurmur və işin mübahisəsiz halını təşkil edir.
13. İşin mübahisəli halı isə ondan ibarətdir ki, yuxarıda qeyd edilən hadisə sığorta hadisəsidir ya yox və Sığorta Şirkətinin imtinası əsaslı olmuşdur ya yox.
14. İddiaçı hesab edir ki, yuxarıda qeyd edilən hadisə sığorta hadisəsidir və buna görə də, Şirkətin imtinası əsassız olmuşdur. Cavabdeh Şirkətin mövqeyi isə ondan ibarətdir ki, qeyd edilən hadisə sığorta hadisəsi deyil və buna görə də, imtina əsaslı olmuşdur.
15. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1.). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2.). Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır (maddə 922.3.). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1.).
16. Mülki Məcəllənin “Sığorta ödənişinin verilməsindən imtinanın əsasları” adlı 935.1-ci maddəsinin tələbinin mənasına görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən bir neçə hallarda, o cümlədən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında imtina edir (maddə 935.1.1.).
17. Cavabdeh Şirkət qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi iddiaçıya məxsus avtomobilin uğradığı yol-nəqliyyat hadisəsi zamanı yanmasını sığorta hadisəsi kimi qiymətləndirsə də, işdə olan materiallardan sığorta hadisəsinin baş verməsi faktı təsdiq edilmir.
18. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızıdır. Çünki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış protokolundan” görünür ki, xx.xx.2013-cü il tarixdə, təxminən 17:25 radələrində İsmayıllı rayon Lahıc-Dəmirçi yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Chevrolet Cruze” markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı avtomobilində yanğın baş vermişdir. Hadisə yerinin müayinəsi zamanı aşkar olunmuşdur ki, həmin avtomobil hərəkətdə olarkən yolun şərq hissəsində beton maneəyə çırpılmış vəziyyətdə tamamilə yanmış vəziyyətdə qalmışdır. Müayinə zamanı avtomobilin sol ön hissəsində əzinti izləri aşkar olundu. Yanğının ilk baş vermə yeri, onun yayılma istiqamətlərini müəyyən etmək məqsədilə hadisə yerinə baxış keçirən zaman aşkar olundu ki, yanğın avtomobilinin mühərrik hissəsində başlamış, alov minik avtomobilinin kabinasına keçmiş və avtomobil yanaraq tamamilə məhv olmuşdur.
19. İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən həmin hadisə ilə bağlı aparılmış araşdırmanın nəticəsi ilə bağlı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin yanması ehtiyatsızlıqdan törədilmiş inzibatı xətanın nəticəsində baş vermişdir.
20. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilin məhv olmasına səbəb olmuş yanğının ehtiyatsızlıqdan törədilmiş inzibatı xətanın nəticəsində baş verməsi iş materialları ilə təsdiq edilir. Cavabdeh Şirkət həmin hadisənin iddiaçının qəsdən və ya ehtiyatsızlıqla bağlı hərəkət və ya hərəkətsizlik etməsi səbəbindən baş verməsinə əsaslanmamışdır.
21. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh Şirkətin sığorta ödənişinin iddiaçıya ödəməkdən imtinası əsassız hesab etməkdə haqlı olmuşdur.
22. Apellyasiya şikayətində “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 33.2.2-ci maddəsinə istinad edilərək, qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi nəqliyyat vasitəsinin qalıqlarını müəyyən edilmədən, nəqliyyat vasitəsinin bazar dəyərini yəni 10.923 manatın Sığorta Şirkətdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Bununla da, Sığorta Şirkəti həm nəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından məhrum olmuş, həm də tam olaraq nəqliyyat vasitəsininin bazar dəyərində məbləğin iddiaçıya ödəmək vəzifəsi ilə üz-üzə qalmışdır.
23. Məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 33.2.2-ci maddəsinin mənasına görə, avtomobilin tam məhv olması, yaxud oğurlanması və ya qaçırılması halında Sığorta məbləğindən çox olmamaq şərti ilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi həyata keçirilir. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq, həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək, sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsini həyata keçirmək.
24. Lakin işin hallarından müəyyən edilir ki, cavabdeh Şirkət sığorta ödənişi iddiaçıya verməkdə imtina etdiyi üçün qeyd edilən Qaydalarla ona verilmiş hüquqlardan istifadə etməmişdir.
25. Bundan başqa Məhkəmə nəzərə alır ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) verdiyi izahatda bildirmişdir ki, hadisədən bir müddət sonra iddiaçı, məhv olmuş avtomobili metal lomu kimi təhvil vermişdir.
26. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh Şirkət avtomobilin qalıqlarını və ya onların dəyərini iddiaçıdan tələb etmək hüququna malikdir və bunun üçün iddiaçıya qarşı müvafiq iddia irəli sürməlidir. Rayon Məhkəməsi pozuntuya yol verməmişdir.
27. Cavabdeh Sığorta Şirkətinin nümayəndəsi apellyasiya baxışında bildirmişdir ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) verdiyi izahatda bildirmişdir ki, əgər cavabdeh tərəfindən maddi zərərin əvəzi olaraq 8.000 manat və hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 500 manat, cəmi isə 8.500 manat məbləğində pul ödənilərsə, onda iddiadan imtina oluna bilər. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
28. Bununla bağlı Məhkəmə qeyd edilən məhkəmə baxışı iclasının audio-video yazısına baxmış və bu kimi halın olmasını müəyyən etmişdir. Amma nəzərə alınmalıdır ki, iddiaçının vəkili (nümayəndəsi) bu kimi təklifi səsləndirsə də, cavabdeh Şirkətin həmin iclasda iştirak etdiyi nümayəndəsi bu kimi təklifi qəbul etdiyi bildirməmişdir.
29. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının vəkilinin (nümayəndəsinin) həmin təklifini nəzərə almamaqda haqlı olmuşdur.
30. Apellyasiya şikayəti qətnamənin tam ləğv edilib, iddia tələbinin rədd edilməsinə yönəldiyindən Məhkəmə, cavabdeh Sığorta Şirkətindən iddiaçının xeyrinə sığorta ödənişi olaraq 10.923 manat məbləğində pulun tutulması barədə Rayon Məhkəməsinin nəticəsinin əsaslılığı ilə bağlı bildirir ki, iddiaçı ilə cavabdeh Sığorta Şirkəti arasında xx.xx.2023-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortası haqqında” müqavilədə sığorta məbləği 13.000 manat müəyyən edilmişdir. Rayon Məhkəməsi iddiaçıya məxsus avtomobilin hadisə baş verdiyi xx.xx.2023-cü il tarixə dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndirmənin aparılmasını “X3” MMC-yə həvalə etmişdir. Həmin MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 saylı rəydə qeyd edilmişdir ki, iddiaçıya məxsus olan və hadisə zamanı məhv olmuş avtomobilin hadisənin baş verdiyi tarixə dəyəri 10.923 manat olmuşdur.
31. Məhkəmə bildirir ki, cavabdeh Şirkət həmin rəyin əsaslılığını mübahisələndirməmiş, rəyi şübhə altına ala biləcək sübutu (məsələn: digər mütəxəssisin rəyini) Rayon Məhkəməsinə təqdim etməmişdir.
32. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən 3 ay əvvəl iş üzrə tərəflər arasında bağlanmış müqavilədə avtomobilin dəyərinin 13.000 manat göstərilməsini nəzərə alaraq cavabdeh Sığorta Şirkətindən iddiaçının xeyrinə sığorta ödənişi olaraq tutulmalı olan pul məbləğini “X3” MMC-nin verdiyi rəyə uyğun müəyyən etməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.