Məhkəmə qərarları › İş №2(103)-2707/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2707/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2707/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(001)-1806/2021 nömrəli qərardadından Cavabdeh2 şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İstanbul NS” klinikasının üzərinə düşən öhdəliyin lazımı qaydada icra olunmaması və bunun nəticəsində ona dəymiş maddi və mənəzi ziyanın, yəni 3000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(001)- 1806/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı tərəfindən 27 dekabr 2021-ci il tarixdə apelyasiya şikayəti, həmçinin, şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizə verilmiş, iş materialları apelyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(103)-1616/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(001)- 1806/2021 nömrəli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır.

6. 10 ay sonra İddiaçı 21 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(001)-1806/2021 nömrəli qərardadından şikayət vermiş, məhkəmənin 23 dekabr 2022-ci il tarixli, 2(001)-1806/2021 nömrəli qərardadı ilə həmin şikayət də geri qaytarılmışdır.

7. Bundan sonra 16 yanvar 2023-cü il tarixdə İddiaçı tərəfindən yenidən apellyasiya şikayəti və qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir.

8. Ərizənin əsaslarına görə, hüquqi savadsızlıq ucbatından, eləcə də rus dilli olduğu üçün məhkəmə sənədlərini düzgün dərk edib qavraya bilmədiyinə görə, həmçinin əvvəllər istehsalatda beyin travması aldığı üçün əsəb xəstəliyinə tutulduğuna görə, eləcə də şəkər xəstəsi olduğu üçün tez-tez təzyiqi qalxdığına və huşunu itirdiyinə görə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzürlü səbəblərə görə buraxılmışdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2023-ci il tarixli, 2(001)- 1806/2021 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir.

10. Cavabdeh2 həmin qərardaddan şikayət vermiş, ləğv edilərək müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsini xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, məhkəmə ərizədə hər hansı üzrlü səbəb göstərilmədiyi halda, qətnamə çıxarıldıqdan 1 il 4 ay keçəndən sonra heç bir əsaslı səbəb olmadan buraxılmış müddəti bərpa etmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(001)- 1806/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(001)-1806/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ilk dəfə apellyasiya şikayəti 24 dekabr 2021-ci il tarixdə təqdim edilmiş, 14 fevral 2022-ci il tarixli, 2(001)-1806/2021 nömrəli qərardad ilə apelyasiya şikayəti geri qaytarılmışdır.

16. Bundan sonra İddiaçı dəfələrlə apelyasiya şikayətinin göndərilməsi ilə bağlı müraciətlər etmiş və məhkəmə tərəfindən ona müvafiq izahedici məktublar göndərilmişdir. Lakin buna baxmayaraq İddiaçı tərəfindən 10 ay ərzində heç bir prosessual hərəkət edilməmiş, 21 dekabr 2022-ci il tarixdə məhkəmənin 14 fevral 2022-ci il tarixli, 2(001)- 1806/2021 nömrəli qərardadından şikayət vermiş, məhkəmənin 23 dekabr 2022-ci il tarixli, 2(001)-1806/2021 nömrəli qərardadı ilə həmin şikayət də geri qaytarılmışdır.

17. Bundan sonra 16 yanvar 2023-cü il tarixdə İddiaçı tərəfindən yenidən apellyasiya şikayəti və qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir.

18. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşır.

19. Göründüyü kimi, cavabdehin birinci dəfə qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan 1 aylıq prosessual müddət daxilində verdiyi şikayəti MPM-lə nəzərdə tutulan formaya dair tələblərə riayət edilmədiyindən geri qaytarılmış, iddiaçı tərəfindən yeni şikayət xeyli müddət keçəndən sonra təqdim edilmişdir.

20. İddiaçı ərizədə müddətin buraxılmasının üzrlü səbəbi kimi hüquqi savadsızlıq, rus dilli olduğu üçün məhkəmə sənədlərini düzgün dərk edib qavraya bilməməsi, əvvəllər istehsalatda beyin travması aldığı üçün əsəb xəstəliyinə tutulması, şəkər xəstəsi olduğu üçün tez-tez təzyiqi qalxması və huşunu itirməsi kimi bir neçə fərqli səbəbləri sadalamış, lakin hansı halın 10 ay ərzində heç bir prosessual hərəkət aparılmamasına, 1 il 3 ay sonra apelyasiya şikayəti verilməsinə səbəb olması dəqiq ifadə olunmamışdır.

21. Birinci instansiya məhkəməsi bu xüsusatları araşdırmadan müddətin üzrlü səbəblərdən buraxılması qənaətinə gəlmişdir.

22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, müddətin buraxılmasında üzrlü səbəblər müəyyən edilmədiyi üçün, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməli, şikayət təmin olunmalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(001)- 1806/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(001)- 1806/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-cü il tarixli, 2(001)-1806/2021 nömrəli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar