Məhkəmə qərarları › İş №2(103)-2707/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2707/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2707/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 26.060 manat maddi, 100.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 126.090 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında iddia tələbinin (sığorta şirkəti tərəfindən ödənilən məbləğ nəzərə alınmaqla) təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianı rədd edərkən, qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı iddianın əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Halbuki, maddi və mənəvi zərərlə bağlı iddia ərizəsində qeyd olunanlar izahatlar, təqdim edilən sənədlər və işdəki digər hallarla təsdiqini tapır. Çəkdiyi xərclərlə bağlı ona dəymiş maddi ziyanın səbəbi isə cavabdehin hökmlə təsdiqini tapmış əməli olmuşdur. Məhkəmə isə, bu hallara düzgün hüquqi qiymət verməmiş, onları hansı səbəbdən mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Həmçnin, qeyd olunmuşdur ki, vurulmuş maddi ziyanla bağlı iddiaçıya ümumilikdə 8000 manat (3000 manat əmlaka dəymiş maddi ziyan, 5000 manat oğlunun ölümü ilə bağlı) sığorta şirkəti tərəfindən ödənilmişdir. Lakin bu məbləğ iddia ərizəsi tərtib olunarkən nəzərə alınmamışdır. Ona görə də, maddi ziyanla bağlı hissədə tələbi təmin ediləcəyi halda 8000 manatın sığorta şirkəti tərəfindən ödənilməsinin nəzərə alınmasına etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, bildirmişdir ki, sığorta şirkəti tərəfindən düşdüyü zərərlə bağlı iddiaçıya ödənişlər olunmuşdur. Eyni zamanda, iddiaçı sözügedən yas mərasimlərinin keçirilməsini, keçirildiyi halda neçə nəfərin iştirak etməsini və qəbirlə bağlı məsrəfi sübuta yetirə bilməmişdir. İstinad etdiyi akt və qəbristanlığın işçisinin arayışı isə mötəbər hesab oluna bilməz. Odur ki, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşin mübahisəsiz hallarına görə, Cavabdeh, “Opel Astra” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə Naxçıvanski dairəsi istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Zığ yolu ilə Nobel prospekti istiqamətində hərəkət edən Şahin Nərimanovun idarə etdiyi “Vaz 2107” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna daxil olaraq, həmin avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şahin Nərimanov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, avtomobilə isə 3500 manat məbləğində ziyan vurulmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə, Cavabdeh CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il müddətdə nəqliyyat vasitələrinə idarə etmək hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cinayət işi üzrə yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı dəymiş 3500 manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh tutularaq ona ödənilməsi qərara alınmışdır. Hökm qanuni qüvvəsini almışdır. xx.xx.2015-ci il tarixli, 022762 nömrəli sığorta aktına əsasən, iddiaçıya baş vermiş sığorta hadisəsi nəticəsində ölümə görə 5000 manat, xx.xx.2016-cı il tarixli, 023520 nömrəli sığorta aktına əsasən isə, avtomobilə dəymiş ziyana görə 3000 manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş maddi ziyanın (yas mərasimləri və qəbirlə bağlı xərclər) və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir, cavabdeh isə ziyanın sığorta şirkəti tərəfindən qarşılandığını, iddiaçı tərəfindən istinad etdiyi məsrəflər və mənəvi zərərlə bağlı mötəbər sübutlar təqdim olunmadığını bildirərək, iddiaya etiraz edir. Mübahisənin hüquqi həlli ilə bağlı Kollegiya bildirir ki, iddiaçı Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, cavabdehdən ona dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakışərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Birinci instansiya məhkəməsi isə iddianı rədd edərkən gəldiyi qənaətini belə əsaslandırmışdır ki, iddiaçı, cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona maddi ziyan vurulduğunu, yas mərasimlərinin keçirilməsi ilə bağlı ona maddi ziyan vurulmasını, nəticədə 26.000 məbləğində xərc çəkdiyini qeyd etsə də, qeyd olunan xərcləri sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Kollegiya, iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməklə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Ona görə ki, əvvəla mərhum Şahin Nərimanovun (iddiaçının oğlu) cavabdeh təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölməsi işin mübahisəsiz halı olmaqla, onun ölümü ilə əlaqədar yas mərasimlərinin keçirilməsi və dəfnlə bağlı xərclərin yaranması həyatın təbii axarına uyğundur. Eyni zamanda, iddiaçı da məhkəməyə qeyd olunan xərclərlə bağlı sübutlar təqdim etmişdir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək mərhum Şahin Nərimanovun yas mərasimlərində, yəni üçüncü gündə-500 nəfər; yeddinci gündə-300 nəfər, qırxıncı gündə-400 nəfər və ilində-400 nəfər, eyni zamanda, qırx mərasiminə kimi hər cümə axşamı 70 nəfər iştirak etmişdir. Üç, yeddi, qırx və il mərasimləri yaşadıqları binaya yaxın qonşu binada yerləşən mərasim yerində, cümə axşamları isə yaşadıqları binanın mərasim yerində keçirilmişdir. “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2019-cu il tarixli, MB 12/800 saylı arayışına əsasən, 2014-2015-ci illər üzrə bir nəfər üçün ehsan süfrəsinin orta bazar qiyməti 11-13 manat arasında dəyişir. Sərdar Babayev tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən isə, o, 2015-ci ildə iddiaçıdan 3500 manat almış və bu məbləğ Ukrayna istehsalı olan qara mərmərdən hazırlanmış məzar daşının qoyulmasına, eyni zamanda məzarın ətrafının hasarlanması və abadlaşdırılmasına sərf olunmuşdur. Apellyasiya baxışında qeyd olunan sübutların mötəbərliliyinin yoxlanılması məqsədilə məhkəmə-əmtəəşünasılıq ekspertizası təyin edilmişdir. “xxxxxxxx” MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2020-ci il tarixli, PR/M-009/2020 nömrəli rəyində ekspert qarşısında qoyulmuş sual üzrə müəyyən edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən, bir nəfərin yas mərasimlərinin (üç, yeddi və qırx mərasimləri, cümə axşamları və qəbir məsrəfləri daxil olmaqla) təşkili və keçirilməsi ilə əlaqədar tələb olunan orta məbləğ 21.550 manat təşkil edir. Kollegiya, onu da nəzərə alır ki, ekspertiza rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, cavabdehin hüquqa zidd əməli nəticəsində mərhum Şahin Nərimanovun dəfni və yas mərasimlərinin keçirilməsi ilə bağlı iddiaçıya 21.550 manat maddi zərər dəyməsi ekspertizanın rəyi ilə öz təsdiqini tapmışdır. Kollegiya, Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə cavabdehdən iddiaçının xeyrin avtomobillə bağlı ziyana görə 3500 manat tutulduğunu və işdə olan sığorta aktlarına əsasən avtomobillə bağlı 3000 manat, ölümlə bağlı isə 5000 manat ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, ümumilikdə edilmiş 8000 manat sığorta ödənişindən avtomobillə bağlı ziyana görə hökmlə tutulmuş 3500 manat çıxılmaqla, qalan məbləğ, yəni 4500 manat sığorta ödənişi hazırda tələb edilən xərclərin ödənilməsinə yönəldilmiş hesab edilməklə silinməlidir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyana görə 17.050 manat (21.550 manat – 4500 manat) tutulmalıdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya, mənəvi zərərin tələbi ilə bağlı isə bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı mənəvi zərərin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq, Kollegiya, hesab edir ki, cavabdehin törətdiyi hüquqa zidd əməl nəticəsində iddiaçının oğlunun ölməsi faktı özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Kollegiya, mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan Kollegiya, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, maddi zərərin dəyməsini, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, Cavabdeh maddi ziyana görə 17.050 manat, mənəvi ziyana görə isə 3000 manat İddiaçı xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7819/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh maddi ziyana görə 17.050 (on yeddi min əlli) manat, mənəvi zərərə görə 3000 (üç min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatalınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq “xxxxxxxx” MMC Qiymətləndirmə Şirkətinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar