Məhkəmə qərarları › İş №2(103)-2703/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2703/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2703/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4754/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan AD № 762884 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mersedes Benz» V220 V-Klasse minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin adına qeydiyyatdadır.

2. İş materiallarında olan AB № 080/18 saylı etibarnamənin surətindən görünür ki, "SİZNN HALL” MMC-yə məxsus "Mersedes Benz” V220 V-Klasse minik markalı, buraxılış il 2018 rəngi qara metalik dövlət qeydiyyat nömrəsi **-AS-*** olan avtomaşının idarə edilməsi üçün Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddətə etibarnamə verilmişdir.

3. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021 ci il tarixli qərarının surətindən görünür ki, 06 may 2021-ci il tarixində saat 23:15 radələrində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz V 220 V-klasse” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olan “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU- *** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəyərək yol nəqliyyat hadisəsi törədilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol nəqliyyat hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Cavabdeh1 hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, “Mcrsedes-Bcnz V 220 V-klassc minik” markalı 10-AS737 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi öcün qərarın surətinin RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır.

4. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatının surətindən görünür ki, qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir.

5. “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta ilə sığortalanmış “Paşa Sığorta" ASC tərəfindən 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul iddiaçıya ödənilmişdir.

6. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli 58005 nömrəli qəbzin surətindən görünür ki, müştəri X1 tərəfindən "xxxx" ASC-dəki bank hesabına 200 manat məbləğində pul mədaxil edilmişdir.

7. İş materiallarında olan AC № 075063 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 270 CDİ” minik markalı, 90SU-063 dövlət qeydiyyat nişanlı minik avtomobil İddiaçı məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “SİZNN HALL" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada onun xeyrinə vurulmuş maddi zaiyana görə 1872 (bir min səkkiz yüz yetmiş iki) manat maddi ziyan, 2000 (iki min) manat mənəvi zərərin, 200 (iki yüz) manat hüquqi yardım üçün çəkilmiş xərclərin, 8 (səkkiz) manat poçt xidməti xərclərinin və eləcə də hazırki iddi tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 4110 (dörd min bır yüz on) manat pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E 270 CDİ” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iddiaçıya məxsusdur. 06 may 2021-ci il tarixində saat 23:15 radələrində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz V 220 V-klasse” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olan “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyərək iddiaçıya maddi ziyan vurulmuşdur. Həmin hadisə nəticəsində avtomobilinə ümumilikdə 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan zərərin 2650 (iki min altı yüz əlli) olması "xxxx" ASC-nin zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda öz əksini tapmışdır. Bundan sonra “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta ilə sığortalanmış “Paşa Sığorta" ASC tərəfindən 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul iddiaçıya ödənilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən ona dəymiş zərəri tələb etsə də onlar qalıq ödənişlərin ödənilməsindən imtina etmişlər. Bu səbəbdən də qalıq 1872 (bır min səkkiz yüz yetmiş iki) manat zərərin tam həcmdə tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı dövlət rüsumu kimi 30 (otuz) manat, hüquqi yardım üçün çəkilmiş 200 (iki yüz) manat və məktubların göndərilməsi üçün çəkilmiş 8 (səkkiz) manat məbləğində pul vəsaitləri cavabdehdən xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, dəfələrlə cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçı günlərlə saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib gəlib, cavabdehlə danışıqlar aparmış və hər dəfə cavabdehlərdən imtina cavabı alıb. Cavabdehlər qeyd etdiyi əməlləri ilə iddiaçını daim əsəb və stresdə saxlamışdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi uçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xususı xarakterə xarakterə malikdir. Mənəvi ziyan həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosial amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi cavabdehlərin iddiaçıya maddi zərər vurması öz təsdiqini tapır, eyni zamanda maddi zərərdən başqa cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində müəyyən sarsıntılara, əzaba, əsəbə və məyusluğa məruz qalıb ki, bu isə iddiaçıya real olaraq mənəvi zərərin vurulmasını sübüta yetirir.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4754/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 dəymiş maddi zərərə görə 1872 manat pul, vəkilin göstərdiyi yardıma görə 100 manat, 08 manat poçt xidməti xərci və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11 Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 12 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vurulan ziyanın məbləğini müəyyən edərkən "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”na istinad etmişdir. Həmin hesabata əsasən “Mersedes Benz” V220 V-Klasse minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin material və ehtiyat hissləri 1495 manat, görüləcək işlərin cəmi zəhmət haqqı 1155 manat, yekun məbləğ 2650 manat məbləğində ziyan dəyməsi qeyd edilmişdir. Məhkəmə ziyanın məbləğini müəyyən edərkən bunun xüsusi bilik tələb etdiyini, yəni həmin məbləğin ekspertiza keçirilməklə müəyyən edilməli olduğunu nəzərə almamışdır və zərərin sığortaçı tərəfindən hesablanmış məbləği avtomobilə dəyən zərərin aradan qaldırılması üçün tələb olunan real məbləğdən həddən artıq çoxdur. Məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edə biləcəyi halda bunu etməmişdir. Halbuki ekspertizanın təyin olunması tələb olunan ziyan məbləğinin düzgün müəyyən olunması üçün zəruridir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatdırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş, bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənintəsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

25. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunu

28. Maddə 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iddiaçı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

33. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh1 vəsatət verərək iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2022-ci il tarixli, 9/3568 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Mercedes Benz E 270 CDİ” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2065,00 manat müəyyən edilir.

35. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyi əsaslıdır və rəyi şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir.

36. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh1 etibarnamə ilə idarə etdiyi “Mercedes Benz V 220 V-klasse” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 06 may 2021-ci il tarixində yol nəqliyyat hadisəsi törədərək iddiaçıya məxsus olan “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vuraraq iddiaçıya maddi zərər yetirmişdir. “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə “Paşa Sığorta" ASC tərəfindən 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində icbari sığorta ödənişi iddiaçıya ödənilmişdir.

37. Məhkəmə kollegiyası ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 iddiaçının xeyrinə maddi zərərin əvəzinin tutulmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan maddi zərərin miqdarını düzgün müəyyən etməmişdir. Belə ki, cavabdeh tərəfindən vurulmuş maddi zərərin miqdarı ekspertiza rəyi ilə müəyyən edilmiş avtomobilin təmir-bərpa xərcindən icbari sığorta üzrə iddiaçıya ödənilmiş pul vəsaiti çıxılaraq (2065-778=1287) 1287 (bir min iki yüz səksən yeddi) manat müəyyən edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 39 Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4754/2021 saylı qətnaməsi “iddianın təmin edilmiş dəymiş maddi zərərə görə tutulan vəsaitin miqdarı” hissəsində dəyişdirilsin. Cavabdeh1 dəymiş maddi zərərə görə 1287 (bir min iki yüz səksən yeddi) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə apellyasiya baxışının həddi olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar