Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2707/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə, Sabirabad Regional “ASAN Xidmət Mərkəzində” notariat ofisinə, Beyləqan rayon 1 saylı notariat ofisinə və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, BDYPİ-də aparılmış qeydiyyatın ləğv edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(001)-9329/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mərhum atası X2 vəsiyyətnamə üzrə vərəsəsi olması barədə Sabirabad Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 26 iyul 2015-ci il tarixli 162 saylı şəhadətnamənin, Cavabdeh2 mərhum atası X1 tam hissədə pay almaq hüququ barədə qanun üzrə vərəsəsi olması haqda Beyləqan rayon Notariat Ofisi tərəfindən verilmiş 25 iyul 2021-ci il tarixli 162 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, VAZ 21120 markalı, **-ZR-*** i/o dövlət qeydiyyat nişanlı avtomobilə dair Baş X4 İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi, atasından miras qalmış əmlakların 1/2 hissəsi üzərində onun, 1/2 hissəsi üzərində qardaşı Cavabdeh2 vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(001)- 9329/2021 saylı qərardadı ilə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə müraciət edən zaman ərazi aidiyyətini dəyişdirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsini cavabdeh kimi cəlb etmişdir. Halbuki iddiaçı tərəfindən ona qarşı hər hansı tələb yönəldilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı konkret tələb olduğu halda, məhkəmə əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Bundan əlavə, məhkəmə qərardadı qəbul edən kimi onun surətini iddia ərizəsinə əlavə etdiyi sənədlərlə birgə geri qaytarmışdır. Bu zaman məhkəmə qərardadın hələ qüvvədə olmamasını nəzərə almamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(001)- 9329/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. İş materiallarından görünür ki, iddia ərizəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi cavabdeh kimi cəlb edilsə də, iddiaçı tərəfindən ona qarşı hər hansı tələb yönəldilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi hazırki mübahisədə “VAZ 21120” markalı 10-ZR153 i/o dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 vərəsəlik şəhadətnaməsi əsasında əldə etdiyi hüququ qeydə alan orqandır. Həmçinin iş materiallarından və iddia ərizəsindən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən başqa, digər cavabdehlərin heç birinin qeydiyyat və hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşmir, halbuki iddiaçı və cavabdehlər müvafiq olaraq Beyləqan və Sabirabad rayonunda qeydiyyatdadırlar. Bu isə iddiaçının faktiki olaraq iddia ərizəsi ilə müraciət edən zaman ərazi aidiyyətini dəyişdirmək məqsədinə nail olmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsini cavabdeh kimi cəlb etdiyini göstərir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi hüquqları qeydiyyata alaraq şəhadətnamə vermişdir. İddia ərizəsində həmin şəhadətnamənin ləğvi tələbi orqanın qanunsuz hərəkətlərinin nəticəsi kimi əsaslandırılmamışdır. Yəni faktiki olaraq qeydiyyat şəhadətnaməsinin ləğvi tələbi, vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığının restitusiyasından irəli gəlir. Halbuki bunun üçün ayrıca tələblə məhkəməyə müraciət edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in : --- 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. ---149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. ---151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qərardad qanuni qüvvəyə minmədən iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında şikayətin dəlili ilə bağlı Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.1-ci maddəsində iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması nəzərdə tutulmuş, sənədlərin geri qaytarılması qərardadın qanuni qüvvəyə minməsi ilə şərtləndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(001)-9329/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. İddia ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(001)-9329/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2707/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2707/2022
15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver